20 rejissor haqqında 120 cümlə

 

Milli teatrımızın naxışları

 

     Baxşı Qələndərli (20.7.1903-14.9.1985. Əməkdar incəsənət xadimi). Azərbaycanın ali təhsil görmüş ilk peşəkar rejissorlarından sayılır, yaradıcılığı əsasən Naxçıvan teatrı ilə bağlıdır. Quruluş verdiyi tamaşalar kompozisiya tamlığı, ideya aydınlığı, ansambl bütövlüyü, ali rejissor məqsədinin dəqiqliyi ilə seçilirdi, əsasən realist səpkili tamaşalar hazırlamağa üstünlük verirdi. Aktyor ansamblının bütövlüyünə və tamaşanın ali məqsədinin aydınlığına xüsusi diqqət verirdi. Mövzu və ideyasından asılı olmayaraq, quruluş verdiyi tamaşalarda dəqiq janr təyini olurdu. Səhnədə verdiyi mizanlar sadə və ifadəli, məntiqli və dəqiq olması ilə aktyor sərbəstliyi üçün geniş imkanlar yaradırdı. Klassik irsə həssas yaradıcı ehtiram göstərməklə yanaşı, teatrın ətrafına yerli müəlliflər ordusu toplamaqla müasirlik üçün geniş meydan açmışdı.

       Yusif Yulduz (4.8.1905-7.11.1979). Azərbaycanın Rusiyada ixtisas təhsili almış ilk məşhur teatr rejissorudur, Bakı, İrəvan, Tiflis, Aşqabad, rayon teatrlarında tamaşalar hazırlayıb. Monumental romantik teatr poetikasının milli səhnə sənətimizdə formalaşmasında müstəsna xidmətləri var, konstruktivizm prinsiplərindən cəsarətlə istifadə edən ilk rejissordur. Zəngin və qanadlı fantaziyası, iti və aydın təfəkkürlü, əlvan və cazibəli forma tapıntıları vardı.  Məkan və zaman xronotopunu klassik və çağdaş mövzulu əsərlərdə estetik-fəlsəfi səviyyədə həll edən rejissor kimi tarixiləşib. Milli ovqatı, düşüncə tərzini, psixoloji təfəkkürü səhnədə bütün hüsnü, lətafəti ilə canlandırmaqda mübariz olub və məhz özünəməxsus ənənə yaradıb. Dəqiq janr təyini yaratmaqda, məzmun və formanın estetik səhnə həllində müstəsna uğurları olub.

       Ağəli Dadaşov (20.3.1906-7.12.1973. Əməkdar incəsənət xadimi). Azərbaycanın ötən əsrin otuzuncu illərində ali təhsil alan teatr rejissorlarındandır, Akademik Teatrda, Gəncədə və GTT-də maraqlı quruluşlar verib. Monumentalizmə meyl göstərir, klassik səhnə estetikasına üstünlük verir, aydın və məzmunlu ifadə vasitələri tapırdı. Tamaşalarında kompozisiya bütövlüyü, vahid məqsəd ətrafında səfərbər edilən aktyor ansamblı olurdu. Aktyorlarla işləməkdə xüsusi həssaslıq göstərirdi və xeyli nəsr əsərlərini dramaturji tələblər səviyyəsində səhnələşdirib. Yaradıcılıqları formalaşmış məşhur sənətkarlarda da təzə yaradıcılıq xüsusiyyətləri üzə çıxarmaqda məharətli idi. Quruluş verdiyi həm realist, həm də romantik pyeslərin tamaşalarında monumentallıq poetika xüsusiyyətlərinin cazibəsi ilə diqqəti cəlb edirdi.

    Soltan Dadaşov (27.5.1906-7.9.1968. Xalq artisti). İxtisas təhsili görmüş ilk Milli Musiqili Teatr rejissorumuzdur. Xalq oyun-tamaşalarının poetika göstəricilərini dərindən bilir və onun bədii-estetik prinsiplərindən məharətlə istifadə edirdi. Klassik muğam operalarımıza, operettalarımıza verdiyi quruluşlar zəngin milli koloriti, meydan teatrının estetik səciyyələri ilə zənginləşirdi. "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarına monumental səpkili, lirik-romantik ruhda quruluşları birinci dəfə o verib. Tamaşaya hazırladığı milli və Avropa müəlliflərinin operalarının partiturasını əzbər bildiyi üçün qurduğu kompozisiya, verdiyi mürəkkəb mizanlar musiqi ilə sözün harmonik, üzvi qovuşuğunun  poetik təcəssümünə xidmət edib. Həssas musiqi duyumu və fenomenal musiqi yaddaşı onun səhnə təfsirlərinə möhtəşəmlik hüsnü verirdi.

     Ələsgər Şərifov (25.12.1909-8.9.1982. Xalq artisti). Akademik Teatrda çalışan rejissor klassik üslub-formada tamaşalar hazırlamağa üstünlük verib. Formalaşmış milli klassik ənənələrdən kənara çıxmamağa çalışırdı. İstər monumental-romantik, istərsə də realist formalı quruluşlarında, əsasən, aktyor tamaşası yaratmağa səy göstərirdi. Onun quruluşlarında rejissor işi (fantaziya, yeniliklər, poetika prinsipləri, estetik çalar və sairə) ikinci planda qalır, öndə bilavasitə baş rolların ifaçıları görünürdülər. Klassik və müasir rus dramaturqlarının şöhrətli əsərlərinə daha çox müraciət edən, bu sahədə müəyyən səmərəli işlər görən rejissordur. Janr axtarışları baxımından teatrın ənənələrindən kənara çıxmağa, gənc aktyoru sənət sınağına çəkməyə səy göstərməyib, ancaq mövzu, problem müxtəlifliklərinə cəsarətlə girişib.

   Səftər (Əlisəftər) Turabov (5.3.1910-26.11.1989. Əməkdar incəsənət xadimi). Yaradıcılıq üslubu romantik aktyor məktəbinə uyğun idi və eyni zamanda formaca monumentallığa meyl göstərirdi. Yaradıcılığı əsasən Milli Dram Teatrı ilə bağlıdır və həmçinin radio teatrının inkişafında xüsusi xidmətləri var. Hazırladığı tamaşalarda müəyyən janr məhdudluğu olsa da, forma baxımından əlvan və rəngarəng idi. Mürəkkəb kompozisiya qurmağı, bədii tərtibatdan və musiqidən yardımçı atribut, komponent kimi yox, obraz tutumunda istifadə etməyi xoşlayırdı. Bir rejissor kimi hazırladığı tamaşalara, adətən, bitkin, dəqiq və yaradıcılıq fikirləri üst-üstə düşən aktyor ansamblı seçib. Nəzəri-estetik prinsiplərinə görə Konstantin Stanislavskinin sisteminə əsaslanıb və bu məktəbin estetik prinsipləriniə sənətkarlıqla əməl edib.

    Ədil İsgəndərov (5.5.1910-18.9.1978. SSRİ xalq artisti). Azərbaycan monumental rejissurasının görkəmli simalarındandır və Akademik Milli Dram Teatrının aktyor ansamblının, sənət ocağının yaradıcılıq estetikasının formalaşmasında böyük xidmətləri olub. Milli teatrda aktyorun səhnədə suflyora möhtac olmasına birdəfəlik son qoyub. Ayrılıqda hər aktyorun, bütövlükdə ansamblın yaradıcılıq qüdrətini səhnədə özlərinə tanıdıb. Uzun illər rus, geniş şəkildə Qərbi Avropa teatrı köklərindən şirələnmiş sənət ocağına güclü milli ruh aşılayıb. Qərb teatr estetikasının və xalq oyun-tamaşalarının üzvi vəhdətini yaradıb, onların qovuşuğunda formalaşan poetikanın estetik göstəricilərinin əsasını qoyub. Teatrın fəaliyyət orqanizmində (məşqdə, tamaşanın gedişində, qastrol səfərlərində və sairə) ciddi nizam-intizam yaratmışdı.

    Həsən Ağayev (10.5.1910-20.6.1986. Əməkdar incəsənət xadimi). Gəncə Dövlət Dram Teatrının ilk ali təhsilli rejissorudur və uzun illər kollektivin aparıcı sənətkarı, bir müddət baş rejissoru olub. Az müddət Naxçıvan teatrında da baş rejissor kimi çalışıb, kollektivdə peşəkar rejissor çatışmazlığı dövründə səmərili yaradıcılıq fəaliyyəti göstərib. Ümumilikdə yüzdən çox səhnə əsərinə quruluş verib. Quruluşları realist təbiiliyi, romantik vüsəti, kompozisiya əlvanlığı, aktyor ansamblının təkmil olması ilə seçilib. Gəncə teatrında səhnəqrafiyanın inkişafı üçün rəssamlarla, musiqi obrazının tapılması üçün bəstəkarlarla səmərəli peşəkarlıqla işləyib. Teatrda rejissor hegomonluğunun əleyhinə idi və bütün səhnə fəaliyyəti dövründə ilk növbədə və coşqun səylə aktyor tamaşası yaratmağa daha çox üstünlük verib.

     Şəmsi Bədəlbəyli (23.2.1911-23.5.1987). Rejissor yaradıcılığına Milli Dram Teatrında başlayıb və bir neçə əsərə quruluş verib. Opera və Balet Teatrına da rəhbərlik edib, muğam və dünya klassiklərinin operalarını tamaşaya hazırlayıb. Azərbaycan Dövlət Musiqili Teatrının formalaşmasında, aktyor truppasının təkmilləşməsində, repertuarının zənginləşməsində xidmətləri böyük və misilsizdir. Tamaşaları əlvan cazibədarlığı, koloritli forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin formalaşmasında rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Hazırladığı tamaşalarda xorun və balet qrupunun çıxışını tamaşanın ümumi kompozisiyası ilə ahəngdar vəhdətdə verməkdə ənənə yaradıb.

    Məhərrəm Haşımov (2.2.1912-2.5.1969. Xalq artisti). GTT-də və Rus Dram Teatrında çalışıb, yaradıcılığı daha çox realist monumental rejissor məktəbinin estetik prinsiplərinə uyğundur. Rejissor poetikasında psixololi dərinlik və fəlsəfi bədii mahiyyət üstünlük təşkil edib. Azərbaycan teatrına forma yeniliyi, üslub-ifadə orijinallığı gətirən sənətkarlardandır. Tamaşaları bədii-estetik kamilliyi, yüksək peşəkarlıq xüsusiyyətləri və poetik səhnə mədəniyyəti, ansambl bütövlüyü, forma ilə məzmunun harmonik vəhdəti ilə daha dəyərli görünürdü. Müxtəlif teatrlarda hazırladığı tamaşalarda qroteskdən, kəskin satiradan və sərt sarkazmdan cəsarətlə və dərin məzmunlu bədiiliklə istifadə edib. Yaradıcı sənətkar kimi hazırladığı səhnə əsərlərini "aktyor tamaşası" kimi qurmaqda xüsusi səriştəsi vardı.

     Zəfər Nemətov (12.7.1915-19.11.1971. Əməkdar incəsənət xadimi). Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor və baş rejissor işləyib. Sənət ocağında böyük aktyor nəslinin yetişib formalaşmasında, kollektivin yaradıcılıq simasının təkamülündə, repertuar üçün seçilən  dramların meyarlarının genişləndirilməsində baş rejissor kimi misilsiz işlər görüb. Əlvan janrlı çağdaş movzulu pyesləri necə təravətlə, poetik vüsətlə, psixoloji dərinliklə tamaşaya hazırlayırdısa, eyni təravətlə və monumental cazibədarlıqla da klassik əsərlərə səhnə təcəssümü verirdi. Teatra yeni-yeni dramaturqların cəlb olunmasında səylə çalışır, cəsarətlə sınaqlar aparmaqdan çəkinmirdi. Mətin xarakterli olduğu qədər də səmimi və mehriban idi. Bu səmimiyyət onun quruluş verdiyi bütün tamaşaların ruhuna hopmuşdu.

    Mehdi Məmmədov (22.5.1918-28.1.1985. SSRİ xalq artisti). Gəncə, opera, əsasən akademik teatrlarında işləyib. Quruluş verdiyi tamaşalarda idrakın gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparırdı. Səhnə quruluşlarının ritmindəki karvan ləngəri, ahəngin ağırlığı sənətkar təfsirinin fəlsəfi dərinliyindən, rejissor yozumundakı qanadlı fikirlərdən gəlirdi. Aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü, pauzaların psixoloji nöqtəsini tamaşanın əsas akkordu ilə ustalıqla birləşdirirdi. Janr əlvanlığına az, ancaq cəsarətlə meyl edirdi. Məzmun və forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm etdirirdi, tamaşanın ali məqsədini əqidə mübarizələrinin mahiyyətində, fərdin dünyanı psixoloji dərkində axtarırdı.

    Əşrəf Quliyev (20.4.1920-10.2.1994. Əməkdar incəsənət xadimi). Yaradıcılığa İrəvan Teatrında aktyorluqla başlayıb, rejissorluq fəaliyyəti isə akademik teatrla bağlıdır, Lənkəran teatrında da tamaşalar hazırlayıb. Gözəl əl qabiliyyəti vardı və çəkdiyi yoldaşlıq şarjları dövri mətbuatda çap olunub. Hazırladığı tamaşaların qaralama eskizlərini özü çəkir və sonra rəssamla bu qaralamaların əsasında yaradıcılıq axtarışları aparırdı. Rejissor yaradıcılığının ilkin dövrlərində romantik monumental üsluba meyl göstərib, Ədil İsgəndərov məktəbinin təmsilçisi və davamçısı kimi tanınıb. Tədricən istər klassik, istərsə də çağdaş mövzulu dramların tamaşalarında realist formanı üstün tutub, lirik-psixoloji üslubda da tamaşalar hazırlayıb və quruluşları əsasən aktyor tamaşası kimi qəbul olunurdu.

    Ulduz Rəfili-Əliyeva (15.12.1922-9.1.2006. Əməkdar incəsənət xadimi). Rejissurasına incə lirizm və emosional cazibədarlıq xas idi və quruluş verdiyi tamaşaların əksəriyyətini realist, bir qismini isə romantik-realist üslublarda hazırlayıb. Lirik-psixoloji üslubda hazırladığı tamaşalar yüksək bədii səviyyələri, estetik ifadə vasitələrinin zənginliyi ilə daha parlaq sənət qələbələri sayılır. Quruluş verdiyi uşaq tamaşaları poetik hüsnü və ifadəli səmimiyyəti ilə seçilirdi. Canlı və dinamik kompozisiya qururdu və bütün formalarda aktyor oyunu öndə olurdu. Bitkin, tamaşanın ali məqsədini, fikir yükünü tamlıqla çəkə bilən aktyor ansamblı yaratmaqda yüksək səriştəli idi. Teatrın rus bölməsində də səmərəli fəaliyyət göstərib, bu truppada Azərbaycan müəlliflərinin əsərlərinə həssaslıqla yanaşıb.

    Tofiq Kazımov (14.1.1923-2.8.1980. Xalq artisti). Azərbaycanda, o cümlədən akademik teatrda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması onun adı ilə bağlıdır. Yeni teatr poetikası yaratmaqla, onun estetik səciyyələrini müəyyənləşdirdi və hazırladığı səhnə əsərlərində "tamaşanın müəllifi" səviyyəsinə yüksəlirdi. Səhnəni maksimum dərəcədə boşaltmağa çalışır və bununla fəza (məkan) genişliyinə nail olurdu. Səhnə tərtibatındakı "xəsislik" əsas diqqəti aktyora yönəldirdi. Tamaşalarında həm fikir, həm də estetik forma baxımından həmişə təzə-tərlik, təravət, iyirminci əsrin hərəkət, təfəkkür sürət-ritmi vardı. Bədii materialın səhnə təfsirində əsas "silahı" poetik, psixoloji, dramatik fikir yükü daşıyan mizanlar idi. Səhnə tərtibatındakı "xəsislik" əsas diqqəti aktyora yönəldirdi.

    Gülcahan Güləhmədova-Martınova (23 iyun 1925. Xalq artisti). İlk ali təhsilli azərbaycanlı qadın rejissorlardandır, yaradıcılığı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlıdır və hazırda təqaüddədir. Rejissurası kompozisiya mürəkkəbliyinə, janr əlvanlığına görə seçilib, monumental-romantik quruluşlarında da güclü realizmə əsaslanıb. Rəssamlarla çox ciddi işləyir və buna görə də onun tamaşalarında tərtibat orijinal obraz təsiri bağışlayır. Tamaşalarında aktor ansamblı möhtəşəm olur və bütün ifalar dəqiq məntiqlə tamaşanın ali məqsədinə yönəlir. Klassik və müasir əcnəbi klassiklərin əsərlərinin tamaşalarında Azərbaycan üçün vacib olan problemləri qabarıq verə bilir. Mövzu müxtəlifliyinə, təzadlı konflikti olan pyeslərə daha ciddi maraq göstərib.

      Vəli Babayev (17.2.1945-22.1.1989. Əməkdar artist). Naxçıvan teatrının ixtisas təhsili almış ilk professional rejissorlarındandır və qısa müddətdə özünün fərdi üslubunu formalaşdıra bilib. Formaca bir-birindən fərqlənən və hərəsi ayrılıqda orijinal təsir bağışlayan quruluşlarında müasirlik duyğusu çox güclü olub. Onun teatra gəlişi ilə bu qədim sənət ocağının yaradıcılıq ab-havasında ciddi dönüş yaranıb, repertuar mənzərəsi xeyli zənginləşib. Qərb, rus, türk və digər xalqların dramaturgiyasına yeni fəlsəfi rakursdan yanaşılıb. Yaxşı rejissor olmaq üçün güclü təxəyyülün, dərin mütaliənin vacib olduğunu dərindən başa düşür və öz üzərində ciddi şəkildə çalışırdı. Postmodernist teatr estetikasının müəyyən yaradıcılıq xüsusiyyətlərində milli teatr ənənəsinə uyğun şəkildə istifadə edə bilib, bu baxımdan Naxçıvan teatrında ilkin sayılır.

    Rəhman Əlizadə (19.12.1947-16.3.2013). Yaradıcılığının bir qolunu da dramaturgiya təşkil edir, kukla teatrında, az müddət Dövlət Gənclər Teatrında baş rejissor işləyib. Rejissor yaradıcılığı cəsarətli  novatorluğu, janr əlvanlığına  güclü meyli, aktyor və kuklanın "pərdə çərçivəsindən" çıxarılıb səhnə önünə gətirilməsi ilə səciyyəvidir. Böyüklər üçün hazırladığı tamaşalarda fəlsəfi-psixoloji dərinliyin poetik-dramatik səhnə həllinə çalışıb. Cəmiyyətimizin ictimai-sosial, mənəvi-əxlaqi  problemlərini xüsusi risk və əlvan formalarla özünün rejissor təfsir-yozumunun  mərkəzinə çəkirdi. Tamaşada  aktyorlara yaradıcı axtarış sərbəstliyi verirdi. Tərtibat-formada əlvanlığı və rəmzi detalların dramatik həllini rejissor qayəsinin mərkəzində saxlamağı hər tamaşada yeni məzmunda təcəssüm etdirirdi.

  Hüseynağa  Atakişiyev (8.9.1949-9.4.2006). Şəki, Akademik və özünün yaratdığı Dövlət Gənclər Teatrında baş rejissor işləyib. Yaradıcılığı müasirliyi və forma əlvanlığı, janr-üslub müxtəlifliyi ilə seçilirdi. Forma əlvanlığına və mövzu-janr müxtəlifliyinə ciddi meyl göstərirdi. Klassik və müasir əsərlərin tamaşalarında mövzu-problematikaya uyğun olaraq cazibəli formalar tapa bilirdi. Maraqlı, mürəkkəb kompozisiyalı, sərt süjetli tərcümə əsərlərini tamaşaya hazırlamaqla teatra yeni-yeni  janr estetikası gətirib. Bir sıra  yazıçıların teatr sənətinə gəlməsi və dramaturgiya ilə məşğul olması üçün səylə çalışıb və DGT-də kollektivin öz dramaturqları formalaşmışdı. Aktyorların yaradıcılıqları üzərində cəsarətli eksperimentlər aparmağı xoşlayırdı və çalışırdı ki, truppasındakı aktyorlarda amplua bəsitliyi olmasın.

    Vaqif İbrahimoğlu (18.10.1949-12.5.2011. Əməkdar incəsənət xadimi). Azərbaycan milli rejissurasının orijinal dəst-xətti olan rejissorlarından biridir və özünün estetik görüşlərini fərdi teatr poetikasında  formalaşdırıb. "Psixosof" adlandırdığı poetikanın metodoloji, bədii-estetik və psixoloji səciyyələrini qoyduğu tamaşalarda sınaqdan keçirib və onu gerçəkləşdirməyə müyəssər olub. İdeoloji tərəfdən yeni teatr ideyası ümumbəşəri və milli humanizmə söykənir. Ötəri, zahirən publisistik, sensasiyalı məsələlər bu poetikaya yaddır. Xalqı, milləti əbədi ideallar ətrafında toplaşmağa, birləşməyə çağıran "Yuğ" teatr ideyasının quruculuq niyyəti danılmazdır. "Psixosof" poetikası qavrayışımızdakı olan arxetipik (ilkin anlayış) mexanizmlərə yönəlib, vahid semantik sahədəki mövcud bilgiləri anmaq üstün tutulur.

 

İlham Rəhimli

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.- S.28-29.