"Qarabağ oyunu" poemasının ictimai ovqatı

 

Ələmdar Quluzadə adı otuz ilə yaxındır ki, səsləndiyində assosiativ olaraq Qarabağı müdhiş dərdləri ilə canlandırır. Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin dediyi kimi, son iki əsr yarımda "hər nəslin taleyinə bir dağılmış, yanmış Şuşa düşüb, bir viran olmuş Qarabağ daxil olub".  Ələmdar Quluzadə Qarabağın ən yaxın ağrılı keçmişinin nəslindəndir. Böyüklüyünü, kamilliyini mənəvi ruhunu, milli-poetik təfəkkürünü Allahın səxavətlə bəxş etdiyi zəngin təbiətdən, mühitdən almış bir xalqın oğludur Ələmdar Quluzadə. O füsunkar torpağın, elin "olum-ölüm" faciəsini o da yaşayıb. Xocalıda, Xankəndində baş verən bütün hadisələr onun gözləri qarşısında olub. O hadisələrlə bağlı yana-yana yazılmış poetik nümunələr içində Ələmdar Quluzadənin yazdıqları çox seçilir.

"İçimdəkiləri poetik dillə ifadə etməyimdə məqsəd şairlik istəyimdən daha çox vətəndaşlıq borcumu yerinə yetirmək olub" deyə qeyd edir Ələmdar Quluzadə. Vətənin dərdini can yanğısı ilə ümumiləşdirə bildiyi" Qarabağ oyunu" Qarabağ olaylarının başlanğıcında Azərbaycan xalqının ictimai ovqatının cəsarətli ifadəsidir.

Ələmdar Quluzadə "Qarabağ oyunu" adlandırdığı poemasında yaşadığı məqamın, zamanın ovqatı ilə özünə, xalqa, dosta, düşmənə - dünyaya dedi deyəcəyini:                            

Tarixin təkrarı vecimə deyil,

Səhvlərin təkrarı üşüdür məni.

Türklərin dədə-baba yurdlarından son köçünü ağrı ilə qələmə alan şair bir daha ən böyük faciənin türk oğlu üçün nə demək olduğunu yaşayır və yaşadır.

Göyçə başdan-başa çənə büründü,

Zəngəzur elləri yandı odlara.

Yurdumuz beləcə tapdağa döndü,

Aran mənə qaldı, yaylaq dağlara.

 

Təpədən-dırnağa boyandıq qana,

Dərd min yol qaynadı, qeyrət bir buğum,

Yazıldı tatixin kitablarına

Mənim düşmənimlə mənim dostluğum.

 

Poemada şairin yaşadığı psixoloji ağırlığı son faciələrin başladığı ilk "tale köçlərində" bütün gərginliyi ilə hiss etmək olur:

 

Üzündə şram yeri,

Yanağın qara kömür,

Hardan hara daşıyar

Dərdimizi bu ömür?

 

ya

 

Balanı neyləmisən,

Gözləri yaşlı bacım?

Başına mən dolanım,

Ay başı daşlı bacım!

Bunlar sözgəlişi poetik ifadələr deyil, bunlar həyat zaman həqiqətləridir, tarixin qara səhifələrinə yazılmış cəlladlıqdır. Qışın çovğununda körpəsini bağrına basıb soyuqdan buz heykələ dönən anaların, dağların qarlı dolanbaclarında, aşırımlarında, xilasın, azadlığın işıq ucuna doğru sürünən vətən övladlarının dəhşətli faciələri sonralar Qarabağda - Xocalıda, Şuşada təkrar olundu. Üzlərinə bıçaqla, odlu məftillə şırım çəkilmiş, bədənlərinə, qollarına, üzlərinə dağ basılmış körpələr, qadınlar, qocalar min bir əzabla qarlı keçidlərdən keçərək xilas ola bilmişlər. Soyuqdan, əzabdan yolda ölənləri isə yerində qoyub getməyə məcbur olmuşlardan birinə müraciətlə "Balanı neyləmisən, gözləri yaşlı bacım?" - sualı bu insan faciəsi qarşısında səsli iniltisidir şairin.

Bu müsibətlər içində ağrıdan qovrulan vətən oğlu didərgin soydaşlarımızı ovutmağa, çıxış yolu axtarmağa çalışır:

Körpə gülüm, ağlama,

Bu yerlər vətəndir.

Torpağında toxum ək,

istəsən bitəndi.

Ağlasaq, gözümüzdə

Qürbət göyərəcəkdi,

Döyüşsək, sinəmizdə

Qeyrət göyərəcəkdi.

Görünməmiş müsibətləri ifadə etmək üçün bəlkə insan sözü gücsüzdür. Lakin yanğılı misralarda şairin çəkdiyi acılar duyulur. Bununla belə o, var olmağın yolunu gözüyaşlı türk balasının sinəsində göyərəcək qeyrətdə görür. Sonralar bu ağrılar daha dərin yaralarla qövr edəcəkdi. Yalnız yurd itirmək, od-ocaq söndürmək deyil, xalq üçün hansı dəhşətlərlə (Xocalı faciəsi kimi) üzləşmək böyük faciələr yaşamaq demək olacaqdı.

Ələmdar Quluzadə ilk didərginlərin, yer üzünə  gələn  "təzə yetim"lərin faciəsini Qarabağ oyununun bir gedişi kimi səciyyələndirir. Müharibənin özülünü, bütün sonrakı faciələrin başlanğıcı olan, ən ağrılı, mənəvi əxlaqi gerçəkliyi əks etdirən didərginliyi bu poemada xalqın faciəsi səviyyəsində ümumiləşdirən şair həm bu müsibətləri yana-yana yaşamış, dilləndirə bildiyi sızıltılarla ifadə etmişdir.

Qədim tarixi məskənlərimizin, ulu babalarımızın - oğuz ellərinin yaşadığı torpaqların, Dədə Qorqudun ayaq basdığı müqəddəs yerlərin türklərdən təmizlənməsini türkün böyük faciəsi kimi səciyyələndirən şair Qarabağın üzərində dolanan tufanın həyəcanını yaşayır:

Qarabağ mahalı öz yuxusundan

Ayılıb qalxıbdır aranlı, dağlı.

Qəzəblər sıyrılıb çıxaraq qından

Ədalət axtarır əliçıraqlı.

Azərbaycanda milli-mənəvi istiqlalın, müstəqil respublika qurmaq, o taylı, bu taylı yurddaşlarımızın qovuşması ideyalarının coşduğu bir zaman yenidən özlərini "əzilən" yazıq millət kimi qələmə verib yeni bir cinayət "oyununa" başlayan ermənilər bu dəfə Qarabağı qoparmaq üçün hər cür alçaqlığa əl atdılar. Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün "Sumqayıt faciəsini" törədərək özlərinə havadarlar toplayan cəlladların öz əməllərini gizli kameralarla çəkib xarici radio-televiziya dalğalarında vermələrini Ələmdar Quluzadə poemada düzgün, qətiyyətli bir şərhlə tarixiləşdirir cəlladları sevilən "bu arxalı köpəklərin" "arxalarına" çox cəsarətlə nəyin olduğunu qandırır:

Bağırır siyasət fahişələri,

"Zavallı millətin" istedadı var,

Onlar sızlamaqda ustalaşıblar.

Ağladı kürsülər, ağladı zallar,

Bizlərə tanışdır bu ərzi-hallar.

Azərbaycanı bürüyən xaosun içində "Qarabağ kartı" poetik dillə aydınlaşdırmağa çalışanlardan biri olan Ələmdar Quluzadənin ifadə etdiyi ictimai ovqatı zamanın durumu haqda çox şey deyir. "Siyasi-ictimai həyatın özündəki mürəkkəblik, Dağlıq Qarabağda erməni separatçıları, Azərbaycan ərazisində özünün geosiyasi marağı olan ölkələrin dəstəklədiyi ayrı-ayrı qrupların rəyasət hakimiyyət uğrunda daxili mübarizəsi, bununla bağlı iqtisadi, sosial, ideoloji təxribatlar onların nəticələri bədii təsərrüfatın vəziyyətində əks olunurdu" (Y.Qarayev).

Bu dövrü səciyyələndirən tutarlı poeziya nümunələri yaradan Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Zəlimxan Yaqub, Qabil, Musa Yaqub, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli başqa  şairlərimiz kimi Ələmdar Quluzadə tarixin o anlarını poetikləşdirmişdir:

...Daşdıqca  dalğalanır

Azərbaycanın kini,

İmperiya həll edir

İki vuraq ikini.

Zamanın belə bir burulğanında haqsızlıqdan haqqa üz tutan insan övladının çarəsizliyi sözlərdə yazıqlaşır, bu ağrının çəkilməz zillətinə oğul gərəkdi dözə. Ələmdar Quluzadə bu ağrıdan, bu dərddən keçib gəlib:

Səbrinə qurban olum, göylərdən Allah baxır,

Öz yurdunda, elində bir millət gözdən düşür.

Siyasət məngənəsinə düşən Qarabağın "olum-ölüm" taleyinin bu cinayət oyununa sürükləndiyi o zamanlar bütün hadisələr şairin yaşadığı Xankəndində baş vermişdi. Onun zamanın ovqatı ilə qələmə aldığı "Qarabağ oyunu"ndan daha sonralar Qarabağda neçə-neçə dəhşətli hadisələr törədiləcəkdi. Bu poemada demək olar ki, Qarabağ müharibəsinə qədər olan dövrün bütün siyasi oyunları içərisindəki prosesləri mərhələ-mərhələ izlənmiş, müharibəyə doğru aparan siyasi səbəbləri dərin vətəndaşlıq hissi ilə, ürək ağrısı ilə ümumiləşdirilmişdir. "Qarabağ oyunu" Azərbaycanın müstəqilliyinə gedən yolda keçdiyi faciəli dönəmlərin ilk mərhələsinin poetik-tarixi bir xronikası, xalqın didərginlik adlı müsibətinin şeirləşmiş kadrları ən nəhayət, bir türk oğlunun Azərbaycan adlı can yanğılarıdır.

P.S. Otuz il doğma Xankəndindən aralı  Qarabağın şəhid şəhərlərini, şəhid dağlarını, şəhid balalarını şeirləşdirən, "qadan mənə, Qarabağ" - deyən, Vətən boyda dağ yüklü, cəsarət sərvətli qardaşım Ələmdar Quluzadə, sənə uzun ömür Xankəndinin xanı Ataxanın məzarı yanında qalib bir məzar arzulayıram. Amma indi mən sənə deyirəm: "Ömür-gün qabaqdadır".

 

Hicran Nəsibova

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.- S.29.