Filologiya üzrə ən gənc
qadın elmlər
doktoru
"Hər
bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən,
fikirlərini tətbiq edə bilən və onlardan əməli
nəticə götürə bilən, cəmiyyətə,
ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin
sırasında xüsusi yer tuturlar" - deyirdi ulu öndər
Heydər Əliyev. Və bütün halıyla bu deyilənlər
çağdaş ədəbiyyatşünaslıq elmimizin, ədəbi
tənqidimizin tanınmış simalarından biri olan Elnarə
Akimovanın tərcümeyi-halından qızıl hərflərlə
keçir. Elə onun filologiya elmləri doktoru dərəcəsi
almaq üçün AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasına təqdim
etdiyi elmi işin müzakirəsi zamanı
çıxış edənlər də daha çox Elnarə
xanımın elmi fəaliyyətini şərtləndirən
bu cəhətlərdən söz açdılar.
Sözügedən
institutun direktoru, akademik İsa Həbibbəyli qeyd etdi ki, Elnarə Akimova demək olar ki, gənc
nəslin arasında ən öncül sırada qərarlaşan
alimlərdəndir. Ədəbi prosesdə kifayət qədər
nüfuz sahibidir. Bu nüfuzu Elnarə xanım öz zəhməti,
səriştəsi, professional elmi-nəzəri
düşüncəsi ilə qazanıb. Elnarə Akimova öz kitabları, məqalələri
ilə çağdaş ədəbiyyatşünaslıq
elminin ən müasir imkanlarını cəmiyyətə təqdim
edə bilən alimdir…
Akademik
daha sonra dedi: "İş "Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı" şöbəsində
yerinə yetirilib. Elmi məsləhətçi akademik Teymur Kərimli,
rəsmi opponentlər akademik Nizami Cəfərov, professor
Şirindil Alışanlı və filologiya üzrə elmlər
doktoru Paşa Əlioğludur. Dissertasiyaya ölkənin ən
nüfuzlu alimləri rəy veriblər. Bu rəylərdə
Elnarə xanımın tədqiqat işinin məziyyətləri
yetərincə aydın şəkildə şərh
olunub".
Dissertasiya
Şurasının elmi katibi, filologiya üzrə elmlər
doktoru İsmixan Osmanlı doktorantın tərcümeyi-halı
və onun müdafiəyə təqdim etdiyi dissertasiya
haqqında məlumat verdi.
Elmi məsləhətçi,
akademik Teymur Kərimli bildirdi ki, Elnarə Akimova bu mövzu
üzərində çoxdan işləyir. Məni hər
şeydən çox sevindirən onun zəhmətkeşliyidir.
Elnarə xanım təkcə poeziyanı deyil, həm də nəsri,
dramaturgiyanı eyni miqyasda yaxşı bilir. Bizim klassik ədəbiyyatşünaslar
adətən belə olublar. Bütün sahələri biliblər.
Məsələn, mən bilirəm ki, Elnarə xanım
kompleks şəkildə bütün ədəbiyyatı
bilir. Nizamini bilir, Füzulini yaxşı duyur, Cavidi nə qədər
dərindən bilməsi və sevməsini isə onun
müdafiə etdiyi bu tədqiqat işində görmək
çətin olmur. Adam təəccüb edir ki, Elnarə
xanım bu qədər materialı necə oxuyub, necə
sistemləşdirib... Elnarə xanım həm də "Ədəbiyyat qəzeti"
kimi nüfuzlu bir qəzetdə ədəbiyyatşünaslıq
şöbəsinin müdiri vəzifəsində
çalışır, demək olar ki, bu qəzetdə hər
həftə onun məqalələrini oxuyuruq. Mən Elnarə
xanımı təbrik edirəm, amma ən əsası bizim ədəbiyyatşünaslıq
elmini təbrik edirəm ki, klassik və çağdaş
düşüncəni özündə ehtiva edən bu
cür gənc və peşəkar ədəbiyyatşünas
elmlər doktoru elmi dərəcəsinə yüksəlir.
Akademik Nizami Cəfərov qeyd elədi ki,
"İş elə gətirib, mən Elnarə
xanımın namizədlik dissertasiyasının müdafiəsində
də onun rəsmi opponenti olmuşam. O zaman da heç bir irad
göstərməmişdim işlə bağlı. İndi də
iradım yoxdu. Ona görə ki, məncə, tədqiqatçının
bu miqyasının qarşısında irad göstərməyin
əhəmiyyəti yoxdur. Mənim üçün çox
xoşdu ki, Elnarə bizim tələbəmiz olub və müəllim
üçün öz tələbəsini elmlər doktoru
kimi görməkdən daha qürurverici heç nə ola bilməz.
Dissertasiyanın keyfiyyəti, əlbəttə ki, tədqiqatçının
miqyasından asılı bir məsələdir. Heç bu
dissertasiya olmasaydı da, yazdığı əsərlərin
hər biri zaman-zaman elə Elnarənin müdafiəsidir. Elə
hər həftə "Ədəbiyyat qəzeti"ndə
yazıları çıxdıqca görürük ki, Elnarə
gəldi doktorluq səviyyəsinə çatdı və onu
keçdi. Təxminən 2-3 ildir ki, Elnarə doktorluq səviyyəsindən
yuxarı işləyir. İşin mövzusuna, quruluşuna,
problematikasına gəldikdə belə bir müqayisə apara
bilərəm ki, Elnarə qeyri-səlis məntiqlə işləyən
tədqiqatçıdır. Material nəyi verirsə, o
materiala uyğun ideyalar formalaşır, təşəkkül
tapır. Ona görə də bu iş çox canlı bir
işdir, potensialı böyük olan bir işdir. Bu
dissertasiyada hər şeyi soruşmaq və maraqlanmaq
üçün əsas var. Mən düşünürəm
ki, burda üç ciddi estetik anlayış var: birincisi
müstəqillik, ikincisi poeziya, üçüncüsü təmayüllərdir.
Yəni bu üç kateqoriya çox məntiqli şəkildə
əlaqələndirilir və dörd fəsildə uğurlu
həllini, dərkini tapa bilir. Mən bu işi çox qiymətli
tədqiqat əsəri hesab edirəm…
Filologiya
elmləri doktoru Paşa Əlioğlu qeyd etdi ki, Elnarə
Akimovanın "Müstəqillik dövrü Azərbaycan
poeziyası müasir ədəbi
təmayüllər kontekstində" mövzusundakı
dissertasiya işi son illərin ən əhəmiyyətli elmi əsərlərindən
biridir. Burada şeirimizdə ənənə yaradan şairlərin
müasir ədəbi prosesdə yeri, mövqeyi, müasirliklə
ayaqlaşması məsələsinin incələnməsi -
inkar edənlərlə inkar edilənlərin eyni müstəvidə
təhlilə cəlb olunması xüsusilə maraq doğurur
- ədəbiyyatımıza 60-cı illərdə gəlmiş,
canlı klassik statusunu qazanmış şairlərin və gənc
nəslin yaradıcılığı müqayisəli şəkildə
araşdırılır. Baxmayaraq ki, hazırda poeziyanın tədqiq
və təhlilində ümumi bir kriteriya yoxdur və istənilən
yanaşma daha çox subyektivdir, bu tədqiqatda Elnarə
Akimova qiymətləndirmədə obyektivlik nümayiş
etdirməyə çalışır və böyük
ölçüdə buna nail olur".
Professor
Şirindil Alışanlı da E.Akimovadan ədəbi-elmi
ictimaiyyət tərəfindən qəbul edilmiş
istedadlı ədəbiyyatşünas - tənqidçi kimi
söz açdı. Bildirdi ki,
bu dissertasiya onun yaradıcılıq imkanlarının təsdiqidir.
O, elmi ad almaq üçün yox, elmin təmsilçisi olmaq haqqını sanballı bir əsərdə
ifadə etmişdir.
Dissertant
E.Akimova poeziya tarixinin tədqiqinə müstəqillik illərinin
ədəbi tənqidinin öyrənilməsi sahəsindəki
səmərəli təcrübəsindən gəlib. Onun
namizədlik dissertasiyasında poeziyanın tənqid tərəfindən
dərki, dəyərləndirilməsi, şeirin mahiyyətinə
varmaq, onun üslubi təmayüllərini ümumiləşdirmək
baxımından E.Akimovanın tənqidçi-ədəbiyyatşünas
kimi bu əsərində dolğun əksini tapmışdı
və ədəbi-elmi ictimaiyyət tərəfindən də
kifayət qədər yüksək dəyər
almışdır.
Doktorluq
dissertasiyası kimi təqdim etdiyi mövzunu işləməyə
də halal haqqı vardır. Bu dövrün ədəbiyyatını
operativ izləyib, yaddaqalan nümunələri haqqında
dövri mətbuatda çoxsaylı məqalələrlə
çıxış edib, ədəbi-elmi diskussiyaların fəal
iştirakçısı olub.
Bu
dövrün ədəbiyyatı haqqında çox
yazılsa da, görünən və görünməyən,
tədqiqini gözləyən problemlər kifayət qədərdir.
Dissertasiyada konkret tarixi mərhələ götürülsə
də, müəllif haqlı olaraq müasir poeziyaya gedən
ideya-bədii axtarışların mahiyyətini onun
yaddaşında axtarır, müşahidə etdiyi üslubi təmayüllərin
tarixi poetik mənbələrini üzə
çıxartmağa səy göstərir və buna əsasən
nail olur.
Dissertasiyanı
bir elmi janr hesab etsək, onun müəllifi bu janrın ənənələrini
saxlamaqla yanaşı, öz mülahizə və mübahisələrində
olduqca sərbəstdir, elmi sxematizm əvəzinə, elmi
düşüncə mükəmməlliyi nümayiş
etdirir. Bu mənada dissertasiya ədəbiyyat tarixiliyindən
daha çox nəzəri səpkisi, nəzəri tutumu ilə
seçilir.
Poeziyanı
tədqiq etmək üçün tənqidçi-ədəbiyyatşünas
ümumnəzəri hazırlıqla yanaşı, poetik
sözün gözəlliyini, onun estetik yaddaşının zənginliyini,
nəhayət, poeziya tarixini mükəmməl bilməlidir.
E.Akimovanın şeirə həsr edilmiş ardıcıl məqalələri
onun bu sahədəki fəaliyyətinin, seçiminin bir
yaradıcı fərd kimi onun mənəvi ehtiyacına
çevrildiyindən xəbər verir. Onun poeziya ilə
ünsiyyəti elmi məzmunu ilə yanaşı,
yaradıcılıq prosesidir. Bu yaradıcılıq prosesində
onun tənqidçi kimi qavrama, dərketmə, dəyərləndirmə
prinsipləri də inkişaf edir, poetik mətnə yeni
qayıdışları elmi qənaətlərinə təshihlər
verir.
Müəllifin
elmi qənaətləri, təhlil səriştəsi, elmi
diskussiya mədəniyyəti dissertasiyanın "90-cı illər
- keçid dövrünün şeiri. "Yeni şeir"
haqqında nəzəri-estetik konsepsiyaların
formalaşması" fəslində daha mükəmməl
ifadəsini tapmışdır…"
İşlə
bağlı çıxış edən Şuranın
üzvləri - professorlar Məmməd Əliyev, Mahirə
Quliyeva, Vaqif Yusifli, Rafiq Yusifoğlu, filologiya üzrə elmlər
doktorları Yaşar Qasımbəyli, eləcə də
filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər Turan
çıxış edərək tədqiqatın elmi yeniliklərindən
danışdılar, işin Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə
tam cavab verdiyini qeyd etdilər. Bildirildi ki, Elnarə Akimova Azərbaycanda
filologiya üzrə elmlər doktorluğu müdafiə edən
ən gənc qadın alimdir.
Sonda Elnarə
Akimova Şura sədrinə, üzvlərinə, rəsmi
opponentlərə, rəyçilərə, eləcə də
müdafiədə iştirak edən elm və ictimaiyyət
nümayəndələrinə öz təşəkkürünü
bildirdi: "Belə məqamlarda söz demək çətin
olur. Əvvəl güclü bir həyəcan sarır
adamı, ardınca elə bir sevinc gəlir ki, deyə biləcəyin
bütün sözlərin qarşısı alınır
sanki. Əslində, çox sözə ehtiyac yoxdur, məncə.
Sadəcə, şükranlıq və təşəkkür
borcum var. Burda olan hər kəsə təşəkkür
borcum. Bu gün mənim yanımda olduğunuz, bu günü mənimlə
paylaşdığınız üçün təşəkkür
edirəm. Həmişə
sevinmişəm ki, ədəbiyyatı həyatımdan epizod
kimi deyil, ömür kimi keçirirəm. Bu böyük
sevdanı uşaqlıqdan içimə saldığı, mənə
ədəbiyyat adlı ünvana gedən yolu göstərdiyi
üçün ilk növbədə atama təşəkkür
edirəm. Atamın bir neçə aydan sonra 80 yaşı
olacaq. Bilirəm ki, bu böyük ömrün əvəzedilməz
sevinclərini bir övlad kimi ona mən yaşatmışam.
Daha sonra İsa müəllimə təşəkkür edirəm.
Hamı bilir, İsa müəllim institutunun bütün əməkdaşlarına
qarşı nə qədər həssas və diqqətlidir.
Bizim yazdığımız bir məqalə belə İsa
müəllimin gözündən yayınmır və
doğrusu, həmişə heyrət etmişəm, bu qədər
gərgin iş rejiminin içində buna necə vaxt tapa bilir
deyə. Azər Turana təşəkkür edirəm. Mən
bunu dəfələrlə deyirəm, qürurla deyirəm. Mən
"Ədəbiyyat qəzeti"ndə Azər Turandan
yalnız yaxşı qəzet çıxarmağın təcrübəsini
öyrənmirəm. Həm də ustad dərsləri
alıram, "ulusu sevmək" fənnini öyrənirəm.
Bəli, "meyar şəxsiyyətdir!". Ədəbiyyatda
özümə həmişə işıq hesab elədiyim
Yaşar Qarayevin fikridir bu. O Yaşar Qarayev ki, aspiranturaya daxil
olmaq üçün sənədlərimi bura təqdim edəndə,
ilk görüşümüzdə mənə artıq "gənc
aspirant" deyə müraciət etdi. Tanıdığım
qısa zaman kəsimində bütün mənəvi keyfiyyətləri,
elmi bazası ilə kəşf olundu mənim
üçün. Bir neçə gün öncə Tehran
Əlişanoğlunun haqqımda yazdığı məqalədə
təxminən belə bir fikir vardı: Elnarə Akimovanın
tənqidlə bağlı tədqiqatdan poeziya mövzusuna adlaması
işin çətinindən yapışmağı tələb
edirdi. Bu fikirləri oxuyanda Y.Qarayevi xatırladım.
İşin çətinindən yapışmağı mənə
o tövsiyə eləmişdi. Çətinliklərdən
qorxma demişdi. Amma çətinlik həm də o zaman
aşılır ki, gücünə güc qatan amilə
güvənə bilir… Mənim üçün həmin amillər
çoxdur: ailəm, övladlarım, dəyərli
dostlarım, ziyalılar və içimdə heç vaxt
sönməyə qoymadığım Ədəbiyyat adlı
işıqdır!"
Hazırladı: Sərvaz
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.11.