Sabahatdin Alinin həyat

yoldaşı Aliyəyə məktubu

 

Sabahatdin Alinin həyat yoldaşına və qızına yazdığı məktubların toplandığı "Canım Aliyə, ruhum Filiz" kitabı yazıçının sevgisini, həsrətini, mübarizəsini - qısası, həyatına aid  bir çox şeyləri özündə birləşdirir.  Məktubların hər birinin ilk hissəsi Sabahatdin Alinin Aliyəyə yazdığı duyğulu sözlərlə başlayır. Kitabın lap əvvəlində nə qədər duyğu seli varsa, son hissələrdə də o qədər yorğunluq, hüzn öz əksini tapıb. Yazıçının məktublarında Əziz Nesinlə nəşr etdikləri "Markopaşa" adlı qəzeti bütün əngəllərə, çətinliklərə baxmayaraq,  küçələrdə necə payladıqlarına şahidlik edirik. Məktubları oxuyarkən həyat yoldaşı Aliyə və qızı Filizdən başqa Abidin Dino, Rüştü Şardağ, Cevdet Kudret kimi bir çox dəyərli imzalarla rastlaşırıq. Böyük sıxıntılarla xarakterizə olunan dövrlərdə belə yazıçının ailəsinə və mübarizəsinə dair bir çox bilgini bu məktublardan əldə etmək mümkündür…

Bu da həmin kitabda yer alan hər sətri eşqlə, həsrətlə, iztirabla zəngin olan məktublardan biri…

 

***

 

Düzü, dünyada rahat yaşamaq üçün ağılsız olmaq lazımdır. Fəqət, ağılsız olmaqdansa, bir az da narahat yaşamaq daha yaxşıdı məncə… Sən necə düşünürsən?..

Sevgili Aliyə!

Bunu belə qəbul etməliyik - insanların demək olar ki, əksəriyyəti ancaq özünü düşünür. Elə dünyadakı bütün fəlakətlərin, uyğunsuzluqların, bayağılıqların səbəbi hər şeydən əvvəl özünü düşünmək əzabıdır. İlk baxışda insana çoxbilmişlik və ağıllı olmaq kimi görünən bu hal əslində, ağılsızlıqdır. Çünki dünyada hətta ən vəhşi heyvanlarda da bir-birlərinə yardım hissinin mövcudluğu kimi insanın da başqa bir insanın kömək və ünsiyyətinə möhtac olmadan yaşamasının mümkünsüz olduğu halda, ancaq özünü düşünmək və başqalarının da bu cür etməsini istəmək özün-özünə quyu qazmaqdır. İnsan başqalarına kömək etdiyi, başqalarını sevdiyi qədər yüksəlir. Dünyada həyatın bircə mənası var, sevmək. Hətta qarşılıq belə gözləmədən... sadəcə sevmək…

Məktubunu aldım. "Mən pis qız deyiləm, sənin məyus olmamağın, xoşbəxtliyin üçün həyatımı da fəda etməyə hazıram" deyirsən Aliyə. Mənə bu cür sözlər yazma… Sonra bir də görərsən mən sənə dəli kimi aşiq olmuşam. Məktubundakı "Məni istədiyim qədər sevməsən, ölərəm" cümləsini bəlkə də əlli dəfə oxudum. Ah, Aliyə, səni istədiyindən də çox sevəcəyəm…

Ətrafdakılardan sıxıldığın zaman kitab oxu… Mən indiyə qədər hər şeydən çox kitablarımı sevirdim. Bundan sonra hər şeydən çox səni sevəcəyəm və kitabları bir yerdə sevəcəyik. İnsan üçün mühitin bayağı, mənasız, soyuq təsirlərindən qurtulmaq istədiyi vaxt ancaq oxumaq faydalıdır. Mənim ən bədbəxt günlərimdə dostum kitablarım olmuşdu. Fəqət, bu kifayət deyil. Şeirlərimdə də gördün ki, kitablarımın olmasına baxmayaraq, çox əzab çəkmişəm. Çünki canıma yaxın bir adam yox idi. Sən mənim yarımçıqlığımı bütövləşdirirsən… Uzun, çox uzun məktub yaz… Səni həsrətlə qucaqlayıram, mənim yeganəm, Aliyəm.

Kiçik foto gözümü yumub baxacağım qədər pis deyildi. Sən ən pis fotoda belə gözəlsən, Aliyə. Sən həmişə hər kəsdən gözəlsən…

Sənə nə yazım ki, sevincə qərq olasan? Mən sevinməyi səndən öyrənəcəyəm. Həyat və fəlakətlər məni gülməkdən və sevinməkdən o qədər uzaqlaşdırdı ki, özümü, sənin gətirdiyin bu səadət dünyası içində belə heyrətdən qurtara bilmirəm. Taleyin amansızlığına o qədər tuş gəlmişəm ki, az qala həyatda mənə də məsud olmağın nəsib ola biləcəyinə inana bilmirəm. Evdə hər iki fotonu gözümün qabağına qoyub baxıram və sanki səadət məni sərxoş edir. Sevincdən ağlamaq istəyirəm.

Mən son vaxtlar hər şeydən ümidimi üzmüş, özümü gülən, oynayan həyatdan ayıraraq bir neçə növ kitabın arasına atmış vəziyyətdə tapırdım. Sən bu qaranlıq ömrümün içinə bir sevinc işığı kimi, qurumağa üz tutan əkinlərinə can verən aprel yağışı kimi birdən-birə gəldin. Bu qədər çox həyat və səadət yağışı altında özümü unutmuş kimiyəm. İndi ömrümün bir qayəsi var: tezliklə sənə qovuşmaq, səni qollarımın arasına almaq, gözəl, təmiz üzünə saatlarla heç doymadan baxmaq. Təkcə o zaman tam sevincli, sənin istədiyin kimi ola biləcəyəm. Səndən ayrı, səndən uzaqda ikən məndən sevinc dolu yazılar istəmə. Mənə yazarsan, Aliyəm. Səhifələrlə yaz. Hər şeydən, həyatdan, insanlardan, bahardan, özündən bəhs et. Məni sən özün sevindir… Mən buna möhtacam. Səni min dəfələrlə qucaqlyır, gözəl gözlərindən, yanaqlarından öpürəm.

Kəndli geyimlərdəki fotona baxmaqdan doymuram. Hər gecə başımın üstündə saxlayır, ona baxaraq yuxuya gedirəm. Mən dünyada bu qədər gözəl gülən, güldüyü zaman bu qədər gözəlləşən insan görməmişəm.

Hamı məni kefi kök, hər zaman gülən bir şəxs hesab edir. Bax, elə buna görə də yazılarım çox kədərlidi... Yəqin ki, qəzeti almısan. Dostlar nə deyir? Bu iş məni çox yordu. Hətta dünən, yəni qəzetin nəşr olunduğu bazar ertəsi səhəri çox pis oyunla qarşılaşdıq. Qəzeti İstanbula və Ankaraya çatdırma işini öz üzərlərinə götürən nümayəndələr son dəqiqədə sabotaj etdilər. "Biz bu qəzeti paylamayacağıq" - dedilər. Bunun ardınca Əziz Nesinlə mən qəzetləri bağlama halında daşıyaraq özümüz paylaşdırdıq. Buna baxmayaraq, "Markopaşa" bir günə satıldı. ("Markopaşa"nın ilk sayı 25 noyabr 1946-cı ildə nəşr edilmişdir.) Biz bu qəzeti ali ziyalılar üçün yox, xalq üçün nəşr edirik.

Bildiyin kimi, mən bir nəfərə "alban" dediyim üçün növbəti dəfə, iki ay da məhkum oldum. Amma bu məhkəmədən azad çıxacağıma ümidim var. Əgər bu iş də öz təsdiqini tapsa, əməlli-başlı işə düşürəm, çünki o halda Falih Rıfkıya görə aldığım üç ay da buna əlavə olunacaq, ümumilikdə edəcək beş ay. (Sabahatdin Ali "Markopaşa"nın 10 fevral 1947-ci il tarixli 10-cu sayında dərc edilən "Bilirsinizmi?" başlıqlı yazıya görə Falih Rıfkı Atayı təhqir etdiyi üçün üç aylıq məhkum olunmuşdur.) Yəni mənim həbsdən çıxmağım 1948-ci ilin fevralının sonuna çəkər. Fəqət, qurtulacağıma ümidim böyükdür. Nə isə, fikir vermə! Sonu yaxşı olacaq. Həm də çox yaxşı olacağına qüvvətli inamım var. Əsas odur ki, biz mətanətimizi, imanımızı və bu millətə etimadımızı itirməyək. İndilik bu qədər. Yaxında səni də, əziz ruhum Filizi də İstanbulda görməyə ümid edirəm.

Hər halda qarşıdakı günlərimiz gözəl olacaqdır, kədərlənməyin. Sənin və Filizin gözlərinizdən, yanaqlarınızdan, dodaqlarınızdan milyon dəfələrlə öpürəm. Dostlara salam söylə. Əsəblərimə görə narahat olma. Bilirsən, dəmir kimidi, amma dəmir kimi qalmağı üçün hərdənbir heç kim görmədiyi zaman sizin yanınızda əsəbiləşməliyəm. Amma gümanlarımda yanılacağımı düşünürəm. Çünki qocalacağıma kim zəmanət verə bilər? Həmişə gənc qalacağam. Xülasə, məni düşünməyin, amma mən sizi düşünməkdən dəli olacağam…

 

Hazırladı və türkcədən çevirdi:

Xatirə NURGÜL

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.- S.19.