Hekayələr 

 

Aauuu...

 

Babasıyla məktəbdən qayıdan Şəm-Şəm ikinci mərtəbəyə qalxan kimi qaçıb durardı arxa həyətə baxan pəncərədə:

-Babacan, baax, canavar olmuşam - və ulayardı. - Aauuu... aauuu...

-Gəl gedək, qonşuları güldürmə bizə! - Baba qolundan çəkərdi.

Bu yay kəndə - nənəsinə qonaq gəlmişdi. Axşam olan kimi babasının əlindən yapışdı:

-Getdik.

-Hara?

-Ulamağım gəlir!

-Ulama, nənən qorxar.

-Nənə?

-Caa-an!

-Qorxma, ha.

-Maşallah, oğlum yanımda, nəvəm yanımda, nədən qorxacam, ay bala?!

-Bilirsən da, mən canavar oluram hərdən?

-Nəəə... canavar?

-Bax, indi ulayacam!

-Ulayacaqsan?! Vallah, itlər  gəlib şalvarını çıxardar, sakit otur.

-Qorxma, babam yanımdadı. - Şəm-Şəm balkonun arxa həyətə baxan tərəfinə keçdi:

-Aauuu... aauuu... aauuu...

-Necədi, nənə?

-Əsl canavarsan ki, lap!

Şəm-Şəm sevinə-sevinə qaçıb girdi yerinə - yorğanı çəkdi başına.

Sabah axşam da dünənki yerindəydi:

-Aauuu... aauuu... aauuu.... aaa... - Birdən dayandı. - Ba-ba,  o işıq nədi?

Baba diqqətlə baxıb, birdən itləri çağırdı:

-Alabaş, tut, Qarabaş, tut!

Bayaq itlər hürə-hürə həyətin arxasına cumdu. Qonşuların iti də onlara qoşuldu.

İşıqlar  yoxa çıxmışdı.

-Baba, o nə idi?

-Canavar.

 

Ayı və ovçular

 

Ayı dəmir qəfəsin küncündə oturub, mürgü döyürdü. Şəm-Şəm də babasıyla gəlib qəfəsin qabağında dayandı.

-Babacan, səndən gizli bir iş görmüşəm.

-Nə iş? - Baba qaşlarını çatdı.

-Danlamazsan?

-Əlbəttə!

-"Hə",  "yox"?

-Yox.

-Ayıya bal gətirmişəm.

-Çaşmısan, deyəsən, ayı, irağ olsun, qolunu dibindən qopardar.

-Qoparda bilməz! - Şəm-Şəm əlini cibinə salıb, dörd bükülü bir vərəq çıxartdı. - Bax, babacan, balı buna bükmüşəm.

-Ay qırışmal! - Baba güldü. -

Baxım?

-Ayıdan sonra. - Şəm-Şəm vərəqi açıb, qəfəsə yaxınlaşdı. - Ey, əyripəncə, gör sənə nə gətirmişəm! - Ayı gözlərini açıb, baxdı... baxdı, sonra da qalxıb irəli yeridi. Şəm-Şəm geri çəkildi. - Olmaz, əyripəncə, olmaz! Yaxına gəlmə, qorxuram!

Ayı alnını qəfəsə dirəyib, birdən sağ pəncəsini qabağa uzatdı.

-Əllə danışma! Yaxşısı budur, dilini çıxart, balı qoyum üstünə. Arısı da var ha, vursa, mənlik deyil. - Şəm-Şəm kağıza çəkdiyi bal pətəyini azca qabağa uzatdı.

Ayı baxdı-baxdı...  yavaşca dönüb, gedib oturdu bayaqkı yerində.

-Qorxaq!

-Bəri tut, görüm! - Baba şəklə baxdı. - Gözəl çəkmisən! Bax, pətəyin bu tərəfində ayı şəkli də çəksəydin, lap əla olardı.

-Düz deyirsən, babacan!

Ayı üzünü yana çevirib, küsülü kimi oturmuşdu.

Bu zaman iki ovçu gəlib durdu qəfəsin qabağında:

-O deyil?

-Özüdür ki, var.

-Bir az arıqlayıb, deyəsən?

-Bir var  meşə - azadlıq, bir də var - zoopark. Bura heyvanların həbsxanasıdır. Kökəlməyəcək ki!

-Ey... əyripəncə, gəlmişik, ha!

-Bax gör bizi tanıyırsan?

 Ayı başını səsə çevirdi. Əvvəlcə küt-küt baxdı. Sonra gözləri böyüyən kimi oldu. Bayaq dartınıb yerindən qalxdı:

-Ö...ö...ö... ööö... - var gücüylə  donquldanıb, ovçulara tərəf atıldı. Dəmir barmaqcıqlara dəyib, yanı üstə aşdı.

-Gördüün, tanıdı!

-Necə tanımasın, neçə dəfə  üz-üzə gəlmişik, neçə dəfə gülləyə tutmuşuq, tələyə salmışıq...

-Yuxu iynəsiylə vurmasaydıq, indi o dünyalıq eləmişdi bizi.

-Ööööö.... - ayı sakit olmaq bilmirdi - donquldana-donquldana özünü qəfəsə çırpır, başını dəmir şəbəkəyə döyürdü.

-Görürsən nə kinlidi, parçalamaq istəyir bizi?

-Ööööö... - ayının səsi xırıldamağa başlamışdı.

Bu zaman zooparkın işçiləri gəlib ovçuları götürüb apardı.

Ayı sakitləşən kimi yerə çökdü - yırğalandı-yırğalandı və yanı üstə aşdı - tappadan başı dəydi beton döşəməyə - xırıldadı. Bayaq ağzından qara qan açıldı. Çırpınıb-çırpınıb, arxası üstə düşüb qaldı.

Şəm-Şəm qorxmuş halda babasına baxdı. Baba qolundan çəkdi:

-Gəl gedək!

-Ayıya nə oldu, baba?

 

Şəm-Şəmlə Nökərin əhvalatı

 

-Şəm-Şəm...

-Xorrr...

-Ay Şəm-Şəm!

-Hmmm...

-Səhər açılıb, dur!

-Qoy yatım!

-Dur!

-Durmuram! Sən kimsən?!

-Mən sənin nökərin!

-Rədd ol... - Şəm-Şəm qışqırdı.

-Şəm-Şəm, dur... dur...

-Qoy ya-a-a-tım, nökər oğlu Nökər! -Şəm-Şəm bağırıb ağzı üstə çevrildi.

Bayaq Nökər sağ əlini havaya qaldırıb, cəld aşağı endirdi  - şap... şap... şap...

-Adə, -Şəm-Şəm dik atıldı, - yaramaz, neyləyirsən!? - Yanını ovxalaya-ovxalaya çarpayıdan yerə tullandı. -Rədd ol gözümün qabağından!

Bayaq Nökər sağ əlini düyünləyib yeridi Şəm-Şəmin üstünə.

-Aaa... - Şəm-Şəm mat qaldı, - bu lap, deyəsən mənim baş-gözümü əzmək istəyir?! - Güclə özünü eşiyə atdı. Qapını dartıb, çöldən bərk-bərk bağladı. Az qalırdı qapı qırılsın - taq... taq...

 

 

***

 

Ad günü münasibətilə Babası Şəm-Şəmə xeyli pul vermişdi. O da gedib özünə Robot almışdı. Adını da qoymuşdu "Nökər". Bu Nökər həm ağıllıydı, həm də üzüyola.

Hərdən top-top oynayırdılar, hərdən gəzməyə gedirdilər. Bəzən də Şəm-Şəm görürdü bərk istidi, çağırıb Nökəri yollayırdı marketə:

-Tut pulu, get mənə dondurma al.

Nökər gedirdi, bir dondurma əvəzinə ikisiylə qayıdırdı.

Şəm-Şəmin gözləri çıxırdı kəlləsinə:

-Adə, nökər oğlu Nökər, olmaya oğurlamısan?!

Robot Azərbaycan türkcəsini anlasa da, danışa bilmirdi. Odur ki, "yox" əvəzinə başını yelləyirdi. Şəm-Şəm tez qaçırdı marketə:

-Xala, mənim Nökərim sizdən dondurma oğurlayıb, buyurun, gətirmişəm.

Satıcı gülərdi:

-Birincisi, Nökərin üstünə oğurluq yıxmayın, cənab. İkincisi də nökər xoşuma gəldi, bir dondurma da pay verdim.

 

***

 

Şəm-Şəm yaxşı oğlan olsa da, yaman yuxucul idi. Oyatmasaydın, axşamacan yatardı. Robotu da elə buna görə almışdı:

-Məni səhər saat 08.00-da durquzarsan. Durmasam, qalın ətimə bir-iki şapalaq çəkərsən! Bərk yox, ha, diksinərəm, yavaşca!

Robot da kişi kimi sözünün üstündə durmuşdu - Şəm-Şəm oyanmayanda bir-iki şapalaq çəkmişdi... Amma neyləsin ki, əli dəmirdən idi - ağrıtmışdı.

Elə həmin günü Şəm-Şəm Babasıyla Robotu aparıb Təzə Bazarda satdı. Bundan sonra bütün işləri düşdü öz boynuna - gəzməyə tək çıxırdı, oynamağa tək gedirdi, ürəyi istəyəndə gedib dondurma alırdı. Hər dəfə də satıcı qadın onu sorğu-suala tuturdu:

-Özün niyə gəlirsən, nökəri yollasana?!

Şəm-Şəm də mızıldayırdı.

Bir məsələ vardı ki, daha Şəm-Şəm yatıb günortaya qalmırdı. Axşam da televizora baxmadan yerinə girirdi ki, səhər tez oyansın.

 

Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.11.