Qan Turalı: İstedadın bir ölçüsü

özünü mətndə gizlətməkdir

 

"Ədəbiyyat qəzeti"nin "Açıq müstəvidə" layihəsinin budəfəki qonağı Qan Turalıdır.

 

Mübariz Örən: – Qan Turalı özünü daha çox harda görür: ədəbiyyatda, yoxsa kino sənətində?

Mən hekayələr anlatmağı və yazmağı sevirəm. Bu prosesin  sənətin hansı növündə baş verməsi mənim üçün tamamilə formal məsələdir. Kino XX əsrin ən görkəmli sənətidir. Bu mənada bizim az qala bütün yazıçılarımızın yolu filmdən keçib. Mən gələcək haqda xəyallara dalmıram. Mənim üçün hara rahatdırsa, hara fərəh verirsə ordayam. Amma özümü bütün hal və situasiyalarda yazıçı hesab edirəm.

Hədiyyə Şəfaqət: – Qan Turalı daha çox hansı mətnindədir?

 – Bu bir növ özünüifşa xarakterlidir. Amma hər halda "Mustafa" romanım daha avtobioqrafikdir. O zaman daha təcrübəsiz idim. İlk romanım idi. Məncə, istedadın bir ölçüsü də özünü mətndə gizlətməkdir.

Aqşin Yenisey: – üçün şifahi təfəkkürümüzdə "Söz sözü çəkər" ifadəsi olsa da, yazılı ədəbiyyatımızda, yəni nəsrimizdə şüur axını ədəbiyyatı yoxdur?

Bütün bunlar dialektik inkişafın müəyyən mərhləsində üzə çıxır. Mən düşünürəm ki, hər nə qədər ümumi prinsiplər olsa belə, hər bir milli ədəbiyyatın öz inkişaf yolu var. "Bizdə şüur axını var, yoxsa yox?" sualı ətrafında düşünməkdənsə, məncə, ədəbiyyatın sabahı haqqında düşünməliyik. Şüur axını olsun, ya da olmasın, çox fərq etmir, əsas məsələ budur ki, bizdə ədəbiyyat olsun. O ki qaldı konkret suala, mənə elə gəlir ki, bizdə modernist ədəbiyyat kortəbii həyatını yaşadı. Yəni, bu prosesdə çoxlu xaotik məqamlar oldu. Cəmiyyətdəki xaos ədəbiyyata da sirayət etdi. Şüur axını isə modernist təzahürdür.

Qismət: – Son vaxtlar daha fərdi yaradıcılıq sahəsindən (yazıdan) daha kollektiv sənət növünə (kinoya) meyillənmisən. Artıq kino təsərrüfatının içində olan biri kimi, üç punktda ifadə etməli olsan, kinomuzun başlıca problemləri nələrdir?

Əsas etibarı ilə oxşar problemlərdir. Misal üçün, bir filmi iki kinoteatr şəbəkəsində nümayiş etdirmək mümkünsüzdür. Kommersiya filmləri çəkilir, yaxşı-pis bu proses gedir. Lakin ölkə ərazisində kinoteatrların sayı çox azdır. Məncə, ən vacib məsələlərdən biri də festivallara gedəcək filmlərin dəstəklənməsidir. Çünki kommersiya filmləri üçün büdcə tapılsa da, bu tərəfdə maliyyə imkanları məhduddur. Mən həm kinomuzun, həm də ədəbiyyatımızın xoşbəxt gələcəyinə inanıram.

Günel Şamilqızı: – Bu yaxında "Ədəbiyyatın kor dalanı" yazınızı oxudum. 2000-lərdən bu yana təsvir etdiyiniz bütün məqamlarda həqiqət var, şahidi olduğumuz ölgünləşmə ən böyük problemlərimizdən biridir. Amma doğrudanmı səbəb təkcə kitab-satış şəbəkəsinin yaranmaması və kitabın baha olmasındadır? Ətrafımda onlarla gənc var ki, ölkə xaricindən (xüsusən Türkiyədən) kitabları həvəslə sifariş verib oxuyurlar. Kitabın online satış sektorunda ciddi canlanma var. Hətta tələbələr var, ala bilməyəndə həmin kitabların "pdf"lərini telefonuna yükləyib oxuyur. Niyə o müəlliflərin arasında biz yoxuq?

Bəli, elə problem də odur. Çünki kitab satış şəbəkəsi, eləcə də reklam sektoru bərbad haldadır. Azərbaycanda əsasən xarici yazıçıların əsərləri satılırsa, bu artıq faciədir. Halbuki nəşriyyatlar Kafka kimi hazır məhsulları satmaqdansa, Azərbaycan yazıçılarını populyar etmək haqqında düşünməlidir. Biz hamımız bu haqda düşünməliyik.

 

Hazırladı: Cahan Xanım

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.22.