Afaq ŞIXLI

 

Tale - yollar arası, geri dönməz gedənim.

Unudulmaq sırası ya sənindir, ya mənim.

 

PİANOM

 

Pianom susubdur, inciyib məndən...

Bəlkə qismətə boyun əyibdi.

Məni qısqanırdı səni sevəndən,

Daha o da sənsiz qəribsəyibdi.

 

Pianom üşüyür, donur dilləri,

Əllərim titrəyir, çala bilmirəm.

Sevgindən aldığım təsəlliləri

İndi nəğmələrdən ala bilmirəm.

 

Sənintək soyuqdur sənsizliyin !

Yoxluğun qəlbimi dərdə salıbdır.

Pianom inləyir səssizliyində...

O da mənim kimi tənha qalıbdır.

 

TALEYIN AÇILMAZ OVUCUNDAYIQ

 

Ömür daş qəlibdə, günlər qanadlı,

Aşılmaz bir dağın yamacındayıq.

Dərd var içimizdə - ayrılıq adlı...

Hərəmiz dünyanın bir ucundayıq.

 

Həyat var, sevinci sığır bir ana,

Sevinc var, dar gəlir cümlə-cahana.

Yaşayıb dözürük hər imtahana,

Kim bilir qismətin suçundayıq?!

 

Bitməyən arzular duranda üzə,

Tükənən imkanlar baxmaz ki, sözə...

"Azad ol" - desə xəyallar bizə,

Taleyin açılmaz ovucundayıq!

 

NECƏ DÜŞÜM YADINA

 

Yadından çıxdıqca mən

yada dönür bədənim.

Fikrimizdən keçməyən

sənindi, mənim.

 

...Necə düşüm yadına,

barı bir yolu olsa!

Yada düşmək adına

bir sağı, solu olsa!

 

Yaddaş adlı sarayın

pilləsi yox enməyə.

bəhanə arayım

gözünə görünməyə?

 

Qəlbinə daşınmadım -

köçəndə yada düşəm.

Ya da, söhbətdə adım

keçəndə yada düşəm.

 

...Qismətdə bu da varmış,

dözə bilirsənsə, döz!

Belə yaddan çıxarmış

isti nəfəs, tanış üz...

 

Tale - yollararası,

geri dönməz gedənim.

Unudulmaq sırası

ya sənindir, ya mənim.

 

CANIM VƏTƏN!

 

Canım Vətən, qollarımı açmışam,

Şəfqət eylə qucağına sığınım.

Keçənlərdə əlim səndən üzülüb,

Qismət ola bu çağına sığınım.

 

Qar ələnib gözdən itən izimə...

Qınaqlıyam, soyuq baxma üzümə.

Səndən ayrı yer tapmıram özümə,

Bir bucaq ver bucağına sığınım!

 

Bircə yol da qəribinə "canım" de!

Övladınam, "ürəyim" de, "qanım" de!

Odlar yurdu! Atəşində yanım, de,

Külün olum, ocağına sığınım!

 

TƏK SƏNİ  İSTƏRƏM BU YER ÜZÜNDƏ

 

Tək səni istərəm bu yer üzündə,

Min arzu-diləyə dəyişmə məni!

Gözələm, göyçəyəm - sənin gözündə,

Bu yerə, bu göyə dəyişmə məni.

 

Dağ olsan, dolanım dumanın olum,

Xoş günə ümidin, gümanın olum.

Tar olsan, yanında kamanın olum,

Hər ötən tütəyə dəyişmə məni!

 

Versələr aləmin varını sənə,

Min bağın-bağçanın barını sənə,

Dünyanın ən gözəl yarını sənə,

Heç kimə, heç nəyə dəyişmə məni!

 

DODAĞINDA QALMIŞAM

 

Yuxularda buraxmazsan əlimi,

Xəyal olub otağında qalmışam.

Oxşayarsan balıncdakı telimi,

Tel-tel olub yatağında qalmışam.

 

Zindan olar sənə o dörd divarın,

Gəlişini duyammazsan baharın.

Hər yerdəyəm... qarşıdakı çinarın

Sənə baxan budağında qalmışam.

 

Eşqim - mərəz, sən əlində naçarsan,

Bu dərdini axı kimə açarsan?!

Afaq deyər: "Unut məni, bacarsan!

Sözə dönüb dodağında qalmışam".

 

QÜRBƏT TÜRKÜSÜ...

 

Məcrası - zindanı, məlul gölmüşəm...

Kimsələr duymaz ki, inləyəndə mən!

Təklikdən özümü iki bölmüşəm,

Danışan da mənəm, dinləyən mən.

 

Göylərə üz tutur ümid duası,

Sözlərim qayıdıb özümə dəyir.

Könlümdən keçsə vətən havası,

Qürbətin küləyi üzümə dəyir.

 

Vətəndən uzaqda - Azərbaycanam:

Onun nəgməsiyəm, onun diliyəm.

Onun həvəsiylə yaşayan canam,

Bir qərib ocağı, solmuş külüyəm..

 

Qəriban ruhumun indi ərki ?

sola yolu var, ki sağa.

Sözlərim yetişmir könül mülkünə,

Ümidim dirənib çıxılmazlığa...

 

Özüm bilmirəm - hayana yönüm...

Hardayam, dünyanın hec harasında?

Bulud da deyiləm yağışa dönüm,

Dolmuşam gecənin bir yarısında…

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.25.