Qardaş qanı

 

Əsatir

 

Göy Tanrıdan belə bir rəvayət var ki, daşların dağlara güc gəldiyi zamanlarda, yağışların buludlara asi olduğu dövrlərdə, küləklərin çöllərə cırmaq atdığı vaxtlarda Ulu Xaqanın günbatandan gündoğana uzanmış obalarının içində böyük bir qəza üz verdi...

Yağışlar göyə sovruldu, sular yerə çəkildi, küləklər od alova büründü, çöllər istidən qurumağa başladı...

Ulu Xaqan şamanları çağırdı, məşvərət qurdular, qara-qızılı çadırda bir tərəfdə Ulu Xaqanın oğulları oturdu, bir tərəfdə şamanlar. Oğulların başında ən böyüyü - Qurdbaşlı Xaqan oğlu idi, şamanların başında ən alisi-Tülkübaşlı Topkan şaman...

Fal açıb, dualar eləmiş Şamanlar belə söylədilər ki, göylərdə qəzavat baş verib, Yağı Günəş asi olub Göy Tanrıya, o səbəbdəndir ki, yağışı-qarı udub, göyləri-yerləri suya həsrət qoyub, hələ od-alovu bir az da güclənir, yağışları qarları udandan sonra, Ulu Xaqanın türk boylarını uda-uda, yandıra-yandıra gəlir, hər dəfə qarlı dağlardan baş qaldırıb sapsarı düzənliklərdə qeybə çəkildiyi bir gün içində türk boylarından birini udur, öz içinə çəkir və bu minvalla getsə, Ulu Xaqanın özüqurtula bilməyəcək...

Çarəsini soruşdu Ulu Xaqan, ancaq Topkan Şamandan əvvəl Ulu Xaqanın Qurdbaşlı böyük oğlu durdu ayağa, dedi türk ərənlərini bir yerə yığıb gözü qızmış-qızarmış Yağı Günəşin qarşısına sipər olmaq lazımdı; gərək nizə açıb, ox vurub, kəmənd atıb onu yerə çəkək, odlu boğazına çökək, bizdən xəbərsiz apardığı türk obalarını geri alaq, türk boylarına diş atan başqa yağılar kimi qoy bu göy həramisi də cəzasına çatsın...

Ulu Xaqanın Qurdbaşlı böyük oğlunun sözünə Tülkübaşlı şaman Topkan etiraz elədi, söylədi ki, Yağı Günəşi ox vurub, kəmənd atıb ələ gətirmək mümkün olmaz,  biz gərəkdi qurbanlar verək, ayinlər keçirdək, Göy Tanrıya yalvaraq ki, bizim türk qövmlərini  gözü qızmış Yağı Günəşin qəzəbindən qurtarsın, gözü qızmış Yağı Günəşə də yalvaraq ki, rəhmi gəlsin bizə, türk obalarının hamısını udmasın, udduqlarını halal edək, heç olmasa yerdə qalanlarına aman alaq...

Müdrik Ulu Xaqan fikrə getdiyi müddətdə Qurbaşlı böyük oğlunun səbir suyu qurumuş qurd başı  dilə gəldi, şamana etiraz elədi, qeyzlə dedi ki, Göy Tanrı bizim obaların başına gələnləri görməmiş deyil, əgər gözü qızmış Yağı Günəşin odunu soyutmursa, deməli, bizi sınağa çəkir, bizim gücümüzün zorumuzun işə keçməyini gözləyir... Həm də gözü qızmış Günəşin udduğu türk obalarını qurban vermək, geri istəməmək bizim ərənliyimizə yaraşmaz... Türkə dırnaq vuranın barmağı kəsilməsə, türkə diş atanın çənəsi sındırılmasa, bizdən biz olmaz...

Alaçıqdakılardan heç biri bilmirdi ki, Qurdbaşlı Xaqan oğlunun könül verdiyi, yuxularında gördüyü, həsrətini çəkdiyi  incəbelli, xırda gözlü Selcan xatunun obasını da dünən Yağı Günəş udub aparıb və bu səbəbdən Xaqan oğlu təkcə yerdə qalan türk obalarını fəlakətdən qurtarmaq yox, həm də Günəşin udduqlarını geri qaytarıb Selcan xatunu xilas etmək istəyirdi... və bu səbəbdən Tülkübaşlı Topkan Şamanın təklif etdiyi xilas yolu onun ürəyincə deyildi...  

Beləcə, sözünü deyən Qurdbaşlı böyük oğul ayağa qalxdı, qardaşlarına işarə elədi. Ulu Xaqanın yeddi oğlundan üçü atasına baxıb onun susduğunu görüb yerindən tərpənmədilər. Üçü isə Qurdbaşlı böyük qardaşlarının ardıyca ayağa durdular, nizələrini, ox-kamanlarını götürdülər, qırmanclarını bellərinə taxıb alaçıqdan çıxdılar...

Ulu Xaqan saxlamadı onları, alaçıqda qalan üç oğluna da tapşırdı ki Tülkübaşlı Topkan şamanla birlikdə getsinlər, qurbanlar versinlər, ayinlər keçirtsinlər, Göy Tanrının mərhəmətinə sığınsınlar...

Ulu Xaqan müdrik idi, hər bağlı qapıya iki açar axtarmağı üstünlük verərdi.

Tülkübaşlı Topkan şaman isə hiyləgər idi, istəmirdi ki, Ulu Xaqanın yanında gözdən düşsün, onunçün də ürəyində kin saxladı Ulu Xaqanın Qurdbaşlı böyük oğluna...

Göy Tanrının göylərin dərinliyinə çəkilib susduğu bir vaxtda, axşama yaxın Ulu Xaqanın alaçığından iki dəstə çıxdı...

Üç qardaş Qurdbaşlı  böyük qardaşlarının ardıyca günbatana sarı yol adlı ki, batmaqda olan Yağı Günəşi haqlasınlar, ox vurub kəmənd atıb yerə endirsinlər, udduğu türk obalarını geri alsınlar, bu gözü qızmışın cəzasını versinlər...

Üç qardaş da Tülkübaşlı şamanın ardıyca gündoğana sarı yol aldı ki, gözü qızmış Yağı Günəşin yeni doğuluşuna tədarük görsünlər, qurbanlar hazırlasınlar, ayinlər keçirtsinlər ki, qurd qarnı kimi qaranlıq gecədən sonra doğan Yağı Günəş onların bu ayinlərini, qurbanlarını görüb, rəhmə gəlsin, türk obalarını rahat buraxsın...

Amma üzü gündöğana yol alan Tülkübaşlı Topkan şamanın fikri narahat idi, qorxurdu ki, türk obalarının xilası yolunda onun yox, Xaqan oğlunun təklif elədiyi vasitə daha xeyirli  olsa, onda Ulu Xaqanın yanında tək onun yox, bütün şamanların yeri olmaz....

Ona görə də kənara çəkilən Tülkübaşlı Topkan şaman bir tilsim oxuyub, baş barmağının uzanmış dırnağını kəsib havaya atdı, şaman dırnağı ülgüc kimi iti dimdikli ala qarğaya çevrildi, qanad açıb göyə qalxdı və arxaya çönüb Qurdbaşlı Xaqan oğlunun getdiyi səmtə  - günbatana yol aldı...

Yalnız bundan sonra Tülkübaşlı Topkan Şaman rahatlandı, Günəşin yeni doğuluşuna hazırlaşmaq - ayinlər keçirtmək, qurbanlar vermək üçün gündoğana üz tutdu.

 

*    *    *

 

Qara atlarını çapan dörd Xaqan oğlu Qurdbaşlı böyük qardaşlarının ardıyca odlu çölləri keçib günbatana üz tutdular,uzun-uzun yol getdilər, ancaq yolda odlu tufanların istisinə, isti küləklərin od-alovuna dözməyən  qardaşlardan ikisi taqətsiz qalıb, ümidsiz düşüb geri döndülər, yalnız bir qardaş, Ulu Xaqanın Div ürəkli ən kiçik oğlu, böyük qardaşını tək buraxmadı...

Nəhayət, iki qardaş günbatandakı ucu-bucağı görünməyən sıldırım qayalıqlara, şişuclu dağlara ağdılar... Günəş artıq dağların üstündəydi, bir az da keçsəydi, dağların arxasında gözdən itəcəkdi, Günəşin udduğu obaları geri qaytarmaq da olmayacaqdı, Qurdbaşlı böyük qardaş da öz könül xaqanı Selcan xatunu daha görməyəcəkdi...

Onunçün qardaşlar iti nizələrini çıxartdılar, polad uclu oxlarını kamana qoyub yaylarını çəkdilər, başı halqalı kəməndlərini açdılar, nə fayda ki, atdıqları nizə-oxlar Günəşə çatanda əridi, atdıqları kəməndlər yanıb töküldü...

Qurdbaşlı Xaqan oğlu ruhdan düşmədi, Günəşi əldən buraxmamaqçün Div ürəkli kiçik qardaşıyla birlikdə iri-iri sıldırım qayaları qoparıb dağların üstünə atdılar, dağlar bir az da ucaldı, Xaqan oğullarının qoparıb atdıqları ucu şiş qayalar uca dağların başına sancılıb göylərə yol açdı sanki...

Qardaşlar atlarını aşağıda buraxıb sıldırım qayalara çıxmağa başladılar, kəmənd atdılar, bir-birini yuxarı çəkə-çəkə dağların zirvəsinə qalxdılar, aşağıdan qoparıb atdıqları qayaların üstünə çıxdılar, artıq başları göylərə dəydi, nəfəsləri küləklərə qarışdı...

Xaqan oğullarının başları göylərə dəyən kimi Günəşin isti şüalarından qopan iti dırnaqlı qızıl quzğunlar peyda oldu, qardaşların başının üstünü aldı, onlara hücum çəkdi, ancaq Ulu Xaqan oğullarını qorxuda bilmədi bu qızıl quzğunlar, qardaşlar qızıl quzğunlarla döyüşdü, öldürdüklərini öldürdü, boğduqlarını boğdu, əzdiklərini əzdi, nəhayət qızıl quzğunlardan birisalamat qalmadı...

Ulu Xaqanın Qurdbaşlı böyük oğlu gördü ki, artıq son həmlə, son hücum qalıb, əgər bu fürsəti əldən versələr, Yağı Günəş batsa, bu qədər əziyyətləri hədər gedəcəkdi, onun udduğu obaları xilas edə bilməyəcəkdi, Selcan xatuna da qara qiyamətəcən həsrət qalacaqdı..

Onunçün bütün gücünü yığıb, yaralı qurd kimi Günəşə tərəf tullanıb onu tutmaq, yerə çəkmək, ayağı altına almağı, dişiylə didib-dağıtmağı  düşündü, ancaq elə bu məqamda hiss elədi ki, daha qollarının zoru, dizlərinin taqəti tükənib, iri-iri qayaları yerdən qoparıb bir-birinin  üstünə atmaq,  əmələ gələn uca-uca dağların üstünə qalxmaq və nəhayətdə, onlara hücum çəkən dəstə-dəstə iti dırnaqlı qızıl quzğunlarla vuruşmaq bütün gücünü, taqətini almışdı.

Göylərə çox yaxın olduqlarından Yağı Günəşin istisi də yandırırdı,  Qurdbaşlı Xaqan oğlu su istəyirdi, boğazı qurumuşdu, gözləri qızarmışdı...

Arxaya çönəndə gördü ki, kürəyini qayalara söykənib taqətsiz düşən qardaşı da zorla nəfəs alır, hətta gözlərini də açmağa heyi yoxdu...

Günəş isə odlu qəhqəhələrlə ona baxırdı, sanki acıq verirdi Qurdbaşlı Xaqan oğluna... vaxt da  daralırdı, əgər indi bu saat güc yığıb Yağı Günəşə tərəf sıçramasaydı, fürsəti fovtə vermiş olacaqdı, çünki yerdən qoparıb dağların üstünə atdıqları, sonra da üstünə çıxdıqları qayalar da Yağı Günəşə yaxın olduqlarına görə yavaş-yavaş yumşalırdılar, daş da olsalar, belə alovlu istiyə dözə bilmirdilər və bir az da keçsəydi, qayalar ovulub töküləcəkdi, Xaqan oğulları göylərdən yerə tökülən daşların arasında qalıb məhv olacaqdılar... Deməli, iki yol var idi, ya birtəhər güc yığıb Günəşə qalib gəlmək, Selcan xatunun obasını xilas eləmək, ya da ovulan qayalarla birlikdə göylərdən yerə tökülüb tikə-tikə olmaq...

Elə bu dəmdə sıldırımlı qayaların üstündə Tülkübaşlı Topkan şamanın göndərdiyi ala qarğa peyda oldu...

Bu qızmar istidə qızıl quzğunlardan sonra ala qarğanın peyda olmağı Ulu Xaqanın Qurdbaşlı oğlunu təəccübləndirsə də, ala qarğanın sonrakı hərəkəti onu tamam çaşdırdı...

İti dimdikli ala qarğa qayalara söykənmiş Div ürəkli kiçik qardaşın yanında yerə oturduonun enli biləyindəki şişmiş şah damarını dimdikləməyə başladı. Taqətsiz düşmüş kiçik qardaş gözlərini ani açıb ala qarğanı sezdi, lakin qovmağa da heyi çatmadı, imdad uman taqətsiz baxışlarla böyük qardaşına baxdı, yenə gözlərini yumdu...

Böyük oğul qardaşının qolundan damcılayan qanı gördü, yadına düşdü ki, çöllərdə susuz qalanda, dodaqlarının quruduğundan dilləri damaqlarına yapışanda, həmişə atların diz damarını kəsib qanını içərdilər...

Kiçik qardaşının qolundan damcılanan qanı görən kimi Qurdbaşlı böyük qardaş bir an tərəddüddən sonra, sanki xilas yolunu tapdı, qardaşına yaxınlaşıb yerə diz qoydu, dodaqlarını onun qoluna sıxdı...

Birinci qurtumdan dizlərinə taqət gəldi, ikinci qurtumdan gözləri işıqlandı, üçüncü qurtumdan qolları polad kimi bərkiməyə başladı...  İçdikcə böyüdü, gücləndi, əvvəlki zoru qayıtdı, hətta əvvəlkindən də yüz dəfə güclü oldu, böyük oldu...

Elə bu vaxt sonsuz səmalara Göy Tanrının kinayəylə dolu gurultulu sədası yayıldı:

- Qardaş qanı şirin olur... İç, , Türk oğlu, sən qardaş qanı içəndə böyük olursan...

Ulu Xaqanın Qurdbaşlı böyük oğlu ayağa qalxıb dizlərini dikəltdi və dəli bir nərə çəkib, şikarına tərəf tullanan vəhşi qurd kimi bütün gücünü yığıb Yağı Günəşə tərəf atıldı....

 

*    *    *

 

Beləcə, Qurdbaşlı Xaqan oğlu Günəşə qalib gəldi, Günəşin udduğu obaları, ən əsas da, könül sultanı Selcan xatunu xilas etdi....

Ancaq dodağının kənarında laxtalanıb quruyub qalmış qan ləkəsi heç ona rahatlıq vermədi, illər uzunu dünyanın şirin nemətlərini yedi, şərbətlərini içdi, lakin damağına nə qədər şirinliklər dəysə də, dodağının kənarında quruyub qalmış, kiçiçik ləkəyə dönmüş qardaş qanının dadını-şirinliyini ötüb keçən olmadı...

Hər dəfə dizinin taqəti getdikcə, qollarının zoru azaldıqca Qurdbaşlı Xaqan oğlu həmin şirinliyi birdadmaq istədi... Beləcə,  növbə o biri qardaşlarına çatdı... Lakin bu artıq başqa bir rəvayətdi...

 

*    *    *

 

Bu vaqeənin üstündən min illər keçdi, amma Göy Tanrının bu qarğışı havaya sovrulmadı, sularda ərimədi, alovlarda yanmadı, minillər türk obalarının başı üstə dolaşdı, Attilanın, Çinqizxanın, Əmir Teymurun, Yavuz Səlimin, Nadir şahın və daha yüzlərlə turk igidinin ruhundan keçdi...

Böyümək istəyən bütün türk ərənləri qardaş qanı içdilər, qollarına güc, dizlərinə təpər gəldi; qardaş qanı içib böyüdülər, əzəmətli oldular, məmləkətlərə hökmranlıq elədilər, az qala dünyaya meydan oxudular, amma ən böyüklərinin də dodağında qardaş qanının ləkələri silinib getmədi, zaman-zaman öz şirinliyi ilə onları sərməst elədi, ağıllarını başlarından aldı...

Torpaq üstündə, hökmranlıq üstündə, qadın üstündə qardaş qanı içdilər, - içdilər, gücləndilər, böyüdülər və qələbələr qazandılar, şan-şöhrət sahibi oldular...

Dünən də beləydi, bu gün də belədi, qara qiyamətəcən də belə olacaq, Göy Tanrının bu qarğışı - bu sədası türk ərlərinin-ərənlərinin başı üstündən ala qarğa topaları kimi heç vaxt əskik olmayacaq.

- Qardaş qanı şirin olur... İç, , Türk oğlu, sən qardaş qanı içəndə böyük olursan...

 

İlqar Fəhmi

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.8.