Cahan Gülsünün şeirləri

 

"Alma, alma"!

Çıx daha

gizləndiyin bucaqdan...

Mən uduuuzduuum,

uduuuuuzduuuuuuuum.

Qışqırıram, uzaqdan

səsim çatırmı sənə,

eşidirsənmi məni?!

Mənəm, mənəm,

Mənəm, mən!..

 

Qaldır başını bir az,

Bir az endir başını.

Bax, bu sənin dənizin,

Bax, bu sənin sahilin,

Bu da balaca qızın...

Dəhşətlidir, deyilmi?

əllərimdə qan izi.

Bax, yaxşı bax, yaxşı bax,

Sənə tanış gəlirmi bu qan,

bu əl,

bu "günah"?!

...yalvarıram,

çıx daha,

oyunu bitirmişəm.

Gəl, su tök yu əlimi,

Özümü öldürmüşəm...

 

"Mu"

 

"Mu" Sakit Okeanın sularına qərq olub məhv olmuş qitədir. Deyilənə görə orada bir-birinin yarı olan bütün kişi və qadınlar bitişik olublar. Bir gün insanlar Tanrıya qarşı günah edirlər. Tanrı onları cəzalandıraraq bir-birindən ayırır, hər birini dünyanın müxtəlif yerlərinə atır. Qadınlara da uşaq dünyaya gətirmək cəzası verir. Ona görə də indi kimsə əsl yarını tapanda özünü tamamlanmış və həmin insana mənasını bilmədiyi doğmalıq hiss edir. Çünki həmin insan onun tarixən bitişik olduğu insandır.

 

Ehh, balgözlüm...

Mu qitəsində

bitişik olduğumuzdan əminəm.

Görən kimi tanıdım

sən osan,

o, sənsən...

 

Tanrı bizi cəzalandıranda

sancılar içində ilk dəfə sən ayrılmışdın

canımdan...

Anam həmişə deyir ki,

qadın  körpəsinin gözlərini

ilk dəfə görəndə

anlayır,

daha onsuz yaşaya bilməz...

Sənin gözlərin isbatladı

haqlıymış anam...

 

Ürəyində açdığın süfrədən

indicə doyub qalxmışam,

əllərinlə şum çəkmisən üzümə

dodaqlarımın kənarında,

gözlərimin altında

toxunuşların cücərəcək,

burnumda iki barmağının

izi bitəcək...

Əllərimlə dərəcəm...

əllərimlə

toxunuşlarını

bütün vücuduma səpəcəm...

sonra da aramla oxuyacam:

"gün çıx, gün çıx

kəhər atı min çıx"...

o gün...

o "Gün çıxanda",

səninlə Mu qitəsinə dönəcəyik

yenə ...

 

***

 

Günəş hələ bərq vurur gölün sularında,

Hələ gecə düşməyib,

başlamayıb Tanrının qəbul saatı

Uzanıb gedir gözlərimdə fikir dalğaları:

- Görən Tanrı hardadı?

Bir azdan bu göl də,

Bu səma da,

Bu sevda da

qaranlığa qərq olacaq...

Mən bilirəm,

köhnə fotoşəkillər kimi unudulacaq insanlar

evlərin bir küncündə,

başlayıb bitəcək həyat

solmuş albomların içində...

Gülümsəyən üzlərdəki donub qalmış sevinc

öldürmədikcə ölməyən ümid

tək varı olacaq insanın...

sonra

qatar platformalarına düzülmüş ümidlər

hərəsi bir vaqona minib gedəcək uzaqlara...

Sönəcək şəhərin işıqları,

Gözlərini uzağa dikmiş

qadın baxışındakı

            mənasızlıqdan da betər olacaq

bu həyatı yaşamaq.

Hardasa balaca bir qızcığaz sual verəcək anasına:

- "Allah baba hardadı?"

 

İllər sonra o qızcığaz

Sualının cavabını

Uzaq bir göl sahilində

tapacaq:

- "Mavi yollar, mavi yollar...

...Məni Tanrıya aparacaq"

 

***

 

...Ehh

bilirəm, payız gəlmir siz tərəfə.

Yarpaqlar tökülmür, yağışlar yağmır,

Tanrı hamısını mənim payıma yazmış...

İndi baxıb məni xatırlamağa heç nə tapmırsan

"mən səni..."

 

Arabir əllərini qaldır havaya

küləyə toxundur,

toxundur küləyə.

O külək ki,

dağıtsın bir payız səhəri saçlarımı,

qarışdırsın bir-birinə

bütün həyatım kimi.

Bilirəm unudursan hər gün saçlarımı

"mən səni..."

 

Uzun-uzun telləri

uzanacaq sərhədlərin...

bilirəm

sonra,

sonra

uzaq bir qadın bətnində

doğulacaq əllərin,

doğulacaq heç vaxt olmamış kimi...

Onun da ovcunda

əllərimin heç vaxt dolmayan boşluğu...

sən demə

qadının bətnində  cücərirmiş

ayrılıqlar...

bilirəm, sevirsən onu

"mən səni..."

 

***

 

Tanrım, əllərimi açdım sənə.

ovcumdakı duaları bir-bir çıxarıb

vurdun üzümə:

"Bəxtini bir daha sına"!

edim,

edim ki,

ürəyim

uyuşmur başqasına?!

Onu,

onu

səsləyir

edim ki,

kəndirim

onun,

onun

əlləriylə asılmağı gözləyir...

 

 

***

 

Bax, günəş batır,

batır günaha...

gecənin günəşsizliyində

kimsə bir qadını aldadır...

O qadın ki,

sinəsində bəslədiyi əzabla

dilindəki zəhərlə

yedizdirir övladını...

sən bu şəhərin bir küçəsində

nəfəs alıb-verirsən

ağaclar kimi,

quşlar kimi,

həşəratlar kimi...

Daha

xatırlamadığım heç kəs,

heç vaxt doğulmamış kimsəsən...

 

Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.3.