Əgər sən...  

 

Esse-alleqoriya

 

Üç böyük ərəbin - Cibran Xəlil Cibran, Mixail Naima və Əmin ər-Reyhaninin uca ruhuna

 

Əgər sən çıraqsansa, ortada olmasan da, işıqlandıracaqsan!

Əgər sən işıq deyilsənsə, qaranlığın da sənin qədər dünyaya gərək olduğunu haradan biləsən?!

Əgər sən kölgəsənsə, kimin dalınca sürünəcəksən?!

Əgər sən daşsansa, döşəndiyin yolda ayaqlar altda qalarkən qürurunun tapdandığına sınma, hörüldüyün divarda isə soyuqluğunla yox, hələ torpaq ikən yoğrulduğun istiliyinlə nəfəs al!

Əgər sən kərpic deyilsənsə, ustanın əlinə tarazşaqul düzlüyünü necə öyrədə bilərsən?!

Əgər sən məbədsənsə, bəs ətrafında səndən hündürə qalxan bu divarlar nədir?!

Əgər sən məbəd deyilsənsə, sənin qapını kim açacaq?!

Əgər sən hasarsansa, gərək doğmalardostlar arasından sökülə-sökülə yadlar və düşmənlər arasında yox olasan!

Əgər sən tufansansa, yıxacağın ağacların yanındakı pöhrələri qoru!

Əgər sən ağac deyilsənsə, çiçəyin kökünü tanımayacaq!

Əgər sən çiçəksənsə, meyvəndən yayılan ətrin ruha, ruhdan sənətə, oradansa milyonların duyğularınadək nüfuz edəcək!

Əgər sən saz od tutuban yananda qırılan simin son səsi olmasan, Kainatın əbədi musiqisini canında necə oyandırarsan?!

Əgər sən söz deyilsənsə, dilin üstündə yox, altında bitəcəksən!

Əgər sən ana südü deyilsənsə, körpə dodağının ləzzətini necə duyacaqsan?!

Əgər sənin körpəliyin bütün həyatında yeriməsə, sən qocalıncayadək böyüyə, təpərli addımlar ata bilərsənmi?!

Əgər sən çörəyin ətrini içində boğan təndir olsan, heç bir qadının əlinin hərarətini özündə saxlaya bilməyəcəksən?!

Əgər sən çörək deyilsənsə, - istər sənə and içsinlər, istər tapdalasınlar, - nə vecinə!

Əgər sən xəncərsənsə, bir üzün başqasını kəsəndə, bir üzünözünü kəssin!

Əgər sən odlu silahsansa, tətiyin həqiqətə gərək and içsin!

Əgər sən kəndirsənsə, onda özünü asan yeniyetmənin əlində, hamilə gəlinin biləyində sarmaşıq tək çiçəklən!

Əgər sən palçıqsansa, gərək tezcə quruyub toza dönəsən, leysan yağışları içib torpağa çevriləsən!

Əgər sən torpaq deyilsənsə, hər bir toxumla yenidən doğulduğunu və hər bir toxumun səndən özünü doğduğunu bilməyəcəksən!

Əgər sən toxumsansa, yer üzünə yayıldıqca, göy üzünə də buludlarını çəkməlisən!

Əgər sən budaq deyilsənsə, səndən qopan hər yarpağın adını necə yadında saxlaya, onun taleyini yeni yarpaq nəsillərinə necə danışa bilərsən?!

Əgər sən dünyanın odunda sönsən, tüstüsündə yanacaqsan!

Əgər sən Günəşdən doğsan, Günəş də səndən doğacaq!

Əgər sən anasansa, bütün evlərdə sənin övladlarının, əgər sən övladsansa, bütün evlərdə sənin anan olduğunu bilməlisən!

Əgər sən başçısansa, milyonların sırasında sonuncu dayananı da özünə tay, özünlə çiyin-çiyinə görməlisən!

Əgər sən vətəndaş deyilsənsə, - nə qədər boynundan atsan da, - ölkənə bütün çatışmazlıq, yaramazlıq və fəlakətləri axıdan xəndəksən!

Əgər sən xəlvətcə oğurlayırsansa, özün də xəlvətcə oğurlanırsan!

 

Əgər sən cəngəllik ilanısansa, başqalarını yox, özünü çalacağından qorx!

Əgər sən ocaq deyilsənsə, külün közünü qorumayacaq!

Əgər sən hər zaman öz yanında deyilsənsə, həmişə təksən!

Əgər sən yolsansa, kahinlərin əsasından çox, korların çəliyini dinləməlisən!

Əgər sən su deyilsənsə, haradan biləsən ki, səni yaşıl vadilərdəki çəmənlik və pöhrəliklərdən çox, yağmursuz çöllərin otları, ilğım-səhraların bir-birinə sıxılan kolları gözləyir?!

Əgər sən çaysansa, gərək Fərat olub məcnun divanəliyi ilə dünyanın susuz Kərbəlalarını axtarasan!

Əgər sən sinəsənsə, bir ürəyin yarısının səndə, yarısının sevgilində olmasından həzz al!

Əgər sən ürək deyilsənsə, qan dolu kasadan nə fərqin var?!

Əgər sən qansansa, kainatın damarlarında da canda axdığın tək ax!

Əgər sən göz deyilsənsə, səninlə hamı özündən başqa hər nəsnəni və hər kəsi görəcək!

Əgər sən əl deyilsənsə, demək, əlləri qandallayan zəncirsən!

Əgər sən zəncir deyilsənsə, səni göyərçinlər belə dimdikləri ilə açar!

Əgər sənin ayaqların tikanlıqlarda qanaq-qanaq olsa da, qanun və ədaləti tapdamamaq əzmi göstərsə, dizlərin də onların qarşısında qatlanmaqdan iftixar duyacaq!

Əgər sən əlində bayraq dalğalandırırsansa, onda ürəyində də, əməllərində də onu yaradanların ideallarını yaşatmalısan!

Əgər sən idealsansa, kənarda - şitillikdə yetişib ürəyə köçməməli, özün burada rüşeymlənməlisən!

Əgər sən kitabsansa, nədən sənin hər səhifəndən hər kəs özünə bir məfkurə yapıb və onun əlinə həm məşəl, həm nizə verib?!

Əgər sən dinsənsə, əzəmətin - tapınaqlarının ehramlaşmağında deyil, könülləri ucaltmağındadır!

Əgər sən fəlsəfəsənsə, idrakın bütün xətlərindən özünə topladığın enerjini niyə orda-burda dağıdır, atomik gücündə hərəkətə gətirmirsən?!

Əgər sən dağ deyilsənsə, eniş-yoxuşlarındakı çalın-çarpaz cığırların birləşib zirvənə gedən yolu tapmayacaq, azıb-itəcək, hər yüksəkliyin özünü zirvə sayacaq!

Əgər sən dənizsənsə, balıqların kimi gəmilərini də, dənizçilərini də niyə qorumayasan?!

Əgər buludla küləyin dostluğundan sənin xəbərin yoxsa, hara əsdiyini bilməyəcəksən!

Əgər sən arısansa, ilahi nizamla qurduğun şanlarından necə birindəkinə bal, o birindəkinə zəhər tək baxa bilərsən?!

Əgər sən quş deyilsənsə, yuvanda həmişə yad yumurtalardan balalar çıxacaq, qanadlarını palaz kimi sürüyəcək, qu səfini düz ovçunun tüfəngi üstündən keçirəcəksən!

Əgər sən yuvasansa, ağacların koğuşu, sıx budaqların gizlini özü səni axtaracaq!

Əgər sən nəsilsənsə, sərvətlərinin nəvə-nəticələrin qədər, min qat uzaq şəcərələrə çatacağına fərəhlən!

Əgər sən bəşəriyyətsənsə, niyə artır, fəqət böyümürsən?!

Əgər sən siyasət deyilsənsə, qalib gəlmədən də rəşadətlə yaşamağın mümkünlüyünə necə inandıra bilərsən?!

Əgər sən dövlətsənsə, modern görkəmində ibtidai quruluşların teyfini, əlində hamınınkından iri sümük tutan qəbilə başçılarının ritorikasını necə daşıyırsan?!

Əgər sən tənqid etdiklərinin sırasında özün sonuncusansa, hətta yoxsansa, demək, yüksək status iddialarında birinciliyə haqqın çatmayacaq!

Əgər sən ətrafını mədhiyyəçilərin və alqışçılarınla çevrələyibsənsə, haçansa mütləq onların sıxlaşıb-daralmasında darılıb-boğulacaqsan!

Əgər sən mən deyilsənsə, mən sən deyiləmsə, - biz heç kimik!

Əgər sən nəfəssənsə, kəsiləndə, heç olmasa, insanın içində bir udum qal - həyatın son payı kimi!

Əgər sən insansansa, uzaqgörənliyindən müdrikliyinə, müdrikliyindən mütəfəkkirliyinə, mütəfəkkirliyindən peyğəmbərliyinə, peyğəmbərliyindən avatarlığına yüksəldiyin qatlardan bircə dəfə də enson dəfə tək-tək yox, bütün bəşəriyyət tək qalx!

Əgər sən Tanrısansa, ətəyini yox, əlini mənə ver!

 

Rahid Ulusel

 

Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.7.