Mən səni niyə sevirəm?

 

Sualım sənədir, əziz oxucu.

Elə sənə verdiyim sualın cavabını da sənə yazıram.

Çünki... biz səninlə bu dəqiqələrdə belə eyni dalğadayıq və eyni körpünün üzərindən keçirik.

 

***

 

Gəl biz öncə sənin mənim xəyalımdakı obrazına baxaq.

Mənim xəyalımdakı sən orta statistik bir azərbaycanlı ailəsində doğulmusan. Valideynlərinin ya biri, ya da hər ikisi ali təhsillidir. İlk addımlarını atdığın evdə mütləq hansısa bədii və yaxud elmi ədəbiyyat nümunələri olub. Yəni sən kitaba yad biri deyilsən, əksinə, evinizdəki kitablarla baş-başa verib boy atan insanlardansan.

( haşiyə: Bu arada, şəxsi müşahidələrimə və gəldiyim qənaətlərə görə, var-dövlət üçün, pul üçün deyilən "sonradangörmüş" ifadəsi elə kitab üçün də uyğun gəlir. Kitabı ta əvvəldən tox gözlə görənlərlə kitabı sonradan görənlərin dünyası heçeyni deyil. Eynilə pul məsələsindəki kimi, burada da sadəcə genetik faktorlara və fərdi xarakter mahiyyətlərinə görə keyfiyyətli istisnalar ola bilir. Nə isə, haşiyəyə köklənib dayanmayaq. Söhbətə davam.)

Məncə, sənin valideynlərin sən hələ məktəbə getməyə başlamamışdan səni hərflərlə tanış ediblər. Valideynin  "A" hərfini min dəfə gah özü, gah da sənin əlinlə vərəqə cızıb, sən hətta təsadüfən və ya yorularaq, balaca ağzını açıb "aaa" deyəndə belə sevinib ki, əlifbanın ilk hərfini öyrənmisən.

Sonra məktəb illəri, ədəbiyyat dərsləri, məktəb tədbirlərində söyləmək üçün əzbərlədiyin şeirlər, yazdığın inşalar, müəlliminin sənə sinifdənxaric oxu üçün məsləhət gördüyü kitablar olub həyatında.

Demirəm sən də inşa seçimləri öz öhdənə buraxılsa, mütləq və böyük həvəslə sərbəst mövzuları seçirmişsən. Yox, bu cəhət əsasən gələcəkdə yazıçı ola biləcək insanlar üçün xarakterikdirbu barədə gələn yazılarda danışacağıq.

Mənim xəyalımdakı sən - oxucusan. Heç vaxt yazıçı olmağı düşünməyən, heç vaxt oxuduğun əsərə baxıb istehza ilə "mən bundan yaxşı yazaram" deyərək, qrafomanlıq azarına yoluxmayan, ədəbiyyat aləmində gəzib-dolaşmağı hər axşam parkda gəzişib təmiz hava almaq istəyindən ayırmayan, şəxsi keyfiyyətlərinə uyğun keyfiyyətdə əsərləri axtaran, oxuyan, alıb dostlarına hədiyyə edən, evində toplayıb kitabxana yaradan, yazıçılarla ünsiyyətə can atan, sosial şəbəkələrdə onları axtarıb tapan, izləyən, ailə üzvlərinə göstərib tanış olduğunuzu təbəssümlə söyləyən birisən.

Mənim xəyalımdakı sən - xəyalında mənim yaratdığım və ya yaradacağım qəhrəmanlar olan adamsan.

Mənim xəyalımdakı sən özün də qəhrəmansan. Elə özünü axtardığın üçün də mənimləsən.

Mən sadəcə böyük və sadə bir aynayam.

Sən - bu aynada özünü görməkdən doymayan və hər dəfə yeni obrazda görünməkdən yorulmayan "Nərgiz"sən.

(Haşiyə: Nərgiz yunan mifologiyasında çox yaraşıqlı və çox məğrur bir gəncdir, ona aşiq olanlara qarşı soyuqluğu və sevgilərindən imtinaları ilə tanınan obrazdır. Nərgiz yalnız bir dəfə aşiq olur - suda gördüyü əksinə. Gözlərini öz əksindən çəkməyərək, elə oradaca çiçəyə çevrilib qalır.)

Sən də ən müxtəlif kitablarda, ən müxtəlif qəhrəmanların ruhunda özünü axtarırsan. Səni sənə göstərməyən kitabları oxuya bilmirsən, sevməmək azdır, hətta ikrah hissi ilə onları tullaya bilərsən, başqa adamlara da oxumamağı məsləhət görərsən. Eynən soyuq Nərgiz obrazı kimi.

Hətta ağlına da gəlməyəcək ki, imtina etdiyin kitabların müəlliflərinin nə qədər çox ehtiyacı vardı sənin sevginə və diqqətinə.

Sən yalnız içində özünü görə bildiyin kitablara aşiq olursan.

Çox sevirsən özünübu, sənin xoşuna gəlir.

Özünü sevməyin mənim də xoşuma gəlir.

Mən səni məhz buna görə sevirəm.

Özümü sevməyi xoşladığım üçün.

Dedim axı, biz eyni dalğadayıq. Hətta bu dəqiqələrdə belə.

 

Cavi Dan

 

Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.15.