"Şükriyyə... taleyim" - Ssenari

 

Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavadova haqqında sənədli filmin ssenarisi

 

Natura. Uzaq plan. Çöldə, kiçik təpəlik ərazidə fayton hərəkət edir. İçində bir qadın, bir kişinin olduğu uzaqdan görünür. Yaxın plan, içəridəkilərin üzü görünmür, fayton təkərlərinin cırıltısı, atın ayaq səsləri eşidilir.

Aktrisa Şükriyyə xanımın səsi ilə danışır:

Səs: "Novruz bayramına az qalırdı, səhər-səhər suya getmişdim. Elə təzəcə bulağa çatmışdım ki, Cavad yanımda peyda oldu. Heç bilmirəm haradan çıxdı. Mənə yaxınlaşdı. Birdən dedi ki, Şükrü, ay Şükrü, səni aparsam, mənimlə gedərsən? (Görüntülər). Diksindim, elə bildim göy başıma töküldü. Bir xeyli sonra başa düşdüm ki, başqa yolum yoxdur. Birdən-birə dilim açıldı. Cavadın ürəkli olmağı xoşuma gəlmişdi. Dedim, bir azdan atam yığıncaqda iştirak etmək üçün evdən çıxacaq, gələrəm, gedərik. Günortaya yaxın gəldim. İnanmazsınız, Cavad neçə saat idi durduğu yerdə bitib qalmışdı. Çox həyəcanlı idi. Elə bil, qorxurdu ki, məni itirər, bir də heç vaxt görməz. Sözləşdik ki, piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına çıxaq. Belə də elədik. Sonra Cavad fayton saxladı. Bax, bu faytonu.

(Kamera üzlərini göstərir. Şükriyyə xanımı canlandıran aktrisa Əhməd Cavadı canlandıran aktyora sığınıb.)

Cavadla ilk dəfədir... hə, ilk dəfədir yan-yana oturmuşuq. Və birdən məni dəli ağlamaq tutdu...

(Musiqi. At ayaqlarının səsi, fayton çarxının cırıltısı.)

Səs: "Mənə elə gəldi ki, doğma şəhərimi bir də heç vaxt... ömrüm boyu görməyəcəyəm. Cavad mənim ağlamağıma dözmədi. O da qoşuldu mənə. Baş-başa verib bir yerdə ağladıq".

Musiqi.

FİLMİN ADI

Natura. Gəncə. Gecə. Kamera qaranlıqda bir qapıya yaxınlaşır. Kadrda bir nəfər addımlayır.

Kadrarxası səs: "1915-ci ildə gecənin bir aləmi gəncəli Məşədi Ağanın qapısı döyülür."

Əl asta-asta qalxır, qapını döyür:

Səs: "Nökər ev yiyəsinə xəbər verir ki, Cavad əfəndi gəlib. Məşədi kürkünü çiyninə salıb həyətə düşür, qapıdakı iti damına bağladır. (İt. Görüntü.) Cavad yanında iki qız uşağını - gözündən yaralanmış  Ruqiyyəni və Gövhəri Məşədiyə təqdim edir:

Aktyor, görüntü:

- Məşədi, öz balalarımızdır. Türk qızları. Sarıqamışda ata-anaları ölüb, düzdə qalıblar. Bu qızlara balaların kimi baxıb, yiyəlik et!"

 

* * *

 

Natura. Batumi dəmiryol vağzalı. Sarıqamış faciəsi, Ərzurumun işğalı, Qars və Batumidəki qırğınlara aid kinoxronika. Qatar səsinin müşayiəti ilə.

Kadrarxası səs: "Əhməd Cavad Batumiyə Türk ordusuna kömək üçün yollanıb yardım mərkəzinin rəhbəri olur. Batumidə yaşayan iki mindən artıq azərbaycanlının uşaqları üçün ayrıca məktəb açmaqdan ötrü Bakıya qayıdıb Hacı Zeynalabdin Tağıyevlə görüşmüş, lazımı vəsaiti alıb məktəbin açılmağına nail olmuşdu. (Tağıyevin görüntüləri.) Batumidəki xəstəliyi, aclığı, insanların dəhşətli aqibətini Cavad heç vaxt unutmayacaqdı və o illərdə köməksiz insanlara pal-paltar, dava-dərman yardımı edib, vicdan borcunu yerinə yetirməkdən ötrü gecəsini gündüzünə qatacaqdı. (Təkrar kinoxronika) Amma təkcə pal-paltar, dava-dərmanmı?

 

* * *

 

Natura. Şəmkirin Seyfəlli kəndi. Görüntü. Ümumi plan. Sonra Şükriyyə xanımın yaşadığı ev göstərilir. Kənd sakinlərindən birinin səsi eşidilir:

"Məşədi Ağanın uşağı olmurmuş. Həə... Cavad əfəndinin gətirdiyi qızları götürür övladlığa. (Kadr. Kənd sakini. Yaşlı kişi). Onlardan birinin adı Ruqiyyə olub. İki il keçir, üç il keçir, bilmirəm, Ruqiyyənin gözündən aldığı yara irinləyir. Yazıq uşaq yaşamır. Mən lap balaca olanda Gəncənin köhnə kişiləri danışırdılar ki, Cavad əfəndi 15-ə yaxın qız uşağını varlı ailələrə verib deyərmiş ki, bu qızlar bizim namusumuzdur, rusların əlinə keçib bədbəxt olmasınlar. Öz balanız kimi baxın, böyüdün."

Natura. Batumi. Çakva yörəsi, Keda obası. Şükriyyənin böyüdüyü küçə. Ev. Şükriyyə xanımın səsi:

"Cavad mənə tez-tez məktub yazırdı. Onun məktubları mənim ağlımı başımdan alırdı. Həmin vaxtlar imtahana hazırlaşırdım. Amma Cavadın məktubları, xəyalı mənə imkan vermirdi ki, fikrimi toplayım, dərsi oxuyum. Bir dəfə məktubda şeir yazmışdı.

 

Üç qərənfil verəyim,

Aç qoynunu girəyim.

Sən ordasan mən burda,

Soyuqdanmı öləyim?"

 

Şəmkir. Seyfəlli kəndi. Şükriyyə xanımın qohumlarından biri Əhməd Cavadın Şükriyyə xanımı qaçırması əhvalatını danışır:

"Əhməd Cavad Batumidə xeyriyyə işlərinə kömək edən Süleyman bəylə tanış olur. Dost olurlar. O vaxt Şükriyyə xanım 16 yaşında olub. Gimnaziyada oxuyurmuş. Cavad əfəndinin kirələdiyi ev harda olsa yaxşıdır: Süleyman bəyin evi ilə üzbəüz. Sən demə, Cavad əfəndi qəsdən orda ev tutub ki, Şükriyyəni görsün. Həə... Özü elçi düşməyə utanır, dostu Əli Səbridən xahiş edir ki, bəs, mənim istəyimi acar bəyi Süleymana çatdır. Əli Səbri ilə də Süleyman bəyin arasında belə danışıq olub: Əli Səbri soruşub ki, Cavad əfəndi nasıl biridir? İyi oğlandırmı? Süleyman bəy də deyib, iyi, iyi. Güzel şeirler yazıyor.

Əli Səbri ürəklənir. Deyir ki, bəs Şükriyyəni Cavada istəyirəm. Süleyman bəy türk əsilli  acar bəyi olub.  Özü də sərt, ötkəm adamın biri imiş. Elçinin sözünü geri qaytarır. Deyir ki, qızımı gözümdən uzağa qoymaq istəmirəm.

Kadrarxası səs: Acar bəyinin qızı Cavada verməməsinin başqa səbəbi də var idi. O, Şükriyyəni Qızılbaşa ərə vermək istəmirdi. Cavad əfəndi şiə, acar bəyi Süleyman sünni idi. Bu qədər sadə. Əli Səbri qızı ala bilmədiyini görəndə söz altında qalmır: "Verməzsən, qaçırdarıq".

Şükriyyə xanım: "Gəncədə toyumuz oldu. Biz Cavadın ata yurduna - Seyfəli kəndinin Mehirli tirəsinə gəlmişdik. Burda Cavadın beş hektardan artıq ata torpağı vardı. Biz sonralar bu torpağı əkib-becərənlərin verdiyi pulla dolanırdıq. Cavadın ata mülkünə qədəm basdığım birinci günü, ara sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən sonra o mənə dedi ki, Şükrü, bu gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır. Səndən xahiş edirəm, mənə etdiyin qədər onlara hörmətlə, nəzakətlə yanaş. Lap ayaqqabıları palçıqlı-palçıqlı evin yuxarı başına keçsələr də, birinin də xətrinə dəymə. Onların ürəyi gül kimidir. Qoy bizim evin qapıları həmişə onların üzünə açıq olsun, öz evləri kimi gəlib-getsinlər. Onların uşaqlarını oxudaq, məktəbə, universitetə düzəldək. Onların çarıqları, qaloşları, batavaları səni hürkütməsin. Mən Cavadın sözlərini qulaqlarımdan sırğa edib asdım. Sonralar Cavad və mən həbs olunandan sonra həmin adamlar uşaq evlərinə gedib bizim uşaqları axtarıb tapdılar. Mənim balalarımı ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz. O adamlar körpə Yılmazıma ata-ana oldular".

Musiqi. Xronika.

Kadrarxası səs: "Gün-gündən gözəl gəlirdi, dünyadan kam almağın vaxtı-vədəsi çatmışdı. Beş övladları vardı - Aydın, Türkay, Niyazi, Yılmaz adlı dörd oğul, Almaz adında bircə qız. Sevgili el adamları, əziz dostlar, bir də evinin divarları arasında yolunu gözləyən o acar qızı gözəl Şükriyyə... O acar qızı gözəl Şükriyyənin bircə nisgili vardı: atası onlardan üz çevirmiş, xeyir-duasını verməmişdi. Bu nisgilin, xiffətin ömrü uzun olur - 20 il. Ta 1936-cı iləcən. Bəy Süleymanın ürəyi dözmür, gəlir Gəncəyə. Qızını görür, kürəkəniylə görüşür, nəvələrini bağrına basır. Beləcə barışıq olur, yollar açılır, gəliş-gediş başlanır..."

 

* * *

 

Gəncə. 30-cu illərə aid kinoxronika. Gəncə Kənd Təsərrüfatı Universitetinin görüntüləri, pilləkənlər, otaqlar…

Müsahibə: "Əhməd Cavad 1930-33-cü illərdə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda rus dili müəllimi, daha sonra kafedra müdiri işləyir. 1933-cü ildə professor olur. Yeri gəlmişkən, Azərbaycanda rus dili üzrə professor rütbəsinə bu dövrdə layiq görülən ilk azərbaycanlı Əhməd Cavad olub. O zaman Seyfəlidəki məktəb dördillikmiş. Əhməd Cavad hər dəfə kəndə gələndə məktəbə baş çəkər, məktəblilərlə, müəllimlərlə söhbət edərmiş. Valideynlərə deyərmiş ki, uşaqlar dördilliyi bitirəndən sonra Gəncəyə gətirin, hamısını orda məktəbə qoyacam. Uşaqları Gəncəyə oxumağa aparır, arxalarında dayanırdı. Mənim tanıdığım 15-16 nəfər onun sayəsində oxuyub sonradan məktəbimizdə müəllim işlədilər. Aparıb Gəncədə oxutduranda da əl çəkmirdi, gözü üstlərində olurdu".

Xronika. Mir Cəfər Bağırovun görüntüləri.

Kadrarxası səs: "Qəribə taledir, Əhməd Cavadın taleyi. Onun aqibətini elə müəllimliyi həll etmişdi. Quba qəzasında Mir Cəfər Bağırovla müəllim yoldaşı olmuşdular".

Qusar. Əhməd Cavadın və Mir Cəfər Bağırovun işlədiyi məktəbin görüntüləri.

Səs: "Əhməd Cavad Mir Cəfər Bağırovla müəllim yoldaşı olanda aralarında olan münasibətlər sonradan düşmənçiliyə çevrilib. 1923-cü ildə ilk dəfə həbs olunanda Bağırov qəflətən onu dindirən müstəntiqin otağına gəlib, əllərini ölçə-ölçə Əhməd Cavada hücuma keçmişdi".

Görüntü. Aktyor canlandırır: "Ləzgi qızları" şeirində sən əxlaqsızlığı təbliğ edirsən, ləzgi qızlarını yatağına çağırırsan. Yerli sovet qızlarını "üşüyürəm" adı ilə aldadıb, dilə tutursan, namuslarına təcavüz etməyə çalışırsan. Bəs bunlar əxlaqsızlığı, fahişəliyi, inqilabdan əvvəl gördüyün pritonları, qəhbəxanaları bərpa etmək deyil, onda nədir? Hə, səndən soruşuram, nədir?".

Üzünü müstəntiqə tutur: Bunu hələ ağıla gətirməyibsiniz? Otuz zopa vurdurun, adını da "Qırmızı siyahı"ya əlavə edin.

Qapı çırpılır.

Şükriyyə xanımın şəkli və ekranda yazılır: "Cavad azad olub evə gələndə otura bilmirdi, zopaların yeri qapqara qaralmışdı".

Musiqi.

Şükriyyə xanımın səsi: "Bu həmin Mir Cəfər idi ki, Cavad Qusarda müəllim işləyəndə dəfələrlə bizdə qonaq olmuşdu. Ona süfrə açmışam, nə bişirmişəmsə, qabağına düzmüşəm".

30-cu illər. Kinoxronika. Azərbaycan Sovet Yazıçılar İttifaqının görüntüləri.

Səs: "1937-ci il mart ayının 21-də keçirilən iclasında mühakimə və ittihamlardan sonra Əhməd Cavadı Süleyman Rüstəmin təklifi ilə Yazıçılar İttifaqının üzvlüyündən düşmən kimi çıxardılar. Yazıçı Nurəddin Babayevin "Babam - nənəm, atam-anam və biz" kitabından: (Başqa səs oxuyur. Ekranda yazılı gedə bilər) "1937-ci ilin yazı idi. Azərnəşrin böyründəki küçə ilə "Spartak" kinoteatrına tərəf enirdim. Küçənin tinində Əhməd Cavada rast gəldim. Gözlərimə inanmadım. Rəngi bomboz bozarmışdı, mənə elə gəldi, kişinin qəddi-qaməti də sınıb, beli bükülüb. Salamlaşdıq. "Cavad Mirzə, necəsiniz?" soruşdum. Dodaqları əsdi:

 - Bala, - dedi, - indicə məni Yazıçılar İttifaqından xaric etdilər... bir düşmən kimi".

"Bu, həmin Əhməd Cavad idi ki, Birinci Cahan savaşı onu əyə bilməmişdi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onu sındırmamışdı, 1923-cü ildə "güllələnənlər"in siyahısına düşəndə qamətini şax tutmuşdu, 1925-ci ildə "Göy göl" şeirinə görə həbs edib ona verilən işgəncələrə kişi kimi dözmüşdü."

 Kinoxronika.

"Əhməd Cavadın 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası tərəfindən əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməsi ilə ailənin ağrılı-acılı günləri başladı. Əhməd Cavad Axundzadənin "İstintaq işi"ndə saxlanılan, Şükriyyə xanımın verdiyi  ifadə: "Mən Bayıl türməsində dustaq kimi saxlananda, bizim vaxtı ilə ev qulluqçumuz olan Mariya Sergeyevna da xırda oğurluq üstündə yatırdı. O, dustaqlara yemək verilən zaman mənə dedi ki, "Sənin ərini Bayıl türməsinin səyyar xəstəxanasına başı bintlə sarınmış halda, 40 dərəcə temperaturla gətirmişdilər". Bu sözləri eşidəndən sonra mən Əhməd Cavadla neçə dəfə görüş istədim, ancaq rədd etdilər".

1937-ci il iyunun 4-də Əhməd Cavadı Bayıl türməsində S.Fedarenko yoxlayıb. Ondan bir bel kəməri, qalstuk, ayaq rezini və yeddi ədəd Nikolay dövründə buraxılmış 5-lik qızıl götürülüb.

 

* * *

 

Natura. İçərişəhər. Üç nəfər qarapaltarlı adam küçəboyu irəliləyir. Ayaq səsləri, musiqi. 6-cı böyük qala döngəsi, 12 nömrəli ev. Qapı döyülür. Qapını saçları dağınıq olan, pərişan qadın açır. Şükriyyə xanımdır. Gələnlər evə soxulur. Uşaqlar qorxudan evin küncünə qısılır. Növbəti kadr - gecə, boş küçə. Üç zabit, bir qadın küçə ilə gedirlər.

Qadın: Məni hara aparırsınız?

Birinci zabit: Əmr belədir ki, sizi özümüzlə aparaq.

Qadın: Hara?

İkinci zabit: Bayıl qalasına…

Sükut…

Üçüncü zabit: Səbəbini niyə soruşmursunuz?

Qadın: Sizin hər şeyə bəhanəniz var. Nəyi soruşum?

Musiqi. Kiçik, qaranlıq otaq. Müstəntiq sorğu-sual edir:

- Bizə göstəriş var ki, səni Axundzadə familiyasından çıxardıb, təzədən Bejanidze familiyasına qaytaraq. Yəni ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan. Yoxsa, səni qarlı Sibirə sürgün gözləyir.

 - Necə yəni Cavaddan boşanmalı?

 - Tapşırıq belədir. Yoldaş Bağırov sizi qorumaq istəyir.

 - Mən Cavadı heç kimə dəyişmərəm.

 - Şükriyyə xanım, sizin övladlarınız var…

- Amma Cavada görə yurdumu, doğmalarımı atıb gəlmişəm.

Soyuq, nəm, darısqal kamera. Şükriyyə dizlərini qucaqlayıb oturub. Keçmişi, Cavadın toylarında oxuduğu şeiri xatırlayır. Şeir səslənir.

Məndən xoşbəxt varmı dünyada deyin,

Ey telli yavrusu Süleyman bəyin.

Baxtım tərlan imiş, - yeyindən, yeyin,

Heç kəsə bu baxtı vermərəm, sənsiz.

Və doyunca ağlayır. O darısqal kamerada bitin-sirkənin əlindən tərpənmək olmur. İçəridə siçan, siçovul görünür…

Yenə kamera. Şükriyyə xanım divara söykənib yuxulayır. Kameranın dəmir qapısı açılır. Onu aparırlar. Qarşısına boşanmaq haqqında sənəd qoyulur.

Müstəntiq:

- Şükriyyə xanım, bircə imza atmalısınız, vəssalam.

- Atmayacam. Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim ondan imtina etməyim güllədən betər olar.

 

* * *

 

Natura. Qatar yol gedir. Vaqon.

"1937-ci il. Bu qatar üzü Qazaxıstan çöllərinə yol alıb. Vaqonda 47 nəfər var, üç gündü ac-susuz yol gedirdilər, üstəlik ayaq üstə. Həmin vaqonda Şükriyyədən başqa kim olsa yaxşıdır: Ceyran Bayramova.

(Kamera Ceyranın rolunu oynayan aktrisanı göstərir.)

"O Ceyran ki, Bakıda Şükriyyə xanımı görməyə gözü yox idi. Tamam-kamal başqa-başqa dünyaların adamıydılar, bir-birini heç cür həzm edə bilmirdilər. Həzm etmək nədir, rastlaşanda bir-birindən üz çevirir, qaşqabaq sallayırdılar. Biri bolşevik, o biri bəy qızı, başqa nə olmalıydı ki?"

Qatar stansiyada uzun-uzadı fit verir, 47 nəfər qadın vaqondan atılıb sıraya düzülür, nəzarətçi qadın beş nəfərin adını oxuyur, onları qabağına "qatıb" aparır.

Kadrarxası səs: "Nəzarətçi bu qadınları stansiya hərbiçilərinə konserva və çörək əvəzi satmağa aparırdı. Bu "alver"dən "can yiyəsi"nə bircə tikə qara çörək çatırdı. Acından ölməmək üçün… Bir stansiya sonra rus hərbiçilərinə "bəxşiş" kimi nəzarətçinin gözü Ceyran Bayramovaya zillənir. Şükriyyə Ceyranın söykəndiyi yeşiyin arxasından ayağını çəkir, yeşik yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır, ağız-burnu qanasa da, rus zabitlərinin o məşum otağından xilas olur. Yerbəyer olan kimi Şükriyyənin ayağına yıxılır, bəy qızı nələri xatırladı: Əhməd Cavadın qolunda salona daxil olur və bu zavallı Ceyranın səsi kürəyini yandırır: "Knyagina" budur? Fermaya basarıq işləməyə, görək ondan nə qalır".

Qaranlıq vaqon. Qatar hərəkət edir.

Səs: "Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı: özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar?  Niyə, niyə, niyə?

Ceyran: - Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!

Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir.

- Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur.

 Ceyran quruyub qalır:

- Mən acam, başa düşürsən, acam!

- Yox, mən aclığın nə olduğunu hardan bilim ki?!

- Qisas alırsan? Burda hamımızın taleyi eynidir.

 Sükut. Şükriyyə Cavadı, o işıqlı günləri, balalarını xatırlayır.

Ceyran: - Sən ac deyilsən?

Şükriyyə: - Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.

 Ceyran: - Necə dözürsən? Altı gündür...

 Köksündən dəhşətli bağırtı qopur.

 Ceyran: - Mən acam. Yemək istəyirəm, su istəyirəm. Boğuluram, dözə bilmirəm! Elə bilirsən o çörəyi yeyəndə xəcalət çəkmirəm? Mənə də yol göstər, ləyaqətimi qoruyum.

 Səs: "Və Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu, o günün axşamı özünü tualetə verib alt paltarını çıxarıb tualetin döşəməsini sildiyini, saçını, üz-gözünü murdarlamasını xatırlayır. (Görüntülər.)

Hıçqıra-hıçqıra hər şeyi danışır. Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxarır:

Şükriyyə: - Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır.

Səs: "Ceyran barmaqlarını birləşdirib onları paslı sancaqla deşdi və əlini ağzına təpib körpə anasını əmirmiş kimi sormağa başladı. (Görüntü). Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı."

Qazaxıstan. Şükriyyənin cəza çəkdiyi yer. Görüntü. Müsahibələr.

"O dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə. Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna - bəraət aldığı günə qədər..."

Şəmkir. Seyfəlli. Kinoxronika, övladlarının fotoları.

"Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəllisində - Əhməd Cavadın ata yurdunda yaşadı, dünya ilə də burda vidalaşdı". (Qəbiristanlıq, Şükriyyə xanımın məzarı).

Müsahibə: Anar Axundzadə. (Əhməd Cavadın nəticəsi)

Şükriyyə xanımın toy kasetində görüntüsü. TRT-nin arxivindən müsahibəsi.

"Mənim ərim günahkar deyildi. Mən bunu hər zaman demişəm, yenə deyirəm. Onun heç bir günahı yox idi. Səkkiz il günahsız yerə sürgündə olmaq sizə zarafat gəlməsin". (Ağlayır)

Şükriyyə mahnısı...

 

Cavid Zeynallı

 

Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.20-21.