Macarıstan elm və təhsili ilə əlaqələrin yeni səhifələri

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının (EA) dəvəti ilə bu ölkədə səfər edərək bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Lajoş Veskaşla görüşdə yeni mərhələdə Azərbaycan-Macarıstan elmi əlaqələrini sistemli şəkildə inkişaf etdirmək məsələlərindən bəhs olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin adından hər iki ölkənin Elmlər Akademiyaları arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin hazırlanması və müzakirəyə çıxarılması təklifi irəli sürülüb. Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar öz mövqeyini və təkliflərini diqqətə çatdırıb.

Lajoş Veskaş ölkəsinin Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu deyib, təklifi məmnunluqla qəbul etdiklərini bildirib. Əldə olunmuş razılığa əsasən yaxın dövr ərzində əməkdaşlıq müqaviləsində nəzərdə tutulan müddəalar üzrə tərəflər öz təkliflərini formalaşdırıb qarşılıqlı şəkildə müzakirə edəcək və bunun əsasında elmi əlaqələrin təşkili haqqında müqavilə hazırlanacaq.

Macarıstan EA-nın Humanitar Tədqiqatlar Mərkəzində aparılan danışıqlarda ictimaihumanitar elmlər istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, ölkələr arasında ədəbi-mədəni əlaqələrin öyrənilməsi, qarşılıqlı maraq doğuran zəruri elmi və bədii əsərlərin tərcümə edilərək nəşr olunması, kitabların və elmi jurnalların mübadiləsi ilə bağlı ilkin razılaşmalar əldə olunub.

Akademik İsa Həbibbəyli görkəmli macar yazıçı-dramaturqu İmre Madaçın “İnsanın faciəsi” mənzum dramatik poemasının Azərbaycan dilində nəşrini Macarıstan tərəfə təqdim edib. Macarıstan EA-nın Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, akademik Fodor Pal macar ədəbiyyatının klassiki İmre Madaçın dünya şöhrəti qazanmış əsərinin Azərbaycan dilinə tərcümə olunmasına və kitaba yazılmış müqəddimədə Azərbaycan-macar ədəbi əlaqələrinin geniş elmi mənzərələrinin yaradılmasına görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında yazılmış ümumiləşmiş bir əsərin hər iki dilə tərcümə edilib nəşr olunması qərara alınıb.

Macarıstan EA-nın Ədəbiyyat İnstitutunda keçirilən görüşdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə əlaqələrin perspektivləri müzakirə olunub. İnstitutun direktoru, professor Qabor Keçskemeti macar ədəbiyyatında Azərbaycan mövzusuna dair maraqlı faktları diqqətə çatdırıb. Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında ümumiləşmiş kitabların tərcümə edilməsi və nəşr olunmasına dair konkret razılıq əldə olunub.

Macarıstan EÖTVOS Lorand Universitetinin Türkologiya Mərkəzində keçirilən görüşdə dilçilik istiqamətində qarşıda duran vəzifələrdən söhbət açılıb, kitab mübadiləsi aparılıb.

Vaxtilə akademik Georq Hazainin qurucu rektoru olduğu Andras Universitetində görkəmli alimböyük ictimai xadimin xatirəsinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib. Dünyanın bir çox ölkələrindən gəlmiş elm adamlarının iştirak etdiyi beynəlxalq elmi konfransı Andras Universitetinin rektoru, professor Dietmar Meyer açıb. Macarıstan EA-nın həqiqi üzvü Miklos Marothi böyük macar alimi, akademik Georq Hazai haqqında elmi məruzə ilə çıxış edib. Beynəlxalq elmi konfransda Berlin Universitetinin professoru Barbara Kellnev-Heinkele, İstanbul Şəhər Universitetindən professor Xədicə Aynur, Macarıstan EA-nın müxbir üzvü İstvan Vasari, Macarıstan EA-nın Humanitar Elmlər Mərkəzinin direktoru, professor Pal Fodor, Budapeşt Elte Universitetindən professor Yanoş Hovari, Budapeşt Avropa Universitetinin professoru Günhan Börekçinin məruzələrində şərqşünaslıq və türkologiya elmlərinin aktual məslələrindən bəhs olunub, həmin istiqamətlər üzrə akademik Georq Hazainin rolu və xidmətləri ehtiramla yad edilib.

Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Açar böyük türkoloq alim Georq Hazainin Türkiyə elmi ictimaiyyəti ilə geniş əlaqələrindən danışıb, Macarıstanla əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib.

İsa Həbibbəyli görkəmli macar alimi Georq Hazaini Azərbaycan xalqının böyük dostu kimi səciyyələndirərək onun ölkəmizə səfərlərindən, elm adamları ilə əlaqələrindən bəhs edib. Qeyd olunub ki, akademik Georq Hazainin 2014-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində iştirakı və çıxışı, ədəbiyyatçı və dilçi alimlərlə görüşləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasına və Naxçıvan Dövlət Universitetinə hədiyyə etdiyi 2000-dən çox kitab Azərbaycan-Macarıstan elmi əlaqələrinin qiymətli səhifələrini təşkil edir. Vurğulanıb ki, Azərbaycan alimlərinin akademik Georq Hazai ilə başlanan elmi əlaqələri bundan sonra Macarıstan Elmlər Akademiyası ilə əlaqələr miqyasında genişləndiriləcək və davam etdiriləcək.

Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yenicə nəşr etdiyiMacar türkilogiyası, Georq Hazai və Azərbaycan” kitabını və xatirə hədiyyələrini beynəlxalq elmi konfransın təşkilatçısı olan Andras Universitetinin rəhbərliyinə təqdim edib.

Azərbaycan nümayəndə heyəti Georq Hazainin uzun illər yaşadığı evdə onun zəngin kitabxanası əsasında yaradılmş mənzil-kitabxananın açılışı mərasimində də iştirak edib. Yeni kitabxanaya AMEA-da nəşr edilmiş kitablar hədiyyə olunub.

Akademik Georq Hazainin uzun illər yaşadığı evdə xatirə barelyefinin açılışı mərasimində də Azərbaycan heyəti iştirak edib. Xatirə lövhəsinin önünə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Azərbaycan Milli Elmlər Aklademiyası adından əklillər qoyulub.

Macarıstan Elmlər Akademiyasında, Humanitar Tədqiqatlar Mərkəzində, EÖTVOS Lorand Universitetində keçirilən görüşlərdə, Andras Universitetində təşkil olunmuş konfransda Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev iştirak edib.

 

Ədəbiyyat qəzeti.- 2017.- 3 iyun.- S.27.