Məmməd Aslana

 

Hər gülün önündə ay diz çökənim,

O güldən, çiçəkdən nə istəyirsən?

Onlar da dağların xiffət çəkəni,

O qəlbi kövrəkdən nə istəyirsən?

 

O duman - zirvəyə yüklənən şələ

O atlı - Kərəmi arayan Lələ,

O qala - sirrini açmayıb hələ,

O bağlı ürəkdən istəyirsən?

 

Daş çəkdin, dörd yanım daşlara taykən,

Çay çəkdin, ömrümüz axarı çaykən,

Ömrümüz bir rüzgar qanadındaykən

O ötən küləkdən istəyirsən?

 

Çəkdin tərəziyə əyriynən düzü,

Mövla da özünsən, dərviş özün.

Cənnət qapısını döyürsə sözün,

Huridən, mələkdən istəyirsən?

 

Köçdümü saçına dağımdakı qar,

O qarda ömrünün hesabın apar.

Susur sualına canlı adamlar,

O cansız kəsəkdən istəyirsən?

 

Ay qoca dünyanın Dədə Məmmədi,

Dərdlər ürəyimdə pəmbə-pəmbədi.

Fatehlər dünyanı düzəldəmmədi,

O yazıq fələkdən istəyirsən?

 

Sabir Rüstəmxanlı

 

Ədəbiyyat qəzeti.- 2017.- 10 iyun.- S.4.