İki sevgi

 

Ssenaridə Kurt Vonnehutun "Qonşu qapı" hekayəsinin motivlərindən istifadə edilmişdir.

 

Səhnə 1

 

Səhərdir. Əvvəlcə kamera binanı götürür. Ardınca bloku. Sonra isə bir-biri ilə qonşu olan iki mənzili. Qapılar eyni vaxtda açılır. Hər birindən bir qadın və bir kişi çıxır. Salamlaşırlar. Kişilər qadınlara yol verir. Sağ qapıdan çıxanları uşaq ötürür. Kamera uşağı geniş planda verir.

 

Səhnə 2

 

Axşam ailələr evə qayıdır. Sol tərəfdəki evin qapısını kişi açarla açır. Sağ tərəfdəki qapını uşaq açır. Qısa salamlaşma.

 

Səhnə 3

 

Uşaqlı evdə baş verir. Mətbəxdə şam yeməyi. Stolun üstündə toyuq bozbaşı və salat.

Ata: - Deyirlər bu toyuqlar iki aya bu boyda olur.

Ana: - İndi guya nəyin dadı qalıb ki?

Uşaq: - Ata, əvvəl toyuqlar necə idi ki?

Ana: - Yadına gəlmir xala bizə gətirmişdi e toyuq. O dadda idilər.

Ata: - Bibi gətirən toyuq necəydi?

Uşaq: - Dadlı idi.

Ana: - Xala gətirən guya pis idi?

Uşaq: -  O da dadlı idi.

Ata: - Hansı daha dadlı idi.

Uşaq: - Yadıma gəlmir.

Qısa bir susqunluq. Qonşudan bərk mahnı səsi gəlir. Uşaq ayağa qalxıb televizoru açır. Televizorda ailə problemlərinin müzakirə edildiyi veriliş gedir. Onlar isə yeməklərinə davam edirlər. Televizora baxmırlar.

 

Səhnə 4

 

Soldakı ev.  Qadın və kişi televizora baxırlar.

Kişi: - Yeməyə nə var?

Qadın: - Bilmirsən axşam mən yemək yemirəm.

Kişi: - Axı mən yeyirəm.

Qadın: - Sənə kim deyir yemək ye. Gör nə qədər kökəlmisən.

Kişi: - Mənə belə xoşdu.

Qadın: - Sənə bilmirəm, amma məşuqələrinə xoşdu deyəsən. Bığın xoşuna gəlmirdi, qırxdın.

Kişi: - Guya sənin xoşuna gəlirdi?

Qadın: - Amma mənim sözümlə qırxmadın axı. O ləçərin sözüylə qırxdın.

Kişi: - Mən bezmişəm bu söhbətlərdən.

Qadın: - Sabah da gedirəm, görüşərsiniz rahat-rahat.

Kişi  qalxıb ev telefonu axtarır. Tapıb zəng vurur:

Kişi: - Mərkəz Lahmacundur? Mənə 5 lahmacun, bir ayran göndərin. Hə, o adresə. Çox sağ olun, gözləyirəm. Kişi kitab rəfinə baxır. Bir kitab götürüb mətbəxə gedir.

 

Səhnə 5

 

Mətbəxdə. Qonşu evdən ailə verilişinin səsi gəlir. O da cib telefonundan bir mahnı qoyub əlindəki kitabı vərəqləməyə başlayır. On beş dəqiqə sonra qapı döyülür. Kişi çıxır, əlində lahmacunlarla mətbəxə qayıdır. Kitabı qatlayıb lahmacunları yeyir. Qalanları da soyuducuya qoyur. Salona qayıdır. Qadın televizorun qarşısında yuxulayıb. Kişi qadının üstünə odeyal sərir. Üzündən öpüb balkona keçir. Biz onu telefonla danışan görürük. Danışıqdan sonra əhvalı düzəlir. Mətbəxdə kitab oxumağa başlayır.

 

Səhnə 6

 

Uşaqlı ev. Hamı televizorun qabağındadır. "Pərvanələrin rəqsi" gedir. Reklamlar başlayır. Ana otaqdan çıxır, ata mürgüləyir. Ana çay gətirib birini özünün, birini də ərinin qabağına qoyur:

Ana: - Yəqin yenə yadından çıxıb.

Ata: - Nəyi deyirsən?

Ana: - Beləsən də. Həmişə yadından çıxır.

Ata: - Sabah bizim evlənməyimizin 10 ili tamam olur. Onu deyirsənsə yadımdan çıxmayıb.

Ana gülümsəyir.

Ana: - Nə almısan mənə?

Ata: - Sürpriz edəcəkdim. Amma heç vaxt qoymursan. Elə çox soruşursan ki, adam bezib deyir.

Ana: - Yaxşı, sabah göstərərsən.

Ata: - Göstərməli şey deyil axı.

Ana: - Bəs nədi?

Ata əlini cibinə salıb iki bilet çıxardır. Anaya verir.

Ana: - Kino biletidir? Nə yaxşı. Çox sağ ol, əzizim.

Ata: - Sən də sağ ol.

Ana atanı qucaqlayıb öpür. Uşaq da onlara yaxınlaşır. Hər ikisi bir əlləri ilə uşağı qucaqlayırlar.

Ana: - Balam evdə sabah tək qorxmaz?

Uşaq: - Mən də kinoya getmək istəyirəm.

Ana: - Axı biletimiz iki dənədi. Həm də uşaq üçün olan kino deyil. Səni bazar günü teatra aparar ata. Apararsan atası?

Ata: - Niyə aparmıram?

Uşaq: - Olar sabah Asif bizə gəlsin. Mən tək qorxaram.

Ana: - Böyük oğlansan, niyə qorxursan? Tez gələcəyik həm də. Doqquzda evdəyik də. Sənə dadlı yemək bişirəcəm. Staliçni salat da eləyəcəm.

Uşaq əvvəl anasına, sonra atasına baxıb gülümsəyir.

 

Səhnə 7

 

Uşaq evdə təkdir. Pultu əlinə götürüb bir-bir kanalları çevirir. Qonşu evdən danışıq səsləri gəlir. Uşaq televizorun səsini alıb diqqətlə divarın o tərəfinə qulaq kəsilir. Qonşu ev göstərilmir, sadəcə biz ordakı səsləri eşidirik.

Kişi: - Bəsdi daha. Bezmişəm mən. Nə istəyirsən ondan?

Qadın: - Ondan heç nə istəmirəm. Səni istəyirəm.

Kişi: - Mən səninəm də. Ona axırıncı dəfə nə zaman gül aldığım yadımdan çıxıb. Ancaq savaşırıq. Bəsdi. Sən də bezdirmə məni.

Qadın: - Gül almalı idin ki ona? Borcun idi? Məcbur idin gül almağa?

Bu sözlərdən sonra divara çırpılan şüşə qabın səsi gəlir. Sonra başqa bu cür səslər eşidilir. Uşaq qorxub ağlamağa başlayır. O biri evdən radio səsi ucalır. Uşaq artıq danışıqlardan təkəm-seyrək nələrsə eşidir. Radioda şən bir musiqi gedir. Ardınca isə aparıcı danışmağa başlayır:

Əziz və hörmətli tamaşaçılar. Siz elə indi, bu dəqiqə 349 32 nömrəsinə zəng vurub mesajınızı istədiyiniz adama çatdıra bilərsiniz. Dayanmayın, elə indi zəng vurun. İstəyirsinizsə siz deyin, mən sizin mesajınızı çatdırım, ya da siz  özünüz öz sözlərinizlə təbrik edin. Verilişimizin təbriklərə ayrılmış hissəsi başladı. Bu düppədüz yarım saat çəkəcək. Odur ki, zəng vurun, sözünüzü deyin. Zənginizi gözləyirik. Sonra qısa bir reklam efirə  gedir. Reklamdan sonra spiker danışmağa başlayır:

- Mənə dedilər ki, Zəminə xanım xətdədir. Onun təbriki var. Salam Zəminə xanım.

Gənc Qadın: - Salam, Fateh bəy.

Aparıcı: - Salam, Zəminə xanım. Necəsiniz?

Gənc Qadın: - Çox sağ olun, Fateh bəy. Siz necəsiniz?

Aparıcı: - Təşəkkür edirəm, Zəminə xanım. Buyurun, siz kimi təbrik etmək istəyərdiniz?

Gənc Qadın: - Qardaşımı təbrik eləmək istəyirəm. O indi bizə qulaq asa bilmir. Mən bunu zapis edib ona göndərəcəm.

Aparıcı: - O hardadı ki?

Gənc Qadın: - Naxçıvandadı, əsgərlikdə. Olarmı təbrikə başlayım?

Aparıcı: - Əlbəttə, buyurun.

Gənc Qadın: - Əziz Elnur. Mən bilirəm ki, sən uzaqda olsan da, evimiz üçün düşünürsən, evimiz üçün darıxırsan. Amma onu bil ki, biz sənin darıxmağından çox darıxırıq. Bu gecə sənə ad günü edəcəyik, xalagil də gələcək. Arzum budu ki, əsgərliyini başa vurasan, səninlə bir yerdə qeyd edək ad gününü. Sənə dünən "pasılka" da göndərdik. Yəqin almısan. Orda dostlarınla ad gününü keçirt, bizi də unutma. Öpdüm.

Aparıcı: - Biz də bu səmimi təbrikə qoşuluruq. Salamlarımızı Elnura və onun simasında bütün əsgərlərə yollayırıq. Var olun, əziz əsgərlər. (Ani pauza verir). Sizə də təşəkkür edirəm, Zəminə xanım. Çox sağ olun bizə qoşulduğunuza görə.

Gənc Qadın: - Siz də sağ olun, Fateh bəy.

Uşaq bu danışıqları dinləyir, arada qulağına qışqırıq səsləri gəlir, amma aydın heç nə eşidilmir. O nə qədər qulağını divara dirəsə də, eşitdiklərindən heç nə anlamır. Uşaq düşüncəlidir, qəfildən ağlına nəsə gəlir, biz bunu onun sifətindəki sevincdən görürük. Uşaq otaqdan çıxıb harasa gedir. Bir neçə dəqiqədən sonra otağa qayıdır. Kamera bu anda divarı və qonşu evdən gələn musiqi səslərini bizə çatdırır. Bir az sonra aparıcı danışmağa başlayır:

- Əziz tamaşaçılar. Mənə redaktorumuzun verdiyi mesajı sizə oxumaq istəyirəm. Deməli, Mahir bəy öz həyat yoldaşı Gülnarə xanımı çox sevdiyini deyir və ömrünün sonuna qədər onunla bir yerdə yaşamağı hər ikisinə arzulayır. Biz də bu təbrikə qoşuluruq. Doğrudan da həyatda...

Divara möhkəm nəsə dəyir, radionun səsi kəsilir. Təxmin edirik ki, divara çırpılan radiodur.

Qəzəbli qadın səsi: - Nəəə... Sən onunla barışmaq istəyirsən? Sən necə də murdar adam imişsən.

Kişi: - Yox, yox, nə danışırsan? Mən heç hara zəng vurmamışam. Mən heç bu gün ona da zəng vurmamışam.

Qadın: - Deməli, sən hələ də məni aldadırdın? Deməli, mən bayaq bu radionu açmasaydım, yenə də məni aldadacaqdın?

Kişi: - Yox, əzizim, mən belə demirdim.

Qadın: - Mən sənə görə öz ərimi atdım. Mən sənə görə öz uşağımı abort elətdirdim. Mən sənə görə hamı ilə pis oldum. Amma sən...

Kişiyə dəyən bərk zərbə səsi. Ola bilsin ki, bu güldandır, ya da başqa bir möhkəm şey.

Kişi: - Sən nə etdin? Mənim heç nədən xəbərim yox idi. İndi mən...

Onun səsi kəsilir və yerə yıxıldığını eşidirik. Qadın dikdabanlı ayaqqabısını yerə bərk vura-vura otaqda gəzir, bu səs qapı çırpılana qədər davam edir.

Uşaq özünü divana atıb hönkürməyə başlayır...

 

Qan TURALI

 

Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.23.