Qəzəllər

 

Bir xalı üstündəyəm, zillənmişəm bir nöqtəyə,

Bəklərəm ol vəhyi ki, gəlsin dəmi bir söz deyəm.

 

İlmə-ilmə salmışam bu xalıya öz ruhumu

Ki, naxış vursun mələklər getdiyim bu səcdəyə.

 

Gözlərimlə qatmışam əhvalıma naxışları,

Rəngləri almış məni məndən, gətirmiş vəcdəyə.

 

Öz səsiylə dinmiş hər rəng, hər çalarda musiqi,

Göndərir məclis xalıdan min çalarlı səs göyə.

 

Öylə aşiq bəndən oldum ki, şaşırdım, bilməzəm

Məclisə rövnəq mən oldum, yaki məclis bəndəyə.

 

Görklü Tanrım, kim axı Səndən gözəl bir rəng vura?

Kim vura bu Sənli möhrü məndəki bəlirtiyə?

 

Bax bayılmış Qasımoğlu, rənglərindən vəhy alır,

Vaxtdı, qaldır səcdəsindən şeirini yazsın deyə.

 

lll

 

Bir suyun üstündədir əksim dalıb aləmlərə,

Candı çıxmış tənimdən, varmış alayı dəmlərə.

 

Bir təbəssüm sayrışır əsdikcə rüzgar əksimə,

Dalğalandırıb məni həp son qoyur bax qəmlərə.

 

Göydən endi əksim üstə, canıma nur qatdı gün,

Halələndim, məndə itdi batdı gün birdən-birə.

 

Haləmin də əksi düşdü, bir suda cüt əksə bax,

İsa olmuş həmdəmim bir ayədir həmdəmlərə.

 

Əksimi ayaqlayıb gəzir suda müdam Məsih,

Öylə ki, gördüm bunu hey gözlərim tilsimlənər.

 

Bağla ayaqlarına, Rəbbim, onun, ucalt məni,

Suyla qalxan surətim min damlada yağsın yerə.

 

Bax yağışın sim-sim olmuş göylərə bağlar yeri,

Qasımoğlunu toxundur çaldığın bu simlərə.

 

lll

 

Yatmış idim, bir mələk oyatdı lapdan qalx deyə,

Görmək istərkən onu səs gəldi qeybdən bax deyə.

 

Hər yana çapdım gözümü ol səsi tapmaq üçün,

Bir cüt ulduz artdı birdən öylə ki, baxdım göyə.

 

Bir qoşa işıq zolağı endi ol cütdən yerə,

Qalxıram bu nərdivanla ən gözəl bir sərgiyə.

 

Nur mələklər sakin olmuş nərdivanda, öylə ki,

Addımın qoyan kəsə hər pillədən bir nur dəyə.

 

Bax necə qalxır gözümdə aram-aram bəndələr,

Hər mələk hazırdır ensin önlərində səcdəyə.

 

Eylə lütf, Rəbbim, yığılsın dərgahına dostlarım,

Həmd deyənlər məclisində mən də bir avaz deyəm.

 

Ol tanış səs bir də gəldi, yalvarırdı Rəbbimə

Qasımoğlu ayətini pillə-pillə yaz deyə.

 

lll

 

Can dedim sənə səhərdən, dal sözümün canına,

Yat, qulaq kəsil, əzizim, könlümün sultanına.

 

Duy necə eşq nəğməsini vəhy verir aşiqlərə,

Sən bir pay al bu vəhydən canımın ünvanına.

 

Tək qıldıq cüt canı O-ndan ötrü, olduq iç-içə,

Nəğmələndik tək avazla ol Təkin tək şanına.

 

Tənimizdən canımız köçmüş alayı aləmə,

Rəbbimiz bir eşq ilən almış bizi Öz yanına.

 

Bir hüzur içindəyik san tazədən yapmış bizi,

Gözlərin dikmiş mələklər cüt könül sahmanına.

 

Həp bərabər yolladıq can kəlməsini dərgaha,

Eylədik bu kəlməni həkk göylərin tavanına.

 

Aç gözünü, Qasımoğlu, doğdu güntək can sözü,

Həmdəmini çək yenə bu can sözü divanına.

 

lll

 

Çək sığal yaddaşıma, Rəbbim, kərəm qıl, faş elə,

oxusunlar məni aləmlərə həmyaş elə.

 

Öz Yazındı yazmısan yaddaşıma, min sirrini

Kim açar məndən alayı bir ağıllı baş ilə.

 

Milyon il əvvəldəyəm, ərşin sular üstündədir,

Dalmışam bu şəklə, Rəbbim, Sən təkin Nəqqaş ilə.

 

Çoxlarının zənnidir yoxdan yaratdın hər şeyi,

Qup-quru ehkamları sal ol sulara yaş elə.

 

Min-min ayət bir an içrə çeşmimi sarmış yenə,

Heyrətimdən şaşqınam, gərdişini yavaş elə.

 

Adəməm, səhv etmənəm ta, gəl dəyişdir hökmünü,

Mən qalım qoy, iblisi ol səhnədən çıxdaş elə.

 

Qalx ayağa, Qasımoğlu, Rəbbin hüzurundasan,

Bax O-na gör öz üzünü tazə bir yaddaş ilə.

 

lll

 

Bəxtimə öymək düşüb, Rəbbim, Sənin ol şanını,

Mutluyam ki, gəzdirir bəxtim Sənin nişanını.

 

Ayətindir, şanına tərif deyir hər dəm dilim,

Ki, oyatsın tərifə yatqınların vicdanını.

 

Kim dilər vicdanə gəlsin, məst olar, çünki bular

Ayətindən mey çəkən hər kəlməmin ünvanını.

 

Ünvanında sakinəm, göstər mənə seyr eyləyim

Bu şəhadət aləminin qeybə tən hər anını.

 

Hər şeyi cüt-cüt yaratdın, bəs hanı ikinci mən?

, görür gözüm mənə tay qeybin ol insanını.

 

Oxşarım da şanına tərif demiş mənsiz demə,

Bildim eyləmiş Rəbbim cüt cana vəhy ehsanını.

 

Öz tayı varkən nə dəxli, söyləsin cahil yenə

Lül dəm olmuş Qasımoğlu cüt görür tək canını.

 

lll

 

Mutluyam, döndərmisən məni yenə həmdəminə,

Bax zamansız hikmətin çəkmiş məni öz dəminə.

 

Həsbi-halam Sənlə, Rəbbim, milyon ildi, axırı

Güzgü yapdın bəndəni bu insü-cin aləminə.

 

Eyblərini məndə bulmuş, məndə bilmiş çoxları,

Qoymamışlar fərq neçin bu güzgünün yöntəminə?

 

Meraca qaldır məni, Rəbb, qoy durulsun gözləri

Hey baxınca mat-məəttəl nur saçan bir gəminə.

 

Lap əzəldən canımı məsh eylədin bir lütf ilən

Ol zaman ki, yoxdu tənim... Şükranam kərəminə.

 

Kim əlac qılmaq dilər öz dərdinə gəlsin yaxın,

Növbəyə dursun qapımda bir Məsih məlhəminə.

 

Cərgə-cərgə düz hamını dinləsinlər kəlməni,

Ayətindi Qasımoğlu milyon adəm cəminə.

 

Nəriman QASIMOĞLU

 

Ədəbiyyat qəzeti.- 2017.- 24 iyun.- S.3.