Kitabsızlıq

 

Esse

 

Məktəb illərində qəribə bir adətim var idi; hər hansı bədii əsəri (əsasən nəsr əsərlərini) oxuyub bitirdikdən sonra - əgər məndə çox güclü təəssürat yaratmışdırsa, birinci səhifəyə qayıdıb yenidən oxumağa başlayırdım. Bu hal dəfələrlə təkrarlana bilərdi. Məsələn, Salam Qədirzadənin "Kəndimizdə bir gözəl var" romanını eyni dönəmdə bəlkə də 7-8 dəfə təkrar oxumuşdum. Hətta bu cür "oxu əhvalatı"nın üstündən bir müddət keçəndən sonra yenidən eyni kitaba qayıdır və təkrar-təkrar oxuyurdum. Həmin zaman ayrıcında kitabla ünsiyyətdən aldığım zövqü heç nə ilə müqayisə edə bilmərəm. Bu gün bu - "təkrar oxumaq" vərdişimi məcburi şərtlər səbəbindən (yəni vaxt baxımından) tərk etməli olsam belə, qəlbimdəki kitab sevgisi yenə də öz ampluasını qoruyub saxlayır. Kitab hər dəfə yeni, hər zaman əziz dost kimidi.

Salam Qədirzadəni xatırlamışkən deyim ki, "Kəndimizdə bir gözəl var" həyatımda xüsusi yeri olan kitablardan biri, bəlkə də birincisidi. Əsas səbəb oxuduğum ilk irihəcmli roman olması idisə, başqa bir səbəb əsərdəki hadisələrin yaratdığı ovqatdı. Əslində bir məktəbli üçün bu roman "yaşından böyük" hesab oluna bilərdi. Hətta orada elə ifadələr var idi ki, onları anlamaqda çətinlik çəkir və mənalarını zəngin mütaliəsi olan anamdan soruşmalı olurdum. Təbii ki, anam da mənim yaşımı nəzərə alıb verəcəyi izahlardan dolayı yolla da olsa qaçmağa çalışır, əslində bu kitabı gələcəkdə oxumağımın uyğun olacağını məsləhət görürdü. Hər halda evimizdə məktəblinin kitabxanasına uyğun olan "Kventin Dorvard", "Səfillər", "Bir balaca parislinin həyatı", "Kapitan Qrant" və başqa əsərlər var idi, yəni valideynlərim tərəfindən "yaşıma uyğun" kitabları oxumağım üçün münasib şərait yaradılmışdı. Amma nədənsə, mən daha "irəli getməyə çalışır", sanki özümü bu, anlamadığım mənalarla yükləməkdən zövq alırdım. Məsələn, elə məktəb illərində İsa Muğannanın "İdeal" romanını dərindən anlamaq üçün ən azı üç dəfə təkrarən oxumuş, amma "lazım olan" nəticəyə - yəni əsərin məna və mahiyyətini anlamağa - tam olaraq vara bilməmişdim. Eləcə də M.S.Ordubadinin "Dumanlı Təbriz" romanında təsvir olunan inqilabın əhval-ruhiyyəsinin təsirinə qapılsam belə, əsərin mənası əlçatmaz zirvələrdən boylanırdı. Əsərlərdəki hadisələrin ötürdüyü ovqat da əhval-ruhiyyəmdən yan keçmirdi. Bu baxımdam, Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" əsərini isə nə qədər rahatlıqla oxumuşdumsa, "Qızlar bulağı"nı o qədər əzabla oxuyub bitirmişdim.

Bu yerdə "Min bir gecə" nağıllarının toplandığı çoxcildliyi yada salmasam olmaz. "Min bir gecə"nin evimizdə bir neçə cildi var idi (var idi deyəndə ki, indivar). Təxminən 10-12 yaşlarımda bu kitabı - nağıllar toplusu olduğunu düşündüyüm üçün (ən azından adı buna əsas verir) - götürüb əlimin yetəcəyi, uyğun bildiyim yerə qoydummünasib vaxtda oxuyacağımı düşündüm. Lakin anamın məsələyə göstərdiyi reaksiya, yüngülolsa tənbeh etməsi məni olduqca təəccübləndirdi və nəticədə kitab tərəfimdən oxunmamış qaldı. Mənə qəribə gələn kitabı nağıl olduğu halda, oxumağa icazəmin olmaması idi. Hal-hazıra qədər də həmin kitabı oxumamışam və yaxın gələcəkdə oxuyacağımı da düşünmürəm.

Corc Oruelin "1984" romanını oxumaq arzumu isə hələ ki, reallaşdıra bilməmişəm. İnternet üzərindən kitabın PDF variantını bilgisayarıma köçürməyimə baxmayaraq, oxumaq səadətinə qovuşmağım mümkün olmayıb. Yeri gəlmişkən, fikrimcə, kitab oxumaq üçün ən arzuolunmaz variant PDF - yəni elektron kitabdır. Elektron nəşrləri oxuyan zaman istər vizual, istərsə də ruhi baxımdan itirdiyim enerji boşluğunu heç nə ilə müqayisə edə bilmirəm. Əsəri bilgisayarın və ya mobil telefonun ekranından oxumağın yaratdığı diskomfort vəziyyətdən isə danışmayacağam. Qiymət və ümumi rahatlıq baxımından (az yer tutur, həmişə əl altında olduğu üçün istənilən yerdə və şəraitdə oxumaq şansı var, bircə işarə ilə qısa zaman ərzində internetdən yükləmək mümkündür) nə qədər münasib təsiri bağışlasa da, kağız kitabın yaratdığı zövqü əvəz etmək iqtidarında deyil. Nəticədə gözlərimdə və beynimdə baş qaldıran yorğunluq hissi kitabın elə ilk səhifələrindən oxumaq fikrindən vaz keçməyimə səbəb olur. Kitab kağız şəklində daha gözəldi, daha doğmadı, daha rahatdı. Onu əzizləyə, qoxlaya, sinənə sıxa bilirsən. Küsə, inciyə, dərdini danışa bilirsən.

Erix Mariya Remarkın antifaşizm ruhunda qələmə aldığı "Zəfər tağı" əsərində təkbaşına mübarizə aparan Ravikin yaşantıları isə yazıçının yaradıcılığına dönə-dönə müraciət etməyimə, "Üç yoldaş", "Qərb cəbhəsində yenilik yoxdur" kimi əsərlərini də əldə edib oxumağıma səbəb oldu. Müharibə və ondan sonrakı həyat mövzusu Azərbaycan yazıçılarının əsərlərində də dolğun əks olunub. Bu qəbildən Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə" romanı, Oktay Salamzadənin "Sənin məhəbbətinlə" povesti, Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsi məktəb illərindən bəri sevərək oxuduğum əsərlər sırasındadır.

Fikrimcə, kitab həm də intim məsələdir. Oxuyarkən daxilində özünəməxsus xüsusi mübhəm hisslər yaranır ki, bunları az qala özündən də gizlətməyə çalışırsan. Və hər dəfə kitab alarkən özümə sanki növbəti, əvəzsiz hədiyyə bağışlayıram. Həm də bizim sevdiyimiz kitabı, əsəri kiminsə sevib-sevməməsi mütləq deyil. Və ya əksinə, kiminsə sevgili kitabı bizdə eyni hissləri yaratmaya bilər.

Kitabların səhifələrinə qeydlər yazmaq kimi şakərim də var ki, elə bu səbəbdən də şəxsi kitablarımı oxumağa üstünlük verirəm. Lakin kitabxanadan götürdüyümya bukinistdən əldə etdiyim "ikinci əl" kitablardakı enerji, həyat epizodları heç nə ilə müqayisə oluna bilməz.

Umberto Ekonun "Qızılgülün adı" romanını oxuduğum zaman ərzində əsərdəki hadisələrin fonunda təsvir olunan kitabxananı görmək, həmin sirli kitablarla tanış olmaq fikri əsərdən aldığım zövqlə paralel "addımlayırdı". Hətta yuxuda da özümü həmin kitabxanada görür, oradakı kitabları oxumaq xoşbəxtliyinə qovuşurdum. U.Eko kitabxana mövzusundakı həssasiyyətini təsvir edərkən elə incə detallara toxunur ki, hətta kitabla ünsiyyətdən qaçmağa çalışan şəxslər də yazıçının təsir dairəsindən qurtula bilmir. Ümumiyyətlə, kitabxana, kitab mövzusu bəzi əsərlərdə sanki mistik elementlərlə təsvir olunur. Məsələn, X.L.Borxesin "Qum kitabı" hekayəsində kitab adi halından çıxıb qeyri-adi, sonsuz qüvvəyə çevriliroxucunu qarşısındakı kitaba həm də sehrli dünyaya gedən yol kimi baxmağa vadar edir.

Qəribədir ki, kütləvi yazıçıları və əsərləri sevmədiyim halda bir vaxtlar qəlbimdə Paulo Koelyo sevgisi gəzdirirdim. Özübu sevgi "Kimyagər" romanının qəhrəmanı Santyaqonun vasitəçiliyi ilə başlamışdı... O vaxtlar adı çəkilərkən həyəcanlandığım P.Koelyo, bu gün mənim üçün də haqqında rahat danışa bildiyim (əksər tənqidçilərin təbirincə desəm) kütləvi yazıçıdı. Amma ən yeni əsərlərini maraqla gözlədiyim, maraqla oxuduğum yazıçı...

Elə kitablar, elə əsərlər də var ki, onlar oxucunu yazıçıya çevirməyə çalışır, ən azından yazıçı kimi düşünməsinə istiqamətləndirir. Məsələn, Cek Londonun "Martin İden" əsərini oxuduqda özünü sözün birbaşa mənasında "yazıçı" kimi hiss etməyən az adam tapılar. Martinin həyat dramından, hisslərindən kədərlənən oxucu anlayır ki, həyatı təkcə maddi  deyil, həm də mənəvi tərəfləri ilə anlamaqduymaq lazımdı, bəzi hallarda bu, faciəyə aparsa belə...

Əslində, bütün bu yazdıqlarımda məqsədim kitab sevgimi, mütaliə həvəsimi təsvir etmək və ya bu sevgini kiməsə də aşılamaq deyil. Çünki oxumaq vərdişdən öncə sevgidir, yəni ruhla bağlı vəziyyətdir. Bu isə, özünəməxsusluq tələb edir, kənar məsləhət, müzakirə və mübaliğələr yersiz və darıxdırıcıdır.

Kitab da canlıdı, onun da ruhu var - sevsən sənə ən yaxın dost, yoldaş, sevgili olar, uzaqlaşdırsan küsər və səssizcə çıxıb gedər. Yerində qalan boşluğu isə heç nə ilə doldurmaq mümkün olmaz.

Bir gün isə qaranlığa qərq olan ruhun çıxış yolu tapmaq üçün hansısa kitabın saçdığı işığa doğru irəliləyər. Kitab - işıq gələn tərəfdir.

 

Xatirə Nurgül

 

Ədəbiyyat.- 2017.- 24 iyun.- S.9.