7 noyabr ərəfəsində bəzi fikirlər...  

 

Son vaxtlarda Rusiya KİV-lərində çox müzakirə olunan əhəmiyyətli hadisələrdən biri məhz bu tarixdir. 7 noyabr - Böyük Oktyabr Sosialist inqilabının qarşıdan gələn 100 illiyi. Müxtəlif analitik verilişlər yazılar, tarixi paralellər portretlər qarşıda gözlənilən bu hadisəyə həsr olunub. Bizdə isə bu tarix, yəni 7 Noyabr ən yaxşı halda unudulmaz bəstəkarımız Tofiq Quliyevin məhz həmin tarixlə üst-üstə düşən 100 illik yubileyi ilə səciyyələnəcək. 30 il əvvəl 1987-ci ildə "oktyabrın yaşıdı" sayılan bu böyük bəstəkarla apardığım müsahibə, onun unudulmaz melodiyalarının yaranma tarixçəsi barədə xatirələri, "mənim mahnılarımı mahnı edən Şövkətlə Rəşidin ifası olub" sözləri s. i..

Eyni zamanda, radionun başqa studiyalarında o dövrün əmək qəhrəmanları, müharibə inqilab veteranlarıyla qarşıdakı yubileylə əlaqədar müsahibələr yazılırdı. Bu adamlar da mənim yubilyarım kimi öz zəhmətlə dolu, şərəfli, zəngin həyat tarixçəsindən bol-bol danışır, biz gənclərə nəsihət məsləhətlərini verirdilər. Bəli, Böyük Sosialist inqilabının 70-ci ildönümü ərəfəsində baş verirdi bunlar. Düz 30 il keçir o vaxtlardan. Bu tarix ərəfəsində doğulan qızımın da 30 yaşı var indi.

O günlərdə müsahibə aldığımız insanların da çoxu haqq dünyasına köçüb indi. Bu il oktyabrın əvvəlində rəhmətə getmiş Sosialist Əməyi qəhrəmanı Ömər Ağayev kimi. Səssiz-səmirsiz, nekroloqsuz köçür vaxtilə məşhur bir qəhrəman. Həyatda olanlar isə çox az-az xatırlanırlar.Yeni dövrün qəhrəmanları deyil artıq onlar.

1987-ci il həm ona görə xatirəmə həkk olunub ki, şəxsən mənim üçün bu tarix bir mərhələdir, bir ana xətdir. Bundan sonra, yəni Böyük Oktyabr Sosialist inqilabının 70 illik yubileyindən sonra yeni bir dövr, yeni bir hesab xətti başlayacaqdı. Başladı da!..

İllərlə bizim üçün nümunə seçilən insanların həyatı uğurları laqeyd bir bioqrafik fakta çevrilməyə başladı.Gündəmimizə başqa "qəhrəman"lar gəldi. Sosialist realizminin  qanun - qaydalarına zidd anti-qəhrəmanlar. O ərəfədə biz bilmirdik ki, cəmi bir il sonra təmtəraqla nümayiş keçirilən bu meydanda "Topxana" meşəsinin ermənilər tərəfindən qırılması ilə əlaqədar aramsız mitinqlər keçiriləcək, xalqı sakitləşdirmək üçün Mərkəzi Komitə rəhbərliyinin göndərdiyi dünənki qəhrəmanlar fitə tutularaq kürsüdən qovulacaqlar. Artıq kütlə, xalq yeni obrazlar , yeni simalar, yeni qəhrəmanlar  tələb edəcək. Belə dövrdə hər ortaya atılan qəhrəman  çox az gündəmdə qalır, vurğunluq peşmanlıqla əvəz olunurdu ki, mətbuat, ədəbiyyat bu qəhrəmanları xatirələrdə həkk etməyə macal belə tapmırdı. Artıq kütlə dünənki "avtoritetlər"dən çimçişir, bəzən onlara kinayə hissi ilə yanaşırdı. Birinin ağsaqqal nəsihətlərindən bezikir, bir başqasının qırğının qarşısını almaq üçün baş yaylığını ayaq altına atmasını lağa qoyurdu.Təkcə sosializm realizmi deyil milli adət ənənələr təsirini itirəcəkdi. Yeni sirli müəmmalı bir dövrün gəlişindən xəbər verirdi bu ərəfə - Böyük Oktyabr Sosialist inqilabının yubileyinin sonuncu dəfə təmtəraqla qeyd olunduğu həmin 1987-ci ilin 7 noyabr tarixi.

Deyirlər ki, bəşəriyyət keçmişindən gülə-gülə ayrılır. Əlbəttə, bu kəlamda bir həqiqət var. Mən keçmişimizə baxanda bir sıra şeyləri təbəssümsüz xatırlamaya bilmirəm. Məsələn, Sovet dövründə MİS- yağ ət talonu növbəsində durmağımız, hər bazar günündə Bakı bulvarında pianino növbələri, kapitalist ölkəsinə turistik səfərə getmək üçün rayon partiya komitəsindən zəmanətlər daha nələr-nələr... Sovet dövründə keçən gəncliyimizin acı təbəssüm dolu xatirələri. 7 noyabrda möhtəşəm nümayişləri ilə ziddiyyətli sovet tarixiylə  heç gülüş doğurmayan qəhrəmanlıq səhifələri-salnamələri ilə yaddaşlarda qalmışdır. Bu xatirələr bizim hafizəmizdə əbədi qalacaqdır, müsbətilə-mənfisilə, qəhrəman anti-qəhrəmanları ilə.

Yeni sirli müəmmalı saydığımız dövr bizə, ədəbiyyatımıza hansı qəhrəmanları gətirdi?

Bax bu gün məni bir sıravi ziyalı kimi düşündürən budur.

Təxminən 1 ay əvvəl Şəhriyar klubunda dostum Nadir Bədəlovun müəllifi olduğu "Şəhadət" sənədli filminin təqdimatında iştirak edirdim. Dini Qurumlarla İşlər Üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş bu filmin qəhrəmanları bir tərəfdən Aprel şəhidlərimiz idi, o biri tərəfdən müxtəlif dini qruplaşmalara qoşulmuş, Suriyada, İraqda başqa qaynar nöqtələrdə vuruşanlar idi, yəni anti- qəhrəmanlar.

Film barədə danışmaq istəmirəm. Məqsədim  indinin qəhrəmanı anti- qəhrəmanlarına diqqət çəkməkdir. Bir tərəfdə vətən uğrunda şəhid olanlar, digər tərəfdən evindən ailəsindən uzaq düşərək hansısa ideya uğrunda ölənlər. Mövzu çox genişdir. Əlbəttə, müasir texnoloji zamanın qəhrəmanları da 30 il əvvəlkindən fərqlənməlidirlər. Əgər 7 noyabr 1987-ci ildə bu qəhrəman bəstəkar, əmək qəhrəmanı, anti-qəhrəman da tüfeyli ya işdən yayınan adam idisə, indinin qəhrəmanı çox-çox fərqlidir.

Bu xüsusda bir müddət əvvəl yoldaşımla bir söhbətim yadıma düşdü. Türkiyədə qətlə yetirilən növbəti "qanuni" oğrunun dəfninin nə qədər dəbdəbəli keçdiyini tərif edən yoldaşımı məzəmmət edib dedim ki, bütün hallarda təriflədiyin şəxs oğrudur. İstər qanuni olsun, istərsə qeyri-qanuni. Sənin atan müəllimdir. Tərifləmək üçün örnək obraz o yoldaşımın atası olmalıydı əslində. Əməkdar müəllim, yüzlərlə adamın təhsilinə vəsilə olmuş, ləyaqətli insan, dürüst ailə başçısı... Lakin təəssüf ki, ədəbiyyatda, qəzet səhifələrində, internet saytlarında belə adamlardan bəhs etmirlər indi... Kimdir bu gün ədəbiyyatımızın qəhrəmanı, yazılmayan oçerklərin, esselərin, povest və poemaların əsas obrazı?... Nəyə görə yenicə azadlığa buraxılan "lotu" ləqəbli  birisinin obrazına mətbuatda bir neçə gün ayrılır, filan müğənni ilə hansısa toy çalan arasında qalmaqala televiziyalarda palaz-palaz vaxt ayrılır, haqlarında vaxtilə poemalar, səlnamələr yazılmış Tərlan Musayeva, Həcər İsababayeva, Sərdar İmrəliyev kimi ancaq zəhmətləri ilə, dürüst yaşamları ilə nümunə olanlarsa kölgədə səssiz-səmirsiz yaşamlarını sürdürürlər. Çünki onlar deyil bu günün manşetlərinin qəhrəmanı. Örnək Nümunə?.. Başqalarıdır. O keçmişin qəhrəmanları ilə, onların nümunəsi ilə reytinq yığmaq olmur.

Bu gün müsbət qəhrəman yoxdur, mənfi qəhrəman da tam mənfi deyil deyə anladıq. Səbəbini də qloballaşmada, müasir texnologiyalarda, sosial şəbəkələrdə gördük. Bəs sevgiyə, məhəbbətə nə deyirsiz ?!. Onu da gündəmdən bu texnologiya deyilən anlayışlarmı çıxarıb?

Xəbəriniz var ki, indiki gənclərimiz məhəbbət kimi ülvi hissdən də kinayə ilə danışırlar? Artıq məhəbbət məktubları belə, yoxdur. Qısa mesajlar, smslər var. Bütün bunlara baxanda kədərdən savayı bir hiss qalmır adamda. Məncə, gülə-gülə ayrıldığımız zahirən o boz keçmişimizdə əmək və müharibə qəhrəmanları, veteranlar, ağsaqqallar, ağbirçəklər sevgi məktubları yazan romantiklər və onların varlığı daha cəlbedici idi. İndiki gözəl komfortlu məişətimizin quru respektal, içimizi günü-gündən kasıblaşdıranlardan, kriminal qəhrəmanlarından daha məzmunlu idi onlar.

Bu, 7 noyabr ərəfəsində bir köhnə yazarın düşüncələridir. Bilmirəm kimin üçünsə maraqlı olar ya yox. Ən azından unudanların yadına böyük bəstəkarımız Tofiq Quliyevin 100 illik yubileyini xatırlatdım, bu da yetər. Allah keçənlərə rəhmət etsin!

 

Əliheydər QASIMOV

 

Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.11.