Azərbaycan teatrına bir baxış

 

Azərbaycan teatrı haqqında danışarkən ortaya vacib bir sual çıxır. Bu gün Azərbaycan teatrı doğrudanmı var? O sənətin ali məramından irəli gələn funksiyaları yerinə yetirə bilirmi? Bu sual qətiyyən ritorik deyil. Söhbət teatrın ümumi mövcudluğundan yox, bu günün teatrının varlığından gedir. Biz XXI əsr teatrını yarada bilmişikmi?

Məlumdur ki, sovet dövründə, Çar Rusiyası dövründə də Azərbaycan teatrı mövcud idi və bu mövcudluq sadə, faktoloji bir şeydən ziyadə əslində, xalqımızın mənəvi tələbatlarına cavab verir, onun milli məzmun və mündəricəsini inkişaf etdirirdi. Sovet dövründə Azərbaycan teatrı sınaqlardan uğurla çıxaraq milli ruhun qorunub saxlanılması, onun gələcək nəsillərə ötürülməsini sərt senzura şəraitində belə təmin etmişdir. Əlbəttə ki, o dövrdə teatrın qarşısında duran problemlər öz təbiəti etibarı ilə XXI əsrin problematikası ilə kəskin şəkildə fərqlənir.

 

Teatr heç zaman ölməyəcək

 

Və biz burada əsas suala gəlib çıxırıq: "Azərbaycan teatrı bu gün hansı funksiyaları yerinə yetirməlidir?". Teatrla bağlı olan mübahisələrin "kütləvilik, yoxsa elitarlıq" dilemmasına yuvarlanması mahiyyət etibarı ilə köhnəlmiş problemdir. Çünki teatr xüsusən də XXI əsrdə daha da elitarlaşmış və öz kütləvi elektoratını televiziya və kinoya təhvil vermişdir. Bugünkü situasiya teatrı aktuallıqdan çıxarmır. Tarixə qısa səyahət edək. Antik dövrdə teatr ortaya çıxanda nəsr belə, yox idi. Nəsrin ortaya çıxması teatrın gücünü azaltdımı? Teatr canlı sənətdir və bu mənada onun kinematoqrafiya, televiziya və ədəbiyyat kimi rəqiblərinin mövcudluğu şəraitində belə teatrın özünəməxsusluğu yenə də onun özünə qalır. Bu gün teatra XX əsrin 30-cu illərində olan kütləvi maraq olmaya bilər, ancaq bu o demək deyil ki, dövrümüz teatrın qarşısına mühüm vəzifələr qoymur. Teatrın problemini digər yerlərdə axtarmaq diqqəti yayındırmaqdır.

Teatrımız bu gün çox qoca görünür. Onun əhatə dairəsi çox məhdudlaşıb, tamaşaçı kütləsi faktiki olaraq itirilib. Teatr çox təəssüf ki, bu gün öz estetik və etik funksiyalarını yerinə yetirə bilmir. Fikrimizcə, bu vəziyyətin yaranmasının ilk səbəbi teatra XXI əsrin gözü ilə baxa bilməməyimizdir. Bu günün teatrı necə olmalıdır? O hansı pyesləri və hansı kontekstdə qoymalıdır? Bu əlbəttə ki, sadə sual deyil və hər bir rejissor öz yaradıcılıq prizmasından məsələyə yanaşaraq onu fərqli formada həll edə bilər. Bu sualın vahid cavabı da yoxdur. Bununla belə, biz ümumiyyətlə, bu suala cavab axtarıldığını görmürük. Əsas sual budur: "Bu gün bizə hansı teatr lazımdır?". Bu teatrın müstəqillik dövründə yerinə yetirməli olduğu vəzifələr hansıdır?

 

Eksperimental teatr studiyaları

 

Yaradıcı axtarışların səngiməsinə biz, demək olar ki, bütün teatrlarda rast gəlirik. Sanki rejissorlar eksperiment etməkdən qorxurlar. Xüsusilə də yaşlı nəslə mənsub olan aktyorlar eksperiment sözünü bir həyulə, qorxulu bir şey kimi qavrayırlar. Teatr eksprimentlərdən qaçmamalıdır. Onun içinə düşdüyü bu böhranlı vəziyyətdən yeganə xilas yolu eksperimentlərdir. Həmin bu yaradıcı axtarışlar son nəticədə ortaya yaxşı tamaşaların, yeni rejissuranın, aktyorların ortaya çıxmasını şərtləndirəcək.

Əlbəttə, hər bir eksperimenti də böyük səhnəyə çıxarmaq olmaz. Bunun üçün ayrı-ayrı teatrlar, xüsusilə də Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı öz daxillərində Eksperimental yaradıcılıq studiyaları aça bilərlər. Bu studiyalarda həm gənc rejissora şans verilər, eləcə də gənc aktyorlar, dramaturqlar özlərini sınaya bilərlər. Bu yaradıcılıq axtarışlarının gəncləri böyük teatra doğru aparacağı şəksizdir. Birdən-birə böyük səhnəyə layiq olan quruluş, oyun, rəssam işi, pyes yaratmaq çətindir. Ona görə də teatrın imkanları hesabına kiçik büdcəli tamaşalar qoymaqla teatr sahəsinə istedadlı kadrlar cəlb etmək mümkündür. Bu studiyaların teatr mühitinə yeni ideyalar, pyeslər və quruluş gətirəcəyi çox aydındır. İncəsənət universitetinin məzunları diplom tamaşalarından sonra faktiki olaraq başqa bir pyes səhnələşdirmək imkanlarından məhrumdurlar. Bu mənada yeni nəslin inkişafı üçün bu studiyaların yaradılması həyati əhəmiyyət kəsb edir.

 

Bəs yerli dramaturgiya necə olsun?

 

Teatrların hamısı milli pyeslərin yoxluğundan şikayət edir. Haqlıdırlar. Və vəziyyəti belə izah edirlər: "Pyes gətirən yoxdur". Burada da haqlıdırlar. Ancaq məsələ bu cürmü həll olunmalıdır? Yəni pyes gəlmirsə, teatr ancaq klassikləri tamaşaya qoymalıdır? Əlbəttə ki, yox. Teatr təkcə tamaşa qoyulası yer deyil. Teatr həm də yaradıcı prosesi həyata keçirən lokomotivdir. Yəni teatr təkcə pyes qəbul edən müəssisə olmayıb eləcə də o pyesin yazılmasında da iştirak edən qurumdur. Və açıq etiraf etmək gərəkdir ki, Azərbaycan teatrının təcrübəsinə diqqətlə nəzər saldıqda hər zaman Azdrama və digər teatrların ətrafında güclü müəllif ordusu olduğunu görmüşük. O zamanın rejissorları yazıçılarla fəal şəkildə işləyir, onlara ideyalar verir, bir çox hallarda pyes üzərində bərabər çalışırdılar. Bu əsrin əvvəllərindən belədir. İndi necə? Hansısa teatrın ətrafında olan dramaturqlar barədə danışa bilərikmi? Bir zamanlar Azdramanın müəllifləri Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev idi. Bəs indi kimlər var? Mövcud vəziyyətdən çıxış yolu da teatrların ətrafında müxtəlif vasitələrlə gənc dramaturqları toplamaq və onlarla rejissorlar arasında səmərəli iş birliyini yaratmaq olmalıdır. Haqqında danışdığımız teatr daxilindəki eksperimental studiyalar əslində bu səmərəli iş birliyini yaratmaq üçün münbit şərait yarada bilər.

 

Xalqın teatrdan niyə xəbəri yoxdur?

 

Teatrların hamısı tamaşaçı azlığından əziyyət çəkdiyini deyirlər. Onların fikrincə tamaşaçılar teatrdan uzaq düşüblər. Əlbəttə, bu haqlı iradda obyektiv və subyektiv amillərin rolu da var. Hər şeydən qabaq qeyd etmək lazımdır ki, teatrlarımızı ictimaiyyətlə əlaqələr işi ya ümumiyyətlə qurulmayıb, ya da çox pis qurulub. Premyeraları media vasitəsi ilə hadisəyə çevrilmir. Televiziyalar teatrla bağlı xəbərlərə çox xəsisliklə yanaşırlar. Əlbəttə, bütün bunları teatra ümumi diqqətsizlik fonunda anlamaq da mümkündür. Teatrlar bu məsələlərdə xüsusilə diqqətli olmalıdırlar. Nəzərə almaq lazımdır ki, indi 30-cu illər deyil, ölkədə hər ay bir neçə film nümayişə buraxılır. Tamaşaçının seçim imkanları çox genişdir. Elə diqqət edin, görün o filmlərin piar işi necə qurulur. Bəzən filmlərin treylerinə milyondan çox adam baxır. Teatrlarımız neynir bəs? Siz hansısa teatrın internetlə, sosial media ilə çalışdığını görmüsünüzmü? Olmazmı ki, hər premyeradan qabaq tamaşa haqqında reklam xarakterli qısa videoçarxlar sosial media vasitəsi ilə yayıla? Yeni tamaşalar efirdə müzakirə oluna? Ya hansısa radio və televiziya verilişi insanlara hədiyyə kimi teatr bileti verə? Adi xəbərlərlə, soyuq məlumatlarla insanlarda teatra maraq yaratmaq mümkünsüzdür. Ümumilikdə teatrlar insanları teatra cəlb etmək üçün hansı üsullara əl atırlar? Demək olar ki, heç bir üsula. Əlbəttə, inersiya şəraitində onların düşüncələrini də arqumentləşdirmək mümkündür. Hamı öz maaşını alır və tamaşaya nə qədər adam gəlməsinin bu maaşa bir elə də dəxli yoxdur. Və bu maaşlar da ümumiyyətlə, teatrın vacib problemlərindən biridir.

 

Enerjinin paylanması qanunu

 

Məlumdur ki, ölkəmizdə yeni seriallar çəkilir. Yaxın zamanlara qədər media bu seriallarda həvəskar aktyorların çəkildiyini qüsur kimi qeyd edirdi. İndi vəziyyət dəyişib. Artıq teatrlarda çalışan aktyorları bütün seriallarda görmək mümkündür. Bu ildən əslində serial sahəsində çox pis bir təcrübə yayılıb. Söhbət gündəlik efirə gedən seriallardan gedir. Təsəvvür edin, həftədə beş dəfə serial efirə gedir. Aktyorun hər gün bir neçə saatlıq çəkilişi var. Və seriallar maddi baxımdan teatrlardan çox gəlirlidir. Hər gün serial oynayan aktyor hansı güclə gəlib tamaşanı məşq edəcək, oynayacaq? Onun buna vaxtı, həvəsi, enerjisi çatacaqmı? Əksər hallarda çatmır.  Teatrın verdiyi maaşla isə dolanmaq çox çətindir. Bəs teatr necə olacaq? Gündəlik serial təcrübəsi yeni yayılmağa başlasa da, əksər teatr rejissorları və aktyorları bundan şikayət etməyə başlayıblar. Və proses çox böhranlı bir vəziyyətə doğru istiqamətlənir.

 

Repertuarın təşkili

 

İnqilabdan qabaq ayrıca teatrlar mövcud olmasa da, teatr truppaları fəaliyyət göstərirdi. Onlar hardasa bir yer tapıb məşq edir, sonra isə pulla teatr zalını icarəyə götürüb orda tamaşa göstərirdilər. Biletlərin satışından əldə edilən pul binanın özünü icarəyə götürməyə çatmasa belə, hər halda, zalın icarəsinə kifayət edirdi. İndi böhranlı vəziyyətdə isə bu variant belə mümkünsüzdür. Biz bunu ayrı-ayrı müstəqil çalışan, ya da çalışmaq istəyən sənət adamlarının təcrübəsindən görürük.  Tamaşaçı teatra gəlmirsə, bunun günahı bəlkə elə teatrlardadır? Biz teatrların ictimaiyyətlə əlaqələrin pis qurulması ilə bağlı artıq danışmışıq. Açıq etiraf etmək də gərəkdir ki, piarla ancaq müəyyən yerə qədər irəliləmək mümkündür. Yəni teatrın repertuarı elə qurulmalıdır ki, bir tamaşa digər tamaşalar üçün də tamaşaçı toplasın. Halbuki teatrlarımızın repertuarında yaxşı tamaşalar azlıqdadır, çoxluqda isə heç bir aktuallığı olmayan, ümumiyyətlə, hansı səbəbdən səhnələşdirilməsi belə dəqiq bilinməyən tamaşalardır. Və biz burada başqa bir əhəmiyyətli məqama gəlib çıxırıq. Bu, əslində, teatrın XXI əsrdə yerinə yetirməli olduğu funksiya ilə bağlı sualın cavabıdır. Ya da o cavabı burda axtarmalıyıq.

 

Zamanın arxasında

 

Teatrlarda aktuallıq çatışmır və bu çatışmazlıq da tamaşaçını ya teatra gətirmir, ya da bir tamaşadan sonra onu teatrdan perik salır. Azərbaycan teatrı bu gün zamanla ayaqlaşmır. Hər bir insan öz şəxsi ekzistensional böhranını yaşayır, onun öz dərdi-səri var. Kamyu görün necə dəqiq deyir: "İçindəki kədər bütöv bir əsrin kədəridir". Teatrlar əsrin kədərini realizə edə, ya da ümumiyyətlə, bu haqda düşünə bilirlərmi?

Əlbəttə, teatr sənəti klassika ilə ən sıx əlaqədə olan bir sənətdir. Klassiklər daim səhnəyə qoyulmalıdır. Ona görə yox ki, onlar klassikdirlər. Əksinə. Klassiklər ona görə klassikdirlər ki, onlar daim aktualdı. Bu aktuallığı tapıb vurğulamaq, onu müasir dövrün stixiyasında təqdim etmək əslində elə klassiklərə olan hörmətimizin ifadəsi olmalıdır. Klassikaya yanaşma bu olmalıdır. Rejissorlarımız bu məsələyə heç bir diqqət yetirmirlər.

Əksər hallarda pyes seçiminin hansı parametrlərlə aparıldığı dürüst aydın olmur. Bunu izah edən bir adam da yoxdur. Biz bilmirik ki, teatr nəyə görə məhz bu pyesi seçib? Və tamaşaya baxdıqda məlum olur ki, əslində heç bir xüsusi ideya-filan yoxdur. Sadəcə, rejissor rolları bölüb, vəssalam. Nə yeni yanaşma var, nə aktuallıq, nə də müasirlik. Bu mənada rejissorların özlərinə də dəqiq aydın olmayan mücərrəd arqumentasiyalarını bir kənara qoyaraq şəffaf, ədalətli və əsaslandırılmış şəkildə repertuar siyasəti qurulmalıdır... Çünki hamımıza yaxşı bəlli olduğu kimi, müasirlik, aktuallıq hansısa səkkizinci dərəcəli bir məsələ yox, estetik məsələdir. Bu mənada estetikanın tələblərinə də riayət olunmalıdır ki, tamaşaçı teatra gəlsin, teatrda onu düşündürən suallara cavab tapsın, yaşadığı əsrin nəbzini teatrda tutsun.

 

Hardadır gənc rejissorlar?

 

Əslində, müasirlik duyğusunun yoxa çıxmasında ən mühüm faktorlardan biri də teatrlarımızın həddən artıq qocalmasıdır. Rejissorlarımızın bir çoxu Sovet dövrünün mənəvi-ideya mühitində yetişmişdir. Gənc rejissorlar isə barmaqla sayılacaq qədər azdır. Əlbəttə, hər bir işdə olduğu kimi, burda da müasir ideyalı gənclərlə yaşlı nəslin təcrübəsi vəhdətdə çıxış etməlidir. Lakin hansı gənclərdən söhbət gedir. Bu gün qırx yaşdan aşağı cəmi 2-3 rejissor var. Bəs sabahımız necə olacaq? Musiqi Akademiyasının rektoru Siyavuş Kərimi deyir ki, gələcəkdə himnimizi eşitmək üçün trombon ifaçısını xaricdən gətirməli olacağıq. Bəlkə də trombonçunu xaricdən gətirmək olar, lakin axı "Ölülər"i səhnəyə qoymaq üçün biz xaricdən rejissor gətirə bilmərik. Bəli, təəssüf ki,  indi teatr kino qədər cəlbedici deyil, kinoya axın var və bu axın fonunda Azərbaycanda gənc kinorejissorlar yetişir. Və teatra bu axın çox zəif olduğuna görə teatrlar bu haqda ciddi düşünməlidir.  Bəli, bizim görkəmli rejissorlarımız olub, bəs sabahımız kimə əmanətdir? Çünki teatr təkcə paltolar asılan, bilet satılan, tamaşalar qoyulan bir məkan deyil. Teatr öz rejissorlarını da, aktyorlarını da, dramaturqlarını, rəssamlarını, bəstəkarlarını da yetişdirməli olan bir məktəbdir.

 

Və sonda...

 

Azərbaycan teatrı dahilərimizin, Cavidin, ölməz Mirzə Cəlilin, böyük Mirzə Fətəlinin, Ədil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Vaqif İbrahimoğlunun, Hüseynağa Atakişiyevin bizə vəsiyyətidir. Buna görə də teatrın problemləri heç bir qərəz güdmədən, görülən işləri, uğurları heçə endirmədən, konkret heç kimi hədəfə almadan müzakirə olunmalıdır. Bəli, bu gün dövlətin teatra qayğısı var. Bu qayğı olmasaydı, teatrlar ümumiyyətlə mövcud ola bilməzdi. Özəl teatrların təcrübəsi buna yaxşı sübutdur. Bu qayğını, ayrılan dotasiyaları və ümumilikdə teatra olan diqqəti teatrlar çox yaxşı nəzərdən keçirməlidir. Teatrlar öz işlərini zamanın ruhu, əsrin çağırışları fonunda yenidən qurmalıdır. Bu məqalənin polemik ruhu da əslində teatrlarla bağlı müzakirələri aktuallaşdırmaq məqsədi daşıyır.

 

Qan TURALI

 

Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.20-21.