"Şairin cənnəti könüllərdədir"

 

Rübailin ruhuna ehtiramla...

 

Rübailin yaradıcılığı haqqında bundan əvvəlki yazımın tarixi 2013-cü ilə aiddir və "Təzadın hikməti"  adlanır. Orda şairin xalqın yaddaşındakı kodlardan idrakının gücüylə bəhrələnməsini xüsusi qeyd etmişdim. Və hər dəfə onun hansısa kitabını vərəqləyəndə də sanki eyni ünvana aparan müxtəlif cığırlardan keçirmişəm kimi hisslər yaşayırdım.

"Dar küçələr" şeirini isə internetdən oxudum. O qədər marağımı çəkdi ki, aylardır kompüterimin ekranında saxlayıram bu şeiri. Dəfələrlə oxumuşam, necə deyərlər, şeirin "o yanına-bu yanına keçib düz gözlərinin içinə baxmışam". Sonunda anladım ki, şeir mənə tam fərqli bir fəlsəfə danışır...

Doqquz bəndlik şeir Rübailin səfər təəssüratı kimi görünə bilər. Mənsə şeirlə bir ayrı cür danışdım... Şeir mənə ispan mədəniyyətinin alt qatındakı macərapərəst incəsənət fədailəri haqqında "mühazirə oxudu"... Barselonanın dar küçələrində dünya tarixinin müxtəlif dövrlərində ispan təfəkkürünün "insan zaman", yaxud "bəşər bəşəriyyət"  tənasübünü necə həll etdiyini şair  boyasız, rübəndsiz görə bilib. gördüyünü oxucusundan gizlətməyib:

Bir ispan şəhəri...

Dar küçələri...

Bu dar küçələrin kəlləri dəli...

Hardasan, hardasan, Salvador Dali?

Gəl, mənim şəklimi çək bu şəhərdə!

Uşaqkən filmlərdən televiziya verilişlərindən həyəcanla izlədiyimiz matador döyüşlərindən tutmuş,  çəkildiyi gündən bu yana istər incəsənətin elit təbəqəsini, istərsə ən adi seyrçini belə təəccübdə saxlayan "Yaddaşın dəyişməzliyi"  adlı tablo yaddaşımızda an fərqiylə bir-birini əvəz edir... bu an sinir sistemimizi culğalayan ani həyəcan arxasınca dərin-dərin düşünməyə vadar edən cavabsız sual üzümüzdə olduqca qeyri-adi bir mimika yaradır, əminəm...

Salvador Dali bu məhşur əsərini yaradanda kamamber pendirindən ilhamlandığını gizlətməyib. Pendirin tədricən əriməsi onun üçün əsl enerji püskürməsi rolunu oynayıb. rəssam öz əsərilə sanki bütün yaradılışa qarşı üsyan edir. Deyir ki, "zaman hər şeyi yox edir, silir, yaddaşımızda bizimlə birgə yaşayan xatirələr isə zamanı qarşısında diz çökdürür; onlar nəinki qocalmır, əksinə, gündən-günə yenilənir, hər fürsətdə körpə fidan kimi cücərir hisslərimizlə qidalanaraq boy atır"...

Dediklərimin hamısını Rübailin şeirinin alt qatında oxuya bilərsiniz...

Şeirin ikinci bəndində Barselonanın dar küçələrinin romantikasının əskik yönlərini tapır şair. Özü necə tapır? Bir Gəncə sevdalısı kimi... Deyir ki:

Burda da çinar var, Xan çinar deyil,

Kölgəsi qonağa salmayır meyl...

Bir dəli şeytan da arxadan deyir:

Yadigar Xan çinar ək bu şəhərdə.

Mən Rübailin yerində olsaydım, mütləq o dəli şeytana uyardım. Buna görə məni şeytanpərəstlikdə günahlandırmaq lazım deyil. Axı mənim xalqımın minillikdən süzülüb gələn şüurunda "dəli şeytan"  obrazı bugünkü psixologiyanın cidd-cəhdlə izah etməyə çalışdığı genetik yaddaşın təzahürüdür. O yaddaş ki, qatilin oğlu vicdanlı polis olsa da, nəvəsi mütləq adam öldürməyə meyil edəcəkdir.

Rübailə Barselonada Xan çinar əkdirmək istəyən onun genetik yaddaşı idi.  O yaddaş ki, hər gün Rübailin beyninin içindəcə onunla birgə Gəncə çinarlarının altından keçib Azərbaycan Dövlət Aqrar Universitetinə "işə gedirdi". Yaxud auditoriyada qəfildən pəncərədən eşikdə yenə bir çinar yarpağına sancılırdı baxışlarla...

Şeirin sonrakı bəndində genetik yaddaş dumana bürünərək zühur edir. Lakin bu dəfə bu yaddaş daha da mühafizəkardır. dünyada ən gözəl dar küçələrin olduğu məkanın qürurunu yaşamaqda israrlıdır. 

Memar Qaudisi əlyetməz hünər,

Dahilər yetirib bu dar küçələr.

Düşür xatirimə İçərişəhər,

Sükuta batıram tək bu şəhərdə...

Memar Qaudi... Bu adı eşidərkən həmişə "Müqəddəs Ailə kilsəsi"nin o ürküdücü heyrətə sürükləyən şəkli gəlir gözlərim önünə.  Bəlkə çoxları bilmir ki, Qaudi genetik yaddaşın ona daim göstərdiyi "keçmişdən  fraqmentlər"dən ilhamlanıb. Axı onun atası misgər idi. Misgərliyin tarixi qədər Qaudisinin dünəninə heyranlığı boy atmışdı içində... Hələ uşaq ikən atasının mis üzərindəki yaradıcılığı gələcək  memarın  çərçivəyə sığmayan zəkasını "qidalandırırdı"... Belə bir memarın yaratdığı sənət nümunələri (hansı ki, illərə yox, əsrlərə meydan oxuyacaq qüdrətdədir) dünyanın bütün insanları üçün mənəvi qida mənbəyidir... Rübailin yadına düşən İçərişəhər... Şirvanşahlar sarayı... Qız qalası... Bəşəri sərvətlər sırasında dayanan milli qürurumuzun bərraqlığı...

Şeirin sonu isə  yaranışdan bəri bütün xalqların folklorunda ən dərin qaynaq olan "Xeyir Şər" mübarizəsinə köklənib. burda da, əlbəttə ki, bir şair ruhu Xeyirin qələbəsini alqışlamağa hazır dayanıb. Bilməm, bütün oxucular mənimlə eyni düşüncəni bölüşərlərmi, amma məncə, insanlığa xidmət etmək elə Xeyiri alqışlamaqdır.

Daşüzlü küçələr göz dikib göyə,

Sanki şəhər yola etibar salıb...

İnsanlar mehriban dolansın deyə,

Yolsalan küçəni belə dar salıb...

Hər addımda, hər gördüyündə, hər duyduğunda bəşəriyyətin humanistliyini düşünən bir şair idi Rübail... Bu yazının son  cümlələrini yazırdım onun bu dünyadan köçünü çəkib getdiyini eşidəndə... Ən sonuncu cümləni ruhumuzun dərdləşməsinə saxladım. Deyəcəyim bir neçə kəlmə qalmışdı artıq dilimin ucunda, onu da hamıdan eşitdim... Deyirdilər ki: "Məkanın cənnət olsun, Rübail!"  Ürəyimdən keçəni dilimə gətirmədim: "Şairin cənnəti könüllərdədir"...

 

01.11. 2017

Gəncə

Şəfa Vəli

 

Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.27.