Qismət: Biz yazmaqla,

əslində, Mətni mətnə çeviririk

 

"Ədəbiyyat qəzeti" yeni layihəyə başlayır. "Açıq müstəvidə" adlanan bu layihədə hər dəfə seçilən bir yazar ayrı-ayrı ədəbiyyat adamlarının ona ünvanlanmış suallarını cavablandıracaq. Bu dəfə suallara Qismət cavab verir

 

1. Səlim Babullaoğlu: - Əziz dostum, həyat mətndir,  yoxsa mətn həyatdır? Daha çox nəyi hiss edirsiniz?

Qismət:  - Bütün qəlbimlə dünyanı dünyadakı bizi sözün, dilin yaratdığına inanıram. Buna görə sözün təkcə tekst mənasında yox, bütün mənalarında həyatın böyük hərflərlə Mətn olduğunu düşünürəm. Bu cavabı yaza-yaza qəfil ağlıma gəldi ki, biz yazmaqla, əslində, mətni mətnə çeviririk, bəlkə ən düzgün intertekstuallıq elə budur..."  

2. Cavanşir Yusifli: - Orxan Pamukla bağlı kitab yazırdın, yerdə qaldı? Niyə davam eləmədin?

 Qismət: - Kitabın yarıdan çoxu yazılıb. Amma bəzi hissələrlə bağlı tərəddüdlərim vardı deyə, onları silib yenidən yazıram. Bir ki, Pamukun yaradıcılığı ilə bağlı çıxan ən yeni nəşrləri almışam, onlarla tanış olmadan nəsə yazmaq düzgün olmazdı. Bəzi danışıqlar aparıram, ola bilsin, kitab əvvəl Türkiyədə çıxsın.

3. Aqşin Yenisey: - Bu sual əslində, özümün cavab axtardığım məsələdir. Bu da bünövrəmizin nəzəri baxımdan mövcüd olmaması, əsaslandırılmaması məsələsidir. Avropada nəzəri əsaslara söykənən maarifçilik, modernizm, postmodernizm bizdə gəlişigözəl söhbətlər şəklində dövriyyədədir. Baxmayaraq ki, XIX əsrin ortalarında modernizm yolu keçdik, amma bu proseslərin heç biri bizdə Avropada olduğu kimi insanmərkəzli mədəni bir platforma ilə nəticələnmədi. Postmodernizm çoxmərkəzli bir anlayış təklif edir, amma biz bu yeniliyi unudulmuş köhnəlik səviyyəsində anlayırıq. Bir mədəniyyətin mərkəzində insan yalnız oyundan çıxmış topu gətirmək üçün həmişə meydandan qıraqda gözlədilirsə, o, özünü hansı haqla mədəniyyət adlandıra bilər?

Qismət:  - Maraqlı sualdır. Əvvəla, ordan başlayım ki, modernizm - XVIII əsrdə elmi, intellektual kəşflərlə yüksəlişə keçən, insanın fərdiyyətinə ağlına fokuslanan dövrə deyilir o, rasionalizmin pikə qalxdığı maarifçiliyi əhatə edir. Amma XX əsrin əvvəllərində sənətdə, ədəbiyyatda ortaya çıxan və Modernizm adlandırılan estetik hərəkat  maarifçi modernizmdən fərqlənir, belə ki, hətta maarifçiliyin tərbiyələndirən, öyrədən, əks etdirən - mimetik\katartik kriteriyalarına tənqidi yanaşır, onun ənənəvi\realist prinsiplərinə savaş açır. Qərb ədəbiyyatşünaslığında bu cür termin qarışıqlığının qarşısını almaq üçün bəzi nəzəriyyəçilər maarifçi modernizmə "moderniti" deyirlər. Məsələyə bu kontekstdən baxanda başqa mənzərə üzə çıxır. Bu, çox geniş və maraqlı bir müzakirənin mövzusudur.

Bir ayağımız keçmişdədir, bir ayağımız indidə, tam qopa bilmirik, tam inteqrasiya ola bilmirik; bizi şpaqat vəziyyətində saxlayan bu tərəddüdün bitməsi üçün öz tariximizlə ayıq hesablaşmaya ehtiyac var.

4. Qan Turalı:  - Çox populyar şeirlərin var idi, məsələn, "Klassika məşqləri". Belə şeirlərdən bundan sonra da yazacaqsanmı?

Qismət:  - Yox, yazmayacam. Onlar olsa-olsa, içində maraqlı poetexnologiya olan estrada mətnləridir. Bəs sual oluna bilər ki, onda niyə yazmısan? Nə zamansa sadəlövh bir inamla düşünmüşdüm ki, o tipli mətnlər digər mətnləri də oxutdura bilər... Birki, gərək adamın ədəbiyyat haqqında yazdıqları ilə ədəbi mətnləri bir-birinin ayağını tapdalamasın.

5. Ayxan Ayvaz: - Qismət sonuncu dəfə nə vaxt ağlayıb?

Qismət: - Qızım dünyaya gələndə. Çox olmasa da, bəzi mətnlər də məni mütəəssir edib. Məsələn, sonuncu dəfə Səlimin  "Noyabr gündəliyi" silsiləsi.

6. Cahanxanım Seyidzadə: - Çoxlu tərcümələr edir, dünya ədəbiyyatı ilə bağlı maraqlı esselər yazırsınız. Azərbaycan oxucularının da dünya səviyyəli oxucu olması arzusundasınız. Sizcə,  Azərbaycan oxucusunun arzuladığınız kimi dünya səviyyəli oxucuya çevrilməsi üçün nə qədər vaxta ehtiyac var?

Qismət:  - Bunun üçün mədəni proses ölkə boyunca getməlidir. Bölgələrdə kitab evləri çoxalmalıdır, peşəkar oxucu klubları yaranmalıdır və ən əsası, insanlarımızın kitaba olan inamını bərpa etmək lazımdır. Onlar artıq kitaba inanmırlar.

7. Mirmehdi Ağaoğlu: - Müasir dünya romançılığında hansı mövzular aktualdır?

Qismət: - Bu barədə elə kulisdə silsilə yazılara başlayacam deyə, çox təfərrüata varmaq istəmirəm. Ümumən belə deyim, yaddaş, tarixlə hesablaşma, yeni çağın elmi-texnoloji kəşflərinin yaratdığı etik suallar...

Mirmehdi Ağaoğlu: - Orxan Pamuk "Saf və düşüncəli romançı" kitabında yazıçıları şərti olaraq iki yerə bölür: saf və düşüncəli. Bu bölgünü başqa cür də adlandırmaq olar. Ürəklə yazan yazıçılar, beyinlə yazan yazıçılar. Sənin üçün bədii əsərdə birinci hansı gəlir: Beyin, yoxsa ürək?

Qismət:  - Əvvəla, onu deyim ki, Orxan Pamukun beyin-ürək bənzətməsindən qaçmağının səbəbi bunun çox geridəqalmış, artıq işləkliyi olmayan müqayisə olmasıdır. Əlbəttə, ürək deyiləndə nəyin nəzərdə tutulduğunu başa düşürük, amma gərək onu da nəzərə alaq ki, duyğu ürəklə bağlı deyil. Pamuk bu məqaləni Şillerə istinadən yazıb. Şillerin məşhur məqaləsi şeir haqqındadır və adı belədir:  "Safduyğusal şeir haqqında" Buradakı "saf" sözü aydındır, amma maraqlısı odur ki, "duyğusal" deyəndə Pamukun "düşüncəli" dediyini nəzərdə tuturburda artıq məsələ dəyişir. Kitabda bu yaxşı izah olunub deyə, təkrar etmirəm, amma elə ən yaxşı cavabı da Pamuk verib: Yazmaq eyni anda həm saf, həm də düşüncəli olmaq işidir.

 

Hazırladı: Cahanxanım

 

Ədəbiyyat qəzeti.- 2017.- 11 noyabr.- S.13.