Əbədiyyət karvanı  

 

Azərbaycan dili haqqında publisistik düşüncələr

 

əvvəli ötən sayımızda

 

5. Diqqət və qayğının bariz nümunəsi

 

Sovet dövründə Azərbaycan dilinə, bu dildə yaradılan böyük ədəbi abidələrə hücumları çox halda imperiya niyyətli tələb və təkliflər diktə edirdi. Xalqı öz kökündən, tarixindən, dil-mədəniyyət abidələrində yaşayan milli-mənəvi yaddaşından qoparıb ayırmaq, sovet-sosialist əqidəli sosial sürüyə, sərfəli işçi qüvvəsinə döndərmək siyasəti daha çox dil, dilçilik müstəvisində həyata keçirilirdi.  Bəşəri ideyalarla məharətlə maskalanan sovet rejimi gizli imperiya maraqlarını reallaşdırmaq üçün qanlı repressiya maşınını bütün gücü ilə işlədir, ilk növbədə bütün dilçilər, ədəbiyyatçılar, milli özünüdərk baxımından taleyüklü ədəbi əsərlər hədəfə alınır, "xalq düşməni" elan olunurdu. İmperiya mərkəzinin - Moskvanın maskalı tələb və təkliflərinə qarşı çıxa bilməyən Mir Cəfər Bağırov 1951-ci ildə, Azərbaycan Kommunist (bolşevik) Partiyasının XVIII qurultayındakı hesabat məruzəsində deyirdi:

"…Bəzi ədəbiyyatşünas və yazıçılar siyasi saflığını və məsuliyyət hissini itirərək uzun illər ərzində bu zərərli kitabı Azərbaycan eposu adı ilə təbliğ etmişlər... "Dədə Qorqud" xalq eposu deyildir. Bu kitab başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmişdir.  Bu kitab tamamilə millətçilik zəhəri ilə doludur. Müsəlman olmayan başqa xalqlara, əsasən, qardaş erməni və gürcü xalqlarına qarşı yazılmışdır".

Bu, imperiya niyyətlərinə hesablanan dil və siyasət, dilçilikideologiya döyüşünün eybəcər mənzərəsi idi. Və bu eybəcər döyüşdə xalqın mənafeyi, marağı, arzu və istəkləri qalib gəldi. Azərbaycan müstəqilliyə, azadlığa qovuşandan sonra ən böyük bayramı, ədəbi-mədəni təntənəni ən böyük milli-tarixi yaddaş saxlancımıza - Dədə Qorqud eposuna ünvanladı. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı müasir neftçıxarma nəhənglərinə - qeyri-adi yarımdalma qurğularına "Dədə Qorqud" və "İstiqlal" adları verdi, ən böyük epik abidəmizin 1300 illik yubiley təntənəsində xalqın Dədə Qorqud ruhunu Dədə Qorqud zirvəsində salamladı, təsdiqlədi, bütün dünyaya bəyan etdi.

"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.  Şəxsən mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm…"  Bu müdrik sözlər ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərib.   Hələ sovet dövründə, 1978-ci ildə, imperiya qadağalarına baxmayaraq, dilimizin Konstitusiya səviyyəsində dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük elmi-tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Heydər Əliyevin şərəfli xidmətlərii idi. 

Azərbaycan dilinə o tarixi xidmət müasir mərhələdə, müstəqillik dövründə daha böyük miqyasda davam etdirildibu gündavam etdirilir.  "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli sərəncamı, dahi şairimiz Məhəmməd Füzulinin 500, Dədə Qorqud eposunun 1300 illiyinin dünya miqyasında təntənə ilə qeyd edilməsi, respublikamızda Azərbaycan dili haqqında qanunun ciddi elmi-praktik müzakirələri və qəbulu ilə yeni dövrün yeni yolu başlamışdı...

Ümummilli liderimiz Heydər Əliyevin doğma Azərbaycan dili uğrunda on illər boyu necə şərəflə, cəsarətlə mübarizə aparması, real nəticələrə nail olması dünyada yaşayan bütün azərbaycanlılara, 50 milyonluq bütün Azərbaycan xalqına ən gözəl nümunədir.   O fədakar fəaliyyəti, layiqli nümunəni bu gün Azərbaycan Prezidenti İlham Əliyev layiqincə davaminkişaf etdirir.

Yeni Azərbaycan əlifbasında çox geniş çeşidli milli ədəbiyyat örnəklərimizin kütləvi tirajla çap edilməsi, pulsuz olaraq respublikamızın bütün kitabxanalarına, tədris müəssisələrinə paylanması, Azərbaycan Milli mətbuatının 130, 135, 140 illiyinin layiqincə qeyd olunması, Azərbaycan Milli Ensiklopediyasının çapı ilə əlaqədar elmi, təşkilati səfərbərlik və bu böyük işin ciddi şəkildə başlanması, "Azərbaycan" adlı xüsusi cildin və digər neçə cildlərin çap edilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" silsiləsinin yeni əlifbada çapına start verilməsi, bu böyük layihənin uğurla həyata keçirilməsi və digər çoxsaylı tədbirlər dilimizə dövlət qayğısının yeni təzahürləri, bu sahədə Prezident İlham Əliyevin tarixi xidmətləridir.

Tarix boyu çətin və şərəfli inkişaf yollarından keçən, misilsiz uğurlar qazanan Azərbaycan dili 25 ildən artıqdır ki, müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Dövlətimizin daimi diqqət və qayğısıyla əhatə olunan, ən böyük milli-mənəvi sərvətimiz olan Azərbaycan dili tarixi zəfərlər yolunu bu gün yeni bir keyfiyyətdə, tam yeni bir şəraitdə davam etdirir, daha böyük perspektivlərə üz tutur.

Cəmiyyətimizin müxtəlif təbəqələrində, ədəbi-mədəni, elmi dairələrində müzakirə olunan tarixi bir sənəd - "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dörd il əvvəl Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olundu. Dövlət Proqramı Azərbaycan dilinin qədim qaynaqlarına, tarixi köklərinə, misilsiz inkişaf yollarına, böyük uğurlarına ciddi, konseptual qiymət verir, müasir müstəqillik dövründə dilimizindilçilik elmimizin əsas strateji hədəflərinə, problem və perspektivlərinə ümummilli diqqəti yönəldir, 2013-2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bütün bunlar müstəqil Azərbaycan Respublikasının dövlət dilinin - Azərbaycan dilinin kompleks inkişafına, intibahına həqiqi xidmətin, praktik, yaradıcı diqqət və qayğının bariz nümunəsidir.                                                        

 

6. Mükəmməl müəllimlər, böyük dilçilər

 

Azərbaycan dili qəlbimizdə, ruhumuzda min illərin, milyon illərin yurd-yaddaş yollarını davam etdirir, bizi zaman-zaman özümüzə qaytarır.  Ona görə dil xalqın ən böyük silahı, "ən güclü səngəridir" deyirlər. "Xalqın dili onun ruhu, xalqın ruhu onun dilidir. Bundan da güclü olan eynilik təsəvvür etmək çətindir". (Vilhelm Humboldt).

Bəli, ana dili insanın qəlbində, qanında, etnogenetik varlığında əbədi görür, öz ilə özgənin, millət ilə antimillətin gizli mübarizəsində özün, millətin qələbəsini təmin edir. Uşaqları ana dili mühitindən ayırmaq, özgə dil mühitində oxutmaq, tərbiyə etmək onların halal haqqına etinasızlıqdır, müstəqil respublikamızın rəsmi dövlət dilinə - Azərbaycan dilinə qarşı laqeydlikdir, biganəlikdir. Azad, müstəqil dövlətimizdə getdikcə çoxalan rusdilli, ingilisdilli, ümumən, yaddilli məktəblər, liseylər, növbənöv "universitetlər" problemin ciddiliyindən, tendensiyanın təhlükəli miqyaslarından, bəzən gizli missioner yönümündən soraq verir.

Tarix boyu Azərbaycan xalqının çəkdiyi ağrı-acılar ən çox Azərbaycan dilində əbədiləşib; dilimizin qəlbindən-qanından, yaralı yaddaş yollarından o ağrı-acıların səsi gəlir.

Azərbaycan, bütövlükdə türk dünyası tarix boyu hansı yollardan keçdi, hansı zirvələrə ucaldı və hansı məğlubiyyətlərin acısını daddı? Zaman-zaman bu suallar qarşısında düşünüb, onlara doğru-düzgün cavab verməyə çalışıb dilimiz, ədəbiyyatımız. On illər boyu kədərli mühacir taleyi yaşayan böyük şairimiz Almas İldırımın "Qara dastan" poeması da o ədəbi cavablardan biridir:

Kimsə bilməz Tanrıdağın yaşını,

Duman almış Altayların başını.

Uçurmuşdur başdan dövlət quşunu,

Qüdrətinə üz çevirmiş zaman hey,

Qoca türkün düşdüyü dərd yaman hey...

 

Dörd bir yana dağılmış türk soyları,

Sönmüş ocaq, köçüb getmiş boyları.

Dərdli-dərdli axar bozqur çayları,

Saxlar içdən gizli ümid, güman hey,

Qoca türkün düşdüyü gün yaman hey...

Tarixdə dilini unudan, dinini dəyişən, etnik kökünü itirən, yaddaşını yadırğayan xalqlar olub. Tarixdən ölü dillərin, unudulan dinlərin, itkin köklərin, didərgin, yaralı yaddaşların lal səsi gəlir, qışqıran sükutu boylanır. Öz köklərindən baş qaldıran pöhrələr başqa ağaca dönüb başqa meyvə gətirməz; öz ana dilindən öz xalqının, millətinin ruhunu-yaddaşını əmən körpələr eləcə. Öz dilini, yaddaşını unutmaqdan, yad dillərin tor-tələsinə düşməkdən, kosmopolit xəstə xülyalardan başlanır antimillət düşüncəsinin, manqurt biganəliyinin ilk cığırları. O cığırlar düşmən qüvvələrin, gizli-aşkar missioner maraqların, yaxın-uzaq imperiya niyyətlərinin min bir hiyləsi, iblisanə təsiri ilə yollara çevrilir.  o yolların xəyanət qapılarından keçib gələn general Medemlər, Sisianovlar, Yefremovlar, Yazovlar, Dubinyaklar... vətən torpaqlarını qarış-qarış kəsir, budaq-budaq budayır; Vətənin işğalı, adətən, vətəndaş qəlblərinin işğalından başlayır.  Ona görə, azad, müstəqil Azərbaycan Respublikasında dövlət dili problemi bu problemin yüksək qanunvericilik istiqamətində həlli, praktik tənzimlənməsi ilk növbədə strateji məsələdir.  Bu, xalqın, vətənin, bütöv Azərbaycanın tale məsələsidir.

Tariximizin milli-mənəvi qabarmalarına, Füzuli, Xətai zirvələrinə qayıdış böyük, məğlubedilməz vətəndaşlığımızın sübh çağıdır, ruhi enerji mənbəyidir.  Bir daha vurğulamaq istəyirəm ki, Vətənin işğalı həmişə vətəndaşın qəlbinin işğalından başlanıb.  Buna görə ən güclü səngər, keçilməz qala vətəndaşın qəlbində tikilməlidir.  Bu isə xalqın böyük tarixi gücünə, qüdrətli yaddaş enerjisinə qovuşmaqla, vətəndaşın qəlbində-qanında Vətən ruhu, vətənçilik təəssübü oyatmaqla mümkündür.  Bu, ciddi psixoanalitik, estetik-fəlsəfi tədqiqat, milli-mənəvi modelləşmə tələb edən problemdir. Əsası odur ki, hər bir vətəndaşımız, hər bir Azərbaycan övladı qəlbiylə, qanıyla, ruhuyla, bütün varlığıyla Azərbaycan dilinin əzəli-əbədi yurd yerlərinə, dilimizdə kodlaşan ümummilli yaddaş enerjisinin xilaskar gücünə qayıtmalıdır. Bu qayıdışın mübarək yolları Azərbaycan dilinə həqiqi sevgidən, övlad məhəbbətindən başlanır. Çünki, "Millət öz oğulları ilə özündən ayrılır, qürbətə düşür, vətənində kimsəsiz olur; millət öz oğulları ilə döyülür, müti edilir, təhqir olunur;  millət öz oğulları ilə gücünü toplayır, ayağa qalxır, üsyan edir millət öz oğulları ilə özünə dönür - Əli bəy Hüseynzadə kimi, Əhməd bəy Ağayev kimi, millət özünə dönəndə güclü olur - özü kimi..."  (Nizami Cəfərov).

 

***

 

Ötən əsrin 70-ci illərində Azərbaycan dilçilik elmi bəlkə öz tarixinin genişmiqyaslı axtarışlar tapıntılarla, ciddi uğurlarla zəngin ən məhsuldar dövrünü yaşayırdı. Təsadüfi deyil ki, Azərbaycan dilinə Azərbaycan dövlətinin ən böyük mükafatları da həmin vaxt dilimizin ən böyük təəssübkeşlərindən olan Heydər Əliyev tərəfindən verilmişdi.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində o vaxtkı qaynar elmi mühiti, dilçilik mübahisə müzakirələrini xatırlayıram;  sevimli müəllimlərim - zirvələr qartalına oxşayan qocaman Muxtar Hüseynzadənin, Almaniyanın hansısa universitetində alman dilində mühazirələr oxumuş, mənim tələbə nəzərimdə dilçiliyimizin Avropa fatehinə bənzəyən, nisbətən gənc elmlər doktoru Ağamusa Axundovun, zövqlə geyinən türkoloq Fərhad Zeynalovun, prinsipial dilçi Səlim Cəfərovun, dilçiliyin dəmirçisi Yusif Seyidovun, mühazirələrindən böyük zövq aldığım Tofiq Hacıyevin, yüksək ziyalı mədəniyyəti ilə seçilən Əlövsət Abdullayevin, bizə Orxon-Yenisey dünyasının əlifbasını öyrədən Cəfər Cəfərovun, ruhumuzda Dədə Qorqud mətnlərini oyadan Samət Əlizadənin, nisbətən gənc dilçilər olan Kamil Firidun müəllimlərin, başqa neçə-neçə fədakar dilçi-alimin unudulmaz çöhrələri gözlərim önündən keçir; bu, intellekt istedadını, yaradıcı eşq əzabını Azərbaycan dilçilik elminin inkişafına həsr edən fədakar alimlər, vətənpərvər şəxsiyyətlər, böyük insanlar mənzərə-panteonudur...

Bir Nəsir müəllim vardı - filologiya elmləri doktoru, professor, "Dilçiliyə giriş" fənnini tədris edən unudulmaz Nəsir Məmmədov...

 

Ardı var...

 

Sadıq Elcanlı

 

Ədəbiyyat qəzeti.- 2017.- 11 noyabr.- S.15.