Həyat - Allahın tapmacası...

Bayalıstan yuxuları

 

 Xalq yazıçısı Anarın "Səhra yuxuları" pyesi AYB-kitab seriyasından Azərbaycan, rus, türk dillərində çapa hazırlanır. Pyesin ön sözünü oxucularımıza təqdim edirik.

Ziyalı xalqın sözünü deməlidi, dərdini dilə gətirməlidi, ağrılarından danışmalıdı... Vətəndaş mövqeyi deyilən, daha doğrusu, bu təbir altında ümumiləşdirilən "işləri" xalq öz sənətkarından gözləyir, istəyir, hətta israrlı şəkildə tələb edir. Amma hansı formada, hansı şəkildə? Nə üçünsə  tribunadan qışqırılan  daha xoş gəlir kütləyə. Nədənsə qəlb çırpıntısı ilə, ürək ağrısıyla yazılan yox, boğazdan yuxarı çığırılan daha təsirli olur. Təsirli olur, amma uzunömürlü olmur. Çünki axı o tribunlardan pafoslu bəyanatlar verənlərin içərisində ürəyi həqiqətən vətən sevgisiylə döyünənlərlə, hisslərini coşquyla ifadə edənlərlə yanaşı, Anarın "Otel otağı" əsərinin qəhrəmanlarından olan Çopur Cabbar kimiləri də az deyil. Dünən həmkarını pantürkist elan edib donos verən, bu gün "Bəsdir türklüyümüzü dandıq!" deyən buqələmunların sayı-hesabı yoxdu. Kütlə üçün bunları seçmək, ayırd etmək çətindir, amma tarix hər kəsi öz layiq olduğu yerdə əyləşdirir.

Anar "Gecə düşüncələri"ndə yazır:

"Ürəyin vətən sarıdan nigarançılıqla döyünür, amma heç kəs bu döyüntünü eşitmir. Amma bax, mən vətənpərvərliyimi təbil sədaları altında bəyan edirəm, hamı eşidir, hamı əl çalır".

Hələ 90-cı illərdə, vətənin ciddi itkilərlə üz-üzə olduğu vaxtda yazıb bunları müəllif. Amma bütöv yaradıcılığına nəzər salanda, görürük ki, əslində elə ilk əsərlərindən vətən sarıdan nigaranlıq özünü ən müxtəlif şəkildə göstərir. Nədənsə dövr dəyişəndən, zaman keçəndən sonra o vaxt yazıb-yaradanların bəziləri  özünü dissident elan etməyə həvəsiyir, hətta təqib olunduğunu, hədəfdə olduğunu da ara-sıra dilinə gətirən, bununla bir növ öyünən qələm sahibləri az deyil. Görünür, bunun özü də imicdir... Amma Anar dəfələrlə müsahibələrində, çıxışlarında belə miflərin əleyhinə olduğunu söyləyib. Yazılarından birində isə dissidentlik məsələsini dəqiq şərh edir: "...Rejimin hakimiyyət formasına qarşı birbaşa çıxmadan həyat həqiqətinə susamağın özü elə bir növ dissidentlik idi". Elə bu kontekstdən də yanaşanda bütün yaradıcılığı boyu həqiqətpərəstliyini itirməyən Anarın əsərləri son dərəcə düşündürücüdü. 60-cı illərdə yaradıcılığa gələn yazıçı elə o illərdən başlayaraq  "Molla Nəsrəddin - 66" silsiləsini, "Yaxşı padşahın nağılı" hekayəsini yazır. Əlbəttə, yazıçının öz şərhi ilə yanaşsaq, bütün əsərlərində "həyat həqiqətinə susama" qırmızı xətlə keçir. Amma sovet rejiminin, totalitar ölkənin çərçivələrinə birbaşa etiraz məhz bu adını çəkdiyim əsərlərdən başlayır və sonrakı dövr yaradıcılığı da qəribə şəkildə bu günlə, indi ilə, millətin mövcud dərdləriylə bağlanır. Bir sözlə, ürəyi vətən sarıdan nigaran yazıçı gördüyü, duyduğu problemləri ən müxtəlif üsullarla, fərqli janrlarda qələmə alır. Bu mənada istər Sovet dövrü yaradıcılığında, istərsə də müstəqillik dövrü nəsrində ziyalı mövqeyinin necə ustalıqla ifadə olunmasını müşahidə edə bilərik.

Artıq vurğuladığım kimi, oxucu sevdiyi yazıçıdan cəsarət istəyir. Amma bəzən o cəsarət meyarları da qəribə olur. Məsələn, Anarın Sovet dövrü yaradıcılığından danışan bir çox tənqidçilər məhz "Yaxşı padşahın nağılı" hekayəsini, yaxud "Molla Nəsrəddin - 66" silsiləsini yazıçı cəsarətinin nümunəsi kimi şərh edirlər. Amma bir az da dərinə gedəndə məgər "Ağ liman" əsəri dövrə, mühitə ən böyük etiraz deyildimi? Yaxud azad olmayan cəmiyyətdə Təhminə kimi, Əsmər kimi, Mədinə kimi azad, sərbəst qadınların ədəbiyyata gətirilməsi, oxucuya sevdirilməsi istedadlı üsyan forması deyildimi? Elə sadədən-sadə, adidən-adi Feyzulla Kəbirlinski haqqında düşündürmək, onun ağrısından danışmaq fövqəladə qəhrəman axtarışında olan  zəmanəyə xəfif bir "yox" mesajı idi... Bu siyahını xeyli uzatmaq olar. Çünki Anarın o dövr əsərlərinin  hamısında mühitə, zamana etiraz notları görmək, duymaq mümkündü. Sadəcə, bəzi əsərlərində bu, qabarıq, açıq, bəzilərində isə gizli yer alıb. Eyni zamanda hansısa yazılmamış qanunlarla bəzi əsərlər daha çox populyarlaşıb, bəziləri isə dəqiq, dərin mətləbləri ifadə etməsinə baxmayaraq, geniş oxucu kütləsinin malına çevrilə bilməyib. Görünür bu da ədəbi tənqidin problemlərindən biridir. Yaxud  zamanı qabaqlayan yazıçının bəzi əsərlərinin oxucu tərəfindən dərk olunmasına, qəbul edilməsinə vaxt lazımdı.

Anarın "Səhra yuxuları" pyesi də məncə, belə əsərlərindən biridir. Yazıçı pyesi 80-ci ildə qələmə alıb, 1981-ci ildə mərhum rejissor Vaqif İbrahimoğlu Dram Teatrı səhnəsində əsərə quruluş verib.  Sonralar yazıçı bu pyesi "Seçilmiş əsərləri" cildlərinə daxil edib, lakin əsər ayrıca kitab şəklində, həm də müəyyən ixtisarla ilk dəfə çap olunur. Və bu kitab "Səhra yuxuları"na yenidən baxmağa, bu gündən yanaşmağa, onu indiki zamandan anlamağa imkan yaradır.

Bu gün dünyada baş verənlərin, ərəb ölkələrindəki hadisələrin fonunda "Səhra yuxuları" fantastik dərəcədə qəribə təsir bağışlayır insana. Sanki yazıçı hələ 80-ci illərdən bütün bu olayları hansısa öngörümlə duyub, bir səhra ölkəsinin - Bayalıstanın  timsalında qələmə alıb. Lakin elə o dövrün də özünəməxsus qaydaları, amansızlıqları nəzərə alınanda "Səhra yuxuları" yazıçının rejimə üsyanı, etirazı kimi oxunur. Sadəcə, Bayalıstan bir az daha "sonrakı" dövrün ölkəsidir. Nə sosialist ölkədir, nə kapitalist... Zahirən demokratikdir... Zahirən! Ümumiyyətlə, bu ölkədə həqiqi olan çox az şey var...

Amerika jurnalisti Tom Soyer Bayalıstana ezam olunub. Əlbəttə, o, Mark Tvenin zirək, oyunbaz, yeniyetmə Tom Soyerindən xeyli seçilir. Anarın Tom Soyeri həqiqəti, reallığı görən, amma bunu yaza bilməyən, yazmadıqlarına görə əzab çəkən bir gəncdir. Yazmamağının isə başlıca səbəbi inamsızlıqdı. Sözün gücünə, yazmaqla nəyisə dəyişməyin mümkünlüyünə inamsızlıq. Ümumiyyətlə, "Səhra yuxuları"nın əsas üstünlüklərindən biri də bütöv rejimi, ölkəni, mühiti göz önünə gətirməsidir. Yəni burda ayrı-ayrı personajların xarakterini də, detektivvari hadisənin, süjetin axarını da təhlil etmək olar. Lakin "Səhra yuxuları"nın əsas qəhrəmanı Bayalıstandır. Yazıçının məqsədi buxov içərisindəki cəmiyyəti, azad olmayan xalqın faciəsini göstərməkdir. Zahirən azadlıq, demokratiya, xoşbəxtlik pərdəsi altında zəncirlənmiş bir ölkə, bu ölkənin boynuna xoşbəxtlik qoyulmuş yazıq, zavallı sakinləri və bütün bunları görən, duyan, amma yaza bilməyən Tom Soyer.

Təsadüfi deyil ki, yazıçı əsərin lap əvvəlindən Bayalıstanı məhz Tom Soyerin dilindən təsvir edir. Amerikadan külli miqdarda yardım almağı qarşısına məqsəd qoymuş bu kiçik səhra ölkəsi növbəti şounu qurub. Amerikalı alim Hovard Bruk qızı Luiza Brukla Bayalıstana gəlib, niyyəti buranın arxeologiyası, tarixiylə bağlı araşdırma aparmaqdı. Lakin həris və riyakar Bayal rejimi üçün bu, bir fürsətdir. Yalançı demokratiya, azadlıq şousunu göstərmək üçün fürsət.

Artıq qeyd etdiyim kimi, yazıçı azad olmayan cəmiyyəti, buxovlar içində yaşayan xalqı ən müxtəlif üsullarla təsvir edir və bu cür ölkəni dəqiq detallarla göstərir. Sözün nəyisə dəyişəcəyinə ümidsizlik, inamsızlıq əsərin əvvəlindən Tomun dilindən verilir:

"İnanmıram ki, bir jurnalist, ya bütün dünyanın bütün mətbuatı bu andıra qalmış Yer kürəsində nəyisə dəyişə bilər... Dünyanı yalnız kor, məntiqsiz və izahsız qüvvələr idarə edir..."

Görünür, sözün bitdiyi yer həm də budur. Dünyanın kor, məntiqsiz idarə olunmasının dərki, sözün gücünün itdiyinin fərqi... İnsan amilinin heç sayılması, xalqın arzularının, istəklərinin vecə alınmaması. Müəllif  sadə dialoqlar vasitəsiylə Bayalıstanın ətraflı təsvirini göstərir. Və burda sanki bircə detal belə təsadüfi deyil. Polkovnik Əmirin, Tom Soyerin, Doktor Kərimin dilindən  bu ölkədə yaşamağın, daha doğrusu, mövcud olmağın "qanunları" göstərilir. Sadəcə, hər kəs bir cür danışır bunlar haqda. Amma bütün söhbətlər, hadisələr "qolları qandallı" millətin dərdlərini ifadə edir. Bir vaxt "Yaxşı padşahın nağılı"nda da yazıçı totalitar ölkədə yaşamağın çətinliyini ən dəqiq priyomla göstərirdi:

"Məhbəs elə yaraşıqlı idi ki, adamlar qəsdən qanunu pozurdular - təki ora düşsünlər. Tezliklə məhbəs zığ verincə doldu və heç bir cinayətlə ora düşmək mümkün olmadı. Tək-tük zirəklər rüşvətlə, tanışlıqla bir-iki gecəliyə 98-99-cu mərtəbələrdəki kameralara düşə bilirdilər".

Elə Bayalıstanda da məhbəs azadlıqdan daha gözəl, daha rahatdı. Çünki ən azından məhbəsdə bir boşqab yemək "azadlığı", qazancı var. Amma yalançı şahidliyin müqabilində. Bir sözlə, müəllif  Bayalıstan obrazını, qəhrəmanını tam, bütöv göstərmək üçün bu cür uğurlu vasitələrdən, üsullardan istifadə edir. Artıq illər keçəndən sonra bəzi detalların birbaşa Sovet həyatından götürülməsi aydın olur. Hələ o illərdə, hər şeyin qapalı olduğu zamanda da repressiya qurbanlarına verilən işgəncələrin söz-söhbəti xalq arasında gizli-gizli dolaşırdı. Anarın çox illər sonra yazdığı "Keçən keçdi, olan oldu" xatirə-romanının əlyazmasından aşağıdakı sətirləri oxuyanda təəccübləndim: "Ölümə məhkum olunmuşun qətldən qabaq sümüklərinin sındırılması, gözlərinin ovulması sovet ədliyyəsinin örnəksiz kəşfidir. Həqiqi ədliyyəyə riayət edilən ölkələrdə ölümə məhkum olanları edam qabağı həkim müayinə edir, hətta qızdırması varsa, sağaldır, hökmü sonra icra edirlər. Bu əcaib görünsə də, mədəni dünyanın qəbul etdiyi əxlaq və hüquq normasıdır. Bir an 37-ci il cəlladlarının davranışını izah etməyə çalışaq. Tutalım kimisə günahsız həbs edirsiz. Tutalım olmayan günahını boynuna qoymaq üçün işgəncə verirsiniz. Yaxşı, boynuna qoydunuz, hökm çıxardınız,  güllələyəcəksiniz, bəs bu adamyeyən yamyamların belə ağıllarına gəlməyən vəhşiliyi nəylə izah etmək olar?"

Demə "Səhra yuxuları"nda da polkovnik Əmirin günahsız məhkumlara verilən işgəncələr haqqında söhbətlərinin əsası elə bunlar imiş. Yazıçının təbirincə desək, adamyeyən yamyamların belə ağlına gəlməyən vəhşilik sadəcə fantastika, təxəyyül məhsulu deyilmiş və elə əsəri təsirli edən də reallıqla səsləşmələrdir. Burda vəhşiliyə, amansızlığa üsyan var, yazıçının üsyanı. Həm də onun üçün fərqi yoxdur, bu vəhşiliyin obyekti kimdir?! Vyetnamlı, azərbaycanlı, yaxud digər millət... Qəribə bir yazıçı romantikası ilə yer üzündə bu qədər gözəlliklər varkən insanın, insanlığın qəddarlığına təəccübünü gizlətmir Anar...  Tom Soyer unudulmaz Miur meşəsindən, orda uçuşan uçağanlardan danışır və həmyerlilərinin Vyetnamda törətdiyi vəhşiliyi ürək ağrısı ilə yada salır:

"Napalm vyetnamlı qadının gözünü kor eləmişdi, qadın meyitlərin içində gəzir, əliylə uşaq meyitlərinin üzünə toxunur, öz ölü balalarını tapmaq istəyirdi... Dörd tərəfdə isə yeniyetmə Amerika əsgərləri dayanmışdı, sərxoş idilər, qadını fitə basıb dümsükləyirdilər, bir-birinin, üstünə itələyirdilər... Mən düşünürdüm: yəni görəsən, bunların heç biri uşaqlıqda Miur meşəsində olmayıb?"

Vyetnamlı qadının ürək sızladan bu təsvirini oxuduqca daha dəhşətli bir mənzərə gəlir adamın gözünün önünə. O zaman, bu əsər qələmə alınanda kim deyərdi ki, çox keçməyəcək, cəmisi 10-12 il sonra öz millətimizə qarşı Xocalıda bundan da dəhşətli işgəncələr, vəhşiliklər törədiləcək. Və Anar elə bunu da ürək ağrısı ilə yazmalı olacaq:

"Eşitdim ki, meşədə Bilqeyis arvadı da vurublar, amma uşağa güllə dəyməyib. Düşdüm meşələrə, iki gün gecə-gündüz axtardım Səmayəni, axır tapdım meyitini. Güllə dəyməmişdi. Donub ölmüşdü. Qarın içində iməkləyib, iməkləyib tifil, sonra donub ölüb. Balaca əlləri eyzən tikan içində idi. Tikanların hamısını bircə-bircə çıxartdım, qəbir qazıb basdırdım balamı".

"Otel otağı" əsərində Lətifə danışır bunları. Təəssüflər olsun ki, bu da sadə bir yazıçı fantaziyası deyil. Deməli, sadəcə Miur meşəsinin yox, Qarabağın da füsunkar gözəlliklərini görən, bunun içərisində boya-başa çatan insanlar qəddarlıqdan, amansızlıqdan qalmadılar. Daha dəhşətlilərini törətdilər. Yazıçının isə bütün bunlara biganə qalmaması, bu cür təsirli şəkildə qələmə alması artıq ümumiyyətlə, dünyanın gedişatına, insanlığın ölməsinə görə narahatlıqdır. Eyni zamanda ürək ağrıdan çıxılmazlıq var burda. Yazıçı dərdlərə diqqət çəkir, amma sanki çıxış yolu da görmür. Bəli,  ən dəhşətli olan çıxılmazlıqdır ki, yazıçı bunu bütün tərəflərdən göstərir. Yəni problem sadəcə Bayalıstan adlı kiçik bir Şərq, səhra ölkəsinin amansız qanunlarla idarə olunması deyil, problem xalqın, millətin müqavimətsizliyidir, mövcud şəraitdən çıxış yolu axtarmamasıdır.

Pyesdə "Azadlıq ya ölüm" təşkilatının üzvləri kimi, doktor Kərim kimi barışmayan, üsyan edən qəhrəmanlar da var. Lakin müəllif onların da mübarizəsini, haqsızlığa üsyanını nəticəsiz qoyur. Çünki Corc Oruelin "1984" romanının qəhrəmanı Uinston Smitin dediyi kimi: "Azadlıq 2 üstəgəl 2-nin 4 elədiyini demək imkanıdır. Əgər buna icazə verilsə, bütün qalan şeylər burdan qaynaqlanacaq..." Bayalıstanda isə bu cür bəlli və sadə həqiqətləri belə demək, müdafiə etmək imkanı, icazəsi  verilməyib.

"Onlarçün həyat iki zülmət arasına düşmüş üçüncü bir zülmətdir... Birinci zülmət ana bətninin zülməti, ikinci zülmət qəbrin qaranlığı - bu iki zülmətlər arasında da üçüncü bir qaranlıq - yaşadıqları həyat..."

Amma bu zil-zülmət qaranlıqdan işığa doğru çıxış yolu heç yoxdurmu? Əlbəttə, var. Sadəcə, gələcəyə inam, vəssalam. "Azadlıq ya ölüm" təşkilatının üzvü Rüzgarın şeirində deyildiyi kimi...

Gələcəkdir Azadlıq,

Bu yuxulu səhraya...

Bəs nə zaman? Görünür, bunun üçün bir, üç, beş nəfər yox, bütöv millət yetişməlidir. Əslində  müəllif  "Azadlıq ya ölüm" təşkilatının üzvü olan, amma polkovnik Əmirə satılmış Həbibin dilindən əsl həqiqəti söyləyir:

"Mehdiylə yenidən görüşdük, səhraya çəkildik, bizim izimizə düşdülər, mühasirə etdilər və o zaman mən ikinci dəfə Mehdiyə təklif elədim: sən nəzəriyyəçisən, yaşamalısan, qaç, mən bunların qabağını saxlayaram və o yenə də məni qoyub getdi. Onda mən qəti başa düşdüm ki, əgər sabah bizim təşkilat hakimiyyət başına gəlsə, yenə də bir şəxsin yaşaması başqalarının məhvi bahasına olacaq, neçələri həlak olacaq ki, birisi yaşasın - nə fərqi var bu birini necə adlandıracaqlar - soltan, rəis ya nəzəriyyəçi..."

Bəli, bir adamın, beş adamın düşünən beyni üzərində azadlıq qazanılmaz, ölkə qurulmaz, millətin yetişməsi, xalqın o yerə, o məqama gəlib çatması çox mühümdü. Və elə tarix də göstərdi ki, Anar haqlıdı, çox keçmədi ki, 80-ci illərin sonunda bütöv millətin oyanışı, dirçəlişi, dirənişi, meydanlarda səsini ucaltmasıyla Azərbaycan öz müstəqilliyinə, azadlığına qovuşdu.

"Səhra yuxuları"nın ideyası Anar yaradıcılığı üçün yeni deyil əlbəttə. Yazıçının uzun illər müxtəlif əsərlərdə fərqli şəkildə qələmə aldığı, ifadə etdiyi Azadlıq (həm insanın azadlığı, həm də xalqın) ideyasının daha bir təzahürüdür bu əsər. Lakin burada maraqlı olan bu ideyanın dramaturji həlli məsələsidir. Bir qayda olaraq yaradıcılıq eksperimentlərinə meyilli olan müəllif burda da "Qəzetlərin səsi", işıq effektləri vasitəsiylə yeni bir üsul ortaya qoyur. Əslində "qəzetlərin səsləri" ölkədəki durumu, riyakar mühiti həm də mətbuat xəbərləri vasitəsiylə duymağa, anlamağa imkan verir. Müəllif qısa, amma hədəfə dəyən "xəbərlər" vasitəsiylə çox şeyi deməyə müvəffəq olur. Həmçinin əsərin sonunda sürreal elementlərdən də istifadə edilir; yalançı  Bayalıstan rejiminin öz istəyinə çatmasından, Amerikadan maddi yardım almasından sonra, edam olunmuş "Azadlıq ya ölüm" təşkilatının üzvlərinin kabus kimi, ruh kimi görünməsi  simvoldur.  Mübarizənin davam etməsinin simvolu...

Anarın çoxşaxəli yaradıcılığının bir qolu dramaturgiyadır. Əlbəttə, yazıçının nəsri ilə, publisistikası, esseistikası ilə müqayisədə dramaturgiyası daha kiçikhəcmlidir. Amma bununla belə bu pyeslər oxucular və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. "Şəhərin yay günləri" pyesinə böyük rejissor Tofiq Kazımov quruluş verib və ulu öndər Heydər Əliyevin xeyir-duası ilə bu əsər uğurlu bir səhnə həyatı yaşayıb, Dövlət mükafatına layiq görülüb. Həmçinin "Təhminə və Zaur" pyesi də uzun müddət anşlaqla qarşılanıb. Elə "Səhra yuxuları" pyesi də Moldova teatrında uğurla səhnələşdirilib. Hətta 1985-ci ildə tamam təsadüf nəticəsində, ayrı bir səbəbdən Moskvada olan Anar Malıy Teatrın önündən keçəndə afişada adını görüb təəccüblənib də. Moldova teatrı Moskvaya qostrola gəlibmiş, özü də "Səhra yuxuları" tamaşası ilə. Tamaşa moskvalı izləyicilərin böyük marağına səbəb olub, bu sənət hadisəsi mətbuatda geniş işıqlandırılıb. Müəllif üçün bundan böyük sevinc ola bilməz. Lakin...

Anarın məhz "Səhra yuxuları" kimi əsərlərinin arxasında ayrı bir niyyət də var. Təkcə millətin ağrısını yox, həm də öz şəxsi iztirablarını bölüşmək, yazıb qurtulmaq cəhdi var. Axı elə polkovnik Əmir də "qışqıranda ağrıya nisbətən asan dözmək olur..." - deyirdi. Bəli, nisbətən! "Səhra yuxuları" müəllifin özünəməxsus "qışqırığıdı"... Ağrıya nisbətən asan dözmək üçün!

 

Pərvin

 

Ədəbiyyat qəzeti.- 2017.- 18 noyabr.- S.8-9.