Şairin poetik inamı

 

Dünyanın səs muzeyi, söz səltənəti, bənzərsiz abı-havası, əsrarəngiz təbiəti, misilsiz mədəniyyəti ilə xalqımıza zaman-zaman  başucalığı gətirən, bu gün bizə göz dağı olan, bağrımızı parçalayan Qarabağ haqqında  yüzlərlə şeirlər yazılıb. Tahir Taisoğlunun "Qarabağ" şeiri xüsusilə, seçilir. Qarabağ yarası, ağrı acısı ilə bu vətəndaş şairi  göyüm-göyüm göynədir. Qarabağ itkisi onu məngənə tək sıxır:

 

Qarabağım, Qarabağım

Uca dağlı, sıx meşəli

Qoşa bağım! Hara gedim,

Hara baxım?!

Qəlb göynəyir, baş ağrıyır.

Gözlərimdə yaş görünmür

Ürəyimə bağladığım daş ağlayır!...

 

Tahirin şeirləri içərisində "Həqiqətin işığı" şeirini  həyəcansız oxumaq olmur. Şairin mühakiməsi çox dolğundur. Həqiqətin üzünə kişi kimi düz baxan Tahir Taisoğlunun amalı, əqidəsi büllur su kimi saf, təmiz olan, siqlətli şair zirvəsinə  ucalmaq istəyir, həqiqətin sifətini cilalayır. Həqiqət olduğuna işıq salır:

 

Haçadır qaranquşun quyruğunun ucu,

Bəlkə ona görə uçur!

Arada-bərədə fırlanır.

İlanın dili haçadır.

Dilinin haçalığı ilə təhlükəni duyur,

Eşidir səsi,

Hiss edir yad nəfəsi...

 

Tahir Taisoğlu bu haçalanmağı, ikiləşməyi dünyanın, insanların timsalında mənalandırır. Mənanın yeddi rəngini yeddi min yerə yozur. Yaxşı, pis, əyri, düz, qara, kimi  fəsadlı həyat tərzini oxa tutur: Yolların ağında ya da qarasında alışıb-yanan, söndürən, sönən insanın əlinin alış-veriş yavasına dönən qara siqlətini  aşkarlamağa çalışır:

 

Dünyanın da haçalanmağı, bölümü var,

Həyatı, ölümü var!

İnsanların da ikiləşməyi,

Ölümü olur,

Yoxsa yaşaya bilməzlər onlar

Bir əli ilə verir

Bir əli ilə alır.

Haçalanır əlləri,

Haçalanır əməlləri.

Gah yaxşılığa uzanır

Gah kişiliyə.

Sevincin, kədərin,

Qaranın, ağın,

Əyrinin, sağın.

Arasındadır insan.

Yollarının  ağında,

Qarasındadır insan!

Sonra şair haçalanmaq termininə bir qədər geniş, düşündürücü məna verir. Oxucunun haça həqiqətini ünvanına  yönəldir. Həyatın da ikiüzlü, namərd, zorlu zorsuz, təlatümlü olmasına insan da poetik inam yaradır.

Şairin təbirincə desək, çay çayı yeyir. Dənizlər çayları, yollar cığırları, dağlar təpələri, gündüzlər gecələri, yerlər göyləri sağır. Dünya da  axır bizləri yeyir. Sağ ikən ölüyə dönürük s... Bizə əsr-əsr, zaman-zaman göz dağı olan Arazı Kür çayı balaca qara balıq kimi udur. Özü ilə birlikdə bu qədim çayı Xəzərə yem edir. "Azərbaycan xəritəsi önündə" dayanıb, dünyanı bu sirri-yuvasına məzlum-məzlum baxan, gəlimli-gedimli həyatın sehrinə dolan şair fikir-fikir əriyir. Yoxluğa doğru əl açır. Bir ovuc artıq ömür diləyir. Arazla Kürün timsalında bu məlum qeyri-məlum həqiqətləri dəvəyə duz yükləyən kimi ömrünə yükləyir:

 

Araz çayı gəlib, gəlib,

Kürlə birləşəndən sonra,

İki çayın adı bir olur,

O da Kür olur.

Elə bil ki Kürdə boğulur Araz, yox olur.

Yaxud davam edir Kür,

Çay boyu Kür adi görünür.

Çay çayı yeyir, çay çayı yeyər!

...Əgər...

 

"İslanır" şeirində şair daha nigarandı. Oğlundan, Şuşadan, külli Qarabağından... Söz içindən söz axtarır. Ocaq sönür, sönür köz axtarır. Otağı istidir. Az-çox süfrəsində yeməyi var. Ancaq fikir-xəyal onu fır-fır fırladır. Şairə elə gəlir ki, dünya bom-boşdu. Yolların sifəti Şuşada buz bağlayıb, Cıdır düzü Qacarın, Vaqifin, Qasım ağanın kəsilmiş başları altında hələ qan içindədir. Külək əsir, soyuqdur.Buz bağlamış qırovlu külək kimi pəncərəni döyəcləyir.Bir ovuc quru yer yoxdu, orda da bir ayağı  üstə oturub canını isindirsin. Onu islandıran bəlkə Qarabağın  gecə- gündüz yağan şıdırğı yağışı, dolusudur. Ona elə gəlir ki, dünya indicə yağış selində boğulub, sərçə kimi  öləcək:

 

Yollar  şar kimi qırışıq,

Zaman da qarmaqarışıqdır.

Otağımda isti işıq,

Oğlum bayırda islanır...

 

"20 Yanvar" uzanır,

Bu şəhərin səbri yanır,

Şəhidlərin qəbri yanır,

Ağrım bayırda islanır.

 

Şairin hər bir  şeiri dolğun məzmunlu, fəlsəfi qayəlidir. Onun söz  köhləni hər an şahə qalxıb, sərt yoxuşları əridə bilər:

 

Gözlərinə baxa-baxa

Çıxdım gecədən sabaha,

bağrımdan qopan aha,

dərdimə baxan oldun.

 

Şad olardı qəlb yarıyla,

Ağaclar da öz barıyla.

Niyə eşqin sularıyla,

Sən hər yana axan oldun?!

 

Tahir Taisoğlunun "Ola-ola yox olan adam" şeiri olduqca  ibrətamizdir, oxucunu dərhal ələ alır. İçini yeyə-yeyə  özünü yeri gəldi, gəlmədi, öyə-öyə, müştəbehlik  yabısınımahmızlaya- mahmızlaya yüngül, şit, bayağı, düşük sözlərlə baş qatan adamları  söyüd ağacdan quruyub düşən  yarpaqlara bənzədir. Şair haqlı olaraq elələrini ola-ola, yox olan adam sayır. Elələrini cəmiyyətə, insanlığa ağır yük hesab edir. Onların iyrənc  portretlərini qara rənglə  çəkir; o sayaq  ünvanları dolaşıq, yolları daş-kəsəkli, özləri yaramaz, sifətləri padoş, gönündən qalın olur:

 

Öz içini yeyə-yeyə "yaşadı".

Öz qanını içə-içə yaşadı.

Qarıdı.

Bir gün  gördü

Həyat keçib, qatar kimi

Qarşıdakı "dayan"- deyə bağırdı.

 

Şeirin məna çalarları aydındır. Şair həyatın yükünü saman çöpü kimi daşıyan, başdan soyuq, ağıldan kəm olan adamların son günlərini  fəlakət sayır. Tənhalıq içində öz- özünü yeyib qurtaran, sümükləri ilə qəbrini qazan belə  tərkidünya adamları acınacaqlı şəkildə lənətləyir.

Tahirin ana haqqında yazdığı şeirlər onun özü kimi kövrək duyğuludur:

 

Pərişan, nigaran olma bu qədər,

Mənə bu dünyada ola bilər?!

Elə ki, bəd nəzər haqlayır məni,

Sənin duaların saxlayır məni...

 

...Kimsə saxlayanda məni yolumdan,

Xəyalın yapışır, tutur qolumdan!

Elə ki bəd nəzər haylayır məni,

Sənin duaların saxlayır məni.

 

Bilirəm, dünyada qədər sağsan,

Məni qoruyub  saxlayacaqsan.

 

Şair Şuşa yasını, Ağdam ağrısını çətin çəkir. Ram olmur.Mənfur düşmənə qalib gələndən sonra Şuşanın sal daşlarını, gülünü, çiçəyini göz yaşları ilə sulamaq həsrətindədir. Üzünü Bağırqan qayasına sürtüb Vətən harayına ucalır. Təkrar-təkrar "qorumadıq səni, Şuşam"-deyə-deyə inləyir. Şuşa itkisinə inanmaq istəmir. bu milli yaramıza yas tutur. Bu bəşəri faciəni- yuxu kimi yozur."Segah"dan, "Şikəstə"dən, dürlü-dürlü poetikləşən, möhtəşəm Qarabağı, Xarı Bülbülü, azad görməyincə təsəlli tapa bilməyəcəyini ömür-ömür, şeir-şeir poeziya qanı ilə rəngləyir.

Çəmənlərin, çiçəklərin

gündədir,

Bu gün Şuşa?!

Başın üstə buludların

Çox dolanır

Çin-çin Şuşa,

Bu gündür,

düyündür.

Şuşam mənim?!

Ürəyini, həqiqətini

Hey doğrayır,

Dişim mənim!

Tahir Taisoğlu bir şair kimi  daxilən zəngindir, poetik inamlıdır. Şeirin həm dərin ağrısını,  həm sevinc notlarını  cilalamağı yaxşı bacarır.

Tahir Taisoğlu  bədiiliyi lövhələr çəkir. Sözün rəngini duyur. Dünyanın  ən uzun ömrün neməti şeirdir.

Tahir Taisoğlu xoşbəxt şairdi. Onun şeirləri  əsl şair ürəyindən kök atan, milli, bəşəri motivlər üzərində  rişələnən, rübab kimi çalınan bizə zövq verən, duyğu  düşüncələrimizi, çiçəkləndirən poetik məna ilə dolğun, kitab-kitab oxunan, işıq-işıq parlayan  söz çələngidir. Onun poeziyası ruhumuza çiçək yağışı kimi qoxu çiləyəcək!

 

Ənvər Əhməd

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.25.