Günəşi görənlər  

 

Müharibələr sözləri tükətmək üçündü, ya da sözlər tükənəndə müharibələr başlayır. Sözlər ünsiyyət üçün yaranıbsa, paralel olaraq ədəbiyyat üçünmövcuddur. Və ədəbiyyat olan yerdə sevgi hökmrandı. Ədəbiyyat müharibənin qarşısını ala bilməsə də onu ləngitməyə, ya da sonunu yaxınlaşdırmağa qadirdi.

Müharibələri gecikdirmək, yaxud sonunu tezləşdirmək üçün minlərlə əsər yazılıb. Bu əsərlərdən biri də tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin "Mən günəşi görürəm" romanıdır. Əsər 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi ilə yaşayan Sosoya adlı 12 yaşlı oğlanın dilindən danışılır. Sadə kənd həyatı, mehriban insanlar, məişət problemləri əsərin qayəsini təşkil edir. Bir neçə səhifə çevirəndən sonrasa kontekst bir qədər dəyişir - müharibə, cəbhədə həlak olanlar, onların gözüyaşlı ailələri, arxa cəbhə, işçi qüvvəsi çatışmadığından bəhərsiz qalan torpaqlar, həlak olanların qara kağızlarıyla birgə arxadakıların qaralan həyatları - insan faciəsi.

Əsərin daha bir diqqətəlayiq cəhəti yeniyetmənin dilinə uyğun yazılmasıdır. Oxuduqca səhifələr də, sözlər də, müəllif də isti Qafqaz yayında ilğıma dönüroxucunun gözü qarşısında 12 yaşında irigöz gürcü balası canlanır. Oxuduqca uşaqlaşırsan. Oxuduqca geriyə qayıdırsan. Oxuduqca keçilərin ardınca qaçırsan. Oxuduqca Supsanın soyuq sularında üzürsən. Oxuduqca həmin məşum müharibənin kölgəsini başın üzərində görürsən...

"Müharibə kənd kooperativini viran elədi. Onun piştaxtasından yavaş-yavaş qənd, kibrit, sabun, çörək, neft yoxa çıxdı və axır bir gün satıcı Lasanın özümağazadan yox oldu. Sonra tarlanı alaq basmağa başladı, dəyirmanda bir çarx qaldı, çoxlarının odun ehtiyatı qurtardı və Matrona bibi məndən xahiş elədi ki, həyətindəki ağacı kəsim. Qayğıdan məhrum olmuş üzüm tənəkləri sısqalaşdı, iri anbarda un qurtardı, ələk get-gedə az dəydi gözə. Bir dəfə isə bibim ələnmiş undan mçadi bişirdi. Gecənin bir vaxtı bizi dəhşətli səs oyatdı və... müharibənin otuzuncu günü kəndimizin küçələrindən ilk qara paltarlı qadın keçdi," - Sosoya danışır...

Dumbadzenin ustalığı ən təsirli səhnələri də bir qədər qırıq səslənən sadə cümlələrlə, bər-bəzəksiz, dəqiq ifadə, bundan başqa, nəzərəçarpan digər amil humanizm, insanları qiymətləndirmə bacarığıdır. İnsana böyük məhəbbətin açıq şəkildə ortaya qoyulduğu əsərdə obrazların daxili aləmi oxucunun qarşısında kitab kimi açılır. Onların xəyali portreti cızılır. Və əksərən bu eskizlər oxucunu yanıltmır.

Nodar Dumbadzenin əsərlərində özünəməxsus incə yumor var. Ədib yazılarının birində qeyd edir:

"Tarix elə bir dövr tanımır ki, o dövrdə gülməyə heç nə tapılmasın..."

Onun yaradıcılığında gülüş geriliyə, şərə qarşı yönəlmiş silah olmaqla yanaşı, həm də şəfaverici məlhəmdir. Digər sitata nəzər salaq:

"Mən öz gülüşümlə insanı alçaltmağa çalışmıram, ancaq əksinə, ona kömək etməyə, yüksəltməyə, çalışıram".

Əsərdə mütləq şəkildə hamının vurulduğu obraz Xatiadır - gözəl, ağıllı, savadlı kor qız. Roman da öz adını Xatianın sözlərindən götürüb. O, özüdaxil olmaqla hamını inandırır ki, günəşi görür. Və Batumidəki həkimin sözlərinə görə, əgər günəşi görürsə, deməli, gözləri açıla bilər. Əsərin əsas ideyası sülhü müdafiə olsa da, alternativ kimi inamı qoymaq olar. Məhz bu inam Xatianı yaşamağa kökləyir. O, həmişə gülümsəyir, həmişə pozitivdir və həmişə nə vaxtsa bütün adamları, Sosoyanı, ağacları, səmanı, rəngləri, həyatı görə biləcəyinə inanır.

Maraq oyadacaq obrazlardan daha biri Sosoyanın bibisi, gürcü dili müəllimi olan Ketevandır. Sosonun sözlərilə desək, o, kənddəki ən savadlı, ən ağıllı və ən gözəl qadındır. 35 yaşı varheç ərə getməyib. Bəzi gecələr, yataqlarına uzanandan sonra Soso bibisindən niyə ərə getmədiyini soruşur. Keto cavabında onu bəyənən olmadığını deyir. Bu sual-cavabların birində Soso:

"Sənə də yazığım gəlir. Axı daha böyük oğlanam, güman edirsən ki, niyə ərə getmədiyini bilmirəm? Bilirəm. Mənə görə. Hamı deyir, öz həyatını qardaşın oğluna həsr etmisən. Mənə daha bu qədər də çox lazım deyil, artıq böyümüşəm..." - deyir.

Oxucuda ikili hisslər doğuran qəhrəmansa briqadir Datikodur. Ketevana aşiq olan Datiko cəbhədən qaçıb onlara gəlir. Keto isə onu rədd edir. Dağlarda, meşələrdə gizlənən fərari təsadüf nəticəsində kənd sakinlərinin sevimlisi, Sosoyanın dostu Bejanı öldürür. Bu, kəndlilərin ona nifrətini daha da artırır. Əsərin sonlarına yaxın Datiko selin apardığı Xatianı xilas edir, ancaq bu da onun günahını yumağa bəs etmir. Datiko bir daha geri dönməmək üçün dağlara üz tutur...

"Əgər səmada hər şey güzgüdəki kimi əks olunsaydı, yaxşı olardı. Onda səmaya baxar, bir-birimizi görərdik. Onda hamımız bir-birimizi tanıyar, bir-birimizlə dostlaşardıq... Bütün aləmlə tanış olardım, yer üzündə yaşayan bütün adamlar da məni tanıyardılar. Əgər səma güzgü olsaydı, yaxşı olardı... Çoxlu ölkə görərdim, bütün ölkələri. Hamı da bizim ölkəni görərdi. onda, yəqin, daha müharibə olmazdı, çünki adamlar başa düşərdilər ki, onlar bəzən bir-biri barədə fikirləşdikləri qədər pis deyillər" - düşüncəsində olan Soso eyni zamanda əmindir ki, insanlar həmişə yuxu görməlidirlər. Çünki yuxu görməyəndə yatdığımız vaxt boşa gedir, həmin saatları yaşamırıq. Gördüyümüz yuxular bizim ikinci həyatımızdı, gerçəkdə bacarmadıqlarımızı yuxuda bacarır, gündüzlər yetə bilmədiklərimizə gecələr yetə bilirik.

Şəxsi qənaətə gəlincə, əsər uşaqlığımdan bir parçadı. Hər dəfə günəşə gözüm qamaşmadan baxanda xatırladığım, baş qəhrəmanı Xatiaya aşiq olduğum, Supsanın soyuq sularında üzdüyüm, Gürcüstanın ucqar dağ kəndində qarğıdalı yığdığım, ən yaxın dostumun qollarımda öldüyü əsər...

əsəri oxuyub dünyanı, yaradılışı, hər şeyi, hər şeyi, hər şeyi sevməmək mümkünsüzdü.

Roman boyu Xatia günəşi gördüyünü bir neçə dəfə təkrarlayır. Həmişə günəşi axtarır, həmişə gözünü ona zilləyib xəyala dalır. Qənaətimə görə, əsərin sütunlarından biri işıqla bağlıdır - mənəvi işıqla. günəş bu mənəvi işığın simgəsidir. Günəşi görənlər ağrıları da görürlər, insanları sevməyi, ağrı-acını, yeri gələndə son tikələrini bölüşməyi, bir-biriləri üçün ölümə getməyi bacarırlar. Əgər vaxtsa bütün adamlar həmin o günəşi görməyi bacarsalar, sözlər müharibəyə, xeyir-şərə qalib gələr. doğmalarımızı aparan cığırlar, yollar onları sağ-salamat geri qaytarar.

bir gün gələcək, hər kəs günəşi görə biləcək. hamı bir ağızdan Xatiya qoşulacaq: "Mən günəşi görürəm".

 

Cavid Qədir

 

Ədəbiyyat qəzeti.- 2017.- 7 oktyabr.- S.28.