Gəlin dəyər verək

 

Son zamanlar Azərbaycanda baş verən mühüm olaylar canlı diskusiya predmetinə çevrilir. Hər kəsin hər hansı məsələyə məxsusi yanaşması var. Məncə, bu, pis deyil və əhalinin özünüdərk səviyyəsini göstərir. Bir də normal adamların müdaxilə etdiyi ümumi mövzular var. Bu, Qarabağın azad edilməsi, ölkəmizin gələcək inkişafı, onun özünümüdafiə qabiliyyətinin möhkəmlənməsi, iqtisadi potensialın artması və əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlıdır.

Düşünürəm ki, bu yerdə mövqe ayrılığı ola bilməz. Bəzən də elə mövzular gündəmə gəlir ki, dayaz düşüncəli adamlar bundan öz şəxsi məqsədləri üçün istifadə edir. Yaxud da, ölkəmizdən xoşu gəlməyən bəzi naqislər suyu bulandırmağa çalışırlar. Belələrinin arasında bizim vətəndaşları da görəndə adamın ürəyi ağrıyır. Bizim yazıçılar hər dəfə Naxçıvandan gələndə Muxtar Respublikada baş verən yeniliklərdən böyük həvəslə danışırlar. Ən əsası - burada təmin olunmuş şəffaflıq, məktəblərdən təmizlənmiş rüşvətxorluq təqdirəlayiq məsələlərdəndir. Təhsil sistemini müasirləşdirməyin çətinliyini bilirəm. Təhsil naziri Mikayıl Cabbarovun bu istiqamətdəki təklif və təşəbbüsü ilkin olaraq Naxçıvanda həyata keçirilmişdir. Bu, bizi sevindirməyə bilməz. Ardı gəlsin!

Bütün respublikada yas mərasimlərinin zəngin süfrəsi ləğv olunub. Meyvə-tərəvəz, qoz və şirniyyat məhsullarının sərgisi yoxa çıxıb. Ölənin yas məclisində yalnız limonlu çay və halva ehsan verilir. Bu da həqiqətdir ki, hər kəsin hüzrə gələn çoxsaylı insanların qarşısında süfrə açmağa cibi imkan vermir. Bu, hamıya aydındır və əhalinin əksəriyyəti yeni adətlə tam razıdır. Bu yaxınlarda Naxçıvandan bir xəbər də gəldi ki, Muxtar Respublikanın rəhbəri Vasif Talıbov oxumaq üçün məsləhət görülən kitabların siyahısını dərc etdirib. Bu məqamda ağılsız şərhlər başlandı. Bir çoxları zarafata salıb bu qərara güldülər. Niyə? Yoxsa hamı elə bilir ki, biz mütaliə ölkəsiyik? Ona görəmi kitab mağazalarının sayı minimuma endirilib? Müqayisə üçün deyim ki, Bakıda 117 kitab mağazasından cəmi 8-i qalıb. Rayonlarda isə demək olar ki, kitab mağazası yoxdur, hətta Azərbaycanın ikinci şəhəri Gəncədə də. Məgər bu normaldır? Bir ölkədə ki, kitab mağazası yoxdur, gənclər kitabı sevmir və oxumurlar, iyirmi birinci əsrdə inkişaf edə bilməzlər.

Naxçıvan bunun çıxış yolunu tapıb. Əvvəlcə dünya ədəbiyyatından bir neçə kitab oxumaq məsləhət görülür. Dərhal karikatura çəkməyə, axmaq lətifələr yazmağa başladılar. Niyə? İnsanları oxumağa yönəltməyin nəyi pisdir? Kimlərinsə bu siyahıdakı kitablardan heç olmasa bir-ikisini oxumağının nə ziyanı var? Siyahıda beş yüz, yüz, üç yüz kitab da ola bilərdi. Amma məhdud sayda kitabdan söhbət gedir və öncə bunları oxumaq tövsiyə olunur.

Bu səbəbdən ağılsız bir kampaniya başlayıb. Biri yazır ki, mənə başqa müəlliflər lazımdır. Elədirsə, özünə başqa müəlliflər tap, bu kitabları da ya uşaqlarına, ya da qonşularına ver oxusunlar. Mopassan, Drayzer sizin xoşunuza gəlmir? Balzakı, Folkneri oxuyun. Ancaq Naxçıvandan qaynaqlanan bu işıqlı meyli dəyərləndirin. İş o yerə gəlib, yazırlar ki, "Dədə Qorqud" bizə lazımdırmı, ümumiyyətlə, kitab oxumaq lazımdırmı, axı internet var. Bir çox ağıldan dayazlar və ölkəmizin açıq düşmənləri məhz belə düşünürlər. Təkrar edirəm: Azərbaycanın gələcəyi, iqtisadiyyatı, siyasəti, təhsili, elmi, mədəniyyəti, ordusunun vəziyyəti və Qarabağın azad edilməsi bundan asılıdır. Müasir dünyada gəncləri oxumaq istəməyən və oxuya bilməyən, yeniliyi qavramayan ölkələrin inkişafından danışmağa dəyməz.

Bəzi yazıçı jurnalistlərin mövqeyi məni daha çox təəccübləndirir. Məmura gülmək, onu tənqid etmək olar. Ancaq ölkənin xeyrinə iş görən bir adamı dəstəkləmək olmazmı? Doğrudanmı bizdə oxucu sayının azaldığını görmürsünüz - hələ məhdud sayda kitab mağazalarını, az tirajı demirəm. Yoxsa siz həqiqətən bunu normal sayırsınız?

Mən öz mövqeyimi bildirirəm. Hesab edirəm ki, Azərbaycanın bütün bölgələrində, hər bir şəhərdə və rayonda icra hakimiyyətinin başçısı nümunə göstərməlidir. Kitab mağazası açmalı, kitab almalı (dəb düşsün deyə), məktəbə gedib uşaqlara mütaliənin əhəmiyyətindən danışmalıdır. Tövsiyə olunan kitabların siyahısını dərc etmək isə daha yaxşı olardı. Bəlkə də bəzi məmurlar bu kitablardan oxuyub öz uşaqlarına verəcəklər.

Naxçıvan gələcəyə necə münasibət bəsləmək baxımından, uşaqların təlim-tərbiyəsi baxımından, insanların maariflənməsi baxımından bütün Azərbaycana nümunə göstərdi. Təbii ki, heç kəs xüsusi olaraq sizin bu kitabları oxuyub-oxumadığınızı yoxlamayacaq. Bəlkə insanlar özü bu barədə düşünsün. Saatlarla çayxanada oturub mənasız yerə vaxt öldürməkdənsə kitab oxumağın dəyərini dərk etsin. Bəlkə uşaqlarımızdan on, yaxud yüz nəfəri Vasif Talıbovun siyahısındakı kitabları oxuyandan sonra başqa kitablar da oxuyacaq? Onda bu gözəl nəticə verəcəkdir. Bizim xalqı yenidən kitaba qaytarmaq lazımdır. Qurani-Kərim də müsəlmanlara kitab şəklində verilib. Əgər başqa kitablar oxumaqda çətinlik çəkirsinizsə Quranı oxuyun. O zaman sizin üçün Peyğəmbərimizin hikmətləri açılar. Bu da zəruridir. Əməli-saleh bir adama çevrilərsiniz. Mən gənclərə həmişə deyirəm ki, vacib deyil mənim kitablarımı oxuyasınız, ümumiyyətlə kitab oxuyun. Və unutmayın ki, min il ərzində onu yaradanlar heç də ağılsız insanlar olmayıb.

 

Çingiz ABDULLAYEV

Rus dilindən çevirəni:

A.Savalan

 

Ədəbiyyat qəzeti.- 2017.- 7 oktyabr.- S.15.