Nəriman Qasımoğlu: “...və Qasım

müəllim necə idisə, elə də qaldı”

 

- Nəriman bəy, zaman keçdikcə insan ötənlərə boylanır, xatirələrə dalır. Sizin də atanızla bağlı xatirələrinizi oxucularımızla paylaşmanızı istəyirik. Qasım Qasımzadə ilə bağlı xatirələriniz sizə nə verir? Kədər yoxsa sevinc?

- Sözün açığı, Qasım Qasımzadəli xatirələrimdə qardaşım Fəxrəddinin 1984-cü ildə qəfil itkisinin,  on il sonra isə Qasım müəllimin özü ilə, daha sonra anamla cismani ayrılığımın doğurduğu sarsıntıların da payı var, xoş anlarımızın, günlərimizin, illərimizin də.  Ancaq zaman öz işini görür, əlbəttə. Həmin sarsıntıların, eləcə də şəxsən özü ilə bağlı xatirələrin içindən onun elə parlaq siması boylanır ki, işığı bütün ağrıların üstünə məlhəm çəkməyə bəs edir. Bu mənada, şəksiz, anıldıqca sevinc gətirir Qasım müəllim, anıldıqca pozulan əhvalımız düzəlir, anıldıqca bir də baxıram onu tanıyanların üzünə doğal bir təbbəssüm qonur və inanıram ki, bu doğal təbəssümü doğuran da Qasım müəllimin  o işığından gələn zərrələrdir. Belədə necə sevinməyəsən?! Necə ilhamlanmayasan?! Məhz bu ovqatı keçirdiyimdəndi ki, on beş il öncə Qasım Qasımzadə haqqında aşağıdakı sətirləri qələmə aldım:

 

Baxıram dünyaya sənin gözünlə,

harda işıq varsa, iz səninkidir.

Dan yerinə od saçır baxışlarım –

zülmətə köz salan göz səninkidir.

 

Oldum sərnişini nur gəmisinin,

bu da meracıdır eşq dəlisinin,

Rəbbimin ən gözəl təcəllisini

görürəm qarşımda üz səninkidir.

 

Ruhun ucalarda şad olsun deyə

Oxu, nələr vermiş Tanrı bəndəyə -

Mən yerdən göylərə yüksələn ayə,

üstündən qalxdığım miz səninkidir.

 

Dar eylərəm qaranlığın yerini,

zülmət dələn taleyim bir mərmimi,

sən özün cəm eylə qəlpələrimi,

göyə ulduz-ulduz düz, səninkidir.

 

Mən hicran qənimi, vüsal dəmiyəm,

içirəm ruhundan, dəmlər dəmiyəm,

tənimlə badəyəm, ruhumla meyəm,

içəlim bu meyi süz, səninkidir.

 

Yerişim, duruşum, qaçışım səndə,

həvəsim, ilhamım, uçuşum səndə,

göylərin, yerlərin Rəbbi önündə

səcdəyə gedirəm, diz səninkidir.

 

Canın canımdadır, qanın qanımda,

ayrılmaz ruhlarıq Tanrı yanında,

qiyamət günündə, məhşər anında

sənsən şəfaətçi, söz səninkidir.

 

- Çox istərdik ki, ilk günlərdən başlayasınız, O vaxtlardan ki, rəhmətlik Qasım müəllim sizin üçün elə təkcə ata idi, böyüməmişdiniz, körpə idiniz. Körpələrin yaddaşı iti olur axı...

- Körpəlik xatirələri olduqca epizodik məqamlardır, bunlar da daha çox o illər Riqada, Moskvada, Leninqradda keçən səyahət, nənəmin yaşadığı Yevlaxın Kövər kəndində, Şuşa və Göygöl sanatoriyalarında istirahət günlərimizlə bağlıdır. Çalışıram bəzi epizodları xatırlayım, amma deyəsən körpəlik yaddaşımın tarixi 4 yaşımdan başlayır... Qasım müəllim bizi Moskvada Qızıl meydana aparmışdı. İnsan axınından ibarət uzun növbədə bir xeyli yorulandan sonra mavzoleyə girdik. Şüşə altında Leninlə Stalin yanaşı uzadılmışdı. Və çox qəribədir indi də nə illah eləyirəm, ömrümün o dördüncü ilində, yaddaşımın isə birinci ilində nə isə başqa bir şey xatırlayım, alınmır. Burası da mənə qəribə gəlir ki, beynimdə ilişib qalan Lenin deyildi, məhz Stalin idi. Olsun ki, hərbi geyimi birinci dəfə idi görürdüm və bu paltar onun əynində idi deyə yaddaşımda özünə yer eləyən o olmuşdu. Bəlkə də səbəb bu idi ki, Leninin çox sonralar bir neçə dəfə gördüyüm mumiyalanmış cəsədi birinci dəfə gördüyümü yaddaşımdan silib çıxarmışdı. Tarixdən bilirsiniz, o dövrdə ölkədə stalinsizləşdirmə gedirdi. Ürəklərdə Stalin sevgisi, Stalin xofu, mavzoleydə Stalin cəsədi yaşamaqda və eyni zamanda çürüməkdə idi. Mən isə sanki satış üçün vitrinə qoyulmuş böyük bir Stalin oyuncağına tamaşa edirdim. Əlimi həmin oyuncağa səmt uzadıb nə isə demək istəyirdim ki, Qasım müəllim əlimdən tutub işarə elədi susum, içəridəki sükutu pozmayım... Eh, Qasım müəllim sonralar sovetlərdə bu sükuta bənzər səssizlikləri pozmağa çalışdığıma görə məndən ötrü o qədər nigaranlıq keçirəcəkdi ki...

- Yaşınızın üstünə yaş gəldi. Atanızı daha yaxından tanımağa başladınız, nələri gördünüz, kimləri tanıdınız atanızın ətrafında?

- Mənə elə gəlir, Qasım müəllimlə aramızdakı yaş fərqinə baxmayaraq çox erkən yaşımdan dost olduq. Və görünür, bu səbəbdəndir ki, onun haqqında söz saldığımda “atam” deyə sözünü işlədə bilmirəm. Mənə onunla təmasda olmaq maraqlı idi, hər təmasdan nə isə öyrənirdim. Zəhmətkeşliyini görürdüm, doğruculluğunu görürdüm, baxırdım saxtakarlığa qarşı necə sərtdir, əziyyətə qatlaşmaqdan çəkinmir və fikri-zikri ətrafdakı qohum-əqrəbadan fərqli olaraq ictimai dərdlərlə də yüklüdür. İctimai problemlər ətrafında ikilikdə uzun-uzadı söhbətlərimiz olurdu. Şeirlərinin ilk oxucusuna çevrilmişdim. Oxuyurdu, sonra fikrimi soruşur, məsələn, maraqlanırdı filan sözün yerini sətirdə dəyişsə daha yaxşı səslənər, ya yerində qalsa. Ara bir də oxuyandan sonra bəzi misraların üstünə qayıdıb soruşurdu “bildinmi burada nəyi nəzərdə tutmuşam?” Məsələn, “Maralın öz yolu var” başlıqlı bir şeiri var, əvvəl-əvvəl təbiətin qorunması mənasında deyir dağlara yol çəkməyin, insan nəyi istəsə öz ayağı ilə gedib tapacaq, yəni bundan ötrü təbiəti korlamaq-filan lazım deyil. Ancaq həmin misraların içində belə ifadələr də keçir:  “Həyalı bulaqların üstünə yol çəkməyin”, “Barı bura dəyməsin naməhrəmlər ayağı”, “Çeşməmizin gözünə tökməsinlər arağı”, “Sərxoşların xorunda zümzümələr itməsin”, “Kabab çəkiən yerə konservlər getməsin…”, “Dağlara yol çəkməyin, yollara dağ çəkməyin” və s.

Deyirdi “bildin də “araq", “konserv”, “sərxoşlar” deyəndə nə demək istəmişəm?!” İzah etməyini xahiş edirdim, bildirirdi ki, sovetləri-gəlmələri nəzərdə tutur, amma bu qəbildən yazılarını təbiət şeirləri kimi senzuradan keçirə bilir. “Yollara dağ çəkməyin”i də izah edirdi ki, yolumuzu-məsləkimizi qorumalıyıq… Qasım müəllimin sırf təbiət şeirləri də var ki, bütün poetik meyarları və məzmunu baxımdan gerçəkdən şedevrdir. “Dağlar buraxmır məni”, “Gəlmişəm” və s. şeirlərini oxusanız, görərsiniz, misilsiz yazılardır…

Qasım müəllimin əqidəsi məişət davranışlarına da iz salırdı. Bu barədə xeyli xatirələrim var. Burada sizin üçün hələlik birini, süfrə arxasında zarafat təriqilə işlətdiyi bir ifadəni qeyd edim. Kartofla bişən xörəyi heç xoşlamırdı, kartofdan zəhləsi gedirdi. Biz övladları isə, əksinə, xoşlayırdıq, xüsusən də kartof qızartmasını. Anam Tamara xanım yemək masasına içində bişmiş kartof olan boşqabı gətirəndə təbəssümlə “eh, yenə də mənim bu sinfi düşmənim gəlib çıxdı qabağıma” deyirdi. Biz də gülüşürdük. Bilirdik Qasım müəllim - sovet hakimiyyətinin ilk illərində repressiyaya uğramış bəy nəslinin bu təmsilçisi nəyə işarə edir. Məsələ burasında idi ki, Sovet dövründə Lenin haqqında təbliğat yazılarında “rəhbər”in məişətdə sadə davranışlarından, eləcə də guya kartofu sevdiyindən dəm vururdular. Əlbəttə, o zamanlar ən ucuz qidalanma kartofla başa gəlirdi deyə bunu belə qələmə verirdilər ki, kasıb “zəhmətkeşlər”də Leninə rəğbət oyatsınlar. Arxivlər açılandan sonra məlum oldu ki, Smolnıda, necə deyərlər, əməlli-başlı yeyib-içirmişlər…

Yeyib-içməkdən söz düşmüşkən, eləcə də Qasım müəllimin ətrafında kimləri tanıdınız deyə sualınıza cavab olaraq ancaq bunu deyim, onun tanışlıq, dostluq çevrəsi geniş olsa da ayrıca məclis dostları olmayıb ki, günlərini daim birgə keçirsinlər. İlk gənclik illərində ən çox Bəxtiyar Vahabzadə və Novruz Gəncəli ilə dostluqları olub. Sonradan  dost-tanışlarının siyahısında kimlər yox idi? Keçmiş Hüsü Hacıyev,  küçəsi, indiki Azərbaycan prospekti 19-dakı Yazıçılar evinin Bəxtiyar müəllim də daxil digər mehriban sakinləri, görkəmli ədəbiyyat xadimləri Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Zeynal Xəlil, Əhməd Cəmil, Tələt Əyyubov, Hüseyn Arif, Mübariz və Zinyət Əlizadələr, Kamal Talıbzadə, Mirmehdi Seyidzadə, Əliağa Kürçaylı, İlyas Əfəndiyev, Elçin, İsi Məlikzadə, Salam Qədirzadə, Məsud Əlioğlu, Bayram Bayramov, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Qabil, Əkbər Ağayev, qapı qonşumuz İsa Hüseynov (Muğanna), eləcə də həmin binaya bitişik bəstəkarlar evinin sakini, divar və balkon qonşumuz görkəmli bəstəkar Xəyam Mirzəzadə, məbəd kimi işə getdiyi Ədəbiyyat İnstitunda çalışan görkəmli simalar - Məmməd Cəfər, Mirzağa Quluzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Mirzə İbrahimov, Məmmədhüseyn Təhmasib, Kamran Məmmədov, Mirəli Seyidov, Xəlil Rza, Şamil Salmanov, Dilarə Əliyeva, Safura Quliyeva, Şirindil Alışanov və b. Ayrıca olaraq Süleyman Rəhimov, Əli Vəliyev, Rəsul Rza, Süleyman Rüstəm, Mircəlal, İmran Qasımov, Nəbi Xəzri, Osman Sarıvəlli, Gülhüseyn Hüseynoğlu, Abbas Zamanov, Qulu Xəlilov, Şirməmməd Hüseynov, Qəzənfər Paşayev, o zamankı gənclərdən Seyran Səxavət, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Eldar Baxış, Vaqif Bayatlı və onlarla başqaları. Dayım, Azərbaycanda avtomatika və telemexanika elminin banisi olmuş akademik Əsgər Abdullayevlə onu qohumluq bağından çox dostluq bağlayırdı. Görkəmli ədəbiyyatşünas-alim İmamverdi Əbilovla, xatirəsini kəlbəcərlilərin əziz tutduğu şair Şamil Əsgərovla, uzun müddət Moskvada, indi İsraildə yaşayan görkəmli ədibimiz Çingiz Hüseynovla da gənclik illərindən yaxın dost idi. Çingiz müəllim hər il doğum günümdə “əziz dostum Qasımın yadigarı” deyə mənə sosial şəbəkə üzərindən təbriklərini göndərir. Və gözəl idi ki, Qasım müəllimin yuxarıda sadaladıqlarımın hər biri ilə ayrıca, isti münasibətləri vardı.

Bayaq elə lap əvvəldən ailəmizin Fəxrəddinli faciəsindən söz saldım. Həmin günlərdə unudulmaz Xəlil Rza Fəxrəddinə böyük doğmalıqla yanğılı şeirlər həsr etdi, bu silsilə şeirləri hər cümə axşamında oxudu. Həmin yazılar onun “Davam edir 37...” kitabında dərc edilib. Dünyasını vaxtsız dəyişmiş bir gənci şəxsi ağrısı kimi ağlayan şairin nəhayətsiz insansevərliyi ilə yolunda can qoyduğu millətin fədaisi olmaq böyüklüyü arasında necə də məhrəm bir əlaqə vardı və bu məhrəmlik, əlbəttə, Xəlil Rzanın Qasım müəllimin şəxsiyyətinə, yaradıcılığına və əqidəsinə münasibətindən doğurdu.

- Dağlıq bir rayonda doğulan insanın şəhərdə görəvli bir vəzifədə işləməsi, tanınması xarakterində hər hansı bir dəyişiklik etmişdimi, sizcə. Məsələn, kabinet adamına, şəhər adamına çevrilə bilmişdi, yoxsa o dağ təmizliyini, saflığını özündə qoruyub saxlamışdı.

-Əslində ona inanmıram ki, kiminsə xarakterində köklü dəyişiklik mühitə görə baş versin. Mühitə görə vərdişlər dəyişir, insanın xasiyyətində olanlar yox. Əlbəttə, mühit də tərbiyə edir insanı, insan özü özünü də dəyişdirə bilir, amma mənə elə gəlir, insanda ciddi dəyişiklik daha böyük ehtimalla hansısa ekstremal bir sarsıntıdan, yaxud hadisədən yaranır. İcazə verin kabinet adamını şəhər adamı ilə eyniləşdirməyinizə də etiraz edim. Çünki şair harada doğulmağından asılı olmayaraq necə sırf kabinet adamı ola bilər? Ola bilərsə, şeir yaza bilərmi? Yazarsa da necə, yaxşı yaza bilərmi? Qasım müəllimin bir şeiri var. Kəlbəcər dağlarında yaşayan, oradan Bakıya imzasız böhtan məktubları göndərən bir xəbis tipajın obrazını verəndən sonra təbiətə təəccübünü ifadə edir ki, addımbaşı hər dərdə, yaraya məlhəm olan, möcüzə, hikmət göstərən təbiət - “sarp qayalar sinəsində palıd”, “bozqırlarda gül” bitirən bu gözəlliyin, hüsnün əlləri “niyə qaba bir xislətə əncam çəkməyir?!”

Və Qasım müəllim necə idisə, elə də qaldı. İstərdim onun xasiyyətinə daha yaxşı işıq tutan sözləri unudulmaz Yaşar Qarayevin dili ilə təqdim edim. Yaşar müəllim haqlı olaraq onun poeziyasını şəxsiyyətinə bənzədir: “sərt və kövrək, sakit və çılğın, təbii və məğrur, milli və beynəlmiləl”. Sonra da yazır: “Qasım Qasımzadə şeiri, taleyi, və şəxsiyyəti vəhdət təşkil edən şairlər sırasına mənsubdur… Q.Qasımzadə şeiri həmişə və hər yerdə təbiətə, saflığa, mərdliyə inam və etibar poeziyası olaraq qalır. Onların hamısının əsasında təbiətlə, tarixlə şair, yaddaşla vətəndaş arasında ünsiyyətin ən ibrətli və mənalı məqamları dayanır”. Ayaz Vəfalının da onun barəsində dediyi bir ifadə burada yerinə düşür: “ipək kimi yumşaq, ipək kimi möhkəm”. Adama qəribə gələ bilər ki, həm sakit, həm də çılğın, həm sərt, həm də kövrək olmaq necə olur? Dərinə getməyim, ancaq onu deyim ki, əlbəttə, xarakterdə sakitlik-çılğınlıq, sərtlik-kövrəklik impulslarının ünvanları bilinəndə bu daha yaxşı anlaşılır.

Gəlirəm o dediyiniz vəzifə məsələsinə. Qasım müəllim ədəbi-elmi fəaliyyəti dövründə iki vəzifədə olub: biri “Ədəbiyyat qəzeti”nin baş redaktoru, o biri Nizami adına Ədəbiyyat institutunda elmi işçi, şöbə müdiri. Buradaca elə bilirəm, yerinə düşərdi bioqrafiyasına aid xüsusi bir nüansı qeyd edim. Sovet imperiyası dövründə Qasım Qasımzadə bəlkə də yeganə baş redaktor olub ki, rəhbərlik etdiyi qəzetdə tabe olduğu orqanın rəhbərliyini tənqid edən yazıların getməsinə şərait yaradıb. Bu da mətbuat tariximizdə unikal hadisələrdən sayıla bilər. Onun redaktorluğu dövründə qəzetdə gedən maraqlı ədəbi müzakirələrə, mübahisələrə görə “Ədəbiyyat qəzeti” Azərbaycanda ən çox oxunan mətbuat orqanı imiş. Kabinet adamı olsaydı, sakit və başağrısız bir yol seçib vəzifəsində, əlbəttə, uzun müddət qala bilərdi.

Qasım müəllimin xasiyyətində maraqlı bir gözütoxluluq da vardı. Az təbliğ edilməsinin səbəbini ondan soruşanda demirdi  təvazökarlıq edib özünün təbliğatı ilə məşğul olmur. Gülə-gülə deyirdi məsələnin kökü şəxsən onun özündədir. Qəzetin baş redaktoru olanda hansı materialda adını görürmüşsə, dərhal özü silirmiş. Redaktorluqdan çıxandan sonra isə bu işi artıq başqaları görürmüşlər...

Ancaq ədəbi talenin də maraqlı məqamları olur. Bu yaxınlarda gözəl yazıçımız Aqil Abbas mənə Qasım müəllimlə bağlı bir əhvalatı danışdı. Aqilin mərhum xanəndəmiz Qədir Rüstəmovla yaxın münasibəti varmış. Danışır ki, bir gün məşhur şairlərimizdən biri Qədirə şikayətlənirmiş niyə onun sözlərinə yazılan mahnıları oxumur. Qədir qayıdır ki, “siz şairlərin yazdıqlarını mən oxumuram”. Şair deyir “bəs Qasım Qasımzadənin sözlərinə yazılan “Olmaz, olmaz”ı oxuyursan axı!”. Qədir də “sən hələ onun kimi yazmağı öyrən, sonra gələrsən yanıma” deyə cavab verir. Yeri gəlmişkən, çoxlarından soruşsan bu mahnının, eləcə də “Eşqimin növrağı” (bəzən bunu “O körpəmin anasıdır” kimi də təqdim edirlər) mahnısının sözlərinin müəllifi kimdir, deməyəcəklər “Qasım Qasımzadə”, deyəcəklər “xalq”. Çünki bunları artıq xalq havaları kimi oxuyurlar və sanki ona vəsilə olurlar ki, sağlığında özünü-təbliğdən, ad-san hərisliyindən uzaq dayanan şair ruhu adsız-ünvansız bir şöhrət yiyəsinə çevrilir. İndi Şuşa həsrətlilərimizin dilində belə bir ifadə var: “bir şair gözəl deyib ki, Şuşa Qarabağın zümrüd tacıdır”. Bunu hansı şair deyib, yenə də Qasım Qasımzadənin adı çəkilməyəcək. Səbəbini yenə də belə anlamalı oluram ki, Tanrı onun ruhunu yəqin bu adsız-ünvansız bir şöhrətlə mükafatlandırıbmış. Hazırda televiziya ekranlarında ara sıra Azərbaycanın qartala bənzər xəritəsini və Bakını bu qartalın bərq vuran gözü kimi göstərirlər. Az adam bilir ki, bu bənzətməni ilk dəfə Bakıya həsr etdiyi şeirində dilə gətirən  ötən əsrin 60-cı illərinin Qasım Qasımzadəsidir:

 

…Kim deyər ki, var onun

Özgə quşa bənzəri?

Dimdiyində aparır

Elə bil ki, Xəzəri.

 

Bakı! Sən bu qartalın

Yanar, parlaq gözüsən.

Bədnəzərin gözünə

Batan oxun özüsən!

 

Milyon çıraqlı o göz

Zillənibdir uzağa.

Qartal cürət etməzdi

Onsuz qanad açmağa –

 

Milyon çıraqlı o göz

Şəfəqlədib yolunu.

Tufanlardan keçirmiş

Qanadını, qolunu…

 

Milyon çıraqlı o göz

Yerə, suya səpir nur,

Ulduzlara göz vurur.

O qocaman qartalı

Uca, nurlu göylərə,

Bir uğurlu səfərə

Uçurduqca uçurur...

- Ətrafında çox dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib, heç olubdurmu ki, bədxahları bu dostluğa ləkə salmaq istəsin və bacarsın?

-   Elə bir şeyi xatırlamıram...

- Daha çox kimlərlə oturub dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə qədər sizdə o insanlara bir doğmalıq hissi oyada bilirdi?

- Bayaq qeyd elədim, sadaladıqlarım insanların hər biri ilə xüsusi münasibəti var idi Qasım müəllimin. Xasiyyətcə bu fərqli insanların hər birinə sevgisi vardı. Çox güman, buna görə onu da sevirdilər. Yəqin Qasım müəllimə görə məndə də o şəxslərə məhrəm münasibət yaranmışdı. Onların əksəriyyəti indi haqq dünyasındadır. Qasım müəllimdən sonra Hüseyn Abbaszadə, Xəyyam Mirzəzadə, Kamal Talıbzadə ilə dostluğun davamı mənim payıma düşdü. Kamal müəllim bir dəfə məni az qala kövrəldəcəkdi deyəndə ki, bilirsən, səndən ötrü bu ahıl çağımda kimin qapısını döyüb açmaq lazımdırsa, mən həmişə hazır, səndən ötrü hazıram lap ölkə rəhbərinə də müraciət edim... Dostlarımın içində Vaqif Bayatlının xüsusi yeri var, bu dostluğu Qasım müəllim özülləndirib, binasını da kərpic-kərpic özümüz qoymuşuq...

- Bəs atanızı tanıdıqdan, kimliyini bildikdən, nüfuz və istedad sahibi olduqdan sonra sizdə nələr dəyişdi? Sinif yoldaşları, dost-tanış, tay-tuş arasında qürrələnmək və sair. Olubmu ki, atanızın adına söykənib şıltaqlıq edəsiniz?

-  Heç zaman olmayıb. Valideyn nüfuzuna söykənib şıltaqlıq etməklə bağlı sorğunuzu bu günümüzün kontekstində daha çox bəzi məmur övladlarına aid naqislik kimi təbii qəbul edib demək istəyirəm ki, yazıçı övladları üçün bu məndən ötrü o zaman da, indi də olduqca qeyri-təbii görünür.

- Qasım müəllim sizin üçün təkcə ata olmadı, həyatı, mövqeyi və ətrafı ilə bir nümunə də ola bilib. Nələri əxz edib nələri öyrəndiniz?

-   Çox şeyi bəlkə də öyrənmədik, sadəcə qanla, irsən qəbul etdik ondan.

- Ailə başçısı olaraq necə idi? Sizə, ailəyə vaxt ayıra bilirdimi?

-   Əlbəttə, ailə başçısı kimi də əvəzsiz idi. Bizə, bəzən də yaxınlarımıza görə ayırdığı vaxta heyfsilənirdim, deyirdim “yaradıcılığından qalırsan, işindən-gücündən olursan. Biz heç, sənin övladların, filankəslər qardaş-bacı uşaqların, başa düşürəm ki, qayğılanırsan, istəyirsən hər işimiz yoluna düşsün. Bəs üzünü illərlə görmədiklərinin, bəzən də heç tanımadıqlarının hər müraciətinə dərhal reaksiya verib qabağa düşürsən, məsələlərini həll etməkdən ötrü nə qədər vaxtın gedir, hələ onu demirəm ki, aralarında naxələf çıxanlar da var”. O da özünə belə bəraətlə cavab verirdi ki, yaxşılığı et, at dəryaya, balıq bilməsə də xaliq bilər... Bir neçə il öncənin söhbətidir, küçədə bir nəfər mənə yaxınlaşıb salam verir, ardınca da deyir “sizin atanız Qasım Qasımzadə mənə bir yaxşılıb edib”. Kimliyini soruşuram, deyir, azneft tərəflərdə mənzil-istismar idarəsinin müdiridir, bizimlə heç qohumluğu-filan da yox. Tələbəlik vaxtı imiş, imtahandan kəsilibmiş, İstiqlal küçəsi ilə ovqatı təlx yol gedirmiş. Təsadüfən qarşı səkidə Qasım müəllimi görür. Səkini keçib ona yaxınlaşır, üzünə salıb sıravi bir vətəndaş kimi ona dərdini açır, yardım istəyir. Qasım müəllim də onu akademiyanın yanında saxladığı avtomobilinə tərəf aparıb deyir “min gedək”. Gedirlər BDU-ya. Qasım müəllim orada çalışan dekana tanımadığı birisinin xahişini edir, tələbənin kəsirini düzəldirlər... Bunu mənə danışandan sonra gülə-gülə soruşuram “heç olmasa çox sağ ol dedinmi ona?” Bildirir ki, “harasa çox tələsirdi, imkan vermədi əməlli-başlı təşəkkürümü bildirim, dedi sənin məsələni həll etdim, maşını sürüb getdi, indi də fürsətdir o zaman dilə gətirməyə macal tapmadığım çox sağ olu sizə deyirəm...”

- Qonşulara münasibətdə, dostlara münasibətdə sizin illərin o tayında qalan müşahidələriniz bizə nəyi deyə bilər?

-  Nə deyim, vallah, az öncə dediklərimdə, məncə, bu sualın da cavabı var.

- Bəs dövr o dövr idi ki, senzura, təqib, təhdid, ehtiyatlı olmaq instinkti və sair. Heç təzyiqlərə məruz qalmışdımı?

- Əlbəttə. Xüsusən də ilk gənclik ilərində. Vaxtilə Azərbaycan Cumhuriyyəti dövründə Zəngəzur qəza rəisinin müavini işləmiş Şahsuvar bəyin nəvəsi olduğuna görə onu 1950-ci ildə aspiranturadan xaric etmişdilər. Ancaq azacıq sonra o zaman Ali Sovetin sədri Nəzər Heydərovun müdaxiləsi ilə aspiranturaya bərpa edilmişdi. Həmin dövrün sıxıntıları barədə özü bir müsahibəsində bildirirdi ki, əlinə qələm götürdüyü məqamda gözünün qarşısında həmişə Qlavlitin (sovet senzura idarəsinin), DTK-nın məşum fuquru boyaboy dayanıbmış. Ürəyində tutduqlarını sətiraltı, rəmzi obrazlarda, ifadələrdə çatdırmağa çalışırmış. O zamanlar cürətli sayıla biləcək cüzi addımlarına görə isə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin töhmətdən başlamış işdən çıxarılmaya qədər cəza payına layiq görülmüşdü. “Ədəbiyyat qəzeti”ndə baş redaktor işləyəndə “Novruz bayramı” sərlövhəsinə görə, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyinə görə mərkəzi komitədə ona “milli həddini aşmaq” damğası vurulmuşdu, Xəlil Rzanın bir qədər üsyankar şeirlərinin dərci üstündə töhmət almışdı, nəhayət, vəzifədən xaric edilmişdi. Həmin müsahibəsində deyirdi ki, onda da, indi də bu cəzaları mükafat kimi qarşılayır...

O dövrü səciyyələndirən bir xatirəni mənə Qasım müəllim də danışıb, bunu eynilə mətbuatda Bəxtiyar Vahabzadə də səsləndirib. Deməli, bir gün Bəxtiyar müəllimlə yol gedirmişlər və vətən-millət-azadlıq söhbətləri edirmişlər öz aralarında. B.Vahabzadə bədbinliyə qapılıb deyir nə vaxtsa millətimizin azad olacağına heç inanmağı gəlmir. Qasım müəllim isə gənclik ehtirası ilə nikbin-nikbin deyir millət azad olacaq, özü də kişi kimi azad olacaq. Belə söhbət edə-edə o vaxtkı Kommunist, indiki İstiqlal küçəsiylə enirlər aşağı. Sabirin heykəlinə çathaçatda yerdə kibrit qutusu görürlər. Bəxtiyar müəllim deyir, “bax, o qutunun içində bir salamat dənə varsa, sən deyən olacaq, yoxdursa, mən deyən”. Götürüb baxırlar ki, kibrit yanmamış çöplərlə dopdoludur. Bəxtiyar müəllim kibriti cibinə qoyub deyir “o azadlıq günü gəlsə, bu kibritlə sənin siqaretini özüm öz əlimlə yandıracam”. Qasım müəllim də siqaret çəkən deyildi, nadir hallarda çəkərmiş. Azərbaycan müstəqillik qazananda Bəxtiyar müəllim ona bir siqaret uzadır, cibindən həmin o kibrit qutusunu çıxardıb deyir “bax bu qutunu o gündən indiyədək saxlamışam”.  Həmin qutudan bir kibrit çöpü çıxarır və Qasım müəllimə verdiyi siqareti yandırır…

Qasım müəllim milli mənafe naminə yaranan hər fürsəti də sanki özünə aid mükafat kimi qarşılayırdı. Bu mənada Heydər Əliyevə münasibəti haqqında danışmaq da, elə bilirəm, yerinə düşər. 1981-ci ilin may, yaxud iyun ayı idi. Liviyadan Bakıya məzuniyyətə qayıtmışdım. Yazıçıların Şüvəlan yaradıcılıq evində Heydər Əliyevlə görüş keçirilmişdi. Qasım müəllim bu görüşün bəzi təfərrüatlarından danışanda açıqca biruzə verirdi ki, onun üçün vacib məqam Heydər Əliyevin  “Nə olar, qonşularımız kimi millət yolunda siz də bir yol cızığınızdan çıxın, uzaqbaşı bir partiya töhmətidir alarsınız, sonra da bu töhməti üstünüzdən silərik gedər” sözlərilə Azərbaycan yazıçılarını “milli qeyrətə” çağırışları idi. Sonra Heydər Əliyevlə şəxsi söhbətlərindən bəzi epizodları da mənə danışdı. Azərbaycanın rayonlarına onu səfərləri zamanı müşayiət edərkən aralarında bir neçə dəfə maraqlı söhbətləri olmuşdu və bu söhbətlərin başlıca mövzusu millət məsələsi imiş. Yüksək partiya və dövlət postunu tutan rəhbərlə bu təmaslarından Qasım müəllim o dərəcədə təsirlənmişdi ki, mənə deyirdi “H.Əliyevi qorumaq lazımdır, Moskvada bizi gözügötürməyən o qədər adam var ki...” Az müddət sonra Liviyaya qayıtdığımda Qasım müəllim mənə göndərdiyi məktubda yazırdı: “…Buradakı hadisə və yenilik Yazıçılar İttifaqının qurultayı oldu. Təəssüf ki, açılışında iştirak edə bilmədim. İkinci gün çıxışlar maraqlı keçdi. Məruzələr o qədər də sanballı deyilmiş. Elçininkini tərifləyirlər. Mənim də bir neçə dəfə adımı çəkibmiş (müsbət mənada). Sənin adın da ərəbcədən yeganə tərcüməçi kimi məruzəyə düşüb, təbrik edirəm. Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün günü, gecə seçki qurtaranadək qurultaydan getmədi. Kaş onun çox böyük müdrikliklə dediyi sözləri, replikaları eşidəydin. Dedi ki, millətin, xalqın mənafeyi yolunda yazıçılar, xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq göstərsinlər. Füzulinin qəbrinin İraqda sökülüb sümüklərinin bir küncə yığılması ilə əlaqədar çox qəzəbli danışdı, dedi ki, orda-burda millətdən danışırsınız, ancaq işə gələndə fəaliyyət göztərmirsiniz (Q.Qasımzadə məktubunun bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə xalq şairi və yazıçısının adını çəkir). Hamıda böyük ruh yüksəkliyi yarandı. Başqa vacib mətləblərdən də ehtirasla danışdı…”

Müstəqillikdən öncə yenidənqurma dövrü senzuradan yan keçmək imkanları baxımından Qasım müəllim üçün göydəndüşmə olur. Bir dəfə yaxşı xatirimdədir, “Bakı” qəzetinin əməkdaşı Ağəddin Mansurzadə Qasım müəllimə məqalə sifariş vermişdi. Qasım müəllim də ona telefonda “Yazaram, amma necə və nə yazsam gərək redaktəyə-filan məruz qalmadan dərc edəsiniz, əks təqdirdə, yazmağımın mənası yoxdur, razısansa yazım”. Ağəddin də söz vermişdi: “Arxayın olun, Qasım müəllim, sizin yazdığınıza kim əl vura bilər ki?! Narahat olmayın...” Məqalə mənəviyyat məsələrinə dair ciddi və sərt publisistik məzmunda imiş. Qəzet redaktoru Nəsir İmanquliyevlə də Qasım müəllimin xoş münasibəti varmış. Nəsir müəllim məqaləni bəyənir, “əla yazıdır” deyir, həm də xahiş edir yazıda bəzi ixtisarlar aparılsın. Ağəddin boynuna götürmür, deyir ixtisara, düzəlişə yol versək daha bizimlə əməkdaşlıq etməyəcək. Nəsir müəllim müəllifi dəvət edir redaksiyaya. Mehriban dost kimi görüşürlər. Həmişəki kimi dərhal çay dəstgahı düzəlir. Səmimi, şirin söhbətləri başlayır. Sonra Nəsir müəllim mətləbə keçib deyir, “bilirsən, sənin xətrini nə qədər istəyirəm. Mənə hörmət naminə gəl məqalənin bəzi sərt yerlərini yüngülləşdirək... Qasım müəllimin cavabı hazırmış. “Qurban olsun sizə!” deyib Nəsir müəllimin ehtiyat etdiyi yerləri təzədən gözdən keçirir, daha doğrusu, məqalənin sərt yerlərini “rəndələyir”, sonra da “Ancaq gərək redaktorun başı hərdən ağrısın, “Ədəbiyyat qəzeti”nin redaktoru işlədiyim illərdə mənim də başımı çox ağrıdıblar. Qəzet çıxan gecəni isə mən demək olar ki, yatmamışam” deyir. “Allah səni saxlasın, sən həftədə bir qəzet buraxmısan, bir gecə yatmamısan, onda mən gərək heç yatmayım. Ona görə ki, qəzetin həftədə on iki nömrəsi çıxır, altısı azərbaycan, altısı da rus dilində. İndi özün mənim vəziyyətimi başa düş...” deyə Nəsir müəllim cavab verir. Bu xatirə daha ayrıntılı olaraq Ağəddin Mansurzadənin “Nəsir İmanquliyev məktəbi” kitabında da gedib.

Və nəhayət, bir vacib məqamı da qeyd edim. Sovet senzurası Qasım müəllimə, ümumiyyətlə, baha başa gəlib. Bir neçə il əvvəl təsadüfən əlyazmaları arasında onun dərc edilməmiş bir poemasına rast gəldim, bunu 23 yaşında qələmə alıbmış. Kosmosa, gələcəyə, keçmişə səyahət səpkisində, elmi bədiiyyat janrında maraqlı əsərdir. Poemada zadəgan törəmələri üç qəhrəman var: Adil xan, İstiqbal və Azər. Sovet dövrünün siyasi konyukturasına xeyli dərəcədə zidd poemadır, çap oluna bilməzdi deyə arxivində yatıb qalıb. Həm də elmi bədiiyyat janrında dünya poeziyasında ilk nümunədir. Bu barədə geniş araşdırmam var, mətbuatda dərc edilib. Bunu ona görə xatırladıram ki, sovet senzurası olmasaydı, həmin janrda ilk poeziya nümunəsinin müəllifi dünya poeziyası tarixində də təsdiq edlmiş bir imza olaraq yer tutardı. Qasım müəllimdən on il sonra bu janrda bir İsveç şairinin yazdığı poema sonradan Nobel mükafatı alıb…

- Gənclərə xüsusi qayğısı, diqqəti olub, onlara görə olubmu ki, kimlərləsə üz-üzə gəlsin, haqqı nahaqqın ayağına vermədiyinə görə əl-ayağına dolaşsınlar?

- İstərdim bu barədə vaxtilə qayğı göstərdiyi Nüsrət Kəsəmənlinin  müsahibəsindən bir parçaya müraciət edim. Qasım müəllimin sağlığında “Yol” qəzetində dərc edilib: “Mənim üçün birinci amil yaxşını görüb etiraf etməkdir, qolundan tutub ayağa qaldırmaqdır. Elə ki, ayağı yer tutdu, əgər istedadı varsa, “yeriməyə” başlayacaq. “Yeriyə” bilmirsə, himayədarlıq edib arxanca sürüməyə dəyməz. Bu mənada şəxsiyyətinə ən çox hörmət etdiyim Qasım Qasımzadənin adını çəkmək istəyirəm. Bu şairin şəxsiyyəti ilə yazıları arasında “ciddilik” deyilən bir oxşarlıq var. Buraya qətilik və sözübütövlüyü də əlavə etsək, şəxsiyyət tamamlanar. Şair huşsuz, sadəlövh görünəndə, yaxud görünmək istəyəndə yazıları nə qədər ciddi olsa da, özü gülməli görünür. Şairin xeyirxahlığından, ağsaqqal kimi xalq üçün gördüyü işlərindən, şeirlərinin yüksək bədii keyfiyyətlərindən danışarlar, ağsaqqal adamın uşaq hərəkətlərini lətifəyə çevirib söyləməzlər. Gərək sənətkarın özü buna imkan verməsin. Qasım Qasımzadə sözün böyük mənasında şəxsiyyətdir. Ramiz Rövşəni, Seyran Səxavəti, məni heç kimin tanımadığı, redakslyalardan kor-peşman qayıtdığımız bir vaxtda Qasım müəllim “Uğur olsun” yazdı, bizi geniş oxucu kütləsinə tanıtdı. Və nə yaxşı ki, sonralar himayədarlıq etmədi. Elə indinin özündə “mənim yetirmələrimdir” deyib öyünmür. Hərçənd Qasım müəllimin buna haqqı var...”

Bir dəfə olub ki, siz demiş, çalışıblar haqqı nahaqqın ayağına versinlər. Həyatdan çox erkən getmiş bir qəzəl ustası vardı – Elnarə Buzovnalı. Həqiqətən, çox istedadlı bir qız idi. Şeirlərini veribmiş Qasım müəllimə. Onun yazdıqlarını mənə göstərib dedi, bax, necədir, bəyənirsən? Oxudum, xoşuma gəlsə də fars-ərəb tərkibli ifadələrin çoxluğundan şikayətləndim, dedim yəqin müəllifi kimdirsə, Abşeronun köhnə kişilərindəndir. Dedi, indi təsəvvür elə ki, bu qəzəllərin müəllifi 19 yaşında bir qızdır, Buzovnalıdır. Açığı, çox təəccübləndim ki, bu yaşda necə belə yaza bilər. Düşündüm yəqin çox mütaliəlidir, istedadı da öz yerində. Qasım müəllim həmin qızın filologiya fakültəsinə daxil olmasına törədilən əngəllərdən, müəllimlərin rüşvət istəməsindən, atasının da imkansız birisinin olduğundan qəzəblə danışdı və nəhayət, dedi onu imtahandan kəsən vicdansızların heç onun qədər ədəbiyyat bilgisi də yoxdur. Bir neçə gündən sonra bu gənc istedad haqqında bir yazı yazıb “Ədəbiyyat qəzeti”ndə dərc etdirdi, ardınca da həmin fakültə müəllimləri ilə görüşüb onları utandıraraq vicdana dəvət etdi. Beləcə Elnarə instituta daxil oldu, qısa müddətdə məşhurlaşdı, Abşeron qəzəl məclislərinin tanınmış, sevilən üzvlərindən birinə çevrildi. Əfsus ki, ailə qurandan az sonra avtomobil qəzasında həlak oldu...

- Ümumiyyətlə, Qasım Qasımzadə xatirələrdə daha şirin, xoş, sevilən, yadda qalan idi, yoxsa həyatda?

-  İnanın ki, hər ikisində. Xatirələrdə necədirsə, həyatda da olduğu kimi şirin və sevilən, mülayim və sərt, ipək kimi yumşaq və ipək kimi möhkəm, zadəganlığından da heç zaman qalmayan şair-alim Qasım Qasımzadə.

 

Söhbətləşdi: Faiq Bababəyli

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.12-13.