Günter Qrassın günahlı keçmişi  

 

2006-cı ilin avqustunda Almaniyada Günter Qrass adı ətrafında söz-söhbət artdı. Əslində, müzakirələrə yazıçının özü yol açdı. O, etiraf etdi ki, gənclik illərində SS-in üzvü olub. Həm də bildirdi ki, "Vaffen SS" heç də cinayətkar və işğalçılıq niyyətli qoşun növü olmayıb. Bu xəbər ölkənin kütləvi informasiya vasitələrində geniş əks-səda doğurdu. Çoxsaylı zənglər, müsahibələr yazıçını zinhara gətirmişdi. Bütün bu söhbətlərə son qoymaq üçün bəyan etdi ki, "Vaffen SS" sıralarında olarkən heç bir hərbi cinayət törətməyib, heç bir güllə atmayıb.

Belə açıqlama cəmiyyətdə rezonans doğurduğundan, Qrass ömrünün həmin səhifəsi barədə 2006-cı ildə əsər yazdı. Həmin əsərin işıq üzü görməsindən sonra da yazıçı barədə müzakirələr səngimədi. Ümumiyyətlə, Günter Qrassın siyasətlə məşğul olması bəzi ölkələrin rəsmiləri tərəfindən narazılıqla qarşılanıb. Məsələ burasındadır ki, o, bəzi ölkələrin siyasətini tez-tez tənqid edirdi. Və belə ittihamlar ölkələr arasındakı münasibətlərdə soyuqluq yaradırdı. Almaniya isə dəfələrlə bəyan edirdi ki, "yazıçı Günter Qrassın bəyanatlarının ölkəmizin xarici kursu ilə heç bir bağlılığı yoxdur. Yazıçı azaddemokratik şəxsdir". Belə siyasətə qarışmaların birində isə onu persona-non-qrata elan etdilər. İsrail dövlətinin rəsmi şəxsləri Günter Qrassı nasizmə xidmət etmiş şəxs adlandırdı. Qrass qalmaqallı siyasi bəyanatları ilə daha da uzağa gedirdi. Onun "Avropanın rüsvayçılığı" şeirində Yunanıstana qarşı laqeydlik, o cümlədən adıçəkilən ölkəni borc içində çabalatmaq kimi nüanslar yer alırdı.

2013-cü ildə yazıçının yeni bəyanatı barədə xəbərlər dərc edildi. O, bildirdi ki, daha roman yazmayacaq. Çünki üstündə 5-6 il işlədiyi romanını yazmağa həm yaşının çoxluğu, həm sağlamlığı imkan vermir. Sonuncu olan "Vonne Endlichkait" əsəri özündə həm poeziyanı, həm də nəsri birləşdirir. Həmin romanı ölümündən 3 gün əvvəl bitirmişdi. Həmin günə qədərsə Günter Qrass adlı yazıçı dünyanın nəsrinə işıq saçdı.

Günter Qrass 1927-ci ildə doğulub. Milliyyətcə almandır. Həm heykəltəraş rəssam olub.  1999-cu ildə Nobel mükafatına layiq görülüb. Qrass almandilli yazıçıların birliyi olan "47-ci qrup"un fəal üzvlərindən sayılıb. Debüt romanı "Dəmir təbil"dən sonra məlum oldu ki, müharibə daha bir yazıçını meydana gətirib. O, Günter Qrassdır. Yazıçının həyat yaradıcılığı, eləcə siyasət arenasında ciddi fikirləri hələ tədqiqatçıların müzakirəsindədir. Onun əsərlərinin əsas motivi doğulduğu Dantsiq nasizm barədədir. Nasizmin dünya bəlası barədə təfərrüatlı əsərlər yazıb. Almaniyanın ictimai-siyasi həyatında fəal rol oynayan yazıçı Yaşıllar partiyasının seçkilərində fəal iştirakı ilə seçilib. Nasizm barədə çox yazmasına irad bildirən jurnalistə isə deyib ki, "mən gələcəkdə bir belə səhvin təkrarlanmasını istəmirəm".

Günter Qrass həmişə atası barədə xatirələrini bölüşərmiş. Vilhelm Qrass protestant olub. Ərzaq məhsullarının ticarəti ilə məşğul imiş. Yazıçının uşaqlığı Dantsinq şəhərində keçib. Bu şəhər siyasi inqilablar şəhəri kimi ad çıxarıb. Bəzən tədqiqatçılar Günter Qrassın siyasi arenada hansısa məsələyə dair bəyanatını da məhz doğulduğu şəhərlə əlaqələndirirlər. Gələcəyin yazıçısı uşaq olarkən faşistlər hakimiyyətə gəlmişdilər. Digərləri kimi o da gənc hitlerçi olub. Tədbirlərə gedər, yeni ideyalar ətafında müzakirələrə qoşularmış. Əlbəttə, hələ anlamazdı ki, hansı amala görə mübarizə aparır.

Günter 1943-cü ildə, 16 yaşında 3-cü Reyxin hərbi hava qüvvələrinin zenit batareyası xidmətində köməkçi vəzifəsində çalışıb. 1944-ci ildə Reyx hökumətinin Əmək xidməti tərəfindən 6 aylıq kurs keçib. Məhz həmin il könüllü şəkildə vermaxtda xidmətə yollanıb. Üçüncü Reyxin hərbi-dəniz qüvvələrində xidmət üçün ərizə ilə müraciət edib. Yazıçı xatirələrində yazırdı ki, məhz sualtı gəmidə xidmət etmək istəyirmiş. 2006-cı ilin avqustunda Reuters İnformasiya Agentliyi reportajında Günter Qrassın keçmişi barədə məlumat verərkən niyə faşist ordusunda xidmət etməsi səbəbinə toxunmuşdu. Günter Qrass bildirmişdi ki, evdə özünü həbsxanadakı kimi hiss edirmiş. Nasist təbliğatı milyonlarla adamın beynini yuduğu kimi, onu da həmin bataqlığa atıb. Bilməyib ki, vətənpərvərlik hissi imperialist digər ölkələrin torpaqlarının işğalı siyasətindən başqa bir şey deyilmiş. İnformasiya agentliyinin reportajının alt qatdakı məramı sanki yazıçını müdafiə etməkdən ibarət idi. Yəni, yazıçı günahkar olmayıb, sadəcə aldanıb, yanlışlığa yol verib.

Beləliklə, hərbi-dəniz qüvvələrində xidmət istəyi alınmayıb. Onu "Frundsberq" SS-in 10-cu tank diviziyasına xidmətə çağırıblar. Müharibə sona çatdıqca canlı qüvvə sarıdan korluq çəkilib. O baxımdan 17, hətta ondan aşağı yaşlı gəncləri müharibəyə aparıblar. Adətən, tank diviziyasına 17 yaşlı gəncləri götürməzdilər. Günter ərizə yazan kimi diviziyaya göndərilmiş, üstəlik, ona tank idarə etmək həvalə olunub. Müharibə həm ölüm şikəstlikdir. 1945-ci il aprelin 20-də Şpremberq adlı şəhər ətrafında gedən döyüşlərdə Günter Qrass yaralanıb. Bu, sovet qoşunlarının Berlini almaq istiqamətində sonuncu əməliyyatlarından sayılır. 1945-ci il mayın 8-də Çexiyanın Marienbad (hazırkı Mariansk-Lazna) şəhəri ətrafında Antihitler Koalisiyasının tərkibindəki amerikan qoşunları tərəfindən əsir götürülüb. Bad-Ayblinq şəhərindəki hərbi əsirlər düşərgəsində 1946-cı ilin aprelin 24-nə qədər saxlanılıb. Həmin düşərgə ABŞ-ın nəzarəti altında idi. Amerika qoşunları öz əsirlərini həmin düşərgədə saxlayardılar.

2014-cü ilin oktyabrından etibarən Günter Qrassın Lyubek şəhərindəki ev muzeyində "Əsgər Qrass" adlı ekspozisiya sərgilənir. Multimedia İnstalsiya vasitəsilə Qrassın 3-cü Reyx vaxtındakı əsgərlik xidməti öz əksini tapıb. Məsələn, o, 10-cu tank diviziyasında xidmət edərkən tankların hərəkət marşrutu açıq-aydın göstərilir. Ekspozisiyada "Hərbi əsir Günter Qrassın işi" adlı guşə var. Onun Reyxin İmperiya əmək xidmətinin formasındakı fotosu da buranı ziyarət edənlərin nəzərini cəlb edir. Bir yazılı etiraf isə gündəliyindəndir. Həmin gündəlik 1963-cü ildə yazılıb. O, alman naşiri Klaus Vaqenbaxa özünün sirli keçmişi barədə yazıbmış. Yəni, 2000-ci illərdə bütün dünyanın eşitdiyi etirafı hələ ötən əsrin 60-ci illərində alman naşiri bilirmiş.

Yaxınları düşünüb ki, Günter hərbi əsir düşərgəsindən azad olunandan sonra özünə gəlməsi üçün neçə il lazım gələcək. Ancaq o özünü itirməyib, təpər taparaq təhsil almağa qərar verib. 1947-48-ci illərdə Düsseldorfdakı peşə məktəbində sənət öyrənib. Sonra Düsseldorf Rəssamlıq Akademiyasında qrafika heykəltəraşlıq fakültəsində təhsil alıb. Şəhərin mərkəzindəki Zum Çikos kafesində şveytsar işində çalışıb ki, dolanmağa qəpik-quruşu olsun. Tək olsaydı, çətinlik yaranardı. O, Akademiyada Herbert Çanqsla tanış olmuşdu, elə birgə işləyirmişlər. Dostu sonralar məşhur rəssam kimi bütün dünyada ad çıxardı. 1953-56-cı illərdə Günter Berlin İncəsənət Universitetinə daxil oldu. Məşhur heykəltəraş Karl Hartunqdan dərs aldı.

Qrass üçün 3 ölkə çox əziz olub: Almaniya, Fransa İçveçrə. Ömrünün müxtəlif illərini həmin ölkələrdə yaşayıb. Yazıçının ciddiyyəti ailəsində öz təsirini göstərib. 1954-ci ildə evləndiyi Anna Şvarts uzun illər onunla həyat yolu keçib. Lakin Günterin əsəbiliyi həmin qadınla birgə yaşayışı 1972-ci ilə qədər mümkün edib. Ayrılmağı qərara alıblar. Ancaq hansısa səbəbdən rəsmi ayrılıq 6 ildən sonra - 1978-ci ildə baş tutub. Bəziləri hesab edir ki, Günter həyat yoldaşı ilə barışmaq niyyətində olub. Lakin xudbinliyi buna imkan verməyib. Anna isə çox yalvarıb-yaxarmayıb. Sən demə, yazıçının qeyri-rəsmi evliliyi mövcud imiş. Memar rəssam Veronika Şryoterdən uşaqları dünyaya göz açıb. Yazıçının ikinci rəsmi evliliyi orqan ifaçısı Uta Qrunertlə olub. Uta yazıçı ilə son nəfəsinə qədər birgə qalıb. Avtobioqrafik romanında qeyd edir ki, onun 3 qadından 8 uşağı dünyaya göz açıb. Ölümünə qədər 18 nəvəsinin olduğunu deyərmiş. Son dəqiqələrində uşaqları nəvələri onu tək qoymayıb. Əsas vəsiyyətini isə sonuncu həyat yoldaşına söyləyib.

Günter Qrass 2015-ci ilin aprelində 87 yaşında Lyubek şəhərindəki klinik xəstəxanasında gözlərini əbədilik yumdu. Lyubek teatrında vida mərasimi keçirildi. Mərasimdə Almaniyanın keçmiş federal prezidenti Yoahim Hauk da iştirak etdi. Oskar mükafatı laueratı Con İrvinq nitq söylədi. Həmin gün Almaniyanın bir sıra rəsmi binalarında milli bayraqlar endirildi.

Günter Qrass sağlığında deyirdi ki, heç vaxt hərbi əməliyyatlarda iştirak etməyib, bircə güllə atmayıb. Ancaq yaralanması əsir götürülməsi başqa mətləblərdən xəbər verir. Bəlkə müharibə əsgəri kimi kimisə öldürməyib. Ancaq çoxları buna inanmadı.

 

Azər QİSMƏT

 

Ədəbiyyat qəzeti.- 2017.- 21 oktyabr.- S.31.