Dilçilikdə yeni hadisə

 

Dünya şöhrətli həmyerlimiz, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq Universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri Azərbaycan dilinə tərcümə olunub. Bu, dilçi-mütəxəssislər tərəfindən Azərbaycan dilçiliyində böyük hadisə kimi qiymətləndirilir.

Üç hissə, iyirmi iki fəsil və  mindən artıq səhifədən ibarət bu nəhəng işin önəmi mütərcimin orijinal mətnin tərcüməsi ilə yanaşı, kitaba öz tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə tərcüməçi-alim İ.Abbasov M.Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb etmişdir.

Müsahibimiz Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini kitabın nəşrindən 178 il sonra müəllifin ana dilinə çevirən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Nəzəri dilçilik" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovdur.

 

- İdris müəllim, əvvəlcə, milli-mədəni sərvətimizin tərkib hissəsi - ana dilimizin ən böyük abidəsi olan  Mirzə Kazımbəyin dünyaca məşhur "Türk-tatar dilinin ümumi qrammatikası" əsərini müfəssəl tədqiq və şərhlərlə Azərbaycan dilinə tərcümə etdiyiniz üçün sizə minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar diləyirik!

- Çox sağ olun!

- Necə oldu ki, belə bir ağır və məsuliyyətli işin altına girdiniz?

- Dahi Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası" kitabının tərcüməsi M.Kazımbəy qədər əziz olan mərhum akademik Tofiq Hacıyevin təşəbbüsü idi. Belə oldu ki, böyük ustad 2014-cü ilin noyabrında məni AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna dəvət etdi. O zaman ustad Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı naminə görüləcək bir sıra işlər barəsində planları var idi.  Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın Azərbaycan dilinə tərcümə edilməsi planı birinci yerdə dayanırdı. Ustad bu işi mənə həvalə etdi.  Çox ağır və məsuliyyətli bir işin altına girdiyimin fərqində idim. İşi uğurla başa çatdırmağın zəruriliyini düşünməkdən başqa çarəm qalmırdı.

- Yüz yetmiş səkkiz il bundan əvvəl nəşr olunmuş ana dili abidəmiz indiyədək hansısa bir xarici dilə çevrilibmi?

- Məlum olduğu üzrə, həmyerlimiz Mirzə Kazımbəy 1839-cu ildə ilk dəfə olaraq türk dillərinin qrammatikasını əhatə edən "Türk-tatar dilinin qrammatikası" kitabını, daha doğrusu, dərs vəsaitini yazıb. O, 524 səhifədən ibarət bu əsərini Şərqin öyrənilməsinə töhfə vermiş Musin-Puşkinə həsr edib. Kitabın nəşri ilə əlaqədar M.Kazımbəy Sankt-Peterburqdakı dostuna yazırdı: "Bu Qrammatika dörd illik zəhmətimin məhsuludur və ola bilsin ki, gələcək nəsil buna görə mənə minnətdar olacaq". Kitab böyük uğur qazanaraq bütün dünyaya səs saldı. Həmin ildə Rusiya Maarif Nazirliyi kitaba böyük tələbatın olduğunu və təkrar nəşrin vacibliyini müəllifin nəzərinə çatdırdı. Kitab "Türk-tatar dilinin ümumi qrammatikası" adı altında 1846-cı ildə təkrar nəşr olunmuşDemidov mükafatına layiq görülmüşdür. M.Kazımbəyin bu əsəri müasirləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Akademik Dorn, professor İ.Berezin, fransız şərqşünası Q.Düqa, O.Bötlinq, A.Kononovonlarla başqaları kitab haqqında dəyərli fikirlər söyləmişlər. Məşhur "Qrammatika" 1848-ci ildə alman şərqşünas Y.Senker tərəfindən alman dilinə çevrilibuzun müddət Qərb ali məktəblərində dərs vəsaiti kimi tədris olunmuşdur.

- Sirr deyil ki, bugünədək ana dilimizin ilk elmi qrammatikasının əks olunduğu bu kitabı kimsə Azərbaycan dilinə çevirməyə özündə güc tapmayıb. Təbii ki, ilk növbədə işin çətinliyi nəzərə alınıb. Amma siz bu çətinliyi göz altına almağa özünüzdə güc tapdınız...

- Əsər nəinki ana dilimizə çevrilməyib, hətta onu sonadək mütaliə edib kitabın məğzi haqqında dəqiq mülahizələr də söyləyən olmayıb. Əksinə, kitab haqqında müasir dilçilərimizdən bəzilərinin yanlış müddəalarına da rast gəlinir. Düzdür, əsərin dili və terminologiyası mürəkkəb, bəzən anlaşılmazdır. Digər tərəfdən, müxtəlif yazı qrafikası ilə qələmə alınması, kompüterdə yığılmasının texniki əngəllər törətməsi əlavə zəhmət və diqqət tələb edirdi. Əsəri altı aya tərcümə edib qurtardım. Amma tərcüməni yenidən nəzərdən keçirdikdə səhvlərin, yanlış terminoloji çevirmələrin şahidi oldum. M.Kazımbəyin istifadə etdiyi terminlərə azərbaycanca, hətta rusca dilçiliyə dair tərtib olunmuş müasir terminoloji lüğətlərdə və ensiklopediyalarda rast gəlinmirdi. Mən isə öz növbəmdə tələskənliyə yol vermişdim. Belə ki, müxtəlif dillərdə olan müvafiq mənbələri araşdırıb dərinliyə baş vurmamış, bununla da, son illərdə dilçiliyə aid əsərlərin Azərbaycan dilinə tərcüməsi ənənəsinə sadiq qalmışdım. Nəticədə, sanballı bir tərcümə işindən danışmaq çətin idi. Məsələn, çox vaxt hər hansı fikir kontekstdən aydın olmurdu. Tərcüməyə yenidən qayıtmağın zəruriliyini hiss etdim. İntensiv çalışmalardan sonra M.Kazımbəyi təkcə öz əsəri müstəvisində tərcümə etməyin mümkünsüzlüyünü dərk etdim.

- Tərcümənin müfəssəl tədqiq və şərhlərlə müşayiət olunması müasir Azərbaycan dilçiliyində yeni təmayüldür.  Əsərə belə yanaşmanız hansı zərurətdən irəli gəldi?

- Doğrudan da, Mirzə Kazımbəyin linqvistik üslubunun spesifikliyi müasir tədqiqatçı üçün xeyli çətin və mürəkkəb,  eyni zamanda anlaşılmaz görünə bilər. Bu, təbiidir. Bu çətinlikləri asanlaşdırmağın yeganə yolunu M.Kazımbəydən əvvəl və onun dövründə yazılmış fundamental əsərləri müqayisəli şəkildə tədqiq və şərh etməkdə gördüm. Məhz bunun sayəsində dil faktlarına orijinal yanaşma tərzini ortaya qoymağı bacardım.  Ərəb, latın, fransız, rus, türk, italyan, ingilis və digər dillərdə olan klassiklərin əsərlərinə müraciət etməklə kələfin ucunu tapdım. Latın dilində H.Miqiza (1612), F.Meninski (1680), fransız dilində J.Holderman (1730), J.Prendl (1789), M.Viqye (1790), A.Jober (1833), Jan-Şarl Bess (1829), V.Lötelye (1838), A.Fayzmayer (1847), L.Dübö (1856), Şarl Vyot (1856), M.Nassif (1862), ingilis dilində A.Davids (1832), italyan dilində K.Komidas (1794) və digərlərinin Türk-Azərbaycan dilinin qrammatikasına dair əsərlərini müqayisəli təhlilə cəlb etdim. Bir çox hallarda fransız alimlər - A.ArnoK.Lanslo, N.Boze, şərqşünas Silvestr Sasinin fikir və müddəalarına, Babil, Çin-yapon və ərəb ənənəvi qrammatikalarına, qədim hind, Roma dilçiliyinə, modistlərin, humanistlərin, fransız ensiklopedistlərinin təlimlərinə, qədim yunan və latın dillərinin qrammatikalarına üz tutdum, bildiyim dillər vasitəsilə sanskritanqlo-sakson dillərindən lazım olan dil faktlarını əxz etdim. Təkmilləşdirməyə ehtiyac duyduğum məqamlar üzərində dönə-dönə dayandım. M.Kazımbəyin türk dili və dialektləri ilə bağlı işlətdiyi bir neçə istilahın izahını M.V.Lomonosovun "Rossiyskaya qrammatika" (1755) əsərində tapdım. Bu qəbildən olan digər terminoloji problemləri həll etmək məqsədilə A.A.Bobrovnikovun "Qrammatika monqolsko-kalmıkskoqo yazıka" (1855) əsərini və Rusiya ərazisində yaşayan digər türkdilli xalqların dilinə aid rus dilində yazılmış bir sıra dissertasiya, avtoreferat və monoqrafiyaları nəzərdən keçirdim. Şübhəsiz ki, bütün bunlar M.Kazımbəyin öz "Qrammatika"sında bəhs etdiyi türk ləhcələrində spesifik qrammatik hadisələrin anlaşılması üçün böyük önəm kəsb etdi. Beləliklə, M.Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası" əsərinin aydın mənzərəsini yaratmaq məqsədilə tərcümə, tədqiq və şərh işini mümkün qədər uğurla başa vurmağa çalışdım. 

- Məlum olduğu kimi, kitabda Türk-Azərbaycan dilindəki misallar ərəb qrafikası ilə verilmişdir. Bizim üçün maraqlıdır ki, ərəb hərflərinin spesifik tələffüz xüsusiyyətlərini nəzərə alaraq transliterasiyaartikulyasiya problemlərini necə həll etdiniz?

- Transliterasiya məsələlərində bir qədər tərəddüdlərim oldu. Nəhayət, belə qərara gəldim ki, M.Kazımbəyin sırf rusdillilər üçün kiril əlifbası ilə verdiyi transliterasiyanı orijinala yaxınlığı saxlamaq şərtilə latın qarafikası ilə verim. Əlbəttə, istənilən variantda verilmiş transliterasiyanı azərbaycanlı və digər türk dili daşıyıcıları asanlıqla anlamaq və dəqiq tələffüz etmək imkanına malikdir. Mən beynəlxalq standartlara uyğunluğu əsas götürəndə əsərin gələcəkdə digər Avropa dillərinə tərcümə olunmaq ehtimalını nəzərə aldım. Odur ki, S.Sasi, A.Davids, A.Jober, A.Fayzmayer, K.Komidas, P.LötelyeL.Dübönün türk dilinin materiallarına aid təqdim etdikləri transliterasiyanı olduğu kimi saxladım. M.Kazımbəyin ərəb qrafikası ilə yazdığı və bir çox hallarda transliterasiyasını vermədiyi morfologiya bəhsində uyğun gələn nümunələrdə K.Komidasın italyan dilində yazdığı "Türk dili qrammatikasının əsas prinsipləri" (1794) əsərindən istifadə etdim.  Çünki tarixiliyi qoruyub saxlamaq baxımından K.Komidasın transliterasiyasının, məncə, önəmi var. Amma sintaksis bəhsində ərəb qrafikası ilə yazılmış və oxucu üçün mürəkkəb görünən bir sıra nümunələrin transliterasiyasını M.Kazımbəyin dəst-xəttinə uyğunlaşdırmağa çalışaraq öz variantımda verdim. Nəticə etibarilə, transliterasiya problemi, məncə, öz həllini tapa bildi. Artikulyasiya məsələsinə gəlincə, qeyd etmək istərdim ki, çətin və mürəkkəb görünən ərəb hərf və səsləri türk dilinin timsalında xeyli sadələşir. Məsələn, ərəb əlifbasında s səsini verən üç, z səsini verən dörd və nəhayət, t kimi tələffüz olunan iki hərf vardır. Ərəblər bu hərfləri bir-birindən çox yaxşı ayırd edirlər, hərçənd ki, onların tələffüzü dialektlərə görə dəyişir. Türklər isə adi işlətmədə bu hərflər arasında heç bir fərq qoymurlar. Ərəb dilində emfatik artikulyasiya yaradan hərf türk dilində nisbətən yumşaq tələffüz edilir. Buni aydınlaşdırmaq məqsədlə mən M.Kazımbəyin sələflərinin və onunla eyni dövrdə yaşamış görkəmli dilçi alimlərin fonoloji görüşlərini qarşılaşdırıb səs və hərflərin aydın fonetik mənzərəsini yaratmağa çalışdım. Ümumiyyətlə, əsərdə fonetika, morfologiyasintaksis bəhslərinə dərindən təmas edilmiş, ciddi tədqiqatlar sayəsində qaranlıq məqamlara aydınlıq gətirilmişdir.

- Dünya dilçilik elmində Mirzə Kazımbəyin mövqeyini necə qiymətləndirirsiniz?

- Sualınızla bağlı cavaba keçməzdən əvvəl bir məsələni qeyd edim ki, XIX əsr alman dilçisi Frans Boppun 1833-1849-cu illər arasında çapdan çıxmış "Sanskrit, zend, yunan, latın, Litva, qotalman dillərinin müqayisəli qrammatikası" əsəri elm tarixində sözügedən hind-Avropa dillərinin müqayisəli təsvir və sözdəyişməsində ilk təcrübə hesab olunurdu. Əsərinin müqəddiməsində bəyan etdiyi kimi, alimi daha çox ad və feillərin fleksiyasının mənşəyi maraqlandırırdı. Əslində F.Bopp bu əsərində müxtəlif dillərdə morfem qarşılaşdırmasının yeganə qarantı olan fonetik korrespondensiyanın sərt üsulunun olmamasını söyləyərək yanlışlığa yol verirdi. Buya digər çatışmazlıqlarına baxmayaraq, F.Boppun mövqeyionun əsərinin müqayisəli qrammatikadakı yeri çox şişirdilirdi. E.Makayev dilçi-alim D.Meyeyə istinadən yazırdı: "Xristofor Kolumb Hindistana yol axtararkən Amerikanı kəşf etdiyi kimi, Bopp da hind-Avropa dillərinin izahını arayarkən müqayisəli qrammatikanı kəşf etmişdir". Tərəddüd etmədən eyni yüksək qiyməti, hətta ondan bir qədər üstününü Mirzə Kazımbəyə vermək daha ədalətli yanaşma olardı. M.Kazımbəy 1839-cu ildə məhz belə bir nəhəng missiyanı yerinə yetirmişdir. Əslində o, nəinki türkologiyada, həm ümumi dilçilikdə faydalı və orijinal bir əsər ortaya qoymuş, rus, Azərbaycan və müxtəlif türk dillərinin,  həmçinin, monqol, ərəb, fars, fransız dili kimi müxtəlif sistemə malik bir sıra dünya dillərinin müqayisəli qrammatikasını tədqiqata cəlb etmişdir. M.Kazımbəy öz dərin intuisiyası hesabına komparativkontrastiv dilçiliyin klassik keyfiyyətlərinə xidmət edən bir sıra parlaq və inandırıcı tutuşdurmaları təqdim etmişdir. Mən hesab edirəm ki, elə buna görə dünya dilçiləri heç bir qısqanclıq etmədən bu sayğıdəyər şəxsiyyətin gerçək mövqeyini açıqlamaqdan çəkinməməli, dahi azərbaycanlı alimin dünya dilçilik elminə verdiyi töhfəni düzgün qiymətləndirməlidirlər. Etiraf etmək lazımdır ki, bir çox dilçilik məsələlərinə yanaşmada M.Kazımbəy hətta F.Boppun fövqündə dayanır. M.Kazımbəyin linqvistik irsini ciddi tədqiqata cəlb etmək yolu ilə bu həqiqəti asanlıqla təsbit etmək mümkündür. Əminəm ki, bu dahi şəxsiyyətin linqvistik irsi indən belə ciddi tədqiqat obyekti olacaqdır.

- Tədqiq və şərhlərlə müşayiət olunan bu əsəriniz Azərbaycan dilçiliyinə dilçilərimiz tərəfindən əvəzsiz töhfə kimi qiymətləndirilir. Əsərin başlıca əhəmiyyəti haqqında sizin dilinizdən eşitmək istərdik.

- Azərbaycan dilinin qrammatikasının erkən yeni dövr Qərb mənbələrində araşdırılması baxımından kitabın müstəsna əhəmiyyəti vardır. Əsərlə tanış olan azərbaycanlı mütəxəssis müqayisə zəminində öz dilinin tarixi-elmi qrammatikasının xasiyyəti haqqında mükəmməl təsəvvürə malik olacaq. İstər fonetika, istərsə də morfologiyasintaksis müstəvisində Azərbaycan dilinin qrammatikasının dünya dilləri ilə müqayisədə zəngin elmi əsaslara və klassik struktura malik olduğunu  aydın görəcək və istənilən dil hadisəsini dəqiq ifadə etmək baxımından ana dilimizin qrammatikasının latın, fransız, ingilis, italyan, hətta ərəb dilinin qrammatikasından  geri qalmadığının, əksinə, irəli getdiyinin şahidi olacaq.

Təcrübə göstərir ki, hər hansı bir dilin inkişafını təcrid olunmuş şəkildə təsəvvür etmək qeyri-mümkündür. M.Kazımbəy "Qrammatika" əsərini, əsasən, türk dillərinin müqayisəsi əsasında qurmuşdur. Biz bir sıra dünya dillərini də dövriyyəyə daxil edərək müqayisənin miqyasını xeyli genişləndirdik. Bir daha aydın oldu ki, başqa dillərlə müqayisələr aparmadan ana dilinin qrammatikasının aydın mənzərəsini yaratmaqya dərk etmək çox çətindir. Faktlara söykənən  yeni elmi baxış Azərbaycan dilinin qrammatikasının açılmamış dərin qatlarına nüfuz edəcək. Nəticədə ana dilimizin qrammatikasına dair indiyədək yazılmamış orijinal və mükəmməl elmi əsərlər yazılacaq. Bir sözlə, dahi Mirzə Kazımbəyin "Qrammatika" əsərinin XXI əsrdə orijinal təqdimatı dilçiliyimizdə əsl inqilab olacaq.

Ümumi dilçilik baxımından zəngin mötəbər linqvistik-filoloji faktları ehtiva edən irihəcmli bu monoqrafiya dəyərli tədqiqatlar üçün əvəzsiz mənbədir. Ondan Türk-Azərbaycan dili tarixi mütəxəssisləri, türkoloqlar, şərqşünas və qərbşünaslar, dil nəzəriyyəçiləri, komparativistlər,  müəllim-pedaqoqlar, bir sözlə, ən müxtəlif profilli dilçi-filoloqlar, tədqiqatçılar faydalana bilərlər.

- İdris müəllim, bizim üçün demək xoşdur ki, elmi miqyasına görə bir institutun görə biləcəyi ağır və məsuliyyətli bir işin öhdəsindən gəlməyi bacardınız...

- Doğrudan da, ciddi zəhmət tələb edən məsuliyyətli bir işdir. Şükürlər olsun ki, işi uğurla başa çatdırdım. Maddi çətinliklər üzündən kitabın çapı ləngiyirdi. Nə yaxşı ki, dostların səyi nəticəsində kitabı çox məhdud sayda olsa da, çap etdirə bildim.  Əlbəttə, bu ağır, məsuliyyətli və şərəfli işdə özümü minnətdar bildiyim insanlar var. Unudulmaz ustad, görkəmli alim, mərhum akademik Tofiq Hacıyevi sonsuz sevgi və sayğılarımla anıram. Normal fəaliyyətim üçün şərait yaratmağa cəhd edən ailə üzvlrimə, bu prosesdə mənə dayaq durmağa çalışan yaxınlarıma, dostlarıma özümü minnətdar sayıram. Və nəhayət, kitabın araya-ərsəyə gəlməsində mənə buya digər formada köməyi dəyən hər kəsə təşəkkürümü bildirirəm. Uca Allah yar və yardımçınız, sevinc və səadət nəsibiniz olsun!

 

Söhbətləşdi: Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2017.- 21 oktyabr.- S.20-21.