Fəxri ƏRSAVAŞ

 

DASTAN

 

İl 1915.

On səkkizindəyik martın.

Özümüzə gəldik bir az.

Bir udumluq deyilmiş

                 Çanaqqalanın suyu -

Keçilməz bu boğaz,

Keçilməz bu boğaz!..

Qarı düşmən,

Bizi güllən qorxudur,

topun.

Artıq başladı cəngimiz -

Ər meydanında ərik biz!

Sənmisən, paşam, "İrəli!" deyən?

Budur, çıxdıq səngərdən!

Budur, bir qardaşımız

                    alıb kürəyinə

                        276 kiloluq mərmini,

Keçir odlar, alovlar içindən!

Bu mərmi dənizə gömdü

                  Elizabeti, Buveti...

Yanır, bütün Anafartalar yanır,

Dəniz yanır,

Dağ yanır.

Düşmənin nəyi varsa, yanır!

Zəfər bizimdir artıq,

Türkük,

Müzəffər doğulmuşuq anadan.

Bir qarış torpaq uğruna

                kimimiz şəhid oluruq,

                                  kimimiz qazi, -

Yüz illərdi

          heç dəyişmədi

               alnımızdakı bu yazı...

Dünyada hər yer keçilər bəlkə,

Amma keçilməz,

            heç keçilməz Çanaqqala boğazı!

 

İMKAN

 

Həyat bizə

      xoşbəxt olmaq imkanı

                           vermədi, gülüm.

Biz

  özümüzdən başqa hər kəsin

              üzüntüsünü üzüntümüz,

                     acısını acımız bildik.

Dünyanın o biri başındakı

                heç tanımadığımız

                bir insanın belə göz yaşı

                içimizi oyum-oyum oydu.

Pişiklərin dərdinə ağladıq,

Quşların yasını tutduq.

ürəyimiz var ki -

             yuxa dəymədüşər...

Zaman

      həyat qarşısında

                      bizi gücsüzləşdirdi.

Əslində,

     gözəl şeydi, gülüm,

             insanın insana yanması...

Əslində,

     gözəl şeydi, gülüm,

                         tanımadığın birinin

                          dərdlərinə üzülmək

                          çarə aramaq...

Mən bütün həyatım boyu

         həp üzüldüm, həp yandım -

          insanların dərdinə çarə tapmadım deyə...

Yaşamaq gözəldir, gülüm,

Sevərək,

      sevilərək,

            sevinərək,

                    düşünərək

həyatın

         vazkeçilməz

                sancılarını duyaraq yaşamaq!..

 

ŞƏRQİ

 

Niyə

     bu şərqini duyunca

             içimdən ağlamaq keçir...

Niyə gözlərim dolur,

                 boğazım tıxanır belə...

Ağlıma həp isti bir əl gəlir

          çocuqluğumu xatırlayıram bir .

İçimdə -

       dərində, lap dərində

             köhnə bir yara

                                başlayır sızıldamağa:

uzaq yaz axşamı...

          viran qalmış bağça...

                   su deyil, hüznlə dolu hovuz...

Sən demə,

         alnımdakı əl

                   anamın əli imiş,

                        doğulduğum gündənqalma...

Dumanlar içində

                  anamı görərəm -

Bir sevgi sarar qəlbimi,

                yumşacıq, isti bir sevgi...

İçim aydınlanar bu sevgi ilə -

Yüyürərəm o dumanlara doğru,

Yüyürərəm anama doğru.

O şərqi susar birdən,

Bir xəyal,

        bir xatirə belə

                   qalmaz anamdan.

Nədən ağlağan olmuşam,

            gözlərimin doluşu nədən?

Bir mən -

             ümidi, sevgini itirmiş

                                yalqız adam...

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 21 oktyabr.- S.16.