Nizami Cəfərovun "Elçin. Yazıçının

yaradıcılıq yolu" kitabı təqdim edildi

 

"Xalq yazıçısı Elçin həmişə sevilə-sevilə oxunan, ədəbiyyatsevərlərin, elmi-ədəbi cameəmizin diqqət mərkəzində olan görkəmli bir sənətkardır. Akademik Nizami Cəfərovun dediyi kimi, Elçin, heç şübhəsiz, müasir Azərbaycan və dünya ədəbiyyatının fenomen simalarından biridir. Onun yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq yolu həmişə maraqla izlənib, tədqiq edilib, görkəmli elm və sənət xadimləri tərəfindən yüksək qiymətləndirilib. Akademik Nizami Cəfərovun bu gün burada təqdim edilən "Elçin. Yazıçının yaradıcılıq yolu" adlı dəyərli kitabı da bu silsilədən olan bir ədəbiyyat faktıdı… Elçin müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Ötən əsrin 60-cı illərindən başlayaraq Elçinin dadlı-duzlu, real həyatdan götürülmüş hekayələri, xüsusilə də tarixi romanları oxucular tərəfindən böyük maraqla qarşılanır və mütaliə edilir…"

Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında əməkdar elm xadimi, akademik Nizami Cəfərovun xalq yazıçısı Elçinin həyat və yaradıcılığına həsr etdiyi "Elçin. Yazıçının yaradıcılıq yolu" kitabının təqdimat mərasimini açan professor, sözügedən nəşrin elmi redaktoru Kərim Tahirov belə dedi. Sonra vurğuladı ki,  ədəbiyyata hekayəçi kimi gəlmiş Elçin bu gün də ədəbi axtarışdadı. Elçinin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin materiallar var.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son zamanlar Milli Kitabxanada keçirilən önəmli tədbirlərin təşkilindən danışdı. Qeyd etdi ki, bu məkanda reallaşan kitab təqdimatları xüsusi əhəmiyyətə malikdir:

"Böyük bir alimin - Nizami Cəfərovun xalq yazıçısı Elçin haqqında yazdığı bu kitab görkəmli yazıçının ədəbi fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Müəllif burada yazıçının yaradıcılığını ədəbi dolğunluğu ilə təqdim edir. Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Onun obrazları hər dövr üçün aktualdır. Müəllifin yazdığı bu kitab bir daha bizə Elçinin ədəbi fəaliyyətini təhlil etməyə və onun yaradıcılığı haqqında düşünməyə istiqamət verir... Elçinin yaradıcılığı uzun illər çoxsaylı tədqiqatlar mövzusu olaraq qalacaq".

Sonra AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun ədibin yaradıcılığı və yeni kitabla bağlı geniş məruzəsi dinlənildi. Məruzəçi dedi: "Artıq ikinci onildir ki, Nərgiz xanım Paşayevanın xalq yazıçısı Elçinin yaradıcılığı əsasında qələmə aldığı "İnsan bədii tədqiq obyekti kimi" monoqrafiyasından üzü bəri elçinşünaslıq həm müasir ədəbiyyatımızın, həm də ədəbiyyatşünaslığımızın ayrıca bir sahəsi kimi intensiv gəlişir. Akademik Nizami Cəfərovun bu gün təqdimatına yığışdığımız "Elçin. Yazıçının yaradıcılıq yolu" kitabı da bunun bariz nümunəsidir. Xalq yazıçısı Elçin bu haqqı, şəksiz ki, geniş və universal yaradıcılığının gücü, sanbalı, əhatə və miqyası ilə qazanmışdır. Nizami Cəfərovun qeyd etdiyi kimi, o, artıq ötən əsrin səksəninci illərindən ədəbiyyatımızın "yeni klassikləri" mərtəbəsinə yüksəlmiş və "XX əsrin sonu, XXI əsrin əvvəllərinə Azərbaycan ədəbiyyatının canlı klassiki kimi daxil olmuşdur". Bu gün Elçin haqqında yazmaq, şəksiz ki, həm də elə müasir Azərbaycan ədəbiyyatından yazmaq deməkdir...

O da məlumdur ki, akademik Nizami Cəfərov son zamanlarda müasir ədəbiyyatımız barəsində çox yazır (təkcə "Ədəbiyyat qəzeti"nin hər sayına baxmaq kifayətdir ki, buna əmin olasan); o cümlədən Hüseynbala Mirələmov, Afaq Məsud haqqında monoqrafiyalarından sonra "Elçin. Yazıçının yaradıcılıq yolu" əsəri akademikin çağdaş ədəbi prosesə növbəti layiqli töhfəsidir…

…Bu gün Elçin mətninin daha geniş üfüqlərini hiss etdirmək üçün Nizami Cəfərov maraqlı bir priyoma əl atır; monoqrafiyada təkcə yazıçının əsərlərinə şərh verməklə kifayətlənmir, həm də çox zaman təhlillərinə vaxtilə Elçinin kitablarına yazılmış ön sözlərindən (necə deyərlər, mətn haqqında mətnlərdən) start verir…

…"Klassikin müasirliyi"ni şərh edərkən, akademik Nizami Cəfərov Elçin mətni ilə yanaşı, həmçinin, "Elçin üslubu", "Elçin cümləsi", "Elçin janrı" kimi anlayışlara da aydınlıq gətirir, "yazıçının yaradıcılıq genotipologiyasının üzvi tərkib hissələri"nə varmaqla elçinşünaslıqda yeni-yeni ərazilər fəth edir.

Klassiki dərk etmək üçün tarix lazımdır; klassik haqqında söz zaman keçdikcə yerini alır. Akademik Nizami Cəfərovun cəsarəti və uğurudur ki, "Elçin. Yazıçının yaradıcılıq yolu" monoqrafiyasında klassikə bu gündən nəzər yetirmiş və müşahidə etdiklərini qələmə almışdır. Alim həmkarımı təbrik edirəm".

Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca Elçin yaradıcılığını yüksək qiymətləndirərək dedi: "Elçin öz səsi, öz nəfəsi ilə ədəbiyyatımıza gəldi. Bu kitab böyük təfəkkür sahibi olan bir müasirin eyni dəyər daşıyıcısı olan öz müasirinə, onun sənətinə və şəxsiyyətinə olan marağının bəhrəsi, öz müasirinə verdiyi qiymətdi. Özü də vaxt itirmədən, gözləmədən verilən qiymət. Elçin gözəl sənətkar və işləmək enerjisi mükəmməl, bitib-tükənməz olan bir sənətkardır. O, həmişə yazıçı olaraq qalmağı ilə bərabər, çoxşaxəli və çox əhəmiyyətli işlər görməyi bacarıb. Akademik Nizami Cəfərovun Elçin yaradıcılığı ilə bağlı olan kitabının bugünkü müzakirəsini başlanğıc hesab edirəm…"

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud dedi: "Belə bir kitabın ərsəyə gəlməsi ölkəmizin ədəbi mühitində çox əlamətdar hadisədir. Bu kitabı ədəbi nəzəriyyəçilik və ədəbi dilin işlədilməsi baxımından mühüm bir hadisə kimi qiymətləndirirəm. Kitab akademik üslubdan uzaq yaradıcı yanaşmanın məhsuludur. Elçin müəllimin yaradıcılığı haqqında çox danışılıb. Onun yaradıcılığı sonsuza qədər müraciət edilməli və tədqiq olunmalı mənbədir. Elçin yaradıcılığı kodlarla və sirlərlə dolu olan bir yaradıcılıqdı. Onun əsərləri qapalı məqamlarla doludu və kütləvilikdən daha çox, intellektual səviyyəyə hesablanıb. Nizami Cəfərov da araşdırmasında bu tendensiyanı əsas götürüb… Bu kitab, eyni zamanda, onun yaradıcılığını yeni yanaşmada təqdim edir".

Xalq şairi Nəriman Həsənzadə qeyd etdi ki, Elçin ədəbiyyatşünas, böyük alim kimi deyil, həm də ictimai xadim kimi fəaliyyəti olan ziyalıdır. Elçinin dünya səviyyəli bir yazıçı olduğuna diqqət çəkən N.Həsənzadə bildirdi ki, onun yaradıcılıq təkamülünün sərhədləri sonsuzdur. Elçin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin material var. Əsas mənbə onun bənzərsiz, mükəmməl və tükənməz istedadıdır". Elçinin yaradıcılığına böyük diqqətlə yanaşdığına və belə bir kitab ortaya qoyduğuna görə əzizim Nizami Cəfərova təşəkkür edirəm. Bu təşəkkürdən "Ədəbiyyat qəzeti"nə də pay düşür. Ona görə ki, bu kitabda yazılanları ilk dəfə "Ədəbiyyat qəzeti"nin səhifələrindən oxumuş, diqqətlə izləmişəm".

Professor Təhsin Mütəllimov vurğuladı ki, "şəxsiyyət böyük olanda onun yaratdığı da böyük olur. Həm Elçin müəllim, həm də Nizami Cəfərov bu dəyərlərə, sənətkar bitkinliyinə malikdirlər. Elçin müəllim həmişə sözün həqiqi mənasında oxunan əsərlər yazır. Onun təhkiyəsi bənzərsizdir. Və bu bənzərsizlik şəbəkə təşkil edir. Nizami Cəfərov kitabında Elçin yaradıcılığını həm dilçi, həm də ədəbiyyatşünas kimi araşdırıb, incəliklərinə qədər izləyib. Doğru qənaətə gəlib ki, Elçinin əsərlərində mənəviyyat, paklıq, ideal məsələləri həmişə ön planda yer alır. O, insanın mənəvi ucalığını müstəsna bir məntiqlə təsvir edə bilir. Elçin xalqla və bəşəriyyətlə dil tapmağı, həmrəy olmağı, danışmağı bacaran bir sənətkardır".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan tədbirdə çıxış edərək dedi: "Bu gün təqdim olunan "Elçin. Yazıçının yaradıcılıq yolu" kitabı öncə silsilə şəklində "Ədəbiyyat qəzeti"ndə çap olundu. Bu əsər ədəbi düşüncəmiz üçün iki cəhətdən  önəmlidir. Kitab çağdaş nəsrimizin canlı klassiki barədə çağdaş ədəbi-filoloji fikrimizin mütəfəkkir bir siması tərəfindən yazılıb. Belə kitablar isə nadir hallarda qələmə alınır.

Nizami Cəfərovun kitabda dəqiq ifadə etdiyi bir fikri xatırlayıram: "Bu kitabda söhbət yazıçı Elçindən gedir" demək heç də o mənaya gəlmir ki, Elçinin yazıçılığı onun alimliyindən, publisistliyindən, ictimai (və dövlət) xadimliyindən tamamilə  təcrid olunur. Əslində, bu, prinsip etibarilə, mümkün deyil… Hər şeydən əvvəl ona görə ki, Elçinin yazıçı istedadında onun alimliyi də, publisistliyi də, ictimai (və dövlət) xadimliyi də fitri bir inersiya ilə öz təbii ehtivasını tapır". Səksəninci illərin əvvəllərində yazdığı "Mahmud və Məryəm"də türk dünyasının dərdləri sarışın oğlanın - Süleyman paşanın dilindən bir az da kəskin şəkildə verilmişdi.  Üstündən 30 il keçəndən sonra yazdığı "Baş" romanında da eyni fəlsəfi-milli axar davam edir. Qəribədir ki, bu dəfə yenə də başqa bir Mahmudun dilindən: "Millət bir olsaydı Aleksandrı da bura gətirərdik"; "Göndər! Göndər, qoy ruslar dar ağacından assınlar məni! Rusların ayaqları altında olmaqdansa, onların başlarının üstündən dar ağacında asılmaq yüz dəfə şərəflidir".

"Ölüm hökmü" də, çağdaş ədəbiyyatımızın ən möhtəşəm romanı olan "Baş" da yüz ildən sonra sadəcə bir yazıçının deyil, eyni zamanda, bəlkə də daha çox bir dövlət xadiminin, siyasət adamının, ideoloqun əsərləri kimi də diqqətə alınacaq.

"Ədəbiyyat qəzeti"ndə Nizami Cəfərovun tənqidlə bağlı bir yazısı dərc olunmuşdu: "Tənqid missiya, yoxsa emosiya". Bu kitab Nizami Cəfərovun tənqidə missiya kimi yanaşdığını meydana qoydu".

Sonra A.Turan Elçinin 1984-cü ildə Parisdə Əli bəy Hüseynzadənin oğlu Səlim Turan və onun həyat yoldaşı Şahiqa ilə birgə çəkdirdiyi foto-rəsmi yazıçıya təqdim etdi.

Professor Rüstəm Kamal tədbirdəki çıxışında dedi: "Mənim üçün danışmaq çox çətindir. Ona görə ki, müəllif filoloji fikrimizin, onun tədqiq etdiyi yazıçı isə  nəsrimizin canlı klassikidir. Və fikrimcə, çox az sayda kitablar var ki, müəlliflə onun tədqiq etdiyi obyekt çox nadir halda bir-birini tamamlayır. Bu kitabla tanış olaraq düşündüm ki, kaş Nizami müəllimin etnik təhkiyəsi Elçin müəllimin etnik təhkiyəsinin təsiri altına düşməsin. Ancaq baxdım ki, Nizami müəllim o balansı, o orqanikanı, o üzvi bağlılığı o qədər gözəl gözləyib ki, əslində bu kitabı poetik bir əsər kimi də oxumaq mümkündü. Nizami müəllimin Elçin yaradıcılığından götürdüyü sitatlarla özünün ümumiləşdirmələri bir-birini tamamlayır…

Elçin müəllimin şairanə təhkiyəsi ilə Nizami müəllimin lirik üslubu bu kitabda bir araya gəlib. Təbii ki, Elçin müəllimə xas olan başlıca cəhət ondakı roman təfəkkürünün daha üstün olmasıdır. Ən kiçik hekayələrində belə Elçin müəllimin romançı təfəkkürü özünü açıq-aydın büruzə verir. O, roman plazmasını hekayə janrına ustalıqla sığışdıra bilir. Nizaminin araşdırmasının üstünlüyü orasındadır ki, o, Elçin müəllimin bütün əsərlərini sistemli şəkildə tədqiqata cəlb edə bilib və lirik, şairanə bir təhkiyə ilə çatdırıb".

Təqdimat mərasimində professor Cahangir Məmmədli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, professor Buludxan Xəlilov, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək kitabın məziyyətləri, Elçin yaradıcılığı, habelə, elmi-tədqiqat mənbəyi kimi mükəmməl bir mənbə olduğunu vurğuladılar.

Bütün iştirakçılara və dəyərli fikirlərə görə çıxışçılara minnətdarlığını bildirən müəllif, akademik Nizami Cəfərov dedi ki, kitab hazırlanarkən Elçinin bütün əsərlərini yenidən mütaliə edib. "Kitab yazıçı Elçin haqqındadır. Mənim üçün maraqlı idi ki, görüm yazıçı özü haqqında nə deyib. Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. Ədəbiyyatımızın təəssübkeşi olan yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Buna ehtiyacımız var".

Müəllifə minnətdarlığını bildirən xalq yazıçısı Elçin qeyd etdi ki, bu kitab ədəbiyyatşünaslıq ilə tənqidin kəsişdiyi nöqtənin ifadəsidir. "Bu iki məfhumun yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə də, düşünürəm ki, yeni nəşr o nöqtəni göstərən əyani vəsaitdir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib. Ədəbiyyatşünaslığın tədqiqinə və ədəbi tənqidə biganə olmayan biri kimi müəllifə xüsusi təşəkkür edirəm".

Sonda iştirakçılar xalq yazıçısı Elçinin kitablarından ibarət sərgi ilə tanış oldular.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 28 oktyabr.- S.8-9.