Şəki

 

Şəki şəkilli dağlar,

Hörüklərin bulaqlar.

Min bir meyvəli bağlar

Sənin yaraşığındı.

Gül üzün, şirin dilin,

Sönməyən işığındı.

 

***

 

Enməz göyün qatından,

Qalmaz zarafatından.

Deyinməz həyatından...

Görənlər aşiqindi,

Gözündəki məhəbbət

Sönməyən işığındı.

 

***

 

Kimliyi səsindədi,

Eşqi süfrəsindədi.

Cənnət guşəsindədi

Anam Azərbaycanın

Dilinə qurban canım,

Fikrət aşiqindi.

 

30.08.2017

 

Oxud kəndi

 

Əfəndi dağların qoynunda

Bardaş qurub

Şəkinin Əfəndi kəndi.

Qonağa açıqdır bərəsi-bəndi...

İnsanları ev tikəndi,

Xeyirli övlad əkəndi.

Adamları dağlar kimi səbirlidi,

Qayaları nağıllı,əfsanəli, sirlidi.

Bir zaman meşələri

Pələngli, bəbirli idi.

İndi hər tərəf qəbirlidi,

Sehrlidi, pirlidi...

Bura Manas kimi bir dastandı,

Hələ yaranır.

Keçmişi bu gün

Axtarılır, aranır.

Mənə elə gəldi

Ayağım altında daşlar da canlıdır.

Cığırlar da dirilib dağa dırmaşır,

Bulaqların qəlbi pıçıldayır

Suları həyəcanlıdır.

31.08.2017

 

Haqq axtarana

 

Sən haqqı axtarırsan!

Düzdür haqq olan yerdə

Olmayan hər şeydən var.

Haqq Allah yanındadır,

Orda da bir şeytan var.

 

31.08.2017

 

Bayraq meydanı

 

Dünya kimi qədim Şəki,

Zaman səndən kənar gedib

Bükülməyib qəddin Şəki.

Şimalda qala-divarım,

Mənim sınmayan vüqarım,

Canım, gözüm, üsyankarım,

Müstəqillik bayrağını

Hamıdan çox gözləmisən.

Yad əllərdən qorumusan

Ürəyində gizləmisən!

Gəldim, amma gedəmmədim

Sənin bayraq meydanına.

Qaldır üç rəngli bayrağı

As Ay-ulduzun yanına.

Hayqır bütün yer üzünə

Bu istiqlal bayrağımdı.

Dostlarıma bələdçidi,

Düşmənlərə göz dağımdı.

Hər torpağın bayraq adlı

Mərkəzi var.

Elin istinad yeridi,

Göydə onun kölgəsi var!

 

Cocuq Mərcanlıya

məhəbbət qayıdır

 

Bir zaman

Cocuq Mərcanlıda iki cavan

İlahi eşqin iki yeniyetmə əsiri,

Kənddə hamıdan gizlədirdi

Eşq adlı bu gözəl sirri.

Ataları üstəsə savaşmışdı.

Həm erməni ilə atışırdılar,

Həm iki qonşu

Bir-birinə cəbhə açmışdı.

Cavanlar bu nifrət yağmuru altından

Öz Leyli-Məcnun eşqini götürüb

Bir-birinə qoşulub qaçmışdı.

Zaman girdi araya...

Bəzi yaraya məlhəm qoydu,

Duz basdı bəzi yaraya.

Xəyal etməklə cib dolmur,

Tez-tez yağəppəyi

            deməklə qarın doymur.

"Canı canan diləmiş" - deməklə

                       varislər doğulmur.

İndi o qaçqın yeniyetmələrin,

                       bu yetkin yaşında,

Bir düzün colma-cocuq var

                 süfrəsi başında

Hər biri dahiyanə bir əsərdi.

Vətən çağırsa, maşallah

                   bir tağım əsgərdi.

Bu uşaqlar

Leyli-Məcnun

            eşqindən doğulmuş

                işıqlardı, işıqlar...

İndi Cocuq Mərcanlıya

Köçməyə yığışıblar.

 

 

P.S.

 

Qəzəb, kin, nifrət

            müharibələri salandır,

    Qalan bəhanələr yalandır.

Sonda eşq, məhəbbət, mərhəmət

    Zəfər qalandır,

Xərabələrin yerində şəhər salandır.

 

26.08.2017

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2017.- 9 sentyabr.- S.10.