Məlikməmmədin divə çevrilməsi…

 

Mirmehdi Ağaoğlunun bir hekayəsi haqqında

 

Son dövrlər yazılan bəzi bədii mətnlərdə müəlliflərin böyük mətləblərə doğru can atması, məmləkət insanının gündəlik problemlərini, ağrılarını, onları yaradan səbəbləri görməzdən gəlib və yaxud da görə bilməyib çox uzaqlara səyahət etməsi ədəbi mühitdə gedən prosesin dağınıqlığından, yazıçı müşahidəsinin, müəllif nəqlinin  zəifliyindən xəbər verir. Halbuki addımbaşı ətrafımızda baş verən əhvalatlar, rastlaşdığımız hadisələr yazıçı üçün əvəzsiz xammaldır. Biz isə öz gündəlik yaşantılarımızı həyatın bir parçası hesab etmirik. Sanki bizim yaşayışımızın, məişətdəki çətinliklərimizin həyata heç bir aidiyyəti yoxdur. Yazacağımız mövzunu tapa bilmək üçün mütləq Aya, yupiterə səyahət etməliyik.

Bu baxımdan yazıçı Mirmehdi Ağaoğlunun bir sıra hekayələri ilə yanaşı  "Məlikməmmədin vəfası" hekayəsini  qonşumuzun, dostumuzun, yoldaşımızın ailəsində baş verən, maddiyyata köklənmiş əhvalatdan yaranan kiçik çaxnaşmanın fonunda insan təbiətinin gizlinlərində baş verən təbədülatları, ailə üzvlərinin bir-birinə olan münasibətini ədəbi mətnə çevirməyin ən yaxşı nümunəsi hesab etmək olar.

Hekayədəki ilkin əhvalat maaşdan qalan yetmiş manat üzərində qurulur. Qəhrəmanın evində xeyli kitab var. O, yetmiş manatı həmin kitablardan birinin arasında gizlətmək istəyir. Pulu arvadına etibar edə bilmir. Çünki o, pulu necə gəldi, hara gəldi qoyur. Sevdiyi müəlliflərin kitabları arasında müəllif xeyli çək-çevir etdikdən sonra nağıllar kitabının üzərində dayanır. Lakin elə həmin günü həyat yoldaşı nağıllar kitabını konsert bileti ilə birgə qonşunun qızına hədiyyə edir. Hekayə davam etdikcə ər və arvadın bir-birinə, eləcə də qadının kişiyə, kişinin qadına olan münasibətini, bu münasibətləri yaradan səbəbləri görməyə başlayırıq.

Mətn qəhrəmanın öz-özü ilə söhbətindən başlanır. O, maaşdan qalan pulu xəzinə kimi təsəvvür etməyə çalışsa da, daha sonra özünü bu fikrindən uzaqlaşdırır. Çünki pul o qədər azdır ki, onu xəzinə adlandırmaq sadəcə ayıbdır.

İlk sətirlərdən xəzinə sözünün mətnə daxil olması artıq hekayənin adı ilə səsləşərək oxucu üçün ilk açar rolunu oynayır.

Daha sonra hekayənin qəhrəmanı pulu ya balkondakı çilingər aləti yığılan qutuda, ya da şifonerdəki paltarlarının cibində gizlətməyi düşünür. Lakin, burada ailə üzvlərinin səhlənkarlığı onu ehtiyatlandırıb fikrindən daşındırır. Oğlu uşaqdır, pulu saqqız kağızı bilib hara gəldi ata bilər, arvadı isə pencəyin, şalvarın cibinə baxmadan onları pataryuyan maşına atıb pulqarışıq yuyar.

Hekayənin davamında da qadının pulu termonun gözünə atması ümumilikdə qadınların başısoyuqluğuna olan yüngül eyhamın davamıdır.

Ola bilər ki, oxucu, əsasən də qadın oxucu hekayəni oxuyarkən hiddətlənsin. Lakin, müəllif hiddətlənmək əvəzinə düşünmək imkanı təklif edir.

Qəhrəmanın yazıçıların kitabları barədə düşüncəsi, onlarla xəyalən söhbətləşməsi ağlaşmalı, süni pafoslu, ədəbiyyata dəxli olmayan mətnlərdən gözü yağır olmuş oxucu üçün əsl yenilikzövqdür.

Bir çox insanlar yazıçıların oxuduqları kitabları anons etmələrini, sevdikləri yazıçılardan sitat gətirmələrini boş intellektuallıq sərgiləməklə əlaqələndirib onları qınayırlar. Mirmehdi Ağaoğlu isə ədəbi intellektuallığını görünməz şəkildə mətnin içərisinə yeridərək onu hekayədəki əhvalatda həll edir. Üstəlik bu həlletmədə intellektual göstərişdən uzaqlıq oxucunu sevindirir.

Dünyanın bir çox böyük yazıçılarına və onların qəhrəmanlarına olan ironik atmacalar yazıçının ədəbi bütlərə qarşı olan qorxmazlığından xəbər verir. Hansı ki, bunu bacara bilmək də yazıçıdan bədii güc və məharət tələb edir.

"Qonaq otağındakı iri rəfdə ən gözəgəlimli kitab Markesin həyatından bəhs edən kərpic kimi qalın olanıdır. "Özüm ölüm, puldansa o kitabın ortasını eşib, içində tapança gizlədəsən" - yazıçıma bax, bandit kimi düşünür. "Yox, Markes yaramaz. Pulu da ona etibar edəsi deyiləm ki." - özünü danlayır. - "Əvvəla, Markes kitabı qalınlığına görə diqqət çəkir, bir də hamı bilir ki, o, mənim sevimli yazıçımdır. Kimsə "Tərifli Markesin buymuş?!" deyib əl atar kitaba. Eh, Qabo, etibarlı adam deyilsən. O vaxt Lyosanın gəzməyini də arvadına çuğullamışdın. Perulu qoçaq da yaxşı edib gözünün altını qaraltdı. Ancaq deyəsən vurmaqla ürəyi soyumadı, həmişə sənə küskün qaldı, səhvəmsə, bəs onda öləndə hüzrünə niyə gəlmədi? Yox, qardaş, mənim pulumu da Mersedesin borclarına xərcləyərsən" - ağlına gələn fikirdən yüngülcə qımışır. Özünü Markesə, Lyosaya tay tutub başını başlara qoşması ürəyinə yağ kimi yayılır."

Müəllif öz qəhrəmanı vasitəsi ilə Markes mifini dağıdır, kitabla yanaşı Markesin öz obrazını da gətirib kitab rəfinə söykəyir. Sadə və yumşaq dillə desək, ürəyindən keçənləri Markesin qabırğasına döşəyir. Onu həm etibarsız, həm dostunu arvadına çuğullayan, həm də bədxərc biri kimi təqdim edir. O, Markesin əsərindəki qəhrəmanlardan heç birinin adını çəkmir. Sadəcə olaraq onu publikaya məlum olan tərəfləri ilə öz hekayəsində "rüsvay" edir.

Növbəti seçim Lev Tolstoyun "Hərb və sülh" əsəri üzərində olsa da, bu dəfə müəllifin dili Tolstoya qarşı Markesə sərf etdiyi sözləri tələffüz etməyə dönmür. Əksinə, kitabın rəfdə farağat dayanmasını vurğulamaqla həm yazıçının özünə, həm də onun əsərinə verdiyi qiyməti dilə gəlir. Farağat sözünü Tolstoyun hərb qədər nəhəng əzəmətinə edilən tərif də hesab etmək olar.

Təriflə yanaşı müəllif növbəti sətirlərdə də boş dayanmır. Olmasın Tolstoy, olsun onun qəhrəmanı huşsuz-başsız, hərdəmxəyal Pyer Bezuxov. Bezuxova pul həvalə etmək isə sadəcə ağılsızlıqdır. Üstəlik ortada masonlarla dostluq söhbəti də var.

Beləliklə də yazıçı burada da sanki sevdiyi və pərəstiş etdiyi yazıçılarla söz döyüşünə qalxır.

Mütaliəli oxucuya mətndəki postmodern toxunuş ləzzət edir. Mütaliəsi zəif olan oxucu da işin çəmini taparaq ən azı beş müəllif irəli düşür. O, hekayəni bitirəndən sonra həmin müəlliflərin əsərlərini axtarmağa yollanır.

Nəhayət, hekayənin qəhrəmanı pulu "Azərbaycan nağılları" kitabının içərisində gizlədir. Xəzinə sözündən sonra nağıllar kitabı oxucuya ikinci açar kimi təqdim olunur. Bu kimi təqdimetmələr birbaşa hekayənin adının təməlli şəkildə möhkəmlənməsinə xidmət edir. Qəhrəmanın pulunu son olaraq nağıllar kitabına etibar etməsi həm də onun şüuraltı olaraq öz uşaq məsumluğunu ortaya qoyur. Nağıllar isə daha çox uşaqlığı simvolizə edir. Uşaqlıq olan yerdə isə məsumluq qaçılmazdır.

Mətn boyu qadın düşüncəsinə, bir az da mental dəyərlərdən süzülüb gələn kişi ironiyası, istehzası açıqca duyulur. Qəhrəman hələ hekayənin başlanğıcında pulu həyat yoldaşına etibar etməməkdə israrlı idi. Əslində baş verən qanqaraçılığı da qadının başısoyuqluğundan yaranan inamsızlıq yaradır.

Kişi həyat yoldaşına "tələsirdim, həm də sən hər dəfə pulu termonun gözünə necə gəldi tullayanda elə bilirəm balkondan vıyılladırsan gedir" sözlərini deməsi artıq hekayədəki qadının xasiyyətini açır.

Mirmehdi Ağaoğlu öz hekayəsində qadının məişətdəki rolunuonun bu rolu hara qədər ifa edə biləcəyini çox incə detallarla vurğulayıb.

Qonşu kişi Məlikməməmmədlə, yəni kitabı hədiyyə alan qızcığazın babası ilə tanış olan oxucu bir az çaş-baş qalır. O, sanki hekayənin içərisində bir nağıl axtarışına çıxır, səbirlə sonluğu, göydən üç almanın düşəcəyini gözləyir. Göydən isə alma düşmür. Ən yaxşı halda yetmiş manat, daha sonra isə üç bakal pivə düşür. Hekayənin əvvəlindəki xəzinə, Azərbaycan nağılları və nəhayət, sonda ortaya çıxan Məlikməmməd baba mətndəki nağılvari sonluq gözləntisini darmadağın edir. Müəllifin ədəbi priyomu uğurlu alınır. Hekayənin sonluğu qəfildən nağıl kontekstdən çıxıb gerçək həyata doğru istiqamətlənir.

Məliməmməd baba burada nağıl gözləyən oxucunun üç almasını udmaqla yanaşı həm də şüuraltımızdakı Məlikməmməd obrazından dağıdır. Onun adı ilə xarakteri uyğunsuzluq təşkil edir. Hətta qəhrəman onun özünü divə, ağzını isə qaranlıq quyuya bənzədir. Hansı ki, nağıldakı Məlikməmməd həmin qaranlıq quyuya düşərək qaranlıq dünyanın təhlükələri ilə üzləşmişdi.

Mətndə lazımsız qatqı təsiri yaradan sonluqdakı epiloqdur. Birinci mərhələdə yazıçının özünü mətnə daxil etməsi, qəhrəmanla görüşü tanış üsuldur. Və yazıçı bu üsulun da öhdəsindən gəlməyi bacarıb.

Lakin yazıçının sonda hekayənin içərisinə yenidən daxil olmaq istəyi oxucuda müəyyən diskomfort yaradır. Çünki artıq oxucu özünü mətnə adaptasiya edib. Ona pulun geri qayıdıb-qayıtmayacağı, qəhrəmanın bunun üçün keçirdiyi həyəcanaların nəticəsi daha maraqlıdır. O, bu qədər qanqaraçılığı yaradan, qəhrəmanı sönük bayram süfrəsi keçirməyə məcbur edən, onun ümidsizliyə düçar olmasına səbəb olan yazıçı ilə görüşmək belə istəmir.

Hekayənin əsas ideyası bir insanın maaşdan qalan pulu qəfildən xərcləyib qurtarması qorxusu və həmin qorxunu yaradan səbəblər üzərində qurulub.

Bir insanın pulu xərcləməmək qorxusu ilə hardasa gizlətmək istəməsi əslində çoxumuz üçün tanış hissdir. Hekayənin uğuru isə həmin gizlətmə ərəfəsində və ondan sonra qəhrəmanın öz-özü ilə söhbəti, mərhəm duyğuları, daha sonra arvadına qarşı hissləri, qonşulara olan münasibəti və ümumilikdə isə hər gün yanımızdan ötüb keçən bir insan obrazının çexovvari üsulla açılmasıdır.

Beləliklə yazıçı sübut edir ki, insan düşüncəsinin inkişafına, cilalanmasına xidmət edən mətnlər yaratmaq üçün lazım olan ədəbi əhvalatları çox uzaqlarda axtamağa gərək yoxdur. Elə gündəlik həyatımıza, ətrafımızdakı insanların yaşayışına diqqət yetirmək kifayət edir.

 

Sentyabr – 2017

 

Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2017.-9 sentyabr.- S.31.