Anı ömür qədər uzadan şeir

 

Rüstəm Behrudi dünya ilə yaşıd şeirlərin yazarıdır. Yəni özündən qat-qat qocaman. Ruhun təkamülünün ayrı-ayrı hamilə anlarında ağrı ilə, çığırtı ilə doğulan yaşantı-sözlər şairin qəfil toxunuşundan oyanıb onun şeirlərinə axır, çox zaman bu şeir-qəfəsdə özünə yer tapa, daranıb-düzlənə bilmir, bir-biri ilə çarpışır da. Çağdaş Azərbaycan poeziyasında ən narahat bədii dünyanın yaradıcısının yazıları ona görə selleysan stixiyasındadır ki, onlar dünyanın sivilizasiya üçün yetişdiyi çağdan bəri dikələn ən yöndəmsiz qarmaq-suallarına sinəsini Kərbəla meydanı kimi açır. Rüstəm Behrudinin bir yazısında şeirdən nəsrə, nəsrdən şeirə divanəcəsinə sıçraması da tarixin zəlzələlərində uçqunlar altında qalmış həqiqətləri tapıb üzə çıxarmaq yanğısındadır. Şair bütün silahları tükənəndən sonra əlbəyaxa döyüşə keçən yaralı əsgər timsalındadır. Onun hətta ən hamar şeirlərində belə üsyankar ruhun gizli təcəllası var. Rüstəmin yaradıcılığı bizə o gerçəyi açır ki, həqiqətən, dünyanın ən ağır yükünü onun ən incə ürəkləri çəkir...

Rüstəm dəryasından bir damla - "Dağlar duman olmadan" şeiri isə, yəqin ki, həmin dəryanın üzdən durulub sakitləşdyi, dərindən isə yenə kükrəyən enerjisini ahəngdarca hərəkət etdirdiyi çağda yazılıb. Dünyanın ən ağır yükünü ən incə ürəklər çəkdiyi kimi, onun ən möhkəm və sarsılmazı da ("dağlar") ən zərifi və yüngülü ilə ("duman") ayrılmazdır, doğmadır: nəfəs sümüyü yaşatdığı tək. Amma şair "Dön, hardasan, dön qayıt" misrası ilə başlayan bu pıçıltı-şeirində "ümid - güman", "dağlar - duman" olmasın deyə sevdiyinə üz tutur. Əgər bu qayıdış baş verməsə, "külünə bürünmüş bu xirqəsiz dərvişin" bədəni - can olmayacaq, təkkəsi - viran, gecəsi - bilməcə olacaq. Sufi mənəviyyatının həzin titrəyişləri, ehtizazı ilə yazılmış bu yeddilik elegiya-şeir məhz atomik nüvəsində olduqca qüvvətlidir: əgər bu qayıdış baş tutmasa, "ömür - bir an" qədərincə sıxıla, darala bilər! "Dağlar duman olmadan" şeirinin poetik semantikası bütün bəndlərində yetərincə dərin və çoxqatlıdır. Misraların arxitektonikasındakı ahəngdarlıq yalnız mənəvi yaşantının dolğunluğundan biçildiyi üçün yenidən ilk bəndə qayıdışı ilə özünü bütünləşdirən harmoniyaya çatır. Rüstəm Behrudinin poeziyası, beləcə, ömürü - anları ilə görən, anı - ömür qədər uzadan bir sənət olduğu üçün yaşarıdır! Duyğu və idrakı çulğaya bildiyincə fatehdir!

 

Rahid Ulusel

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 sentyabr.- S.11.