SEVDİM

 

Mən səni

dan yerinin sökülməsi qədər,

mən səni

qonşumuzun bağçasından

            oğurladığım alça qədər,

mən səni

ac vaxtımda

küçədən aldığım kökə qədər,

mən səni

siqaretimin dibi -

               son qüllabı qədər,

mən səni

səhər-səhər

       eşitdiyim ilk quş

                         səsi qədər,

mən səni

çılpaq xam bir atın

          kişnəməsi qədər sevdim.

 

Sevdim,

altında uzandığım

             qoca çinar qədər,

sevdim,

     çocuqluğuma sarı

                sısqa-sısqa axan

                                   pınar qədər,

 

sevdim,

kim bilir,

       daha nələr, nələr qədər.

Bəs etmədimi?

Getdin...

 

Adnan QORXMAZ

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 sentyabr.- S.17.