İlk xəyalı kim qurmuşdu...

 

Hekayə yazmağın texnikasına dair essevari silsilə.

 

III yazı

 

-Yox... Elə deyil. Deyəsən, bu məsələyə kənar gözlə baxmaq mümkün deyil. Bir də sənə zəng vurmamağın  əbədiliyi çiyinlərimdə elə ağır bir yükə çevrilmişdi ki,  bütün bunları yadıma salıb özümə gərəksiz yerə problem yaratdığımı fikirləşdim. Ancaq deyəsən, heç bu duyğu da deyildi. Köşkdən özümə bir qəzet aldım, sahildəki skamyada oturub ayaqlarımı uzatdım. Həmin saatlarda yan-yörədə heç kim yox idi. Xəbər manşetlərini, sətirlərin xəlvəti aralarını oxumağa çalışdım.

- İnsanın məntiqli hesab etdiyi bir faktı tapdığı an, səhv də olsa, möhkəmcə ondan yapışırıq. Qarşımızda bizi hər dəqiqə öz kölgəsi ilə qorxudan, qaranlıqda yellənən şeylər var...

- Bir gecə basqını zamanı, saat üçdə qapını açdım və qarşımda iki polis dayanmışdı. Onda da qorxmamışdım. Yəni qorxa biləcəyimi düşündüyüm qədər qorxmamışdım.

- İnan ki, həyatda qorxunu bilən insanlar, onu yaşayanlar asan dərkedilmirlər. Yəni öz şəxsi qorxularını tanıyanları nəzərdə tuturam.

- Sahildə, skamyanın üstündə üzümü günəşə qaldırıb eləcə baxdım. Yaxşıydı. Həyatda uydurduğum bəhanələr, gecikdirdiklərim, yarımçıq qoyduqlarım üzə çıxdı. Hamısını tezliklə tamamlamaq qərarına gəldim. Ayağa qalxdım və sənə zəng vurdum.

- Rakı da qurtardı. Bax, ey! Sən nə yemək istəyərdin? Çəkinmə, pulum var.

- Əslində ürəyim istəmir, ancaq yenə də şiş, kotlet de, adam boş-boş gəlib-getməsin. Birsalat..."

Sətirləri işıq sürəti ilə oxuyurdum. Çünki, su üzərinə yazılmış ilahi kəlam kimi, bəşəri sirr kimi hamısı xəfif bir küləyin yaratdığı dalğadan əriyib heçliyə qarışırdı. Bir tərəfdən yolun kənarından axıb gedən nəsnələr, digər tərəfdən içimdəki qorxu və geriyə qayıda bilməməyin verdiyi əzici, ürküdücü duyğu... Kaş bu yola başlamasaydım. Kaş hekayə danışanların, xəyal quranların sirli kitablarını əlimə götürməsəydim. İndicə evə qayıtmaq, otağın bir küncündə həmişəki kimi oturub gözlərimi divara zilləmək və divarda illərlə qalmış ləkələrin, köhnəlmiş divar kağızının üzərindəki qəribə təsvirləri Zamza ilə eyniləşdirib baxmaq istəyirdim. Özümü Zamza kimi balaca, dərisinin səthi sərt bir təbəqə ilə örtülmüş böcək olacağım gündə hiss edəcəyim çarəsizliyi düşünsəydim. Oysa, bu qəribə, izahedilməz çarəsizliyin içində yaşamırdımmı? Həyatın gündəlik qayğıları, sistemin boynuma yüklədiyi utopik dəyərlərin ağırlığı altında mən də zaman keçdikcə həmin Zamzaya çevrilirdim. Qəfildən ən son köhnə kirayənişindən qalmış salxaq divanın küncünə sığınıb 30 yaşımın tamam olduğu 2 fevral günü hiss etdiklərim yadıma düşdü. Onda da indi olduğu kimi, ətraflarımdan çıxan ayaqların çoxluğundan və hansı funksiya yerinə yetirdiklərindən xəbərsiz bir şəkildə hiss edirdim özümü. Onda da belə çarəsiz idim. Onda da indi sarı yolun ortasında hiss etdiyim kimi, ayaqlarım məni geriyə getməyə yox, yalnız irəliyə addım atmağa vadar edirdi. Oysa mən bütün həqiqəti dərk etmiş insanlar kimi, məni axtaran qəfəsdən qaçmaq istəyirdim.

Artıq ayaqlarımı mənim iradəm idarə etmir. Onlar özləri, öz iradəsi olan bir varlıq kimi sürətlə üfüqə uzanan sarı yolu izləyirlər.  Artıq əlimdəki əprimiş, köhnə vərəqin də oxuyanı mən deyiləm. Tomris Uyarın hekayəsini əlimə ilişdirmiş Kalvino məni girdiyim bu xaosun içində daha da dərinə, lap dibə, intəhası qaranlığa itələmişdi. Hekayə özü-özünü oxuyur. Eynilə yaşamağı, var olmağı vərdişə çevirmiş mənim kimi...

"Tərləyirəm.Qollarımın altından su axır. Bu istidə niyə yun, dik boyunlu jaket geyindim? Havanın belə olacağını bilmirmiş kimi... Ancaq elə deyil. Bu tərləməyimin səbəbi günəş deyil. Həlim axşamçağı günəşi göydən asılıb, yandırıcı istisi də qalmayıb. Bir azdan hər tərəfə ilıq bir sərinlik çökər.

İki saatdır, nə iki saatı, bir aydır, gözlədilən, qaçılan, daha doğrusu, həyata keçməyindən ehtiyat edilmiş bir yaxınlığın gəlib çatmasıdır.

İstilik ehmalca içimdən axıb qarşımdakına (kişi, insan yoxsa dost deyim) dəyir və onun gözlərində əks olduqdan sonra bütün dünyaya yayılır.Dayanmadan özünü təkrarlayan, bu başıboş dünyaya bərabər bir sürətlə istilik axır, insanın başını fırladacaq dərəcədə sürətlə... Onun mahiyyəti də hər an dəyişə bilər. Dostluqda bərqərar olar və elə bu məqamda yumşaq, yunun xəfifliyinə bələnir. Bəlkə də bu bir həvəsə çevrilər, insanın beynində zoqquldayan günəşin içkiyə qarışan qızışmış dadı kimi kəskinləşə bilər. Bəlkə də eşqə də sıçrayar. Yalnız, yerində dayanmaz...

Özünə bir xarakter uydurmaqda elə məharətlidir ki, qarşısına çıxan ölümcül dolanbaçlardan həmin dəqiqə boyun qaçıra bilər. Elə həmin dəqiqə, ata qayğıkeşliyinə bürünmüş, təhlükəsiz relsə rast gələ bilər. Bu tər dünyadan alınan, ancaq başqaları tərəfindən mahiyyətinə yeni xüsusiyyətlər qataraq yenə dünyaya qayıdan bir borc, bir coşqudur. Mənim qarşımdakının eyni duyğuları, anları, başqalarıyla - başqa kişiya başqa qadın- daha əvvəl bölüşmüş olması və bir gün yenidən bölüşəcəyinin əzabverici həqiqiliyi... Əslində mənim yaşanmış təcrübələrim və ya yaşayacaqlarım da həmin anda hiss etdiyim duyğunu zədələmir. Əksinə, bu məqamda həmin duyğu öz dəyərini daha da artırır. Bircə dəfə yaşanıldı, təcrübədən keçdi, beləcə davam edəcək. Başqa yerlərdə, fərqli zamanlarda və fərqli insanlarla... Bu duyğu iki nəfəri bir anlığına bəlli olan, bilinən iki nəfərə çevirər... Eyni teleskop kimi başqa tərcübələri, başqa insanların rənglərini əks etdirər. Sonra onların da üzlərini silər. Qarşımızdakı kimdir? Kimlərdir? Yeni məqamlar, incə, zərif detalları özünə çəkər... Əldə edər. Başqaları tərəfindən vəsiyyət edilər... Bətnimdəki bu şəffaf istininvaxtsa dahi bir öküzə yem olacaq yaşıl ota çevriləcəyini, hansısa bir şəkildə ucqar kənd evlərinin birini isitmək üçün təzəyə çevriləcəyini bədənim ən kiçik zərrəsinə qədər  hiss edir.  Ya da dünyanın çox dərin bir dibsizliyində hansısa gülə qarışdırılıb fərqli bir rəngə çevrildiyini...

Qarşımdakının da üzü qızardı. Sakitcə dayanmışdı. Onun bu səssizliyini qəfil bir qəhqəhə, bir bardağın qırılması və ya ambulansın insan qəlbinə "bəlkə" ehtimalını saldığı siqnalı da poza bilməz. Çünki bu sükunət, hadisələrlə deyil daha çox simvollarla, dərin bir səssizliklə yarandı.

Ofisiantı çağırmaq üçün çevrildiyi zaman boyun əzələlərini gördüm. Günəşin şuaları altında rəng dəyişdirmiş, uşaq saflığını xatırladan saçlarına uyğun gəlməyən qalın əzələləri... boynundakı tüklər də yumşaq və qıvrım idi. Həmin dərin cizgini axtarıb tapıram. Bu xəfif və həssas cizgi onun kürəyini iki hissəyə ayırırdı. Bəli, düşüncələrini oxuya bilirəm... Lüt-üryan soyunduğu zaman meydana gələcək xüsusiyyətlərini də bilirəm. Onu da bilirəm ki, şəxsi otağı yoxdur, ancaq evi var. Sevişmək üçün otelə getməz. Xüsusi həssaslıqla divarın bir küncünə ilişdirilmiş asılqan, qırmızı rəngli gecə işığı, qızıl suyuna batırılmış rəsm çərçivəsi, sevişmək daha rahat olsun deyə tavana pərçimlənmiş güzgü  belə onu hövsələdən çıxara bilər. Bir qadını günəşin yandırıcı işığı altında saxlayıb gözdən keçirmək istəyər.

O qadınlarla çox gənc yaşlarından tanışdır.  Fahişəxanaların birində bir vaxtlar məşuqəsi var idi. Tədricən kişiləşdiyinə görə etibarlıdır, rahatdır. Belə ki, kibrit bitibsə, sevişməyi yarım qoyub mağazaya enər. İnsanın ağlına gəlməyəcək bir şeylə qayıda bilər, əliboş da gələr.

Başımı sinəsinə söykəyib bir müddət mürgüləyə bilərəm. Onun yaralı bir heyvanın əzabı ilə necə çırpındığını, tükəndiyini hiss edə bilirəm. Ancaq bu olmayacaq. Çünki hər şeyin üzərindəki mistik pərdə yox oldu. Artıq yeni bir dövrdəyik.  Artıq onun eyni mənim dırnaqlarım kimi uc qismləri aşağıya əyilmiş dırnaqlarına baxıram."

Sanki üst-üstə 250 ml dəyərində dörd ədəd "Red Bull" içmişəm. Eynilə hamınızın "Youtube"da gördüyü həmin həddindən artıq "Red Bull" içən oğlanın ürək döyüntüləri kimi şiddətli bir ürək döyüntüsü hiss edirəm. Qəribə bir ürək bulantısı və peşmançılıq qarışıq bir qorxu var. Ayaqlarım sarı yol boyu üfüqə doğru dayanmadan addımlayır. Onun addımları arasındakı məsafə o qədər dəqiq və ardıcıldır ki, bu təkrarlanan eyni ölçülü məsafələrin eyniliyi məni heyrətə gətirir. Zaman keçdikcə, yol boyu yanımdan ötüb keçən, uçuşan müxtəlif simvolları, dəyərləri gördükcə heyrətə gəlirəm. Budur, indicə yanımdan "şəhvət" keçdi, bir az əvvəl "utanc"la qarşılaşmışdım. Qarşıdan isə sanki məni ayaqları altında əzib keçməyə niyyətlənmiş, sürətli addımlarını eyni mənim kimi iradəsindən kənar atan "ömür" gəlir. Ən çox da o tələsir. Eynilə bir kəfkirli, köhnə, qotik üslublu mənzillərin o qabaritli sütunlarının böyür-başına qoyulan saatlar kimi "tak-tak-tak" edir. Niyə isə ən çox ondan qorxuram.  Elə bu xaotik uçuşların yuxu ilə reallıq arasında qalan mövcudluğunu dərk edə bilməmək də o dərəcədə qorxuludur. Əlimdəki tiftikli, köhnə vərəqdəki “Tomris Uyar” hekayəsinin davamını oxuyur. Mənə qurduğu xəyalları danışır.

"Ofisiant yeməyi gətirib masanın üzərinə qoyanda günəş qapının çölündəydi. İçərisində kiçik toz dənəcikləri oynaşan qalın bir işıq selini içəriyə uzatmışdı.

Sınıq-salxaq masalar... ayaqlarına kardon kəsikləri bağlanmış,  kibrit qutusu, qazlı su qapağı keçirilmiş, üzəri yağlı, qalın bir linenyumla örtülmüş...

Piştaxtanın arxasındakı rəflərdə isə, münasib rakılar, ələkeçməz araqlar, qıpqırmızı konyaklar, toz basmış likörlər və viskilər düzülmüşdü. Tozun, hisin içində itmiş etiketlər oxunmurdu. Stəkanların üzərində yağ həlqələri gözə dəyirdi. Donmuş şüşədən hazırlanmış, əyriş-üyrüş badələr. Qapqara qaralmış tül pərdədə hörümçək toru yellənir.  Piştaxtaya söykənmiş, işgüzar görünüşlü bir nəfər zəng vurur. "Bəli, bəli" - deyir ancaq səsində inandırıcı heçyoxdur. "Bir az da gözlədikdən sonra çıxacağam. Əlbəttə, əhəmiyyətli olmasa... Sən onları yola verərsən. Bir şey deyərsən. Mən saat beşdə vacib bir iclasda olmalıyam. "

Saat üçə işləyir. Qatar gecikir.

Yandakı masada yaşlı ər-arvad və bir oğlan uşağı oturub. Oğlan üçün ət qızartması sifariş veriblər. Özləri isə lobya supuplov... Düzgün bir formada dilimlənməmiş çörəkdən bir dilim götürür və yeməkdən çox az-az yeyirdilər.  Tez-tez nəzərləri çöldə idi. Oğlanın belində ucuz, Almaniya istehsalı olan bir tapança görünür, qırmızı cildlidir. Bir azdan stansiyaya yaxınlaşacaq olan qatarı gözləyirlər. Yaşlı ər-arvad bu uşağı valideynlərinə verəcək. Ona görədir ət qızartması...

Stansiya məmurları stansiyanı gələcək qatar üçün hazırlayırlar. Əllərində müxtəlif ləvazimatlar var; süpürgələr, əskilər, rəngarəng  vedrələr... Əl arabası ordan-ora dartılır.  Fəhlələr öz yerində hazır dayanıb. Qalaqlanmış məktub arabası gətirildi.  Bunlardan biri yerə düşdü, məmur əyilib götürdü. Demək ki, bu məktublar ünvana çatır. Heç inandırıcı deyil!

Sultanəhməddən və ya "Yenicami"nin pilləkənlərindən pərvazlanmış bir göyərçin  qırılmış pəncərədən içəriyə girdi.  Səssiz bir məscid gümbəzini xatırladan boşluqda fırlanıb çıxdı. İndi yenə o dar, qarmaqarışıq küçələrdən,  səyyar satıcıların qeyri-adi şeylər satdığı, kasetçilərin xeyli artdığı, lotoreya köşklərinin məskən saldığı ümidsiz küçələrdən keçən yüzlərlə göyərçindən biri olacaq. Semirik isə, uçmağı da yadından çıxarmış tənbəl bir qurbanlıq kimidir.

Yaşlı bir alkaş ortadakı geniş masada mürgüləyir. Ölməyi gözləyir. Özünü kiçik, şəxsi və haqlı ölümünü... Tualetdə bir narkoman, şalvarı dizlərinə qədər enmiş, bir küncə qalaqlanmış kar-kağızın, köhnə qəzetlərin, aybaşı pambıqlarının o qatı mayesinə bulaşmış halda mürgüləyirdi. Ofisiantlar yeni xəbər tutublar, sürüyüb çölə atdılar.

Köhnəlmiş salatlar, boyat qovunlar, yanmış yağ, tökülmüş rakı, toz, his, linenyum, nəm divarlar, büzüşülmüş kağız salfetkalar, neft, ayaq və nəcis qoxusu birləşib tək qoxu oluristi bir mətbəxtdə yağları təmizlənməmiş, qurumuş əski parçasının qoxusu masalardan ətrafa yayılır. Ətirsatanlar bu qoxunun üç gündən tez çıxmayacğını qətiyyətlə təsdiqləyirlər."

Taleyin oyunlarına, o gündəlik əmirlərinə, köləlik duyğusuna vərdişkar etməyinə qarşı çıxa bilərsən! Şüurun nəfsinə və iradənə hakim olmalıdır ki, iradən möhkəmlənsin. Yalnız o zaman bu sarı yolun səni işıq sürəti ilə sonsuzluğa aparmağına qarşı çıxa bilərsən. Beləcə düşünürdüm. Buna əmin idim. Hekayələri danışanlarla nə işim var idi axı? Mən niyə bu sirli səyahətə çıxmağa həvəs göstərdim? Niyə gizli kitabxanadan sirləri oğurladım. Niyə? Bilmirdim. Ancaq onunla qarşılaşdıqdan sonra bütün bu peşmançılıq duyğularım külək oldu. O mənə həqiqəti göstərdi. O mənə sarı yolu idarə etməyi öyrətdi.  Başımı qaldıran kimi, onun ildırım sürəti ilə mənə tərəf gəldiyini gördüm. Gülümsəyirdi. Bir tərəfdən isə qulağımın dibində pıçıltısını bağırtıya, isterik bir adamın həşirinə çevirmiş Tomris Uyar hekayəsini oxuyurdu.

"-Ye, kotletin yağı dondu.

-Sən heç nə yemədin.

-Saat neçədir?

-Saat neçədə getməliydin?

-Nə isə...

-Sən heç nə demədin. Danış...

-İstəyirsən ki, deyim səni sevirəm?

-Yox. O mənada, yəni istifadə edilən mənada sevmədiyini bilirəm. Bilmirəm, bəlkə də elə o mənada sevirsən.

-Ancaq yenə də eşitmək istəyirsən. Bir kişinin bir qadına deyəcəyi şeyləri... O sənin qadınlığından gələn bir şeydir.

-Ayıbdır? Pisdir?

-Deyil, bu səni yaradan məqa

lardır. Ancaq bu barədə danışmaq mənlik deyil.

-Necə?

Bircə onu deyə bilərəm ki, səni ancaq yaşlılığından görmək istəyərdim. Hər şey sakit, uzaq, təmiz olduğu məqamda, barışın, sülhün... "Əyildi. Qadını əvvəlcə saçlarından, alnından, öpdü.

-Yaxşı. Gəl, yola salım!"

 

Ardı var...

 

Ziyad QULUZADƏ

 

Ədəbiyyat qəzeti.- 2017.-16 sentyabr.- S.30-31.