Balıq gülüşü, böyümə anı, yaxud uşaqlığın son yuxusu

 

Son zamanlar ard-arda yazılan nəsr əsərləri və şeirlər çağın reallığında nə qədər dəyərləndirilib qiymətini ala bilir? “Tənqid və mətn” layihəmizdə təqdim olunan hekayələr tənqidçilərin müzakirəsinə verilir. Müzakirəyə çıxarılan növbəti mətn Mübariz Örənin “Balıq gülüşü  hekayəsidir.

Mübariz Örənin "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" hekayəsi bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə insanın şüuraltı dərinlərini, yuxu ilə gerçək, realla irreal dünyaların vahid məkanda çulğaşma anını ehtiva edir. Şüuraltı məqamlara diqqət çəkən psixoloji meyillərin yaranması, erkən uşaqlıq illərinin yaşantıları bədii dərkin predmetinə çevrilir. Bu hekayə qəhrəmanın öz uşaqlığından qopmasının bir anını görüntüləyir. Böyümək anı... Mübariz Örən mövzunu yuxunun irreal qatında təşbihinə çalışmaqla onu bir növ "yabanı" hiss və yanaşmaların ağuşundan xilas edir.

Mübarizin nəsrində fərqli, seçkin poetika var. Dünyaduyumunda, mətn həllində, predmetə yanaşmaonun fəlsəfi-psixoloji qata müncər etmək mənasında. İndi çox az mətnlər şüuraltını oynatmağa, habelə dilin dərinliklərinə nüfuz etməyə, bədii ifadənin orijinal formalarını yaratmağa nail olur. "Balıq gülüşü"ndə ilk baxışda soyuq mənzərə effekti doğuran lövhələrin dil,  ifadə, deyim tərzi anidən elə bir çevrilmə məkanı yaradır ki, estetik mündəricə büsbütün dəyişir,  dil bütün məna və ifadə potensiyası ilə poetik strukturun tərkib hissəsinə çevrilir: "Belinin altı istidən alışıb-yanırdı, - bədəni diricə su - sanki dünyanın bütün istisi belinin altında idi. Sıçrayıb qalxdı, bir topa isti çıxdı altından...", yaxud "Qapının pərdəsini aralayıb çölə baxdı, - həyət bomboşdu. çiçəkli akasiya ilə baş-başa vermiş tutun üstü isə sığırçınla dolu...", "Qələmə ağacından o tərəfdə, çörəkxananın düz qabağında traktor gözləyirdi onu, - lafeti səs-küylü, şaqraq gülüşlü qız-gəlinlə dolu...".

Nabokovun Tolstoyla bağlı işlətdiyi dahiyanə fikirlərdən biri budur: "Tolstoy personajlarından bir an belə gözünü ayırmır; onları danışdırır, hərəkət etdirir - amma danışıqları və hərəkətləri onlar üçün yaratdığı dünyada öz reaksiyasını doğurur". M.Örənin də prozasında bu məqama həssaslıq öndədi. O da qəhrəmanlarını nəzarətsiz buraxmır, ən kiçik fürsətdə belə zahiri detallara istinadən oxucuya müəyyən məlumatı ötürmək çabasında bulunur. İlk baxışdan o qədər sezgin olmayan bu işarələr sonradan hansısa fəlsəfi yozumun işarə və hərfləri kimi məna vurğusu qazanır.

Hekayədə zaman ünsüründən yararlanma ən uğurlu amildir. Hər şey  bir anın içinə yığılıb orda təzahür edir. Göz açıb-yummaq qədər ani olan bu kəsimdə müəllif hekayə qəhrəmanının içində olan gizli seksual motivi, qorxunu, həyat gerçəklərini üzə çıxarır. Lakin M.Örən bu yaşantını cinsi istəyin çərçivəsindən psixoloji müstəviyə keçirir, fizioloji səviyyədən mənəvi qata adlama ilə hadisələrin çoxqatlılığını poetik mənaya çökdürməyə nail olur.

"Deməli günorta yuxusu aparıbmış onu, uzunqol köynəyinə salmanca təpib bu günorta gəlib anası. O da elə bilir hələ səhərdi. Deyir axı, yığılı yerin üstündə niyə yatıb?! Bir günü arada salıb itirib o, əvəzinə özündən gün qondarıb; bir gündə iki gün yaşayıb, bir gün artıq yaşayıb. İnnən belə nə qədər ömür sürə bir gün artıq yaşayacaq. O, bu günü özü qazanıb, - bu qazancın anasına heç bir xeyri  olmasa da, - özü tapıb. Bu - onun ilk qazancıdı. Deməli yekəlib o. Böyüyüb!"

Qəhrəmanın yuxusu onun təhtəlşüurundakı gerçəyi ifadə edən əsas vasitəyə çevrilir, müəllif zamanın fiziki gedişinə qarşı qəhrəmanın psixoloji zamanını qoyur. Burada Prustun itən zamanından deyil, qazanılan zamandan söhbət gedir. Müxtəlif simvol-işarələrin mətn içinə adlaması da metaforik çoxqatlılıqdan doğan hal olmaqla yanaşı qurulan yeni zamanın elementləri səviyyəsində kontekstuallıq qazanır. Məsələn, gülən balıqla böyüməyə tələsən oğlan arasında maraqlı işarələrə yer verir müəllif: "Kanalın sarı-lil suyundan sıyrılıb qarğının dalınca sevincək "uçan" balıq heyrətə salmışdı onu - gözləmədiyi yerdən çıxmışdı balıq - və qorxutmuşdu; gülürdü balıq! Qarnı ağ-gümüşü, beli göy-qara, şüşə gözlü, xırda qanadcıqlı... Yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinirdi. Az sonra çat-qızmar torpaqda çapalayıb, quru çör-çöp qırıntılarını suvaşıq bədəninə yığıb, ətcə quş dimdiyinə bənzər sarı, xırda ağzını yumub-açıb imdad diləyəcəyindən hələ xəbərsizdi".

Bir an sonra onu nə gözlədiyini bilmədən üzən balığın gülüşü böyüdüyünə sevincək olan uşağın duyğuları ilə eyni ortamda kəsişir. Uşaqlığın son yuxusu görülür, balıq öz həyatından, qəhrəman öz uşaqlığından gülə-gülə ayrılır. Qarşıda isə "evin kişisi"ni gözləyən həyat var hələ. Bu məqamda müəllif hekayənin yalnız Edip kompleksi - uşağın anaya bəslədiyi qısqanclıq və maraq konkretliyində şərh çərçivəsini sındırır, yaxud cinsi istəklərin asılılığından xilas edib  (belə olsaydı, mündəricə mahiyyətcə başqa olardı), diqqəti gülüşün idrak (!) qatında roluna cəmləyir. Böyüməyinə, evin kişisi olacağına sevinən qəhrəmanını sərt yaşam prosesləri ilə üzbəüz qoyur:  

"Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, - suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, - əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və... Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən "balıq bədəninə", azacıq açılı qalmış yaxasından görünən döşlərinə necə hərisliklə baxdığını "tutdu". Deyəsən anası da nəsə duymuşdu; sir-sifəti ani dəyişdi, gözündəki sevinc kisənin dibində qaldı... Həmin gün özünə yer tapmadı anası, hallı-havalı gəzdi, öz-özünə hey güldü...".

Diqqət edək: "sevinci kisənin dibində qaldı" və "öz-özünə hey güldü". Bu maraqlı kontrast hekayədə açar məqama çevrilir, bir çox anlayışları "mötərizəyə alınmış gerçəklik" şəklində dərk etməyə imkan yaradır. Burada artıq  gülüşün məna vurğusu da başqalaşır, mətnin struktur-semantik ağırlığında onun müncər olduğu kontekst dəyişir.

Ə.Cavadın belə misraları var: "Böylə göz yaşıyla keçən ömrümün, Sonunda bir acı güləcəyəm bən!". Gülüş həm də acıları yenmək cəhdidir. Həqiqi sənətin gücü məncə, bu nöqtədə aydınlaşır. Gerçəklik adlanan aləmi müxtəlif yollarla öyrənməyin, onu aşıb keçmənin formalarını təqdim etdiyi məqamda. Hərçənd təqdim olunan forma özübir həqiqətdir. "Balıq gülüşü" bu mənada, zamanın sərtliyinə qarşı mücadilə modeli cızan əsər kimi müəllifin və hekayəçiliyimizin uğurudur.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2017. 23 sentyabr.- S.18.