Get dolangilən, xainsən hələ...

 

Pyesdən parça

Üçüncü pərdə beşinci səhnə

 

Yenə həmin direktorun kabineti. Direktorun yerində imtahan komissiyasının sədri kimi Veysəlli oturmuşdur. Ətraf kürsülərdə Ağa Əmi, Mənsurə, Fikrət, Misgərli və Əsgərli. Komissiyanın əməli katibi Əlidir. O, eyni zamanda, adları çıxan gəncləri çağırır və yola salır. Pərdə açılanda qonşu otaqda bir az səs-küy eşidilir. Əlində qələm nə isə yazan Əli yerindən qalxıb qapını azca aralayıb səs salanlara müraciət edir.

Əli: - Bir az səbr eyləyin.

Komissiya tənəffüs edir!

Əbilov: - Salam! Nə hallısınız, imtahan necə gedir?

Veysəlli: - Yaxşı gedir.

Əbilov: - Neçə nəfər buraxmısınız?

Veysəlli: - On nəfər.

Əli: - İki nəfər qalır. Çağırım?

Əbilov: - Hələ dayan.

Veysəlli: - Qoy bir istəkan çay içək. Bir şey qalmayıb, canını boğazına yığmışıq.

Qiymət məsələsində ehtiyatlı olun ha! Elə edin ki, sonradan söz-sov olmasın.

Avtoreferatlara daha ciddi fikir vermək lazımdır... Qiymət belədir ki, (Heydərliyə baxır) düz oldu-olmadı qalır öz aramızda (Heydərli başı ilə təsdiq edir). Amma (Misgərliyə baxır) referat dokumentdir də... (Misgərli başı ilə təsdiq edir).

Əli: - (gözlənilmədən) Xəbəriniz var? Deyirlər guya ali məktəblərin birində bu keçən qəbul imtahanlarında müəllimlərdən rüşvət alan olub! (Veysəlli tez darağını çıxarıb başını darayır)

Əbilov: - Kimdən?

Əli: - Müəllim tələbədən.

Əbilov: - Bay-bay-bay... Görürsünüz də... Müəllim..., rüşvət... Bay-bay-bay...

Heydərli: - Bilirsiniz məsələ nə yerdədir? Doğrudur, xüsusən qəbul imtahanlarında biz müəllimlərin guya tələbələrdən rüşvət alması haqqında orda-burda danışırlar. Ancaq Məmiş doğru deyir ki, əsası yoxdur, söz-söhbətdir... Müəllimdir də... Hərənin bir-iki tanış-bilişi olur, imtahanda güzəştə gedir, birtəhər ötürür... Bunun da adını qoyurlar rüşvət.

Əli: - Sözünü də kəsirəm, Cəbi yoldaş, bağışla. "Bir-iki tanış-biliş" dedin, yadıma düşdü. Danışırlar ki, keçən il elmi-tədqiqat institutlarının birində aspiranturaya səkkiz nəfər qəbul ediləcəkmiş. İyirmi nəfər ərizə vermiş imiş. Komissiyada da yeddi üzv varmış, sədrlə səkkiz. Hərəsinin də bir tanışı-bilişi. Hərə öz adamını birtəhər ötürür, qalan on iki nəfərin on ikisini də, biləni də, bilməyəni də kəsib tökürlər.

Mənsurə: - Ali məktəblərdə də elə olur da. Məsələn bir fakültəyə deyəlim əlli nəfər qəbul ediləcək, komissiyanın da azı 40 nəfər üzvü olur. Bunun bir otuz beş nəfəri öz tanış-bilişini buraxır, üç-dörd nəfəri siz deyən kimi rüşvət alır, qalanını da ordan-burdan tapşırırlar. İkisini dekan, ikisini rektor... Buyur, bu da sənin üçün əlli nəfər!

Veysəlli: - Söz-söhbətdir... Mən elə bir müəllim tanımıram ki, imtahanda tələbədən rüşvət alsın.

Fikrət: - (Əsəbi halda ayağa qalxır) Bura bax, Məmiş yoldaş! Bunun nəyi söz-söhbətdir? Bütün xalqa məlum olan bir cinayəti niyə ört-basdır edirsiniz? Elmin, mədəniyyətin, tərəqqinin düşmənlərini; xalq, vətən, partiya, dövlət düşmənlərini niyə camaatın nəzərindən yayındırmaq istəyirsiniz? Tələbədən rüşvət alan müəllim yoxdur? Neçəsini məhkəməyə veriblər? Neçəsini iti qovan kimi ali məktəblərdən qovublar.

Müəllim tələbədən rüşvət alır... heç bilirsinizmi bu nə deməkdir? Bu, xalqın elm, maarif, mədəniyyət sahəsində bu qırx beş ildə əldə etdiyi bütün nailiyyətləri kökündən baltalamaq deməkdir. Niyə bu müdhiş cinayətə göz yumursunuz? Müəllim tələbədən rüşvət alır... Bu, istedadları, ləyaqətliləri məhv etmək, ümüdləri, arzuları, xəyalları puça çıxarmaq, həvəsləri öldürmək, söndürmək, aferistliyə, fırıldağa yol açmaq, imkan yaratmaq deməkdir. Niyə bu canlı həyat faktını görmək istəmirsiniz? Niyə demirsiniz ki, (üzünü zala tutur) ay camaat, bu aferistləri tanıyın! Və hamınız birlikdə deyin (özü də bilmədən üzünü döndərir): Tüfu, sizin üzünüzə! Müəllim də rüşvət alar?

Əbilov: - Fikrət, sən də məsələni bir az böyüdürsən... Müəllimlər içərisində rüşvətxor olsa, beş-üç nəfər olar, artıq olmaz...

Fikrət: - Kim deyir ki, min nəfərdir? Mən də elə beş-üç nəfəri deyirəm də.

Məmiş: - (Fikrətə qara yaxmaq istəyir) Xeyr, bağışlayasan, sən beş-üç nəfər demirsən, sənin sözündən - acığın gəlməsin - belə çıxır ki, bizim cəmiyyətimizdə rüşvətxorların sayı dünyanı götürüb. Özün də partiya təşkilatının katibi...

Fikrət: - (Əsəbi) Sözünü yarımçıq qoyma! Demək istəyirsən ki, mən Sovet cəmiyyətinə böhtan atıram? Səndən hər şey gözləmək olar. Elə bizim cəmiyyətimizdə belə-belə cinayətlərə imkan yaradan sənin kimi adamlar dəyilmi?

Veysəlli: - Nə deyirsən-de, yerində danışarıq...

Ağa Əmi: - Gecikmisən Məmiş, indi insanların taleyini "yerində danışmaq" həll etmir, xalq, camaat, kütlə həll edir.

Əbilov: - (Qorxuya düşür) Mübahisəni kəsin, canım. Cəmiyyəti-zadı gətirib bura dürtməyin, qoyun başımızı birtəhər girəliyirik, girəliyək...

Misgərli: - Əslinə baxsanız, taqsır heç rüşvət alan müəllimdə dəyil...

Taqsır rüşvət alan müəllimdə dəyil, rüşvət verən tələbədədir. Axı tələbə - tələbə olsa, müəllimə niyə rüşvət verir?

Heydərli: - Valideynlərdə, xüsusən vasitəçilərdə də taqsır çoxdur. Mən də bir-iki dəfə qəbul imtahanlarında olmuşam. Bilirəm, bu müəllimlər nə çəkir!.. A kişi! İmtahan günləri bu valideynlərin, vastəçilərin əlindən nə evdə otura bilirsən, nə idarədə otura bilirsən. Bağa qaçırsan, dalınca bağa gəlirlər, dağa qaçırsan, dağa...

Ağa Əmi: - Onlara deyə bilmirsən ki, ay nadanlar tanış-biliş vastəsilə övladı adam etmək olmaz, bu yol ilə sağlam nəsil tərbiyə etmək olmaz!

Əbilov: - Elə demə, Ağa Əmi, mənim də başıma gəlib. Bəzən görürsən ki, elə adam zəng edib, xahiş edir ki, sözündən keçə bilmirsən.

...Əli: - Təklif var mübahisə dayandırılsın. Bayırda gözləyirlər.

Fikrət: - Çağır gəlsinlər.

Əli: - Hörmüz Həsən oğlu, Əlmurad Pəpişov! (Hörmüz və Əlmurad gəlib dayanırlar.)

Veysəlli: - (Onlara) Bilet götürün!

(Hörmüz dərhal əlini uzadıb bir bilet götürür, gedib oturur, diqqətlə biletdəki sualları nəzərdən keçirib, məmnun və arxayın halda, bileti masanın üzərinə buraxır... Bu müddətdə Əlmurad hələ bilet götürməmişdir, vahimə ilə biletlərə baxıb, gözünü döyür Veysəllinin gözlərinə. Veysəlli göz-gözə verib biletlərdən birinə işarə edərək Əlmurada).

Veysəlli: - Nə durmusan? Bilet götür da!

(Əli bu işarəni duyur. Əlmurad əli titrəyə-titrəyə nəhayət, bir bilet götürüb gedib oturur. Biletdəki sualları oxuyub, yenə vahimə içərisində gah komissiya üzvlərinə baxır, gah Veysəlliyə).

Veysəlli: - (Hörmüzə) Danışmaq istəyirsən?

Hörmüz: - Bəli!

Hörmüz arxayın, sərbəst qalxıb gəlir komissiyanın hüzuruna əyləşir. Bu arada Şərqiyyənin müşayiəti ilə professor Səlimzadə gəlir. Onu görcək hamı ayağa qalxır. Professor Şərqiyyənin gətirdiyi kürsüdə oturur...

Veysəlli: - (Hörmüzə) Birinci sualın nədir?

Hörmüz: - "Onlar bir neçə nəfər idi" romanında əsas surətlərin səciyyəsi.

Veysəlli: - Danış!

Hörmüz: - Romanda əsas surətlərdən biri Dərgahquludur. Müəllif bu surətlə belə bir gözəl ideyanı təbliğ edir ki, "Sosializm cəmiyyətində hər kəs öz bacarığına, öz ləyaqətinə görə yer tutmalıdır. Və bu cəmiyyətdə mühüm vəzifələr, kütlənin taleyi təmiz, namuslu adamlara tapşırılmalıdır. Obraz mənfidir. Ədibin estetik idealı isə gözəldir... Belə ki, Dərgahqulu bir neçə rayonda müxtəlif vəzifələrdə olur, lakin heç birini yarıtmır. Sovet adamına yaraşmayan işlər görür, intriqa ilə məşğul olur, rüşvət alır. Partiya və Dövləti aldadıb yalan məlumatlar verir. Xalq malını talayır, əxlaq-məişət məsələlərində də özünü çox pis aparır, ədibin sözü ilə "ana-bacı tanımır", əyyaşlıq edir. İldə bir arvad dəyişir və sairə... Bir müddət sonra Dərgahqulu ifşa olunur. Onu işdən kənar edirlər.

Misgərli: - Yaxşı, davam edin!

Hörmüz: - Sonra ədib Dərgahqulunun şəhərə gəldiyini, orta təhsili olduğu halda haradansa özünə ali məktəb diplomu düzəltdiyini, hətta namizədlik dissertasiyası belə müdafiə edib, elmi müəssisələrin birində mühüm vəzifə tutduğunu təsvir edir. (Veysəlli darağını çıxarıb başını darayır, Hörmüz davam edir). Dərgahqulu bu yeni vəzifədə də özünü yaxşı aparmır...

Veysəlli: - (Darıxmış halda onun sözünü kəsir) Keç ikinci surətə!

Hörmüz: - (Bir az fikrini toplayaraq başlayır.) Romanda ibrətamiz surətlərdən biri də Əsmər Əsmərovdur ki, ayaması da "arvaddan qorxan"dır.

Əsmərov surətində ədib belə bir fikri təbliğ edir ki, hər hansı işdə olursa-olsun, cəsarət, təşəbbüskarlıq, ümumxalq işinə can yandırmaq insanın ən yaxşı sifətlərindəndir. Sovet adamının gərək ictimai siması olsun, o gərək hər işdə, ümumxalq mənafeyini, partiya, dövlət mənafeyini nəzərə alsın, ümumin mənafeyini şəxsi mənafeyindən üstün tutsun. Bu sifətlərdən məhrum olan adam bizim cəmiyyətimizə xeyir verə bilməz. Əsmərov da mənfi surətdir, lakin bu surət ətrafında olan bədii düşüncə çox gözəldir.

Əsmərov Dərgahqulu qədər qorxulu adam dəyildir. Dələduz, çapoğulçu, qirbəllə dəyildir. Lakin həddindən ziyadə qorxaq, cəsarətsizdir. Əsmərovda müstəqil düşünmək, müstəqil fikir, mühakimə yürütmək qabiliyyəti yoxdur. Qorxaqlığı üzündən Əsmərov çox zaman bilə-bilə, görə-görə həqiqəti tapdalayır, haqsız tərəfi müdafiə edir. Kim bir hərbə-zorba, demoqoq isə, o, Əsmərovun ağzını istədiyi tərəfə döndərə bilir. Odur ki, Əsmərovun müdir olduğu idarədə həmişə hərc-mərclikdir. Çünki o, ağıllı, mədəni, sadə, xüsusən sakit danışan xeyirxah işçiləri nə sevir, nə hörmət edir, nə də mühüm məsələlərdə onlarla hesablaşır. Əksinə, demoqoqlardan qorxduğu üçün hörməti də onlara edir, onların qarşısında yaltaqlanır da. Bir sözlə, Əsmərov həmişə demoqoqların dediyi ilə oturub-durur. Müəllifin fikrincə, Əsmərovun bu dərəcədə zəif, iradəsiz, qorxaq olmağının səbəbi onun masabaz olmasındadır!

Misgərli: - Masabaz? Masabaz nə deməkdir?

Hörmüz: - Tiplərin dilində işlənən sözdür. "Masabaz" - yəni vəzifəpərəst.

Heydərli: - Davam edin!

Hörmüz: - Əsmərov hər işdə birinci növbədə özünü, öz rahatlığını düşünür. Ancaq onun bir insan kibi rahatlığı da yoxdur. Həmişə səbirsiz, təntik, gördüyü işdə bir iki dəyil, nədənsə həmişə qorxu, vahimə içərisindədir... Əsmərov hətta öz evində də daima qorxu, vahimədədir. O, hətta öz arvadından da - bağışlayın ədibin sözləri ilə - itdən qorxan kimi qorxur... Romanda ər ilə arvadın qəribə münasibətini göstərən fəsil çox ibrətlidir. Əbilov Əsmərovun arvadının atasını...

Əbilov: - (Artıq davam gətirə bilməyərək Hörmüzə) Keçin o biri surətlərə!

Hörmüz: - (Fikrini toplayıb başlayır) Əsərdə Hətəmov və Həkəmov surətləri də ibrətlidir. Eyni ixtisas sahibi olan bu iki ziyalı, elmi işçi otuz ildir ki, biri-birilə ecəşir, prinsipsiz mübarizə aparırlar. Səbəbi də budur ki, otuz il əvvəl onların arvadları hamamda tas üstə deyişmiş, bir-birinin ərlərini söymüşlər... O zamandan etibarən Hətəmovla Həkəmov olmuşlar qanlı-pıçaq. Bunlar bir o qədər də istedadsız adamlar dəyillər. Gənclik yaşlarında bir xeyli işlər də görmüş, elmə həvəs göstərmişlər. Ancaq arvadlar hamamda tas üstündə savaşandan sonra bütün məharətlərini sərf etmişlər biri-birini yıxmağa...

Misgərli: - (Veysəlliyə) Mən deyirəm keçsin o biri surətlərə.

(Səlimzadə əli ilə işarə edir ki, mane olmasınlar, Hörmüz danışsın. Hörmüz bunu başa düşüb davam edir).

Hörmüz: - İndi onlar, yəni Həkəmovla Hətəmov artıq məsləksiz, idealsız, prinsipsiz adamcığazlara çevrilmişlər. İşləri-gücləri məişətin xırdalıqları ilə məşğul olmaqdır. Xalq, vətən, insan taleyi onların yuxusuna belə girmir. Hətəmovun yeganə həyat idealı Həkəmovu kəlləsi üstə yerə gətirmək, Həkəmovun yeganə həyat idealı Hətəmovu kəlləsi üstə yerə gətirməkdir...

Müəllif bir yerdə yazır ki, "onların, yəni Hətəmovla Həkəmovun münasibəti iki düşmən dövlət, iki düşmən ölkə arasında olan münasibətə bənzəyirdi. Hər iki tərəfin özünün müharibəyə ciddi hazırlıq planları, raket bazaları, qırıcı və bombardmançı təyyarələri, zəhərləyici qazları, kəşfiyyat orqanları, hətta hərbi paraşütistləri vardı. Biri-birinin əlehyinə uydurduqları yalanlar, dedi-qodular, onların zəhərləyici qazları, əl altından biri-birinin əleyhinə düzəltdikləri materiallar bombardmançı və qırıcı təyyarələri idi. Haq-nahaq biri-birinin üstünə düşdükləri iclaslar onların raket bazaları, xəbərçiləri - onların kəşviyyat orqanları; qəfildən iclaslarda müzakirələrdə biri-birinin əleyhinə qaldırdıqları tərəfdarları onların paraşütistləri idi…

Bir də görürdün Həkəmov güclü bir material bombası ixtira edib aparıb saldı Hətəmovun komasına, evdə, ailədə, idarədə başladı zəlzələ, vəlvələ. Yaxud Hətəmov bir zəhərli yalan düzəldib buraxdı Həkəmovun burnuna, Həkəmov zəhərlənib üç-dörd ay arxasını verdi yerə…"

Heydərli: - (Hörmüzü dayandırmaq üçün Veysəlliyə) Məsləhətsə, keçsin o biri surətlərə.

Ağa Əmi: - (Yerindən qalxıb Hörmüzə) Bağışla, oğlum! Romanda bir Zakir surəti də var…

...Hörmüz: - Bəli. Zakirin sözləri eynilə xatirimdədir. (Ayağa qalxıb xüsusi vəcd, ruh yüksəkliyi ilə təmkinlə davam edir. Sözləri, cümlələri aydın, sərrast ifadə etməyə fikir verir.)

Ey mənim, iş yoldaşlarım, qardaşlarım, ey mənim vətəndaşlarım! Bir deyin görüm siz nə vaxta qədər, biri-birinizin ayağından çəkəcəksiniz? Nə vaxta qədər bir-birinizin ətini yeyib, qanını içəcəksiniz? Axı belə olmaz. Belə vətəndaşlıq olmaz, belə yoldaşlıq olmaz… Belə ziyalılıq olmaz, belə insanlıq olmaz!...

Siz eyni bir vətəndə yaşamırsınız? Eyni bir havanı tənəffüs etmirsiniz? Bəs niyə bir-biriniz üçün bu gözəl havanı zəhərləyirsiniz? Bu geniş Vətən niyə sizə darlıq edir? Siz eyni bir məslək adamları, eyni bir yolun yolçusu dəyilsiniz? - Bəlkə mən səhv edirəm?! - Bəs bu ümumel yolunda niyə biri-birinizin ayağı altında quyu qazıyırsınız? Niyə biriniz yüksələndə, irəli gedəndə, o birinin başına daş düşür? Məgər siz bir ananın evladları dəyilsiniz? Niyə bu ananın halal südünü bir-birinizə haram edirsiniz? Siz mənə elə bir ağıllı, namuslu vətəndaş göstərin ki, desinlər bu, cəmiyyət üçün artıqdır. Siz mənə elə bir iki istedadlı adam göstərin ki...

Səlimzadə: - Onların biri o birini…

Hörmüz: - Əvəz edə bilsin! Hansı axmaq deyər ki, iki nəfər yaxşı dilçidən biri artıqdır… Hansı axmaq düşünə bilər ki, beş nəfər yaxşı bəstəkardan biri artıqdır? Hansı axmaq deyər ki, beş nəfər yaxşı mühəndisdən biri artıqdır? Əzizim Həkəmov və Hətəmov! Siz ikiniz də bir idarədə işləyirsiniz, ancaq…

(Əli tez xatırladır və üzünü Misgərli ilə Heydərliyə tərəf tutur)

Əli: - Əl altından bir-birinizi pisləyirsiniz.

Hörmüz: - (davam edir) Əzizim Həkəmov və Hətəmov. Təsəvvür edin elə bir Vətən ki, orada yaxşı rəssamı - rəssamın gözü götürməyə, yaxşı mühəndisi - mühəndisin gözü götürməyə, yaxşı hüquqşünası - hüquqşünasın gözü götürməyə, yaxşı həkimi - həkimin gözü götürməyə, yaxşı tarixçini - tarixçinin gözü götürməyə, yaxşı bəstəkarı - bəstəkarın gözü götürməyə, yaxşı rejissoru - rejissorun gözü götürməyə, yaxşı müəllimi - müəllimin gözü götürməyə, yaxşı ministri - ministrin gözü götürməyə... Onda nə olar? Hətəmov Həkəmovun qanını içməyə hazırdır, Həkəmov Hətəmovun… Belə də həmkarlıq olar?! Axı siz, bir ovuc paxıllar öz murdar hərəkətinizlə böyük bir xalqın adını batırırsınız. Niyə bir-birinizi gözünüz götürmür? (Hörmüz bir az dayanır).

Ağa Əmi: - Sağ ol, oğlum! Keç, o biri suallara!

Fikrət: - Məncə, kifayətdir.

Əbilov: - (sual verir) Hansı dilləri bilirsiniz?

Hörmüz: - Orta-ali məktəblərdə nəki keçmişik rusca, fransızca, farsca.

Veysəlli: - (birdən düşünmədən) Azərbaycanca necə?

(Hörmüz təəccüblənir, cavab vermir.)

Ağa Əmi: - (Veysəlliyə) Bəs səhərdən nə dildə danışırdı?

Veysəlli: - (Özünü itirib tez Səlimzadəyə müraciət edir) Professor, sualınız varsa, buyurun!

Səlimzadə: - Xeyr, sualım yoxdur. Mən Hörmüzü çoxdan tanıyıram. Darülfünunda o, mənim ən sevimli tələbələrimdən biri idi. O vaxt çox çalışdım ki, aspiranturada qalsın, özü razılıq vermədi. Qoy bir-iki il də işləyim, biliyimi artırım, anam da xəstədir… sonra gələrəm. Çox yaxşı ki, indi gəlib çıxmışdır. Həm də gözəl həyat təcrübəsi keçəndən sonra… Hörmüz mətbuatda hərbənbir çıxış edir, yəqin ki, oxumusunuz. Çox orijinal üslubu, yazı tərzi vardır. Aspiranturaya da elə belə… hazırlıqlı gəncləri cəlb etmək lazımdır… (yaxınlaşıb əlini Hörmüzün dalına vurur) Cavabların çox xoşuma gəldi… Bağışlayın (saatına baxır). Mən getməliyəm.

Veysəlli: - Hə… Demək olar ki, qurtardı… İndi yoldaşlar, qiymətlərinizi deyin! (Siyahı oxunur)

Birinci: - Ağa nəzər! (Əbilov təşvişə düşür) Məndə dörddür. (Əbilov gülür).

Heydərli: - Üç ilə dörd arasındadır.

Ağa Əmi: - İki! (Əbilov pərt olur); Fikrət - İki!; Mənsurə - İki!

Misgərli: - Məndə iki ilə üç arasındadır.

Veysəlli: - Deməli, orta qiymət neçə?

Ağa Əmi: - Orta qiymət, filan yoxdur. İkidir.

Veysəlli: - (Əbilova) Siz, yoldaş Əbilov?

Əbilov: - O, cavab verəndə mən burda olmamışam. Məncə, gərək o, yaxşı cavab verə idi, deyirlər çox hazırlıqlı… e… referatı necədir?

Fikrət: - Kitabdan köçürüb, yoxlamışam.

Əbilov: - Yaxşı, qiymətinizi verin, sonra bir də baxarıq…

...Veysəlli: - Hörmüz. Doğrudur, professor onu çox təriflədi… ancaq o qədər də tərifləyici cavab vermədi…

Misgərli: - Elədir, bəli, arzu edilən cavabları vermədi.

Ağa Əmi - (hirsli) Bizim arzu etdiyimiz cavabları verdi, sizi bilmirəm. Əla! Gözəl gələcəyi olan bir cavandır.

Fikrət: - Əla!

Mənsurə: - Sözsüz əladır!

Heydərli: - Məndə dörddür…

Əbilov: - Daha professor da bəyəndi, əla verin getsin.

Ağa Əmi: - (qalxır ayağa, öz qeydlərinə baxır, Əliyə) Əli, yaz. Beləliklə, beş nəfər qəbul olunur. Hörmüz, Vaqif, Aydın, Fəxrəddin, Gülnarə. (Əliyə) Protokolu ver, hamı burada qol çəksin. (Hamı durur ayağa gəlib bir-bir qol çəkirlər, adamları keçməyənlər dilxor, qalanları şaddır).

 

1965

 

Məmməd Cəfər Cəfərov

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 sentyabr.- S.23-24.