ŞEİR YAZMAQ

 

Buğdadan öyrəndim

                          şeir yazmağı,

canım-gözüm qara buğdadan.

Dadı-daddı,

yaxşılığı-yaxşılıq -

                          min illərdi,

heç

         tuta bilməz

                  süfrədəki yerini...

Axar sulardan öyrəndim

                           şeir yazmağı,

bir

     səhrada tək-tənha qalmış

                 kimsəsiz çeşmələrdən,

bir

      hər damlasında

                 dağ ruhu çağlayan

                                bulaqlardan,

bir

       yalnızlıq ətri - dənizlərdən;

yazlar keçir,

qışlar keçir,

tükənmir,

heç tükənmir ki, anlatdıqları...

Çöl çiçəklərindən öyrəndim

                             şeir yazmağı,

gözləri

      gün işığında

            qamaşa-qamaşa

                         gözləyərlər

çocuqları,

arıları,

kəpənəkləri...

Baxmazlar,

          bu varlıdı, bu kasıb,

verərlər

       rənglərini,

            ətirlərini,

                  təbəssümlərini -

bənizləri solana qədər...

Kənd qəhvəxanalarında

ömür-gün söhbəti edən,

torpağı,

       yağışı,

           bir qadınları sevən

kişilərdən öyrəndim

                          şeir yazmağı -

qıtlıqlar qırar ümidlərini,

arzuları bitib-tükənər...

Saymaqla

          qurtarmaz ustadlarım -

cürbəcür ağaclar,

         cürbəcür quşlar,

                  cürbəcür böcəklər...

Dənizdə - balıqçıların,

                  yollarda sürücülərin

danışdıqları

         məzəli lətifələrdən

                    öyrəndim şeir yazmağı...

 

Necə

     rəng-rəng açırsa

                    çöl çiçəkləri,

necə

     qayanın dibindən

              çağlayırsa bulaq,

mən

     bəzən sevincin,

           bəzən kədərin,

                bəzən qaranlığın,

                          bəzən işığın

bağrından dərirəm şeirlərimi -

ürəyim qanaya-qanaya

 

GÜNƏŞ DƏLİSİ

 

Pırıl-pırıl günəşi,

     işım-işım işıldayan qarı,

           türkü-türkü axan irmaqları

sevirəm.

Günəşli gündə

bir yaşıl yarpaq,

bir telli böcək,

bir cücərən toxum görsəm,

sevinclə dolar içim.

Heç nəyə,

       heç nəyə dəyişmərəm

                        o günəşli günü -

bəlkə

     buna görə

           sevmədim müharibələri,

bəlkə

     buna görə

                sevmədim zülmü,

bəlkə

     buna görə

                 sevmədim yalanı...

Bilirəm,

     yaşamaz pırıl-pırıl

                    günəşlə yan-yana,

bilirəm,

      yaşamaz işım-işım işıldayan

                                 qarla yan-yana,

bilirəm,

      yaşamaz türkü-türkü axan

                        irmaqlarla yan-yana

müharibə,

zülm,

yalan...

 

 

YALNIZLIQ

 

Yalnızlıq öldürdü məni,

                             yalnızlıq -

əvvəlcə

      gözlərimin nurunu aldı,

sonra

          dizlərimin taqətini,      

sonra

           ürəyimin fərəhini

Üz-üzə dayandığım

                  bütün pəncərələrdə

yalnız

      qaranlıq dəydi gözlərimə,

yalnız

      yalnızlıq dəydi gözlərimə

İllərdir,

      yalnızlıqla çıxdım küçələrə,

illərdir,

       yalnızlıqla döndüm evə

Hər qış gecəsi

saat yeddidə               

yalnızlıqdı əsən

                 evimin önündə,

hər qış gecəsi

                   saat yeddidə

yalnızlıqdı

        qəhvəxanada oturub

   məni gözləyən

Gülmək istəmirəmsə,

danışmaq istəmirəmsə,

sevmək istəmirəmsə,

yalnızlıqdı buna bais

Yalnızlıq

Əlimin dalı ilə

        ha itələsəm ,                 

gedər -

yenə gələr,

gedər -

yenə gələr,

gedər -

yenə gələr

 

 

Bir gün

            girsəniz otağıma,

cansız halda

       uzanmış görsəniz məni,

baxın başımın üstünə,

baxın dörd divara -

ordadır yalnızlıq,

sizinlə nəfəs-nəfəsə,

sizinlə burun-buruna,

məndən

        əvvəl keçər

                 yazı masamın arxasına,

məndən

         əvvəl girər yatağıma

Baxmayın

    deyib-gülməyimə,

sevgidən doydum,

                        yardan...

dostdan doydum,

                          ilqardan,

alın məni

              yalnızlığın əlindən,

alın məni

              yalnızlığın əlindən...

 

 

ŞƏRQİ

 

Ölsəm,

       istəmərəm ağlamağını,

məni

      ən çox sevdiyin

halımla xatırla.

Həyatda olduğuma inan,

hardasa -

      uzaq bir yerdə

              işlədiyimi düşün,

vallah,

       bir gün gələr,

              öz-özünə keçib gedər

                          bütün üzüntün...

Hər gələn günü

           yeni bir ümidlə

            gözlə,

bir

       heç darılma

                          havalara,

axşam

    yağan yağışla yatarsan,

sabah

     bir baxarsan ki,

 otağına gün düşüb...

Hər gələn gəmini,

     hər gələn qatarı

          yeni bir ümidlə gözlə,

hər birində qədər insan

Mən əsmər idim, gözəlim,

sən

      bu dəfə

                 sarışınını sevərsən -

eşq yaşayanlar üçündür

 

YAYIN İŞIQ SELİ

 

Bir

     təpənin üstündən

                                   dənizə baxdıq,

yayın

       işıq seli

            suların üzündə

                        üfürdək kimi

                            partladı birdən-birə.

 

Bir

    söyüdün dibində

                        qarpız kəsdik -

yayın

       işıq seli

              parladı bıçağımızın

                                       tiyəsində

Uzandıq,

       altımızda

                 quru otların salı

əlimdə sənin əlin

yayın

     işıq selindən keçdik

 

SON

 

Sona

     yaxınlaşırıq, dostum, sona,

azalır

     masamızın ətrafındakı

                            stullar bir-bir

Sona

     yaxınlaşırıq, dostum, sona,

başımı verib,

            əvəzində aldığım

                                   toxumun

cücərdiyini

            hiss edirəm içimdə

Bu yaşdan sonra

                            hər şey

isti-soyuq,

          şirin-acı

                   bir gəlir mənə -

deməli,

      daha çox

              sevməyə başladım torpağı

 

SABAHLARI SEVƏRƏM

 

Yuxudan qalxdım.

Saat: 4:20.

Sabahı dinşədim -

evlərin üzü ağardı,

ağaclar

         yaşıllığa çıxdı.

Mən sabahları sevərəm,

bir çocuqları,

bir bütün başlanğıcları.

Yuxudan qalxdım.

Saat: 4:20.

Sabahı dinşədim -

gecədən

      yola çıxmış kəndlilərin

                     göyərti arabaları

                            şəhərə yaxınlaşır,

təndirxanaların ağzı açıqdı,

təzə çörəyin ətri

       qarışır səhərin işıqlarına

Yuxudan qalxdım.

Saat: 4:20.

Sabahı dinşədim -

fəhlə qəhvəxanalarında

                            çaylar dəmli,

evlərin

       önündə gecələyən

                   yük maşınları

                        bir-bir yola çıxır

Yuxudan qalxdım.

Saat: 4:20.

Sabahı dinşədim -

elə yorğun,

            elə üzgünəm ki

Amma

        dünən dünəndə qaldı,

tutdum

       yeni günün əlindən.

 

AYDINLIQ

 

dənizin göylərindən,

limon çiçəklərindən

gözlərimdə qalan

                        gözəl aydınlıq,

mən,

     Nəsrini vur-tut

                 bircə yol öpdüm

Bəyaz rəngli otağımda,

anamın üzündə,

süfrəmizdə,

gənclik xülyalarımda əks olunan

                                  gözəl aydınlıq,

ümidsiz qaldıqca,

                             səni düşündüm

Kasıb idik,

         amma yaxşı insanlardıq;

bolluq illərində ,

qıtlıq illərində

səni yanımızda gördüm -

dənizin göyləri kimi,

limon çiçəkləri kimi

 

YAY KEÇDİ

 

Bütün yayı

çeşmənin başında yedik

axşam yeməklərini.

Cevizlər tutdu,

Badamların qabıqları qurudu,

heyvalara hopdu gün işığı.

Yay keçdi,

içəriyə yığdıq

stolu, stulları.

Qarışqalar ortalıqdan çəkildi,

çiçəklər yox,

                   arılar yox,

bal kəsildi,

pətəklər bomboş,

                        məhzun qaldı...

Yay keçdi... yay keçdi...

 

MÜHARİBƏ GÖRMÜŞ ADAMIN DEDİKLƏRİ

 

Müharibədə

     ölüm qorxusu

                  gəlir adamın ağlına,

ev-eşik.

Arpacıqla

        hədəfin bəyəndiyin

                   yerini seçirsən

tətiyi

əlin titrəmədən çəkirsən,

amma ağlıma da gəlmir ki:

bəlkə o da

eynən sənin kimi

məmləkətində

kiçik bir dükan işlədir,

bəlkə o da

eynən sənin kimi

             arvadını sevir,

bəlkə onun da

eynən sənin kimi

bir oğlu

       bir qızı var...

Amma...

Amma ağlına gəlmir bunlar,

çünki

    sənin yaşamağın üçün

           onun ölməsi lazımdı...

 

QIZILÇULLU YOLU

 

Məni hər kəs sevərdi

                 çocuqluğumda...

Xıdırəlləz günü

                Qızılçullu yolu,

arabaçı yanında oturdar,

mənə verərdi qırmacı.

Mən - Fıtnat xanımın oğlu,

çəlimsiz bir qız sevərdim,

gözlərinin içi gülərdi.

Xıdırəlləz günəşi,

bərabər dırmaşmadıqmı

                        ağaclara?

Siz qanatmadınızmı əllərimi,

alma çiçəkləri?

 

 * * *

 

Saçaq-saçaq yağan yağış,

Sənin üzündən

                         göy üzündə

neçə-neçə

     buludun yeri boş qaldı...

Sevib-sevildikdən sonra

insan beləmi

            tək-tənha,

beləmi yalnız olurmuş?

Mən qartal deyiləm,

yüksəklərdə uçam təkbaşıma,

Mən sərçə deyiləm,

ürəyim yananda

nar ağacının budağından

               enəm çeşmə başına...

 

 

AY İŞIĞI

 

Gecə yarısı

üzümə,

       gözümə

              düşən Ay işığı,

insan beləmi olur

sevdaya tutulduğu zaman?

Bütün kitabları

                 açdım, oxudum,

neçə-neçə dəliqanlıdan,

       qənirsiz gözəldən sordum:

xoşbəxtlik bumu?

Aman,

    bu gözləri göy mavisi,

bu saçları saman sarısı

o birilərinə heç bənzəmir...

Ah, indi anladım

onun kiçik əlləri,

               gülən gözlərilə

məni bu qədər sevdiyini.

Ah, indi anladım

nar dənəsindən təzə,

qu tükündən zərif gecədə

qəlbimin

     bir gəmi kimi

         Ay işığında üzdüyünü...

 

BİR GÜL AÇIRSA

 

Şəhidlərin xatirəsinə

 

Bir gül açırsa

                  indi Türkiyədə,

Eşqlə, ümidlə açır.

Bir bağda

gecə səhərə qədər

bir budaq tumurcuqlayırsa,

bahara inanmaq,

sevinc içində

     yaşamaq üçün tumurcuqlayır.

Qanın,

göz yaşının

axdığı yerdə,

Qəhrin,

       hüznün olduğu yerdə

indi güllər açır,

                        işıq-işıq...

Güllər,

   bütün güllər bu sabah

bir ağızdan

         türkü söylər kimi

                     açır hər bağçada, -

gecələr gündüzə dönür, budur,

qaranlıq işığa dönür, budur,

kədər sevincə dönür, budur,

Axan qan,

        tökülən yaş

gülə, çiçəyə dönür, budur.

Artıq

bütün Türkiyədə yaşamaq

bir ağızdan oxunan

                     türküyə dönür, budur.

 

Necati Cumali

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 sentyabr.- S.12-13.