Böyük mücahid, dahi sənətkar, milli təəssübkeş Muxtar Auezov

 

Hər bir xalqın mədəniyyət, ədəbiyyat və elm sahəsində elə böyük şəxsiyyətləri olmuşdur ki, onların fəaliyyəti bənzərsiz örnək kimi təqdir və təqdim olunmağa layiqdir. Muxtar Auezov belə nəhəng şəxsiyyətlərdəndir. Muxtar Omarxanulı Auezov (28.09.1897 - 27.09.1961) - qazax xalqının tarixində müstəsna yeri olan dahi yazıçı, ictimai xadim, alim, filologiya elmləri doktoru, professor, Qazaxıstan Elmlər Akademiyasının akademiki (1946), əməkdar elm xadimi (1957) kimi tanınmaqdadır.

İlk təhsilini aul məktəbində almış Muxtarın babası Auez Abay Kunanbayevin qohumudostu kimi gələcək yazıçının dünyagörüşünün formalaşmasına böyük  təsir etmişdir. Aul məktəbindən sonra o, Kəmaləddin mədrəsəsində, daha sonra Semipalatinsk şəhər beşsinifli məktəbdə (1910-1915-ci illər) təhsil aldığı dövrdə özünün ilk "Tufana doğru" ("Daul") hekayəsini yazmışdır.

1915-ci ildə Semipalatinsk Müəllimlər seminariyasına daxil olmuş Muxtar 1917-ci ildə Şakərim Xudayberdinin dastan motivləri əsasında "Yenlik-Kebek" pyes-faciəsini qələmə almışdır.

1917-ci ildə baş vermiş bir sıra əsaslı hadisələr (Rusiyada inqilabi-siyasi çevriliş, "Alaş" hərəkatının yaranması və Sovet hakimiyyətinin qurulması) onun baxışlarına xeyli dərəcədə təsir etmişdir. Bu dövrdə M.Auezov "Alaş gəncləri"İttifaqını qurur, müxtəlif tipli dərnəklərin yaranmasına köməklik göstərir.

Semipalatinskdə Yusub bəy Aymautovla birlikdə elmi-idraki, sosial-iqtisadi mövzulu material və məqalələr hazırlayıb, sivil-milli demokratik cəmiyyət yaratmaq ideyasına söykənən "Abay" elmi-ictimai jurnal nəşr etdirir.  "Abay" qadağan edildikdən sonra Auezov gizli fəaliyyətlə məşğul olur. Semipalatinsk Müəllimlər seminariyasında təhsilini başa vurub bir sıra mühüm vəzifələrdə (Semipalatinsk Quberniya İnqilab Komitəsində şöbə müdiri, Qazaxıstan MSSR-da Mərkəzi İcraiyyə Komitəsində siyasi katib işləyir.

1921-cu ildə "Qızıl Qazaxıstan" jurnalında (¹ 3-4) özünün "Müdafiəsizin taleyi" "Korqansızdın kuni" - qeyd edək ki, bu əsər həm də başqa bir ad altında "Yetimin payı məlumdur" hekayəsini nəşr etdirir. "Yenlik-Kebek" pyesinin ikinci variantını ("Teke-Oral")  çap etdirir. Qazax teatrında onun "Bəybişə-tokal" ("Bəybişe-tokal") və "El ağası" pyesləri oynanılır.

1921-1922-ci illərdə M.Auezov qazax ziyalılarının repressiya edilmə siyasətini və Moskvanın qazaxlara qarşı apardığı iqtisadi təzyiqlərini tənqid edir. 7 mart 1922-ci ildə Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin üzvü Smaqul Saduakasovla birlikdə bolşevik partiyasına qarşı hiddətini ifadə etməklə, Rusiya Kommunust (b) Partiyası Mərkəzi Komitəsinin nümayəndəsinə siyasi, iqtisadisosial tələblərini təqdim edirlər. Bu tələblər içində milli müstəqillik, aclığın ləğvi, konfiskasiya olunmuş torpaqların qazaxlara qaytarılması, qazaxların təsərrüfat işlərinə cəlb edilməsi, qazax dilinin dövlət dili elan edilməsi, milli maarifin, elm və mətbuatın inkişafı və s. qeyd etmək olar. Belə itaətsiz davranışa görə 1922-ci ilin martında M.Auezovla S.Saduakasov "millətçi-alaş ordalılar" elan olunurlar.

Semipalatinsk Müəllimlər Seminariyasından sonra M.Auezov Daşkənddə fəaliyyət göstərən Orta Asiya Dövlət Universitetinə dinləyici kimi daxil olmaqla bərabər, həm də "Şolpan" və "Sana" jurnalları ilə əməkdaşlıq edir. Aktiv millətçilik fəaliyyətinə görə 1923-cü ildə Rusiya Kommunist (b) Partiyasının sıralarından kənarlaşdırılır. Elə həmin ildəcə Leninqrad Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.

1924-1925-ci illərdə Semipalatinsk Müəllimlər Texnikumunda çalışır. "Dan" jurnalını buraxmaqla, burada "Yasa bürünmüş gözəl" (yeri gəlmişkən qeyd edək ki, bu hekayəni biz dilimizə tərcümə edib, "Azərbaycan" jurnalında (2017, ¹ 7-8) oxucuların ixtiyarına vermişik). Bu illərdə o, ("Karalı sulu") "Zorakılıq" ("Juandık") hekayələrini dərc etdirmişdir.

1926-cı ildə Semipalatinsk vilayəti ərazilərində qazax folklor irsinin öyrənilməsi və toplanılması üzrə elmi ekspedisiya təşkil etmiş, "Qaragöz" pyesini yazmış, 1927-ci ildə "Ədəbiyyat tarixi" monoqrafiyasını nəşr etdirmişdir.

1927-1929-cu illərdə Abayın əlyazmalarının külliyyatını  - 20 cildliyini nəşr etdirməklə, həm də bu arada (1928) "Qəddar illər" ("Kilı zaman") və "Xan Kene" povestlərini ortaya qoymuşdur.

1928-ci ildə Orta Asiya Dövlət Universitetinin aspiranturasına daxil olduqdan sonra qırğız səhralarına səfərlər edərək "Manas"ı öyrənməyə və yazıya almağa başlayır.

16 sentyabr 1930-cu ildə M.Auezov Gənc Qazax Yazıçılarının orqanı olan "Alka" cəmiyyətində olduğunasiyasi baxışlarına görə həbs edilir. Ona bir sıra ittihamlar irəli sürülür ki, bu ittihamların sırasında onun sovet hakimiyyətinə qarşı gizli mübarizəsi, sovet hakimiyyətinin devrilməsi ilə bağlı silahlı üsyana çağırış, varlıların əmlakının konfiskasiya olunmasına qarşı çıxışlar, "Alka" milli-burjuaziya təşkilatının formalaşdırılmasının fəal üzvü inqilabaqədərki qazax həyatı və məişətinin təbliği ilə bağlı yazdığı əsərlər nəşr etdirməsi göstərilirdi. Dostu, istedadlı şair İlyas Cansuorovun məsləhəti ilə bir müddət siyasəti buraxıb yaradıcılıqla məşğul olur.

M.Auezov iki il yarım istintaq altında yatır. 1932-ci ilin aprelində, üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilir. Sovet siyasi sistemi ilə "dürüst" və "səhviz" işləməyə səy göstərdiyi vaxtlarda (10 may 1932-ci il), "Açıq məktub"da "Sosialist Qazaxıstanı" və "Kazaxıstanskaya pravda" qəzetləri vasitəsilə onu özünün "Qaragöz", "Yenlik-Kebek", "Xan Kene", "Qəddar illər" kimi bədii və qazax ədəbiyyatı tarixi üzrə yazdığı bir sıra tədqiqat əsərlərindən imtina etməyə məcbur edirlər.

M.Auezov olduqca dinamik və yaradıcı insan olduğundan dayanıb durmur. Yazıçılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur. Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunda qazax dili və ədəbiyyatı müəllimi işləyir, Qazax Pedaqoji İnstitutunda baş müəllim, professor kimi çalışır. Bir sıra pyeslər, hekayələr, povestlər yazır.

M.Auezovla bağlı sənədlərlə tanış olarkən bu illərdə hiss etmək olar ki, haradasa   sovet hakimiyyətinin ona qarşı münasibəti bir qədər yumşalmışdır. Belə ki, 1936-cı ildə M.Auezov Qazaxıstan MSSR Yazıçılar İttifaqının nümayəndə heyətinin tərkibində Moskvada keçirilən Qazax Ədəbiyyatı və İncəsənəti dekadasının iştirakçısı olur. Bu dövrdə M.Auezov fəal şəkildə bədii yaradıcılıqla məşğul olmaqla, nəsr və dram əsərləri yaratmışdı. Bütün bunlara baxmayaraq, M.Auezovun əsərləri NKVD-nın xoşuna gəlmədiyindən, kitabları qadağan olmuş, özü işdən çıxarılmışdır.

1940-cı ildə M.Auezov kinossenarist kimi çıxış edərək "Reyhan" filmini ortaya qoyur. Rus yazıçısı və dramaturqu Leonid Sobolevlə birlikdə "Səhra nəğmələri" ("Dala jırı") məcmuəsini nəşr etdirir, 1941-ci ildə "Abay" romanı üzərində işi tamamlayır. Böyük Vətən müharibəsi illərində A.Abişevlə birlikdə "Sın saqat"  və "Namıs qvardiəsı" pyeslərini yazır.

1943-cü ildən M.Auezov Dil, Ədəbiyyat və Tarix Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşı, Qazaxıstan Dövlət Universitetində qazax ədəbiyyatı kafedrasının professoru kimi ömrünün sonuna qədər çalışmışdır.

1944-cü ildə "Abay" operasına libretto, 1945-ci ildə "Kınaptan kılış" ("Abay gnderi") filminə ssenari yazmışdır.

1946-cı ildə M.Auezov Abaya həsr olunmuş romanın ikinci kitabı üzərində çalışmaqla 1947-ci ildə onu nəşr etdirmişdir.

1946-cı ildə o, filologiya elmləri doktoru, professor, Qazaxıstan Elmlər Akademiyasının akademiki seçilmiş. 1947-ci ildə "Qazaxıstan SSR-nin ədəbiyyat tarixi" və "Qazax sovet ədəbiyyatı tarixi" nəşrinin müəllif kollektivinin rəhbəri olmuşdur.

1940-cı illərin sonunda "Abay" romanı birinci dərəcəli Stalin mükafatına və Qazaxıstan hökumətinin mükafatına layiq görülmüşdür.

1947-ci ildə Qazaxıstan Kommunist Partiyası "Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun işindəki kobud nöqsanlar haqqında" qərarı qəbul etdikdən sonra yenidən göz altına alınır, ona rahat ədəbi-elmi fəaliyyətlə məşğul olmağa imkan verilmir. 1952-ci ildə "Abay yol"u romanının birinci katibi qazax dilində nəşr olunsa da, elə həmin ilin 29 yanvarında "Pravda" qəzeti Auezovun vətəndaşlıq sayıqlığını itirdiyi ilə bağlı cinayət işi irəli sürür, bir gün sonra isə "Kazaxıstanskaya pravda" qəzeti həmin məqaləni təkrar çap edir. Bundan sonra M.Auezov "burjua-millətçi səhvlərinə görə" universitetindən uzaqlaşdırılır və Qazaxıstan SSR tarixi çoxcildliyinin müxtəlif kollektivi sıralarından kənarlaşdırılır.

1950-ci ildə "Abay" romanının üçüncü kitabını oxuculara təqdim etmişdir.

1951-ci ildə M.Auezov "Şərəf nişanı" ordeni ilə təltif olunsa da, elə həmin ildəcə onun yaradıcılığına qarşı hücumlar başlamış, tənqidi ilə bağlı kampaniyaya yenidən start verilmişdir. Onu "millətçi-alaşordalı" adlandırmaqla Rusiyaya qarşı elementləri özündə daşıyan qazax folkloru nümunələrinin çap edilməsində, "Abay" romanında feodalizmin təbliği, Qazaxıstan tarixininqazax ədəbiyyatının tarixinin təhrif edilməsində təqsirkar bilmirlər.

1953-cü ildə həbs ediləcəyi qorxusu ilə üz-üzə dayandığı vaxtda Moskvada onun müdafiəsinə A.Fadeyev, K.Simonov, V.Kojevnikov, N.Tixonov kimi böyük rus yazıçıları ayağa qalxmışlar.

1953-1954-cü illərdə M.Auezov Moskva Dövlət Universitetində "SSRİ xalqları ədəbiyyat tarixi" xüsusi kursundan müzakirələr aparılır. 1954-cü ildə Almatıya qayıdıb "Abay yol"uroman-epopeyası üzərində işi tamamlamışdır.

1954-cü ildə Moskvada "Abay yolu" tetrakogiyasını sona çatdırmaqdan sonra, M.Auezov "İnostrannaya literatura" və "Drujba narodov" jurnallarının redkollegiyasının təbinə daxil olur. İttifaqlar Sütunlu salonunda Abaya həsr olunmuş təntənəli tədbirdə iştirak edirqalib kimi Almatıya qayıdıb bütün əvvəlki vəzifələrinə bərpa olunur. 

1955-1957-ci illərdə M.Auezovun seçilmiş əsərlərinin 6 cildliyi çap olunduğu vaxt  1956-cı ildə "Beş dost" ("Bes dos") pyesi nəşr edilmişdir.

1957-1961-ci illərdə M.Auezov Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda  Şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyir.

Bir-birinin ardınca onun "Dos-Bedel dos", "Alua", "Asıl nəsinder" bədii əsərləri, "Müxtəlif illərin düşüncələri" ("Mısli raznıx let") və "Abay (İbrahim) Kunanbayev" monoqrafiyası nəşr olunur.

1959-cu ildə "Abay yolu" roman-epopeyasına görə M.Auezov Lenin mükafatına layiq görülür.

27 iyun 1961-ci ildə Moskvada əməliyyat olunduğu zaman dünyasını dəyişir.

M.Auezov yaradıcılığı qazax nəsri və dramaturgiyasının inkişafında müstəsna rola malikdir...

Auezov qazax folklorunun öyrənilməsində yeni mərhələ açmış, qazax ədəbiyyatşünaslığında - Abayşünaslığın bünövrəsini qoymuş, qazax akınları Həsən Qayğılı, Şortanbay, Murad və Dövlətin yaradıcılığını elmi baxımdan incələmiş, Qorqud rəvayət və nəğmələrini öyrənmiş, "Manas" eposu haqqında fundamental elmi əsər yazmış, qazax ədəbiyyatının tarixini dərindən araşdırmışdır.

Qazaxıstanın bütün regionlarında yazıçıya abidələr ucaldılmışdır. Qazax televiziyasında dahi yazıçı haqqında on iki seriyalı film çəkilərək nümayiş etdirilmişdir.

M.Auezovun əsərləri dəfələrlə tərcümə olunaraq, dünyanın müxtəlif dillərində nəşr olunmuşdur. Onun haqqında böyük alim və yazıçılar yüksək fikir söyləmişlər.

1997-ci il YUNESKO-nun qərarı ilə bütün dünyada Muxtar Auezovun 100 illiyi geniş qeyd olunmuşdur.

 

Nizami Tağısoy

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 sentyabr.- S.21.