Azərbaycan ədəbi tənqidinin Vaqifi

 

Azərbaycan cəmiyyəti, elmi-ədəbi ictimaiyyət filologiya elmləri doktoru Vaqif Yusiflini müasir ədəbi tənqidin görkəmli simalarından biri kimi qəbul edir.

Son qırx ilin ədəbi prosesində, tənqid və ədəbiyyatşünaslığında, elmi mühitində Yusifli Vaqif  Əziz oğlunun özünəməxsus yeri, rolu və təsiri, izi vardır. Bu böyük dövrün ümumi elmi-ədəbi mənzərəsini, xüsusən, ədəbi prosesi Vaqif Yusiflisiz tam təsəvvür etmək çətindir. Qeyd olunan mərhələnin uğurlarında, irəliləyişində Vaqif Yusiflinin sanballı payı, əməyi vardır. Eyni zamanda, həmin dövrün çətinlikləri, problemləri üçün Vaqif Yusifli də cavabdehlik daşımşdır. Çünki bu dövr ərzində Vaqif Yusifli sadəcə araşdırma aparmaqla, elmi əsərlər yazıb nəşr etdirməklə öz işini bitmiş hesab etməmişdir. O, qələmi ələ aldığı gündən indiyədək (yəqin ki, bundan sonra da) ədəbiyyatın və ədəbiyyatşünaslıq elminin taleyi ilə, ab-havası ilə yaşamışdır. Artıq ədəbiyyat, tənqid və ədəbiyyatşünaslıq, tənqidçilik missiyası Vaqif Yusiflinin, sadəcə, məşğuliyyət sahəsi deyildir, taleyidir, həyatının əsas hissəsidir, tərcümeyi-halının mühüm göstəricisidir.

Yaşıdları ilə müqayisədə Vaqif Yusifli elmi-ədəbi mühitdə özünü daha tez təsdiq edə bilmişdir. Fikrimcə, bunun bir sıra əsas səbəbi olmuşdur: Əvvəla, elmi mühitə Yusifli Vaqif kimi gələn bu cavan qələm sahibi hələ doktorantura (aspirantura) həyatına qədər dövri mətbuatda elmi-bədii və publisist yazılarla ara-sıra çıxış etmiş, müəyyən dərəcədə tanınmışdır. Aspirantura illərində də yalnız seçdiyi dissertasiya mövzusu ətrafında çalışmaqla kifayətlənməmiş, Həmin illərdə müxtəlif kitablar haqqında yazdığı resenziyaları, ayrı-ayrı problemlərə həsr olunmuş elmi konfranslarda və seminarlardakı yaddaqalan çıxışları onu hər hansı bir konkret bir mövzunu tədqiq edən doktorantdan qat-qat çox tanınmışdır. Yəni qeyri-adi çalışqanlıq, yorulmadan səy göstərmək, fəaliyyət dairəsinin genişliyi Yusifli Vaqifin özünütəsdiqində mühüm faktorlardan biri olmuşdur. Fikrimcə, indi də fəal mütaliə etmək, yorulmadan yazmaq və fasiləsiz çap olunmaq baxımından Vaqif Yusifli ilə müqayisə olunacaq ədəbiyyatçı qələm sahibi tapmaq asan deyildir.

Tədqiqatçılıq fəaliyyətinin başlangıc dövründə Yusifli Vaqifin seçdiyi namizədlik dissertasiyası mövzusu çox populyar və aktual idi. Onun XX əsrin səksəninci illərində üzərində çalışdığı "Müasir Azərbaycan bədii nəsrində konflikt və xarakter" adlı dissertasiya mövzusunun əsasən o zaman ədəbi mühitdə az qala günəş kimi parlayan altmışıncıların - Anarın, Elçinin, Sabir Əhmədlinin, İsi Məlikzadənin... yaradıcılığına həsr olunması da Yusifli Vaqifin qısa müddətdə tanınmasına, diqqət mərkəzinə çəkilməsinə münbit zəmin hazırlamışdır. Vaqif Yusifli səksəninci illərdə altmışıncılar ədəbi nəslinin ilk tədqiqatçılarından biri idi. Və o zaman Yusifli Vaqif seçdiyi mövzuda yazdığı yaddaqalan məqalələrə görə elmi-ədəbi mühitdə söz və imtiyaz sahibi olan həmin ədəbi nəslin dəstəyini qazana bilmişdir. Tanınmış yazıçı-tənqidçi Elçin Əfəndiyevin Vaqif Yusiflinin namizədlik dissertasiyası haqqındakı opponent rəyini onun 1986-cı ildə nəşr olunan "Nəsr: konfliktlər, xarakterlər" monoqrafiyasında ön söz kimi çap etdirmişdir. Vaqifin həmyaşıdı birinin tərcümeyi-halında belə bir fakt olmamışdır. O vaxta qədər elmi-ədəbi mühitdə cəmi-cümlətanı iki-üç belə məqalə xatırlamaq mümkündür. Həmin məqalələrdən birini də mərhum və məşhur professor Mehdi Məmmədovun Elçin Əfəndiyevin namizədlik dissertasiyası haqqında çap etdirdiyini xatırlayıram. O məqalə də opponent rəyi idi. Heç şübhəsiz, Elçinin məqaləsi Yusifli Vaqifin elmi taleyində mühüm rol oynadı. Bundan başqa, Nizami adına Ədəbiyyat İnstitutunun çoxsaylı elmlər namizədlərinin sıralarından Vaqif Yusiflinin "Azərbaycan" kimi nüfuzlu bir jurnalın "Tənqid və ədəbiyyatşünaslıq" şöbəsinin müdiri vəzifəsinə irəli çəkilməsi də onun ədəbi mühitin tanınan cavan və istedadlı simalarından birinə çevrilməsinə təkan vermişdir. Üstəlik XX əsr Azərbaycan ədəbi tənqidinin "atası" hesab olunan elmi rəhbəri akademik Kamal Talıbzadənin yetirməsi Vaqif Yusifli haqqında ədəbi-elmi mühitə eşitdirdiyi xoş münasibət və inam notları da necə deyərlər, Vaqifin Vaqif olmasına meydan açdı. Bir qədər sonra Kamal müəllimin Vaqif Yusiflinin "Tənqid yarpaqları" kitabı haqqında yazdığı aşağıdakı sözlər görkəmli alimin xeyli əvvəl öz tələbəsi barəsində elmi-ədəbi mühitdə səsləndirdiyi şifahi mülahizələrin yazılı ifadəsi idi: "Vaxtilə tələbəm olmuş Vaqif Yusiflinin yenicə çapdan çıxmış kitabını böyük məmnuniyyət hissi ilə oxudum. Bu kitabda məni razı salan əsas cəhət odur ki, tənqidi əsərlərindən söz açdığı qələm sahiblərinin yaradıcılığındakı əsas damarı (mən onu şah damarı adlandırardım) tuta bilir və bu damardan axan qanın təhlilini verməyi bacarır. Vaqif ayrı-ayrı yazıçıların əsərlərini elə ustalıqla təhlildən keçirir ki, həmin əsəri oxumayan və ümumiyyətlə müəlliflə tanış olmayan oxucu da onun ədəbiyyatımızdakı mövqeyini təyin edə bilər. Vaqifdəki bu bacarıq onun təhlil üsulunda, bədii əsərə yanaşma prinsipindədir".

Beləliklə, altmışıncılardan tədqiqat işi yazan, namizədlik dissertasiyası müdafiə edən, məqalələr çap etdirən, elmi konfranslarda söz açan Vaqif Yusifli ustad tənqidçilərin və həmin altmışıncıların dəstəyi ilə səksəninci illər elmi-ədəbi mühitinin ön mövqeyinə, diqqət mərkəzinə çəkilmişdir. "Nəsr: konfliktlər, xarakterlər" adlı monoqrafiyası (1986) ilə o, artıq Yusifli Vaqiflə, necə deyərlər, vidalaşmış və həmişəlik olaraq Vaqif Yusifli kimi yolunu davam etdirməyə başlamışdır.

Altmışıncıların Vaqif Yusifliyə bu qədər qayğı ilə yanaşmalarının bir səbəbi həmin illərdə hələ də elmi-ədəbi mühitdə onların yaradıcılığına ikili münasibətin mövcud olduğu dövrdə Vaqif Yusiflinin irihəcmli namizədlik dissertasiyası səviyyəsində bu məsələ barədə müsbət tərəfdən tərəzinin gözünə ağır bir daş ata bilməsi idi. İkinci tərəfdən isə Vaqif Yusiflinin "Müasir Azərbaycan bədii nəsrində konflikt və xarakter" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası yüksək elmi-nəzəri səviyyəsi ilə diqqəti cəlb edirdi. Bu dissertasiya Azərbaycan ədəbiyyatşünaslıq elminə gənc, istedadlı, zəhmətkeş və perspektivli bir tənqidçi və ədəbiyyatşünasın gəldiyini bəyan etmişdir. Hətta Dissertasiya Şurasına sədrlik edən akademik Məmməd Cəfər Cəfərovun da Vaqif Yusiflinin əsəri haqqında müsbət fikirlər söyləməsi onun imicini daha da artırmışdır. Bununla da Yusifli Vaqif mərhələsi bitmiş, Vaqif Yusiflinin yeni dövranı başlanmışdır. Sonrakı illərdə Vaqif Yusifli çalışqan, zəhmətkeş, sadə, qayğıkeş və istedadlı bir elm adamı kimi başlanğıc mərhələdə qazandığı yüksək imici nəinki qoruyub saxlamış, yazıb çap etdirdiyi çoxsaylı sanballı məqalələr və əhəmiyyətli kitablarla, mötəbər yığıncaqlarda - qurultaylardakı, yaradıcılıq müşavirələrindəki dərin məzmunlu, düşünülmüş çıxışları ilə daha da artırmış və inkişaf etdirmişdir. Buna görədir ki, hələ elmlər namizədi olduğu illərdə onun adını heç tərəddüd etmədən respublikamızdakı ən məhsuldar elmlər doktorları ilə bir cərgədə çəkmək heç kəsi qətiyyən təəccübləndirməmişdir.

Vaqif Yusifli ilk növbədə tanınmış ədəbiyyat tənqidçisidir. Ədəbi prosesin faktları və hadisələri, ədəbiyyatımızın uğurları və kəsirləri, problemləri və vəzifələri Vaqif Yusiflinin elmi araşdırmalarında aydın və konkret şəkildə öz əksini tapır. Hətta  xüsusi bir yaradıcılıq sahəsi kimi ədəbi tənqidin də qayğıları və gedişatı onun təhlillərində və araşdırmalarında özünəməxsus yer tutur. Artıq uzun illərdir ki, ədəbi tənqid haqqında ən sanballı söz deyənlərin arasında Vaqif Yusiflinin fikirləri və mülahizələri mötəbər, tutarlı, əhəmiyyətli söz kimi səslənməkdədir. İllər keçdikcə Vaqif Yusifli Azərbaycanda ədəbi tənqid cəbhəsinin ən aparıcı simalarından biri kimi görünür. Ustad tənqidçilərin yaşla bağlı təbii yarpaq tökümündən, nəsil dəyişmələrindən sonra Vaqif Yusifli ədəbi tənqid üzrə həmin boşluğu doldurmağa uğurla xidmət edən, ustadların yerini boş qoymamağa çalışan əsas tənqidçi missiyasını şərəflə və fədakarlıqla yerinə yetirən tənqidşünas səviyyəsində nəzəri cəlb edir. İndiki halda hətta bir çox məqamlarda Azərbaycan ədəbi tənqidi, yaxud çağdaş tənqidçi anlayışları hamıdan çox Vaqif Yusifliyə aid olur. O, artıq istəsə də, istəməsə də milli ədəbi tənqidin çətin, məsuliyyətli və şərəfli yükünü daşımalıdır. Və görükən budur ki, Vaqif Yusifli həmin şərəfli missiyanı böyük vətəndaşlıq məsuliyyətilə ardıcıl surətdə həyata keçirməkdə davam edir.

Nəzərə çarpan bir cəhət də bundan ibarətdir ki, Vaqif Yusiflinin ədəbi tənqidi əsərlərində elmiliklə publisistika vəhdətdə çıxış edir. Doğrudur, bu məqamlarda elmin payı həmişə publisistikanın payından çox olur. Görünür, dövri mətbuatla bağlı olması onun publisistikadan da yan keçməsinə, xilas olmasına tam imkan vermir.

Buna baxmayaraq, Vaqif Yusiflinin tənqidində hər iki tərəfin, hər iki arqumentin özünəməxsus yeri, bir-birini inkar etməyən, lakin tamamlayan funksiyası vardır. Yusiflinin ədəbi-tənqidi əsərlərində məsələnin qoyuluşu və gedişatı, problemlərin şərhi bir qayda olaraq elmi-nəzəri baxımdan izah və həll olunur. Publisistika isə Vaqif Yusifliyə yalnız bəzi təfərrüatları ifadə etməkdə, ekskurslardan və haşiyələrdən faydalanmaqda yararlı olur. Nəticədə həm dəyərli, sanballı, həm də geniş oxucu auditoriyası üçün oxunaqlı ədəbi-tənqidi əsərlər meydana çıxır. Bütün bunlara görədir ki,  Vafiq Yusiflinin ədəbi-tənqidi məqalələri təkcə  həmin məqalələrin aid olduğu yazıçılar, yaxud ədəbiyyatşünaslar tərəfindən deyil, mütləq əksəriyyət tərəfindən maraqla oxunur.

Bir cəhəti də ayrıca qeyd etməyi lazım bilirəm. Vaqif Yusifli qərəzli tənqidçi deyildir. Onun tənqidçilik fəaliyyəti yalnız və yalnız yazıçının, ədəbiyyatın, ədəbi prosesin inkişafına xidmət edir. Vaqif Yusifliyə hətta dostyana "sifarişlərlə" müsbət ruhlu resenziya, məqalə yazdırmaq mümkündür. Lakin qərəzli, birtərəfli, inkaredici, necə deyərlər, yıxıb-sürüyən sifarişlərin Vaqif Yusifli tərəfindən qəbul ediləcəyinə heç vaxt inanmaq olmaz. Vaqif Yusifli elmiliklə, publisistika ilə, alimliklə xeyirxahlığı üzvi surətdə birləşdirir. Hələ 1997-ci ildə çap etdirdiyi "Ürəyimi sərdim günəşə" adlı kitabı həm də onun daxili aləmini, xarakterini də ifadə edir. Bəlkə bu mülahizələri oxuyarkən qeyd olunan cəhətlərin xüsusən tənqidçi üçün tam yararlı olmadığını düşünənlər də tapılacaqdır. Belələri yalnız və yalnız, həm də qeyri-elmi şəkildə ədəbi tənqidin vəzifəsinin, sadəcə, tənqid etməkdən ibarət olduğunu düşünənlər ola bilər. Tənqidi istiqamət isə ədəbi tənqidin funksiyalarını tam ifadə etmir. Gerçək ədəbi tənqid ədəbiyyatdakı bütün halları - gözəlliyi də, nöqsanları da, uğurları da, kəşfləri də obyektiv elmi mövqedən, qərəzdən uzaq yanaşmalarla dəyərləndirməyi bacaran tənqiddir. Ədəbi tənqid hap-gop, şər-böhtan, yalan-palan, qisas-filan deyil, özünəməxsus prinsipləri olan elmdir. Vaqif Yusifli məhz bu qəbildən olan hərtərəfli və obyektiv tənqidin təkcə daşıyıcısı deyil,  artıq həm də tanınmış yaradıcısıdır.

Ədəbi tənqidlə ədəbiyyatşünaslığın digər sahələri arasında möhkəm Çin səddi çəkməyin mümkün olmadığını həm də Vaqif Yusiflinin elmi fəaliyyəti bir daha təsdiqləyir. Tənqidçi Vaqif Yusiflinin xalq şairləri Məmməd Araz və Fikrət Qoca, habelə,  Musa Yaqub haqqındakı kitablarında ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələrinin - ədəbiyyat tarixçiliyinin, ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəçiliyinin xüsusiyyətlərini görməmək mümkün deyildir. İstər-istəməz adları çəkilən sənətkarların həyatı və mühitinə dair məlumatlar verən, onların yeri gəldikcə tərcümeyi-hal faktlarından və müasirlərindən söz açan müəllif ədəbiyyat tarixçiliyindən faydalanır. Yaxud, istinad etdiyi sənətkarların ayrı-ayrı əsərlərinin janr xüsusiyyətləri, təsvir və ifadə vasitələrindəki orijinallıq barəsində də yazmalı olan Vaqif Yusifli ədəbiyyat nəzəriyyəsi məsələlərinə də baş vurmalı olur. Əslində ədəbiyyat nəzəriyyəsi məsələlərinə müəyyən səviyyədə bələd olmadan mükəmməl tənqidçi olmaq müşkül məsələdir. Vaqif Yusifli poeziya və nəsr üzrə monoqrafik tədqiqatlarında ədəbiyyat nəzəriyyəsi faktorunun yeri və rolu daha aydın görünür. Ədəbi prosesin  gedişatına və ayrl-ayrı əsərlərə nəzər salarkən də o, ədəbiyyat nəzəriyyəsi notları olmadan təfərrüatı açmaq meylində olmur. Lakin bütün məqamlarda onun professional tənqidçilik məharəti əsərlərindəki nəzəriyyə amilinə həmişə arxa planda qoyur. Daha doğrusu, tədqiqatlarında və məqalələrində tənqidçilik missiyasını yüksək səviyyədə həyata  keçirən Vaqif Yusiflinin ayrıca nəzəriyyəçi qismində çıxış etməsinə xüsusi ehtiyac qalmır. Vaqif Yusifli ədəbi tənqid sahəsində daha peşəkar və professionaldır. Ədəbiyyatşünaslıq elminin müxtəlif istiqamətlərindən sintez halında faydalanmağı bacaran Vaqif Yusiflinin üstünlüyü, fərdi özünəməxsusluğu müraciət etdiyi mövzulara ədəbi tənqid müstəvisində yanaşanda daha qabarıq şəkildə diqqəti cəlb edir. Yəni artıq Vaqif Yusifli nədən, yaxud kimdən yazırsa-yazsın həmin məsələni, yaxud şəxsiyyəti yüksək səviyyədə xüsusi professionallıqla ədəbi tənqid prizmasından mənalandırmağın, təhlil edib dəyərləndirməyin öhdəsindən gəlməyi bacarır.

Vaqif Yusifli üçün bir peşəkar tənqidçi kimi ədəbiyyatın nəsr və poeziya qolları daha doğmadır. O, professional nəsr tənqidçisi olmaqla yanaşı, eyni səviyyədə də peşəkar poeziya tənqidçisidir. Vaqif Yusiflinin illərdən bəri nəsrin problemlərinə dair yazdıqlarını bir yerə yığsaq, bir neçə cildlik kitab alınar. Və ya Yusiflinin poeziyaya dair indiyədək çap etdirdikləri bir neçə sanballı doktorluq dissertasiyası üçün yetərli sayıla bilər. Bütün bunların müqabilində Yusifli Vaqif Əziz oğlunun mümkün olduğundan daha gec doktorluq dissertasiyası müdafiə etməsi heç də təəccüblü görünməmişdir. Yaxından tanıyanlar yaxşı bilirlər ki, Vaqif Yusifli üçün elm-ədəbiyyatşünaslıq fəxri ad, yaxud elmi rütbə almaqdan çox sevdiyi, ürəkdən bağlandığı, həyatının üzvi tərkib hissəsinə çevrildiyi professional yaradıcılıq sahəsidir. Bununla belə, Vaqif Yusifli doktorluq dissertasiyası müdafiə edən qədərki çoxillik və çoxcəhətli məhsuldar, səmərəli elmi fəaliyyəti ilə elmlər doktorluğu üçün müəyyən olunmuş hədləri çoxdan aşmış, keçmişdir. Ona görə də Vaqif Yusifli 2011-ci ildə "Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq" mövzusunda doktorluq dissertasiyası müdafiə edəndə elmi-ədəbi mühitdə hər kəs bir-birindən soruşmuşdu ki, "niyə Vaqif Yusifli elmlər doktoru deyildir?" Vaqif Yusifli isə təqdim etdiyi sanballı doktorluq dissertasiyası ilə Azərbaycan şeirinin XX əsr mərhələsi haqqında daha əsaslı elmi ideyalar irəli sürməsi və dərin müqayisəli-nəzəri tədqiqatları ilə yeni hədəflərə çatdığını meydana qoymuşdur. Heç tərəddüd etmədən demək mümkündür ki, Vaqif Yusiflinin çağdaş Azərbaycan poeziyasına həsr olunmuş "Poeziyanın illəri və yolları" monoqrafiyası ölkəmizdə yaranmış ən sanballı elmi-tədqiqat əsərlərindən biridir. Bu, Azərbaycan poeziyası, müasir dövrün şeir məktəbləri, yaradıcılıq prosesləri, şeir vəznləri haqqında ciddi, bitkin və ümumiləşdirilmiş əhəmiyyətli tədqiqat əsəridir. Daha çox nəsr tədqiqatları ilə tanınan Vaqif Yusifli bu əsəri ilə həm də bərabər səviyyədə poeziya tədqiqatçısı olduğunu isbat etmişdir.

"Azərbaycan" jurnalı Vaqif Yusiflinin həyatında xüsusi yer tutur. O, bu jurnalda şöbə müdirliyindən baş redaktorun müavinliyinə qədər şərəfli bir yol keçmişdir. "Azərbaycan" jurnalının öz nüfuzunu, səviyyəsini, klassik imicini qoruyub saxlamasında və daha da inkişaf etdirməsində Vaqifin danılmaz xidmətləri vardır. Hətta Vaqif Yusiflinin "Azərbaycan" jurnalındakı çoxsaylı yazılarından çıxış edərək demək mümkündür ki, ədəbi tənqid sahəsində ayrıca bir "jurnal tənqidi" janrının da formalaşdığı müşahidə olunur. Vaqif Yusiflinin şərti olaraq "jurnal tənqidi" adlandırdığımız məqalələri həcminin genişliyi, ciddi elmi-ədəbi problemlərə həsr olunması kimi xüsusiyyətlərlə səciyyələnir. Fikrimcə, artıq Vaqif Yusiflinin özü haqqında da ən azı "jurnal tənqidi" səviyyəsində, yaxud "icmal tənqidi" formatında ümumiləşmiş geniş həcmli xüsusi bir elmi yazıya ehtiyac vardır. Vaqif Yusiflinin çoxillik səmərəli elmi fəaliyyəti bunlardan da böyük monoqrafik tədqiqat üçün də material verə bilər. Vaqif Yusiflinin Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adını qazanmasında "Azərbaycan" jurnalının, bu jurnalda çap olunmuş ciddi ədəbiyyatşünaslıq əsərlərinin payı çoxdur. Hətta "Məmməd Araz dünyası" adlı monoqrafiyasına görə layiq görüldüyü Məmməd Araz ədəbi mükafatına nail olmasında da "Azərbaycan" jurnalında əldə etdiyi təcrübənin, yiyələndiyi qələm vərdişlərinin rolunu da etiraf etmək lazım gəlir.

Vaqif Yusiflinin elmi taleyi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu ilə üzvi surətdə bağlıdır. O, bu elmi-tədqiqat institutunda filologiya üzrə namizədlik (fəlsəfə doktorluğu) və doktorluq dissertasiyaları müdafiə etmişdir. Bizim hər birimiz kimi, Vaqif Yusifli də Nizami İnstitutunda elmi məktəblərdən keçmiş, ustad dərsləri almışdır. Hazırda filologiya elmləri doktoru Vaqif Yusifli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi tənqid" şöbəsinə rəhbərlik edir. Daha doğrusu, Azərbaycan ədəbi tənqidinin görkəmli simalarından biri olan Vaqif Yusifli indi Ədəbiyyat İnstitutunda "Ədəbi tənqid" şöbəsinin qurucusu missiyasını  uğurla həyata keçirir. "Ədəbi tənqid" şöbəsi Ədəbiyyat İnstitutunda ən son yaranmış şöbələrdən biri olsa da, Vaqif Yusiflinin məqsədyönlü fəaliyyəti sayəsində bir çox elmi uğurlara imza atmışdır. İlk növbədə "Ədəbi tənqid" şöbəsinin fəaliyyət konsepsiyası işlənib hazırlanmışdır. Şöbə artıq özünün ixtisaslaşmış gənc elmlər doktorlarını və fəlsəfə doktorlarını yetirmişdir. Bundan başqa, qısa müddətdə Vaqif Yusiflinin özünün və onun xeyir-duası ilə şöbə əməkdaşlarının sanballı monoqrafik tədqiqatları yazılıb nəşr edilmişdir. Eyni zamanda, Nizami adına Ədəbiyyat İnstitutunda 2014-cü ildən ardıcıl olaraq keçirilən "Ədəbi proses" yaradıcılıq müşavirələrində də Vaqif Yusifli başda olmaqla bu elmi-tədqiqat ocağının "Gənc qvardiyası" aparıcı mövqedə dayanaraq xüsusi fəallıq göstərir. Vaqif Yusifli Ədəbiyyat İnstitutunun yeni dövr "Ədəbi proses" hərəkatının əsas hərəkətverici qüvvəsidir. Artıq beşincisi çapa hazırlanan "Ədəbi proses" kitablarının məsul redaktoru kimi də Vaqif Yusifli ustad tənqidçilik vəzifəsini şərəflə yerinə yetirir. "Ədəbi proses" yaradıcılıq müşavirələrində "İlin ədəbi mənzərəsi" mövzusunda məruzələrindən başqa, həm də "Bölgələrdə ədəbi həyat" məsələlərinə həsr edilmiş məruzələri ilə Vaqif Yusifli tənqidçilik fəaliyyətində ölkə ədəbiyyatını bütün coğrafiyası ilə əhatə etmək missiyasını yerinə yetirməyin zəruriliyini və əhəmiyyətini meydana qoymuşdur. Onun "Bölgələrdə ədəbi həyat" adlanan kitabları ölkə üzrə bu istiqamətdə yazılıb çap olunmuş ilk tədqiqatlardır. Həm də xeyirxahlıq nümunəsi olan bu kitablar Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarda yazıb-yaratmaqda davam edən şair və yazıçılara, xüsusən gənc qələm sahiblərinə qol-qanad verir, beləliklə, ölkə üzrə ədəbiyyatın inkişafının canlandırılmasına müsbət mənada təsir edir. Vaqif Yusiflinin bu qəbildən olan növbəti "Şabran ədəbi mühiti" kitabı Bakı şəhərinə yaxın olsa da, özünəməxsusluqları ilə diqqəti cəlb edən bu regionda yaranan ədəbiyyatı fərdi xüsusiyyətləri və əsas simaları ilə birlikdə geniş oxucu auditoriyasına təqdim edir.

Vaqif Yusiflinin Azərbaycan ədəbiyyatında ən çox sevdiyi sənətkar Məhəmməd Füzulidir. O, Füzulinin qəzəllərinin  çoxunu əzbərdən bilir. Ədəbiyyatşünaslıq mühiti onu Məhəmməd Füzulinin sinədəftəri kimi qəbul edir. Füzuli qəzəllərindəki bəzi müəmmaların açılmasında  Vaqif Yusiflinin yazıları və söhbətləri cəlbedicidir və əsas funksiyasını yerinə yetirir. Bu mənada uzun illərin mütaliəsi və müşahidələrindən sonra bu günlərdə nəşr etdirdiyi "Azərbaycan qəzəli" kitabı (2018) Vaqif Yusiflinin sönmək bilməyən Füzuli sevdasından doğmuşdur. Bu monoqrafik tədqiqat Vaqif Yusiflinin illərdən bəri qəlbinin dərinliklərində və yaradıcılıq ovqatında yaşamaqda davam edən Füzuli sevdasının ümumiləşmiş yekunudur. Ümumiyyətlə Vaqif Yusiflinin tənqidçilik fəaliyyətində, ədəbiyyatşünaslıq tədqiqatlarında böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin sözləri ilə desək, "Füzulidən bir duz" vardır. Bu əlamət Vaqif Yusiflinin ədəbi-tənqidi fikirlərindəki bəzi obrazlı cümlələrdə, ara-sıra yazdığı "arayışi-söhbət" xarakterli şərhlərində aşkar nəzərə çarpır. Lakin bunlar alovlu tənqidçi-ədəbiyyatşünas Vaqif Yusiflinin tükənməz Məhəmməd Füzuli sevdasını tam ifadə etmək gücündə və həcmində deyildir. Ona görə də Vaqif Yusifli, necə deyərlər, qəlbinin dərinliklərindəki Füzuli sevdasını bir qədər masştablı şəkildə ifadə etmək üçün tənqidçilik fəaliyyəti ilə ədəbiyyat nəzəriyyəçiliyinin qovşağında yazılmış "Azərbaycan qəzəli" kitabını qələmə almışdır.

"Azərbaycan qəzəli" kitabı müstəqillik dövrü ədəbiyyatşünaslıq elmimizdə qəzəl janrının tarixinə və poetikasına həsr olunmuş ilk sanballı elmi araşdırma kimi mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan qəzəlinin mənşəyi, inkişaf mərhələləri və yaradıcıları haqqında tədqiqat əsas yer tutur. Burada ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyin sintezi vasitəsilə Azərbaycan ədəbiyyatında qəzəl janrının yeri, mövqeyi, əhəmiyyəti və müasir inkişaf səviyyəsinə dair elmi qənaətlər öz əksini tapmışdır.

Əgər belə demək mümkündürsə Vaqif Yusifli çoxəsrlik Azərbaycan poeziyasında Azərbaycan qəzəlinin təkamül prosesinə Füzuli qəzəllərinin işığında nəzər salmış, nəticə etibarilə böyük qəlb şairinin qəzəldəki əlçatmazlığını bir daha etiraf etməli olmuşdur. O, yazır ki, "bu sətirlərin müəllifi (yəni Vaqif Yusifli - İ.H.) az-çox klassik poeziyamıza vurğun bir şəxsdir və Füzuli heyranıdır. Təkcə Füzulinin deyil, klassik poeziya nümunələrinin əksəriyyətini dönə-dönə mütaliə edir, ən çox klassik poeziyada işlənən  bədii təsvir vasitələrinə diqqət yetirir. Və etiraf edir ki, Füzuli qəzəllərində olan bu möcüzələrə heç bir şairdə təsadüf etməyib".

Daha çox müasir ədəbi proseslə əlaqədar olan tənqidçilik sənəti ustadının klassik ədəbiyyata bu qədər dərindən bələdliyi və vurğunluğu özü də başqa bir möcüzədir. Bəlkə də məşhur "Şikayətnamə"si Füzulini tənqidçi Vaqif Yusifliyə yaxınlaşdırmışdır. Hər halda "Azərbaycan qəzəli" kitabı Füzuli və qəzəl haqqında sırf tənqidçinin yazdığı nadir və qiymətli  kitablardandır.

"Azərbaycan qəzəli" kitabında da Vaqif Yusiflinin tənqidçilik missiyası qabarıq şəkildə diqqəti cəlb edir. Kitabda Azərbaycan qəzəlinin inkişaf mərhələlərindən söz açılarkən bu janrda yazan sənətkarların və ya onların ayrı-ayrı qəzəllərinin mayasındakı müasirlik əlamətlərindən, cəmiyyətlə əlaqəli məqamlardan da geniş bəhs olunur ki, bunlar tənqidçilik vəzifəsinin təzahürləridir. Və məsələnin bu cəhəti, yəni qəzəl janrına tənqidçi baxışının işığında nəzər salınması "Azərbaycan qəzəli" kitabını Vaqif Yusifli imzasına daha da doğmalaşdırır. Kitabda məsələnin şərhi üçün müxtəlif lüğətlərdən və dərsliklərdən alınmış nəzəri məlumatlar gətirilsə də, müəllifin özü də imkan daxilində mövzuya həm də nəzəri cəhətdən yanaşmağa cəhd göstərsə də, tənqidçilik izi qalmışdır. Bu mənada Vaqif Yusiflinin "Azərbaycan qəzəli" kitabı tənqidçi gözü ilə nəzəri mövzuda yazılmış əhəmiyyətli tədqiqatdır.

Azərbaycan qəzəlinin əsas yaradıcılarının bu janrda yazılmış seçilmiş örnəklərindən verilmiş seçilmiş nümunələr Vaqif Yusiflinin bədii zövqünü ifadə etməklə bərabər, monoqrafik tədqiqatdan istifadə olunması imkanlarını daha da artırır.

Filologiya elmləri doktoru Vaqif Yusiflinin çoxillik və səmərəli elmi fəaliyyəti müasirləri olan tənqidçi və ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.  Ədəbiyyatşünaslıqda "bədiiliyi, sənətkarlığı əsas şərt sayan tənqidçi" (K.Talıbzadə), "ənənəvi ehkamçı və sxolastik ədəbi-tənqidi ənənədən tamamilə  fərqlənən, ...yenilik və müasirlik axtarışları ilə seçilən" (Yaşar Qarayev), "tənqidimizin zəhmətkeşi" (Elçin), "ədəbiyyat gəmisinin dor ağacından  baxan adam" (Vilayət Quliyev), "tənqidi də yaradıcılıq kimi  qəbul edən" (Xeyrulla Əliyev), "orijinal tənqidçi dünyası olan", "daim axtarışda" (İntiqam Qasımzadə), "peşəkar tənqidçi olmaqla yanaşı, eyni zamanda peşəkar ədəbiyyatşünas" (Arif Əmrahoğlu), "səciyyəvi üslub sərbəstliyi" (Əsəd Cahangir), "Vaqif Yusifli: tənqidçi əxlaqı və obrazı" (Rüstəm Behrudi), "çağdaş ədəbi proseslə nəfəs almağı bacaran", "tənqidçi ünsiyyəti olan" (Tehran Əlişanoğlu) və nəhayət "İşıqaxtaran" (Məmməd Oruc) və başqa təyinatlarda onun portreti canlandırılmışdır.  

Bu gün filologiya elmləri doktoru Vaqif Yusifli - Azərbaycan ədəbiyyatında ədəbi tənqidin aparıcı simasıdır. Vaqif Yusifli - ustad tənqidçidir. Ədəbi tənqidin nəzəriyyəsinə aşina olan Vaqif Yusifli real ədəbi prosesdə vətəndaş tənqidçi missiyasını şərəflə yerinə yetirir. Bütün mənalarda o, Azərbaycan ədəbi tənqidinin Vaqifidir. Yeni tənqidçilər nəsli üçün Vaqif Yusifli əsl canlı tənqidçilik məktəbidir. Vaqif Yusifli isə heyrətamiz dərəcədə yorulmadan yazıb ardıcıl olaraq çap etdirdiyi sanballı ədəbi-tənqidi əsərləri ilə əsl fədakar tənqidçi olmağın ibrətamiz, düşündürücü yeni dərslərini meydana qoymaqda davam edir.

Uğur olsun, ədəbi tənqidin ustadı Vaqif Yusifli. Yetmiş yaşın mübarək!

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.10-11.