Moldovada "Azərbaycan Ədəbiyyatı Günləri"

 

Xalq yazıçısı Anar Dmitri Kantemir medalı ilə təltif edildi

 

Noyabr ayının 1-i-5-i tarixləri arasında Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Moldova Azərbaycanlıları Konqresi, Moldova Yazıçılar Birliyinin təşkilatçılığı və dəstəyi ilə, eyni zamanda Azərbaycanın Moldovadakı səfirliyinin yaxından iştirakı ilə Moldovada "Azərbaycan Ədəbiyyatı Günləri" keçirilib. Kişinyov və Komrad şəhərlərində düzənlənən tədbirlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, yazıçı Əjdər Ol, AYB sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak ediblər. "Ədəbiyyat günləri" çərçivəsində Moldova Elmlər Akademiyası, Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Kişinyov Milli Kitabxanası, Moldova Milli İncəsənət Muzeyində bir sıra tədbirlər keçirilmiş, Anarın "Ağ qoç, qara qoç", Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" kitabları, həmçinin "Azərbaycan hekayəsi antologiyası"nın təqdimatı baş tutmuşdur. "Ədəbiyyat qəzeti" bu sayımızdan etibarən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" barədə "səfər qeydləri"ni təqdim edir.

İlk gün

 

Nümayəndə heyətimizi hava limanında, elə təyyarədən düşən kimi doktor Vüqar Novruzov qarşılayır, Moldova Azərbaycanlıları Konqresinin sədri. Hava limanının təhlükəsizlik nöqteyi-nəzərindən quşun belə səkə bilmədiyi bu ərazisində Vüqar müəllimin görünməsi, bizi qarşılaması "ədəbiyyat günləri" üçün ən yaxşı başlanğıc və əlamətdir. Az sonra biz ölkəmizin Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovla görüşəcəyik. Və bu iki adam sıx iş qrafiklərinə rəğmən "ədəbiyyat günləri"nin son saatlarına qədər bizi tək buraxmayacaqlar, diaspora və səfirliyin əl-ələ işləməsinin ən xoş, ən arzuolunan əyani və nümunəvi örnəyi olacaqlar ki, bunu həmin günlər ərzində hamımız, xüsusən nümayəndə heyətimizin rəhbəri, xalq yazıçısı Anar dəfələrlə və dərin məmnunluq hissi ilə vurğulayacaqdı.

Bizi qarşılayanlar arasında Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu, Birliyin katibi Nikolae Spetaru, tanınmış qaqauz ədibi və Moldova Yazıçılar Birliyi İdarə heyətinin üzvü Todur Zanet və Moldova Azərbaycanlıları Konqresi sədrinin müavini, həmyerlimiz, sonradan hamımızın eyni qədər dostlaşacağımız Müharib Allahverdiyev də var...

 

Nazirlə görüş

 

Səhərdi. Artıq iki gündür ki, sakini olduğumuz "Joli Allan" otelinin qarşısındakı gözəl parkı piyada keçib Moldova Təhsil, Mədəniyyət və Tədqiqatlar naziri ilə görüşə gedəcəyik. Yaxın zamanlarda aparılan hökumət islahatlardan sonra əmələ gəlib bu meqa-nazirlik. 3 nazirlik birləşib və rəhbəri də olub zərif, ağıllı bir xanım - Monika Babuk. Biz onu təxminən yarım saat sonra görəcəyik. Hələliksə, nümayəndə heyətimizi bir an olsa belə, diqqətsiz qoymayan səfir Qüdsi Osmanov, Vüqar Novruzov, Müharib Allahverdiyev, Arkadi Suçevyanu, Nikolae Spetaru və Todur Zanet ilə söhbətləşirik. Hava təmizdi. Ciyərlərimiz üçün əsl cənnətdi. Xəzan sarısı fanilik duyğusunu sakitləşdirici həb kimi gözlərimizdən ruhumuza içirir.

Havada ayaz var deyə, qərara alınır ki, Anar müəllimlə cənab Suçevyanu nazirliyə nə qədər yaxın olsa da maşınla getsinlər...

Xanım nazir bizi mehribanlıqla qarşıladı. Mehribanlığın qarışdığı amiranə səsilə, aydın ruscada dedi ki, "Azərbaycanda Moldova Ədəbiyyatı Günləri", "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" hər iki ölkənin mədəni həyatında dolğun və gələcək üçün vacib izlər qoyacaq tədbirlərdir, xalqlarımız arasında mədəni dialoqun dərinləşməsinə xidmət edəcək: "Mədəniyyət, xüsusən ədəbiyyat həmişə olduğu kimi, xalqlar arasındakı ən vacib mənəvi bağdır, bu həmişə belə olub, bundan sonra da, gələcək nəsillər üçün də belə olacaq. Çox sevindirici haldır ki, bu gün Azərbaycan ədəbiyyatının təmsilçiləri başda bizim hamımızın yaxşı tanıdığımız, böyük Azərbaycan yazıçısı Anarın rəhbərliyi ilə Kişinyovdadırlar. Bilirəm ki, Bakıda son vaxtlar Moldova ədəbiyyatı nümunələri çap olunub. Həmçinin burda cənab Anarın, Əjdər Olun kitabları çap olunub təzəlikcə. Daha əvvəl Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiya çap edilib. Bilirəm ki, bu işləri davam etdirmək üçün yeni niyyətlər və planlar var. Çox yaxşı ki, bu işdə Moldova Azərbaycanlıları Konqresi, Azərbaycanın Moldovadakı səfirliyi, eyni zamanda, bizim Bakıdakı səfirliyimiz, Moldova və Azərbaycan Yazıçılar Birlikləri ən yaxın şəkildə iştirak edirlər... Əlbəttə, Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi də bu xoşniyyətli gözəl işlərdə kolleqam Əbülfəs Qarayevlə bərabər həmişə və indiki tək sizin yanınızda olacaq... Xoş gəlmisiniz...".

Rəsmi xəbər yazmaq çətin məsələdi. Heç vaxt bunu bacarmamışam. İndi gözümün qabağında baş verənlərin hansı ardıcıllıqla baş verdiyini təkrar canlandırmağa çalışıram.

Nümayəndə heyətimiz adından ilk əvvəl Anar müəllim danışdı. Xanım nazirə qəbul və "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin təşkilinə verdiyi dəstəyə görə minnətdarlıq etdi. Ədəbiyyatın xalqların həyatındakı rolundan və inkişaf etmiş dövlətlərin bu amili daim diqqətdə saxlamasından söz açdı.

Sonra cənab Suçevyanu danışdı. Əvvəl nümayəndə heyəti üzvlərini təqdim etdi. Sonra isə mart ayında Bakıda keçirilən "Azərbaycanda Moldova Ədəbiyyatı Günləri"ni Azərbaycan Mədəniyyət naziri ilə olan görüşü məmnunluqla xatırladı.

Səfir Qüdsi Osmanov danışdı sonra. Moldova-Azərbaycan əlaqələrindən, onun gələcəyi naminə görülməsi vacib işlərdən, hər iki dövlətin və xalqın bir-birinə verdiyi dəstək və töhfədən. Ədəbi əlaqələrin mədəni mübadilənin vacib halqası kimi böyük önəmindən. Bir az da Qaqauzlardan, onlarla bizim etnik yaxınlığımızdan, Moldova dövlətinin qaqauzlara olan xoş münasibətindən də, əlbəttə.

Yalnız sabahı gün hamılıqla birlikdə Qaqauz ellərinə gedəndə başa düşəcəkdim ki, əslində, qaqauzlarla moldovanların bu xoş və salamat birgəliyindən narahat olan qüvvələr var və onlar bəzən əsası olmasa da soyuqluq yarada bilirlər. Hətta bəzən ədəbiyyatçılar arasında. Demək ki, səfirimizin toxunduğu məsələ elə belə deyilmiş. Və əslində, "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin qrafikinə Komrada səfərin salınması (bu Anar müəllimin təklifi ilə olmuşdu) moldovan ədibləri ilə qaqauz ədiblərinin də səbəbsiz soyuqluğa yer verməməsindən ötəri çox vacibmiş.

Sonra Fikrət Babayev danışdı, Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri. Xanım nazirə cənab nazirin salamlarını çatdırdı. Görülən işlərin davamlı olması üçün nazirliyin bundan sonra da əməkdaşlığa hazır olduğunu dilə gətirdi.

Arada qısa replikalarla fikir mübadiləsi oldu. Müxtəlif məsələlərlə bağlı, o cümlədən rumın dilində təhsilin Moldovada yaşayan digər millətlərin inteqrasiyası üçün vacibliyi barədə . Todur Zanetdə bir neçə kəlmə dedi bu barədə.

nəhayət, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov danışdı. Özünəməxsus təmkinlə, səmimiyyətlə. Eyni zamanda, daxili səbat arxayınlıqla ki, bunu da indiyədək görülən işlər şərtləndirmişdi. İndiyə qədər toxunulan bütün məsələlərdən haqqında danışdı Vüqar Novruzov həm xanım nazirlə hələ tələbəlik illərindən bu yana tanışlıqlarından da. Məhz belə məqamlar istənilən görüşün, qurulmuş qurulmaqda olan əlaqələrin cövhəri olur. mən hiss elədim ki, Vüqar müəllim - həyatını uzun illərdir ki, Moldova ilə bağlamış, bu dəyərli azərbaycanlı belə şeyləri heç vaxt gözdən qoymur. Şəxsi əlaqələri milli mənafe ilə tərsinə daim uzlaşdırır. Nəticə isə gözlənilmədiyi qədər uğurlu olur.

Bu görüşün olduqca xoş bir sonluğu da vardı. "Ədəbiyyata verdiyi töhfələrə, eyni zamanda, Moldova-Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə" yazıçı Anar Moldova Təhsil, Mədəniyyət Tədqiqatlar Nazirliyinin Fəxri Diplomu Ödülü ilə mükafatlandırıldı, xanım nazir diplomu xüsusi hədiyyəni üzündən yağan hədsiz məmnuniyyət hissi ilə təqdim elədi.

Əlbəttə, bizim nümayəndə heyətimiz - həm Mədəniyyət Nazirliyi, həm Yazıçılar Birliyi adından xanım nazirə xatirə hədiyyələri təqdim eləməyi unutmadı.

"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" çərçivəsində vacib görüşlərdən biri noyabr ayının 2-də Moldova Elmlər Akademiyasında keçirildi. Görüşdə Moldovanın Azərbaycandakı Fövqəladə Səlahiyyətli səfiri Qüdsi Osmanov, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti - yazıçı Əjdər Ol, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, Azərbaycan Yazıçılar Birlyi sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, eləcə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu, Moldova Yazıçılar Birlyinin katibi Nikolae Spetaru, Moldova Elmlər Akademiyasının rəhbərliyi, akademiklər, görkəmli alimlər, elm mədəniyyət xadimləri, tanınmış ədiblər iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georqe Duka qonaqları salamladıqdan Azərbaycan nümayəndə heyətinin Elmlər Akademiyasında olmasından dolayı məmnunluğunu ifadə etdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycanın xalq yazıçısı Anarın Moldova Elmlər Akademiyasının ali "Dmitri Kantemir" medalı ilə təltif edildiyini bildirib bunun akademiya üçün qürurverici bir hadisə olduğunu söyləyib. Daha sonra akademik Duka mərasimə toplaşanları Anarın tərcümeyi-halı ilə tanış edib, onun görkəmli yazıçı, kinossenarist, rejissor, tərcüməçi, eyni zamanda, ictimai xadim kimi çoxşaxəli yaradıcılığından fəaliyyətindən söz açıb. Akademik qeyd edib ki, Anar, ilk növbədə, ədib kimi, həm Azərbaycan ədəbiyyatını, həm dünya ədəbiyyatını zənginləşdirən isimlərdəndir. O, eyni zamanda, Azərbaycan Yazıçılar Birlyinin sədri kimi böyük bir arealdakı ədəbi prosesə uzun müddət öz töhfəsini verib. O cümlədən Azərbaycan-Moldova ədəbi əlaqələrinin yaxınlaşmasında onun iştirakı zəhməti böyük danılmazdır. O deyib ki, məhz bütün sadalananlar Anarın Moldova Elmlər Akademiyasının ali "Dmitri Kantemir" medalı ilə təltif edilməsini şərtləndirib.

Moldova Yazıçılar Birliyinin sədri cənab Arkadi Suçevyanu da Anarın nüfuzlu miqyaslı yaradıcılığından söz açıb, onun postsovet məkanının ən vacib ədiblərindən biri olduğunu, bu günlərdə Kişinyovda çap olunan " qoç, qara qoç" əsərinin bunu sübut etdiyini dilə gətirib.

"Dmitri Kantemir" medalının təqdimatından sonra Anar minnətdarlıq nitqi ilə çıxış edib, həm ona təqdim edilən, yüksək dəyərləndirdiyi bu ali mükafata görə, eyni zamanda Moldova Elmlər Akademiyasındakı bu isti görüşə qəbula görə akademik Georqe Dukaya təşəkkür edib. O bildirib ki, xalqlarımızın tarixindəki eyniyyət ədəbiyyat elm sferasında da xalqlarımızın gələcək birgə addımlarını diktə edir. Bu, həmçinin beynəlxalq müstəvilərdə ədəbiyyatlarımızın tanınması üçün gözəl şərait deməkdir.

Daha sonra Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanuya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi xatirə medalı təqdim edilib.

Tədbirin sonunda Moldova Elmlər Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq sənədi imzalanıb. Sənədi MEA prezidenti Georqe Duka AYB sədri Anar imzalayıblar.

Rəsmi hissədən sonra alimlər ədəbiyyatçıların "Postsovet dövründə milli ədəbiyyatlar, ədəbi mübadilə əlaqələr" mövzusunda birgə çıxış müzakirələri keçirilib.

 

Yevgeniya Tofan

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.4-5.