SARI...

 

Ruslan Zamanovun rəsmlərindən sonra...

 

Naməlum keçmiş gələcək həmişə qiymətli görünür.

Bu gündə, bu anda ətrafımızda baş verənlərin içində sürüklənib getdikcə, axınına düşdüyümüz həyatın bizimlə birgə addımlayan gözəllikləri gözdən yayınır. Biz onları görmək üçün harasa uzaqlara, məsələn, dönüb keçmişə boylanırıq. Ya da baxışlarımızı irəli zilləyirik - gələcək ümid vəd edir...

Arabir kainatın zərrəciyində irəliyə can atdığımız yerdə dayanıb nəfəslikləri açmalı, çərçivələrin o üzündə bir hovur durmalı, bir an əvvəl axınından ayrıldığımız hərəkətliliyə zillənməliyik bəlkə - yoxsa yol yoldaşlarımızı görə bilməyəcəyik...

 

***

 

Sarı, sarı, sarı...

- Sarı kiçicik bir ləkə götürməz, sarıya bir azacıq ehtiyatsız toxunuş hər şeyi məhv edir, sarı... Sarını qaranın yanında təsəvvür etmirəm...

- Sarı özü nədir?

- Sarı sevgi poeziyadır. Bəlkə, bunu sözlərlə ifadə edə bilməzsən, bəlkə, mümkün deyil...

Razıyam... Mən onunla tamamilə razıyam, Sarı, həm sükutdur, dərin bir sükut...

 

***

 

Ağır qapılar bir toxunuşla aralanır, keçirəm. Başımın üstündə hardasa cingilti səslənir. Boylanıram, dünyada sevdiyim xüsusi səslərdən biri... Qarşımda pilləkənlər. Asta-asta qalxıram. işıqlı geniş foyeylə üz-üzə gəlirik. Bir an dayanıb hardan başlayacağımı düşünürəm. Gözümün məni apardığı ilk rəsmə yaxınlaşıram - "Tut ağacı"

Fəsillərdən payız. Aylardan oktyabrdır. Təbiətin yorğunluğunu içinə çəkə-çəkə torpağa endiyi, ağacların, otların yaşıllığını boğçalayıb saxlanca çəkdiyi, hər şeyin yerində sehrli sarının qaldığı məqamdayıq... İnsan baxdıqca baxmaq, təbəssümü, həyatı, eşqi canına çəkmək istəyir. Kiçik bir tərpənişdən qopub uçuşan yarpaqların daşıdıgı gücü, qüvvəni canımda hiss edirəm. Hər şey "Yaşam" deyir, hər şey "Yaşa" deyir... Geniş sərgi salonunun o üzündən divarları keçib gələn Günəşi hiss edirəm...

 

***

 

- Niyə, necə çəkirsiniz?

- Bilmirəm - deyir, bircə kəlmə - "Bilmirəm". Dünyanın ən aydın-aşkar, olmayan həqiqətə ən yaxın cavabıdır - İçimdən bir səs çəkir, özümə yer tapmıram, özümü itirirəm, özümü axtarmağa getməli olduğumu hiss edirəm...

- Bəs çəkəcəyinizi?

- Heç zaman...

 

***

 

Ruslan Zamanovu keçmişdə axtarmağa ehtiyac var, görünsün deyə, gələcəyə əmanət etməyə. Ruslan Zamanov zamanı bitirib rənglərdə əriyib itmiş adamdır. O qədər itmiş adamdır, hər gün görüb, yanından keçib, salamlaşıb, yol gedib... varlığını belə duymaya bilərsiniz. Amma o, ordadır - Sarı rənglərin sehriylə qovuşub narıncını, qırmızını, bozu... dinləyə bildiyi yerdə. O yerdə dayanıb torpağın dərinliyində, başının üstündə, ətrafında, uzağında, yaxınında can qazanan, can verən, aydınladan, gizlininə çəkən hər şeyə baxır...

Bir gün hamıyla sürüklənib getdiyi axından ayrılıb orda dayanıb...

Həyat qarşısından keçib gedir...

Ruslan Zamanov arabir əllərini uzadıb fırçasını götürür...

- Konturları sevmirəm...

Rəng rəngə qarışır, rəng rəngə qarışan yerdə uçurum yoxdur, xəyalların rəsm olub bitdiyi anlar zamanın dayandığı yerdə Tanrı dincini alır...

 

***

 

- Bəs ?

Heç zaman rəngdən istifadə etmədiyini deyir. İnanmıram, emalatxanasında bir-bir vərəqlədiyimiz rəsmlərdə ağla görüşmüşük.

- Mən heç zaman boyadan istifadə etməmişəm, özü ordaydı, sadəcə, üstünü örtməmişəm...

 

***

 

Gözlərimi yumuram. Səhər günəşinin şəfəqləri altında boz qayaların arasında boy göstərən quru otların xışıltısını dinləyirəm. Xışıltının rəngi nədir deyə düşünürəm. Ağlıma bir şey gəlmir. "Səs nə rəngdədir?" soruşmuşdum... "Heç düşünməmişəm" - demişdi. Görəsən sonradan düşündümü? "Rənglərdən başqavar?". "Ola bilsin hər şey var, amma biz onları gördüyümüz rəngdə görürükheç kim heç zaman eyni şeyi eyni rəngdə görə bilməz"...

 

***

 

Sərginin ən gözəl rəsmlərindən birinin bir küncündən o biri küncünə qabarıq xətlər tökülüb... Çəkilib? Yox, tökülüb... Buna "darıxmaq" deyirəm, hazır rəsmin üstündən sakitlik tapa bilməyən rəssamın dəliliyi boylanır...

- Hər şeydən keçə bilərəm, hər yerdə hər şeysiz qala bilərəm, amma fırçasız, çəkmədən olmaz...

 

***

 

Bu torpaqları qarış-qarış tanıyır Ruslan Zamanov. Hər daşının altını, hər qaynamasını, hər otunu, çiçəyini, oba yerlərini... Öy-öy, insan-insan... Amma daha çox ağaclar boylanır rəsmlərindən... Sarı... sarı... sarı...

- Bəs yaşıl?

...Ərik çiçəklərinin üzə çıxdığı zamanların bir yaşılı var. Hər yaşıl bir başqa yaşıl olur... Baxasan, duyasan, təzəliyi, ümidi... Həyatı... Amma çəkməyəsən...

- Yox, çəkmirəm, mən yaşılı rəsmə gətirməyi sevmirəm, yaşıl mənim rəngim deyil...

Bir dəfə səmanı sarı boyayıb Ruslan Zamanov...

Azadlıq!

Dağları sarı boyayıb, evləri sarı boyayıb... Cığırları sarı boyayıb...

- Bu ev Küküdədir - deyir. Kəndin qurtaracağında, çardağına nərdivan dayanmış damın bir az çökük divarının dibindən dağlara doğru yol uzanır...

Sonra mən o evi görən kimi tanıyacağam. Qanlıgölə qalxan yolun üstündə, hara olacaq, eləcə yerində durub. Dünyanın ən özündən keçmiş rəssamlarından birinin fırçasında haralara gedib çıxacağından xəbərsiz, kərpic-kərpic əriməkdə olan həyat. Bir gün onu söküb yerində daha təzəsini tikəcəklər, amma heç bitməyəcək... Kim bilir bu rəsmlərdə hələ nələr ikinci həyatını qazanmaqda, bu yurdun bütün gözəlliklərini, nəfəsini, duyğusunu, ərdəmini - sükutunun dərinliyində hifz etdiyi nəğmələri daxili dünyasının burulğanında həll edən rəssamın əllərinə, barmaqlarının ucuna, fırçaya, kətana axıb getməkdədir...

- O evin yanından keçib gedəcəyiniz yolun ən uc nöqtəsində bir Pünhan bulaq da var, onu da tapın - demişdi...

- Pünhan bulaq? O hardadır? - soruşmuşdu sonra naxçıvanlı dostlardan biri - indiyədək eşitdim, gördüm...

Getdik... Gördük... Ovuclarımızı qoşalaşdırıb torpağın büllur duasına uzatdıq, götürüb üzümüzə-gözümüzə çəkdik, udumladıq...

Üzümüzü qarlı dağların başı üstündə yüksəlməkdə olan Günəşə çevirib gözümüzü qıydıq, mas-mavi, tərtəmiz səmanın ətəyində donub qalan buludlara baxdım.

Görəsən, Ruslan Zamanov eyni mənzərəyə baxanda görürmüş...

 

***

 

- Çəkmək istədiyiniz, amma çəkmədiyiniz bir rəsm varmı?

Bir anlıq sükut enir emalatxanaya... Dilə gəldiyi yerdən o yanası qəribə şəkildə başqa qapıdan sızıb gəlib yanımızda dayanır:

- Var... Bir körpənin rəsmini çəkmək istəyirəm... Çəkə bilmirəm. Artıq olmayan bir körpənin, bir qız uşağının rəsmini...

 

***

 

Ayağımı Rəssamlar İttifaqının geniş foyesindəki sərgiyə qoyar-qoymaz könlümə bir sarılıq düşmüşdü... Çöldən gələn sarı içəridəki sarıya qarışanda Ruslan Zamanovla bağlı nəsə yazacağımı düşünmürdüm... Sorağını uzaqdan aldığım rəsmləri canlı-canlı görmək istəyəndə bəlkə, heç rəssamın adını da yadıma sala bilmirdim. əhəmiyyəti var? - deyə düşünərəm belə hallarda... Baxmaq istəyirdim, sadəcə, baxmaq. Baxmaq gücüm çatdığı qədər görmək.

Bəzən hər şeydən ayrılıb baş götürüb getmək istədiyimiz anlarda:

- Harasa uzağa gedək - dediyimiz kimi...

Amma günlərin bir günü:

- Ən sevdiyiniz rəng hansıdır? - deyə soruşdum. Mənim öz cavabım vardı. Cavabımı ilk rəsmlərini görəndə, uzaqlarda almışdım. Yox, bundan çoxunu da görmüşdüm, hiss etmişdim, sarının sehrindən keçib çəkəcəyini heç zaman düşünməyən çəkdiklərini bir an əvvəl tamamlayıb sancıdan, ağrıdan, üstünə çökən "Et! Et! Et!" vəhyindən qurtulmağa can atan fəhmin şərqisi "Sarı" deyib dururdu...

- Sarı... - dedi...

Sükut çökdü, sonra:

- Bilirdim...- dedim...

 

***

 

Ruslan Zamanov rəssamdır. Sadəcə, rəssammı? Yaratmaq eşqinin doğurub həyat verdiyi heç bir insan sadəcə bir rəssam, sadəcə bir şair, sadəcə bir bəstəkar... ola bilmir... Bilmir, bu insanlar sonra çox şey ola bilmir... Bəzən yaşaya bilməyəcəyə qədər... bilmir... Sonra bir səs enir, eşidilməyən bir səs, görünməyən rənglər kimi, tutur adamın əlindən, "gəl" deyir, "gəl bura"... Kimi hara aparıb çıxarır, deyə bilmərik, amma Ruslan Zamanovu kətan qarşısına çəkir. "Çək!" - deyir, "Ol!" - deyirmişcəsinə...

 

***

 

İnsan ömrünün dəyəri, insan ömrünün döyüntüsü həm heyrətdə gizlidir. Bəlkə , elə ən çox heyrətləndiyimiz zaman yaşayırıq...

Qarşısında dayanıb uzun-uzadı baxdığım rəsmlərində heyrət lütf kimi gəlib qonmuşdu baxışlarıma. Ərtafda hər şeyin duman içində əriyib itdiyini hiss edə-edə heyrətin sevgisini, sevincini yaşamışdım... Qorxmuşdum... , bir qorxu vardı... Əslində uzun zaman bunun adını axtarmışdım - orda nəsə vardı, heyrətin üstünə kölgə salmasa belə, onun yanında dyanmışdı: "Görəsən, onun özündən xəbəri varmı?"...

İndi könlüm rahatdır...

Ruslan Zamanovun özündən xəbəri var... Ruslan Zamanovun özümdən xəbəri olmaqdan çox, rəsmlərinin Ruslan Zamanovdan xəbəri var - Bütövlük...

 

***

 

..."Sarı ləkə götürmür, gərək Sarıyla ehtiyatlı davranasan, gərək Sarını qoruyasan, sevəsən Sarını. Yoxsa Sarıdan heç ala bilməzsən" - demişdi Sarının sahibi, Ruslan Zamanov...

Sarı sənə əmanət...

 

Hədiyyə Şəfaqət

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.10.