Azərbaycan ədəbiyyatı tarixi 10 cildlik

nəşrinin birinci cildi çapdan çıxıb

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, 10 cilddən ibarət çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixinin hazırlanmasına başlanılmışdır. Nəzərdə tutulmuş 10 cildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcəkdir. Artıq “Azərbaycan ədəbiyyatı tarixiçoxcildliyinin birinci cildi çapdan çıxmışdır. Bu cild qanunauyğun olaraq tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayanŞifahi xalq ədəbiyyatı”na həsr edilmişdir. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı genişhəcmli tədqimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxımından eposa qədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır.

Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini sistemli şəkildə canlandıran “Azərbaycan folkloru” adlı oçerkindən başlayaraq, onun ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla təqdim olunur. Folklora yeni yanaşma tərzi sərgiləyən, milli-tarixi kimlik amilini, mənəvi-mədəni sərvətimizin mahiyyətini önə çəkən kitabdamifologiya (Arif Acaloğlu), arxaik folklor janrları, mərasim folkloru, əmək nəğmələri (Bəhlul Abdulla), qədim türk eposu (Nizami Cəfərov, Kamil Vəliyev), oğuznamələr (Əfzələddin Əsgər), “Kitabi-Dədə Qorqud” (Tofiq Hacıyev), xalq gülüşü, qaravəllilər (Muxtar İmanov), dastanlar (Məmməd Hüseyn Təhmasib, Məhərrəm Qasımlı), bayatılar, qam-şaman kompleksi, ozan-qopuz ənənəsi, aşıq sənəti, aşıq mühitləri (Məhərrəm Qasımlı), “Koroğlueposu (Nizami Cəfərov, Məmməd Əliyev, İsrafil Abbaslı), lətifələr (Təhmasib Fərzəliyev, Muxtar İmanov), nağıllar, atalar sözü və məsəllər, tapmacalar (Oruc Əliyev), əfsanələr, rəvayətlər, aşıq rəvayətləri (Aynur Xəlilova), xalq dramları, uşaq folkloru (Ramazan Qafarlı), meydan tamaşaları (Azad Nəbiyev) ilə bağlı dəyərli araşdırmalar təqdim olunmuş, aşıq sənətinin görkəmli nümayəndələri olan ustad aşıqlara – Qurbani (Qəzənfər Kazımov), Aşıq Alı (Məmməd Əliyev), Aşıq Ələsgər (İslam Ələsgər), Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Valeh, Molla Cuma, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir (Məhərrəm Qasımlı), Aşıq Hüseyn Şəmkirli (Sədnik Paşa Pirsultanlı, Məhərrəm Qasımlı), Mikayıl Azaflı (Qəzənfər Paşayev) – ayrıca oçerklər həsr edilmişdir. Həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşr edilməsi məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunmuş, ayrı-ayrı folklorşünaslarımız haqqında yığcam məlumatlar verilmişdir (“Folklorşünaslıq” (Qəzənfər Paşayev, İsrafil Abbaslı, Aynur Xəlilova)). “Azərbaycan ədəbiyyatı tarixinin birinci – “Şifahi xalq ədəbiyyatı” cildinin Baş redaksiyaRedaksiya şuraları aşağıdakı tərkibdə müəyyənləşdirilmişdir:

Baş redaksiya şurası: akademik Akif Əlizadə (sədr), akademik İsa Həbibbəyli (baş redaktor), akademik Teymur Kərimli, professor Məhərrəm Qasımlı.

Redaksiya şurası: akademik İsa Həbibbəyli (baş redaktor), professor Məhərrəm Qasımlı (məsul redaktor), fil.ü.f.d., dosent Aynur Xəlilova (məsul katib), professor Qəzənfər Paşayev, professor Əlizadə Əsgərli.

Folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixinin I cildi Azərbaycan folklorunun öyrənilməsi üçün böyük əhəmiyyətə malik olan mühüm elmi mənbədir.

Hazırda “Azərbaycan ədəbiyyatı tarixi” 10 cildlik nəşrinin “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü əhatə edən ikinci cildi çapa təqdim olunmuşdur.

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.32.