Mən ki bir Amazonam(Hanı mən amazondum)

ya

Dünyamı dəyişən bir öpüş!

 

Dünyamı dəyişən bir öpüş!

 

Xəfif nəfəsin toxundu.

Yerdə belə nəfəs gəzir?

Öpüb anicə, astaca

ilk son kəs yanağımdan

dönüb tez getdin.

Hənirin yayıldı üzümə

Ətrin çökdü, hopdu dodaqlarıma

Çatlamış torpaq kimi aralandı dodaqlarım

nəfəsindən bir damla axdı

Vücudum çırpındı çalxalandı, kükrədi...

Ax... dünyamı dəyişən bir öpüş!

 

Dünya şeirsiz qaldı

 

Sən yazmaq istədiyim bir şeir idin.

Qadağan elədin dünyanın ən gözəl

sevgi şeirinin yazılmasını.

Dincəldinmi?

Dünyanı ən gözəl şeirsiz qoydun,

məni sənsiz.

Rahat ol artıq!

 

Mən bir qatil tanıyıram

 

Sən qatilsən.

Bir şairi öldürmüsən!

Kimsənin xəbəri yox.

Sən qatilsən!

Əli qanlı, ürəyi qansız,

cinayətin qalıb cəzasız.

 

Eheyyyy!!!

Mən bir qatil tanıyıram.

O bir ürək parçalayıb

Gəzir əl-qolun sallayıb.

 

Qorxma, amma, satmaram səni.

Aman Allah dəhşətə bax!

Mən bir qatili sevirəm.

 

Ayrılıq

 

Bağçama payız gəlib,

Tökür ağacımın yarpaqlarını bir-bir.

Bir azdan ağacım çılpaq qalacaq.

Soyuq qış gəlib alacaq onu qucağına,

Saracaq, sıxacaq, donduracaq.

mən kənardan durub çarəsiz baxacağam.

Ağacım donacaq.

 

Sevgimə ayrılıq gəlib.

Ümidlərimi, arzularımı, xəyallarımı

qoparır bir-bir məndən.

Bir azdan ürəyim tək-tənha qalacaq.

Sənsizlik gəlib alacaq onu qucağına,

saracaq, sıxacaq, yandıracaq.

mən kənardan durub çarəsiz baxacağam,

göz yaşları axıdacağam.

Ürəyim duracaq.

 

İnanmayacağam sənə!

 

Söz vermişdin həmişə görüşəcəyik

Söz vermişdin məni incitməyəcəksən

Söz vermişdin dost olacağıq.

Sənə inanırdım.

Çox inanırdım.

Birdən-birə deyirsən indi,

daha görüşməyəcəyik

Birdən-birə kəsibsən dostluğumuzu.

Birdən-birə məni necə qırırsan,

ürəyimi necə paralayırsan!

Mat qalmışam!

Qulaqlarıma inanammıram!

 

Axı deyirdin həmişə görüşəcəyik,

Axı söz vermişdin məni incitməyəcəksən.

Vəd etmişdin axı dost qalacağıq.

Sənə inanmışdım.

Çox inanmışdım!

 

İnana bilmirəm indi nələr deyirsən!

İnana bilmirəm.

 

İnanmayacağam sənə!

 

Sən, o mən

 

Uca bir dağsan

O da səni sevir,

mən .

İkimiz can atırıq sənə qovuşmağa.

O sənin zirvənə,

Mən ucalığına.

O sənin vücuduna sarılır

Mən ruhuna.

Mən onu da sevirəm,

səni sevdiyi üçün.

O isə mənə nifrinlər yağdırır,

Səni sevdiyim üçün.

Mən gecə-gündüz Tanrıya dua edirəm,

Onu xoşbəxt edəsən deyə.

O isə sənə qadağa edir, məni görməyi,

mənə yazmağı.

 

Uca bir dağsan.

İkimiz can atırıq sənə qovuşmağa.

O sənin zirvəni görür,

Mən ucalığını.

 

Amazon şərqisi

 

Sən bir şərqisən.

Amazonun oxumaq istədiyi

gözəl, həzin, kövrək bir şərqi!

Qoymursan,

izn vermirsən.

 

Dağları titrədəcək

dünyanı bürüyəcək,

ürəkləri riqqətə gətirəcək,

Sevinc, səadət bəxş eləyəcək,

Həzin, ülvi bir şərqisinin

oxunmasını qadağan eləyirsən.

 

Lap qoy məni bir qırağa!

Eyb etməz, mən özüm lap bir yana,

Rəhm edib bu dağlara, bu dünyaya

Bəlkə, əsirgəməyəsən bu dünyaya

ən həzin, ən ülvi ən kövrək bir şərqini...

İzn ver, oxuyum...

 

Səni unuduram,

xəbərin olsun!

Göz yaşımı quruduram, xəbərin olsun,

Ürəyimi soyuduram, xəbərin olsun,

Məst olmuşdum, oyanır, ayılıram,

Səni unuduram, xəbərin olsun!

 

Bu sehr, bu tilsim qırılır daha,

Bu düyün, bu ovsun açılır daha,

O cadu gözlərinə uymam bil, daha,

Səni unuduram, xəbərin olsun!

 

Daha sənin üçün vurmur ürəyim,

Daha yollarına baxmır gözlərim,

Daha adın gəlcək əsmir dizlərim,

Səni unuduram, xəbərin olsun!

 

Nuridə, sən hələ çox öyünərsən,

Unutdum deyərək çox söyünərsən,

Gəl mübhəm bir sirr söyləyim sənə,

Qız, hələ yanırsan, xəbərin olsun!

 

Mən ki bir Amazonam

 

Gözlərinin torpağına göz dikmişəm haçandır.

Əl qoyduğum bir torpaqda

mən daş üstdə daş qoymam!

Mən Amazonam!

 

Gözlərinin vüsalına yol çəkirəm haçandır

Sərhəd hara, mən hara?

Vurar, yıxar, dağıdar

Mən eşqdə, sinir, sərhəd, anlamam!

Mən Amazonam!

 

Gözlərinin səcdəsinə,

qibləsinə yol gəlirəm haçandır.

Məkkə yolu, Kəbə yolu olsaydı,

Ya Aya, ulduza çoxdan varıb çatardım.

Mən imkansız, çarəsiz eşq tanımam!

Mən bir Amazonam!

 

Gözlərinin inadına, vüqarına

savaş elan eləmişəm haçandır.

Mən savaşlar savaşçısı

Əyilmək, yenilmək,

Məğlubiyyət tanımam!

Mən Amazonam!

 

Gözlərinin dənizinə, ləpəsinə

Səssiz şərqilər qoşuram vaxtdır.

Ürəyimdə bəsləyirəm,

Dilimə gətirmədən.

Mən ki bir Amazonam,

Hisslərini ürəyinin zindanında

tutmaq nədir mən bilməm!

gizləmək danmaq nədir,

qorxmaq, çəkinmək demək

mən anlamam, mən belə xislət tanımam!

 

Mən hissimi, duyğumu istəyimi, arzumu

gizlətmədən, çəkinmədən aləmə bağıranam!

Atəş saçan, coşub-daşan ehtirasımı

üryan, yalın mən dünyaya haykıranam!

Mən belə Amazonam!

 

Gözlərinin meydanında

nədən əl-qolu bağlı

İndi süm-süst düşüb qalmışam?

Nədən belə çaşqın, çarəsiz, lal olmuşam?

Mən biçim Amazonam!!!

 

Ovçu, mənimsən bu gecə!

 

Qovub-qovub tutdun axır,

Ovçu, səninəm bu gecə.

Eşq oxların canım yaxır,

Çıxart, səninəm bu gecə.

 

Ovçu ovundan qorxmaz,

Ovlayıb da durub baxmaz,

Ovçu ovundan ki, qaçmaz,

Di gəl, səninəm bu gecə.

 

Saldın tələyə, açarsan,

Oxların bitdi, naçarsan,

Düşünmə, əldən qaçarsan,

Ovçu, mənimsən bu gecə!

 

Qoxun

 

O şəhərdə adi bir görüş.

Adi bir söhbət.

adi bir boynumu qucaqlayıb sağollaşmada

Bir anlıq özümdən xəbərsiz

ətrini içimə çəkdim.

Sonra hara getdimsə

Sənin qoxun idi içimə çəkdiyim.

Qaçdım o şəhərdən,

Səndən özümdən,

Aman Allah!

Bütün dünya sən qoxuyur indi!

 

Qaç, qaça bildiyin qədər!

 

Daş ürəklim!

Gəlmirsən.

Qoymursan ya da mən gəlim.

Aramırsan, yazmırsan,

Qaçırsan məndən.

İzn vermirsən hamı kimi,

Mən gəlim səni görməyə

Salamlaşmağa

Ani görüşməyə

Bir hal-əhval tutmağa.

Qaçırsan elə ancaq.

Qaç!

Qaça bildiyin qədər!

Əlinə keçir?

Bir az onsuz da

yuxusuz olan gecələrimi uzadır,

Bir az da sənə olan həsrətimi çoxaldırsan.

Lap bir az da hikkəmi, inadımı artırırsan.

Başqa ?

Heç !

Di qaç, qaça bildiyin qədər!

 

11 yanvar, 2018

 

Berlin

 

Nuridə ATƏŞİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.6-7.