Anarın Sumqayıt Universitetində yubiley tədbiri  keçirildi

 

Xalq yazıçısı, dünya şöhrətli nasir, publisist, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarla Sumqayıt Dövlət Universitetində (SDU) keçirilən görüş poeziya həvəskarları üçün əsl bayrama çevrilib.

AYB-nin Sumqayıt bölməsinin SDU ilə birgə təşkil etdiyi “Müdrik ömrün akkordları” adlı tədbir Anarın 80 illik yubileyinə həsr olunub. Görüşdə AYB-nin Moskva bölməsinin rəhbəri, “Ocaq” cəmiyyətinin, “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyasının sədri Tofiq Məlikli, yazıçının oğlu, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, ali məktəbin kollektivi, həmçinin şəhər ədəbi mühitinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xalq yazıçısı universitetdəki Heydər Əliyev Mərkəzi ilə tanış olub. Ümummilli Liderin burada sərgilənən zəngin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən foto-video materiallarkitablara baxıb, xatirə kitabına ürək sözlərini yazıb.

Akt zalında davam edən görüşü SDU-nun rektoru, professor Elxan Hüseynov açaraq görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan ədəbiyyatının tanınmış simaları - Xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin yadigarı Anar Azərbaycan ədəbiyyatının inkişafında böyük əməyi olan istedadlı yazıçı, əsl ziyalıdır. Ədəbiyyatımızın zənginləşməsində Anarın mühüm xidməti olduğunu vurğulayan E.Hüseynov qeyd edib ki, Anarın əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələrində də maraqla qarşılanır. Rektor Xalq yazıçısı Anarı əlamətdar yubileyi münasibətilə təbrik edərək ona böyük yaradıcılıq uğurları arzulayıb və kollektivin hədiyyəsini təqdim edib.

Anar təkcə yazıçı deyil, rejissor, ssenarist, sənətşünas, tərcüməçi, publisist, folklorşünas, ədəbiyyatşünas və ictimai xadimdir. Onun qələminin məhsulu olan liman”, “Dantenin yubileyi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Anlamaq dərdi”, “Adamın adamı”, “Mən, sən, otelefon”, “Ötən ilin son gecəsi”, “Otel otağı”, “Gürcü familiyası”“ və digər əsərləri ədəbiyyatımızın gözəl nümunələridir”, - deyə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov vurğulayıb. O, yazıçını 80 illik yubileyi münasibəti ilə şəhər ictimaiyyəti adından təbrik edib.

Universitetin Filologiya Kafedrasının müdiri, professor Avtandil Məmmədov və professor, filologiya elmləri doktoru Rafiq Yusifoğlu Anarın çoxşaxəli yaradıcılığından söhbət açıblar.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin yubileyin təşkilində əməyi olanlara təşəkkürünü bildirıb. O, bu kimi layihələrin məhz tələbə auditoriyasında keçirilməsinin əhəmiyyətindən danışaraq yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan, müasir bədii-fəlsəfi, ictimai-siyasi və elmi-mədəni fikrimizin tanınmış və nüfuzlu nümayəndəsi olan Anara şəhər ziyalıları adından təbriklərini çatdırıb.

Tədbir boyunca səhnədəki monitorda Anarın həyat və fəaliyyətini əks etdirən fotolar nümayiş olunub. Universitet tələbələrinin ifasında yubilyarın şeirləri səslənib, sözlərinə yazılmış mahnılar ifa edilib.

AYB Sumqayıt bölməsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvləri yazıçının “Sayların sərgüzəşti” hekayəsi əsasında işlənmiş səhnəcik təqdim ediblər. İstedadlı yazıçı Hafiz İmanəzərlinin səhnələşdirdiyi, Əməkdar artist İzaməddin Bağırovun quruluş verdiyi səhnəcik maraqla qarşılanıb.

Sonda ədib tələbələrin çoxsaylı suallarını cavablandırıb, onlara xoş arzularını çatdırıb.

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.4.