Keçmişin məhvi

 

Qapımızın üstündə yuva quran

Qaranquşlara bənzəyirsən.

Onlar da sənin kimi

Sevdirərlər özlərini,

Sevərəm..

Sonra qış gələr,

Vidalaşmadan saymazyana

Uçub gedərlər..

Hər gün

Eşitməyə öyrəşdiyin səs

Bir gecədə yox olar..

Sanki gedişləri ilə

Ürəyinin içini qopararlar..

musiqi,

şeir,

ki, kitab

fikirlərini toplayar..

Qəribsəyərsən evində..

İçdiyin su,

Gəzdiyin yer,

Oturduğun stol,

Əlindəki telefon...

hər şey...

Sevdiyin hər şey sənə qərib olar...

Boğularsan dörd divarın arasında...

Bəzən darıxarsan...

Etməli olduğun çox şey olduğu halda,

Heç edə bilmədiklərin üçün...

Göz yaşlarınla solmuş çiçəyi

Həyata qaytararsan...

Sonra televizorun

qara ekranından solduğunu görərsən...

İçində hayqıran qoca bir ürəklə

Qaçarsan aynanın qarşısına...

Ruhun cismindən qorxar,

Cismin ruhundan...

Söyərsən keçmişi,

Söyərsən uçub gedənləri,

Söyərsən özünü ...

Saralmış albomu qırışmış əllərinə alıb,

bulud gözlərinlə

yağışdan keçirərsən şəkilləri...

suallar verərsən özünə

Cavabsız suallar...

Səninlə birlikdə qocalmış fincanınla

Çay içərək ağır-ağır düşünərsən...

"Həyat dedikləri budurmu?".

 

Aynur Mustafa

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.26.