Almas İldırımın birinci yüzilliyinə                             

 

Bakıda İldırım çaxdı,

Baxt ulduzun göydən axdı.

Dövran yandı, ellər yaxdı,

Bilinməz güzara kimi.

 

Yaşamaq çox ağır işdi,

Ürəyini həsrət deşdi.

Doqquz cəhənnəmdən keçdi -

Rəncbərdən yazara kimi.

 

Nərd kimidir bu kainat,

Al özünü zər kimi at.

Oyun oldu ömür, həyat

Bu zərdən o zərə kimi.

 

Tale əkib, baxtı biçib,

Göz yaşların Xəzər içib.

Bu yüz ili özü keçib

Beşikdən məzara kimi.

 

Sən oldun ellər sürgünü,

Türk dilli dillər sürgünü.

Haydı yüzillər sürgünü,

Xəzərdən Xəzərə kimi.

 

Elazığ Türkiyə-Xəzər gölü,

Xəzər dağı yaxınlığında

2006-cı il

 

 

 

Allah yaradanlarıq

Hamımız Allah uşağıyıq,

Hamımız Allahdan aşağıyıq.

Hərəmiz bir evin işığıyıq,

İşıq da yanır qurtarır.

Allah hamıya iştahına görə verir,

Artıq yeyənlər qaytarır.

 

01.02.2018

 

 

Kiçik şeir

 

Demə bu boyda şeir olmaz!

Mənim gözüm toxdu.

Sənin sözün yoxdu?

Otur, özün yaz!

 

02.02.2018

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.15.