Vətənin "Vətəni"

 

Təkcə Kanadada yaşayan həmvətənimiz, Azərbaycan-Kanada ticarət palatasının yaradıcısı, Azərbaycan Federasiyasının rəhbəri doktor Səid Kazımi qaçqın, xəstəxana, uşaq evləri və əsgərlərimizə gətirdiyi dava-dərmandan əlavə Azərbaycana sonrakı səfərində Bakıda Onkoloji Mərkəzin açılması üçün 500 min ABŞ dolları gətirdi. Həmvətənimizlə Vətən cəmiyyətində mətbuat konfransı keçirildi. Vətən cəmiyyətinin vasitəçiliyilə onun prezident Heydər Əliyevlə görüşü təşkil edildi.

Cəmiyyət həmvətənlərimizin arzu-istəklərini nəzərə alaraq onlara musiqi alətləri, milli rəqs geyimləri, dərsliklər də göndərirdi. İncəsənət institutunun (hazırda Mədəniyyət və İncəsənət universiteti) professoru Hüseynağa Hüseynov Almaniyaya ezam edilmiş Berlindəki həmvətənlərimizə milli və dünya xalqlarının rəqslərindən məşğələlər keçmiş, Ü.Hacıbəylinin O olmasın, bu olsun operettasından bir hissəni həmvətənlərimizin iştirakı ilə tamaşaya qoymuşdu.

Həmvətənlərdən sənət adamlarını da ölkəmizə dəvəti ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Almaniyada səfərdə olan cəmiyyətin sədri Elçinin ölkəmizlə bağlı o ölkədə çap olunan qəzet, jurnal səhifələrindəki materialları ilə yanaşı müğənni Yaqub Zurufçunun videokasetini də gətirmişdi. Müğənnini ilk dəfə tamaşaçılar Az.TV-də yayımlanan Vətən verilişində görüb tanıdılar. Qarmonçalan Rəhman Əsədullahi də Vətən cəmiyyətinin xəttilə ölkəmizdə oldu. Hər iki sənətkar ayrı-ayrılıqda bölgələrimizdə oldular, düşmənlə üz-üzə duran əsgərlərimiz qarşısında çıxışlar etdilər.

Təəssüflər olsun ki, qonşu dövlətin notasından sonra televiziyadakı Vətən verilişi bağlandı.

Az zaman çərçivəsində Vətən Cəmiyyəti çox işlər gördü. Xarici ölkələrdə 200-ə qədər Azərbaycan mərkəzlərinin qurulması, sonradan bəzilərinin birliklər ətrafında birləşmələri, o cümlədən İsveçdə Malmö, Göteborq, Linköpinq, Lyustal, Stokholm şəhərlərindəki dərnəklər birləşərək Azərbaycan Türk Dərnəkləri Birliyi ATDB-ni yaratdılar.

Qeyd etmək yerinə düzər ki, 2000-ci il fevral ayının 20-24 tarixlərində Belçikada yaşayan soydaşımız Bülənt Gürcam və onun rəhbərlik etdiyi Zafər Aydas, Vakkur Kaya, Məmməd Yıldız, İbrahim Alagöz və Volkan Ağırkayadan ibarət nümayəndə heyəti ölkəmizə 10 t 400 kq humanitar yardım gətirdilər. Vətən Cəmiyyətindəki görüşdən sonra hava limanındakı yük birbaşa rayonlara daşınaraq, bilavasitə onların iştirakıyla qaçqın və köçkünlərə paylandı.

Humanitar yardımın paylanmasında Qaçqınlar Komitəsinin sədr müavini Sahib Rəhimov da yaxından iştirak etdi. Sonradan Bülənd Gürcamın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər, İncəsənət muzeyində oldular, Gömrük komitəsində görüşdə və televiziya kanallarında çıxışları oldu.

2001-ci il iyun ayının 6-da Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Kanci İşimoto və rəhbərlik etdiyi 25 nəfərlik qrup Vətən Cəmiyyətinin təşkilatçılığı və köməyi sayəsində ölkəmizdə Yaponiya mədəniyyəti və mətbəxi günləri keçirdilər.

Sonralar Türk-Amerika Assosiasiyaları Assambleyasının nümayəndə heyəti Azərbaycana səfər etdi. Vətən Cəmiyyətinin proqramı əsasında onlar Hava limanında qarşılandı.

Türk Amerika Assosiasiyaları Assambleyasının Prezidenti, doktor Tamer Açkalin və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xarici işlər nazirliyində, Baş nazir Artur Rasi-zadənin, Milli Məclisin spikeri Murtuz Ələsgərovla görüşlərdə oldular.

Sonra onları ölkə başçısı Heydər Əliyev qəbul etdi.

Nümayəndə heyəti Hacıqabul rayonunda məskunlaşmış qaçqın və köçkünlərin düşərgəsində oldular. Şəhidlər Xiyabanını ziyarətdən sonra Xarici İşlər Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin onlarla görüşü keçirildi. Baş nazirin müavini Vətən Cəmiyyəti rəyasət heyətinin sədri Elçinlə görüş qonaqlarda nikbin əhval-ruhiyyə yaratdı.

Vətən Cəmiyyətinə təkcə xarici ölkələrdən deyil, eyni zamanda ölkə daxilindən də saysız məktublar gəlirdi. Bu məktubların heç biri cavabsız qalmırdı. Müraciətlərdəki problemlərin həlli cəmiyyətin sədri Elçinin nəzarətində idi. Cəmiyyətin məsulları görülən işlərə görə şəxsən ona məlumat verirdilər. Məktubla Vətən Cəmiyyətinə müraciət edən bir ananın körpəsini cəmiyyət öz hesabına İngiltərəyə Londona göndərdi. Körpə qız ürək əməliyyatından sonra vətənə sağlam döndü.

Vətən cəmiyyəti 20 yanvar, Dağlıq Qarabağ və onun ətrafında yaralanan mülki və hərbçilərdən bir neçə nəfəri Türkiyədə müalicə alınmasına müvəffəq oldu.

Əsirlikdə olan uşaqlar və onların xilası üçün Vətən Cəmiyyəti İsveçdən gələn Həyatın sözü qrupunun vasitəsilə 94 uşağın adı keçən siyahını o ölkədəki Uşaq Komitəsinin rəhbərinə göndərərək bu müqəddəs işdə köməklərini xahiş etdi.

Xaricdə yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti Vətən Cəmiyyətinin gördüyü çeşidli işlərin tam mündəricatı hələ ki, yazılmayıb.

Hazırda Millət vəkili olan Aqil Abbas bir vaxtlar yazırdı: Vətən Cəmiyyəti bu gün lazımdır. Özü də çox lazımdır. Yeni yaranan lobbiləri bir-birilə əlaqələndirmək üçün. Yenilərinin yaranması, köhnələrinin inkişafı üçün. Erməni diasporunun, erməni lobbisinin qabağına qoz çıxarmaq üçün lazımdır Vətən Cəmiyyəti. Xaricdə yaşayan bütün azərbaycanlıları birləşdirmək üçün lazımdır Vətən cəmiyyəti

P.S. Ölkəmizin müstəqilliyinin 20 illiyi münasibəti ilə medallar təsis olundu. Vətən Cəmiyyətinin bir əməkdaşı da yada düşmədi. Yaxşı olardı ki, o medalların siyahısını hazırlayanlar 1988-ci ilin yanvar ayından və sonrakı illərdə çap olunan Vətən Cəmiyyətinin orqanı olan Odlar Yurdu qəzetini tapıb oxusunlar. Maariflənmək heç vaxt gec deyil

Vətən cəmiyyətinin yaranma tarixi 1987-ci il, dekabrın 28-dir.

Ölkəmizin düşdüyü olduqca ağır vəziyyəti barədə Vətən Cəmiyyəti Rəyasət Heyətinin Həmvətənlərə elə o illərdəki müraciətini hörmətli oxucular üçün yazının sonuna saxladım. Mənə belə gəlir ki, Vətən Cəmiyyətinin bu Müraciəti bu gün üçün də aktualdır

 

İstəkli soydaşlarımız, əziz həmvətənlər!

 

Keçmiş imperiya daxilindəki və kənardakı irticaçı qüvvələr tərəfindən qızışdırılan, silahlandırılan və müdafiə olunan Ermənistan hökuməti və onun Dağlıq Qarabağda yuva salmış quldur dəstələri heç bir insanlıq ölçüsünə sığmayan təcavüzlərini bu gün də doğma yurdumuza qarşı durmadan yeridirlər.

Bu gün Azərbaycan xalqı yeni tarixinin çox gərgin, bəlkə də sınaq mərhələsini yaşayır. Bir tərəfdən ölkəmizdə yeniləşmə prosesi gedir, demokratiya ənənələri bərqərar olur, xalqımızın öz maddi sərvətlərinə tam sahib olması və həmin sərvətlərdən hamının rifahı naminə istifadə etməsi üçün gərgin iş aparılır, digər tərəfdən isə bütün vətəndaşlarımız təcavüzə məruz qalaraq Azərbaycan respublikasının ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalmışdır.

Dünyanın bir çox ölkələrinə taleyin hökmü ilə səpələnmiş soydaşlarımız da belə gərgin şəraitdə xalqımızın bu günü və gələcəyi naminə əllərindən gələni əsirgəməməlidirlər. Çox qədim tarixə, böyük bəşəri əhəmiyyətli mənəvi sərvətə, dövlətçilik ənənələrinə malik olan dünya mədəniyyətini və elminin Nizami, Nəsimi, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Füzuli, Fətəli xan kimi dahi simalarla zənginləşdirmiş Azərbaycan xalqı haqqında uzun illərdən bəri qərəzkar erməni millətçiləri və havadarlarının bəd əməlləri dünya ictimaiyyətində yalnız Dağlıq Qarabağ hadisələri ilə əlaqədar yox, ümumiyyətlə xalqımızın tarixi, mədəniyyəti, coğrafi ərazisi, milli mənliyi ilə bağlı təhrif olunmuş, hətta eybəcərləşdirilmiş təsəvvür yaradılır.

Əziz həmvətənlərimiz!

Hər hansı bir məmləkətin tam müstəqilliyi, həqiqi azadlığa və demokratiyaya qovuşması, bir sözlə, üstündə yaşadığı torpağın ixtiyarlı sahibi olması böyük olduğu qədər də mürəkkəb məsələdir. Xüsusilə uzun illər boyunca hökm sürən, bu və ya digər xalqın mənəvi özülünü, özgünlüyünü darmadağın etməyə yönəldilmiş siyasət yeridən imperiyanın qaynaqlarından qoparaq böyük azadlıq yoluna çıxmaq millətin dönməz oğullarından ardıcıl mübarizə, əzablı sınaqlara dözmək mərdanəliyi tələb edir. Bu gün Azərbaycan xalqı məhz azadlığın çətin yolunu seçmiş, gələcək nəsillərə azad bir məmləkət qoyub getmək qərarını vermişdir.

İstəkli soydaşlarımız! Xalqımızın özünüdərk, özünütəsdiq yolunda qazandığı bu qələbənin sevincini sizinlə bölüşərkən üzərimizə düşən məsuliyyət yükünün ağırlığını da hiss edirik. Atalarımız demişkən, halva-halva deməklə ağız şirin olmur. Xalqın böyük azadlıq tam müstəqillik arzusu onun sıx birliyi ilə addım-addım reallaşmalı, iş və əməllə təsdiq olunmalıdır. İnanırıq ki, müstəqil Azərbaycanın irili-xırdalı bütün problemlərinin aradan qaldırılması yolunda əlinizdən gələni əsirgəməyəcək, azad respublikamızın pərvəriş tapması yolunda var qüvvənizi bu müqəddəs işə, amala sərf edəcəksiniz.

 

Əkrəm Qaflanoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.- S.22.