Hanı

 

Gələn dəlisin gəzir                  

bəs mənim dəlim hanı?

hamının əli göydə

bəs mənim əlim hanı?

 

Gözdən kövrək olmuşam

bəs mənim ölüm hanı?

göz yaşlarım dayanmır,              

bəs mənim gölüm hanı?

 

Düzülüb qoşa güllər

bəs mənim gülüm hanı?

içimdə odlanıram,

bəs mənim külüm hanı?

 

dəlim üzə çıxdı,  

ölüm düzə çıxdı,   

külüm dizə çıxdı,

bəs mənim dilim hanı?

 

Susqun qəm havası

 

Bir ay doğar

yorulan buludlar arasından,

bir Ay doğar

işıqlanar gecələr.

əllərimi, qollarımı görərəm,

sənə gedən yollarımı görərəm.

Qəribsəyən gecədə

yolların yanağından

tək ağlayan qəribin         

göz yaşını silərəm,

daş qolları qaldırıb oynayaram

içimdəki qəm havanın pəsinə,

diksinərəm lal sükutun səsinə.       

 

deyəsən

gecənin bir küncündə

için-için oynayan

bu Allah bəndəsinə...

 

Bir qərib gecə

 

Özgə şəhərlərin gecələrində                      

otaqlar qəribə gələcək sənə.

Elə bil hansısa bir əsərdəsən.

Hər baxış bir salam verəcək sənə, 

Baxış salamlardan yorulacaqsan.

Son günlər doğmandan eşitmədiyin

adını özündən soruşacaqsan.

Hər addım qapıntək döyülər sənə,

Dayanıb baxarsan,

Ötüb gedər səs.

Qapılar üzünə baxacaq sənin.

Sənə yad otaqlar, o boz divarlar

günün bozluğunu çıxarar üzə.

Ayağın darıxar, izin darıxar,

içinə qısılan səsin darıxar.

Eyvana çıxarsan tələm-tələsik:

budur həmin səma, həmin göy üzü.

Səni ulduz görər, Ay salamlayar

bir ayrı baxışda, bir ayrı dildə.

Darıxıb yavaşca geri dönərsən,

Özünə baxarsan təzə aynada

görərsən kim isə boylanır sənə.

Dözməyib keçərsən duş otağına,

baxarsan burda da elə özgəsən.

Yükünü açarsan, yeri açarsan,                             

ağappaq paltarlar tanımaz səni,

əlini bədənə, üzə çəkərsən

əllərin diksinər, bədən ürpəşər.

Gecədə darıxan bir qərib kimi

qaçmaq istəyərsən daha özündən,

bu özgə otaqdan, özgə gecədən.

Qəfildən astaca qapı döyülər,

Diksinib baxarsan...

Bir əlin dəstəkdə, biri açarda...

Sən qaça bilməzsən özün-özündən.

 

Fikirlər hissləri yeyər gecələr,

Beləcə uzanıb gedər gecələr

bir özgə şəhərin tənhalığında.

Ay da bu qəribə boylanıb baxar                   

bu səssiz otağın pəncərəsindən...

 

O əllər

 

Hər səhər, hər axşam o pəncərədən    

məni yola salan, mənə əl edən,

arxamca su atan, "yaxşı yol" deyən,

o əllər çağırsam gələrmi yenə?

 

Üzümün sığalı itib vaxtdı,

saçımın tumarı itib vaxtdı,

köksümdə min qubar bitib vaxtdı,

o əllər çağırsam gələrmi yenə?

 

Zamanın fərqi, günün fərqi,

sevinci apardı, vər saldı dərdi,

gedişin könlümə bir kölgə sərdi,

o əllər çağırsam gələrmi yenə?

 

Əlimə əl dəyər, üzə qan gələr,

dil açıb danışar, cana can gələr,

məni yuxulardan oyadan gələr,

çağırsam gələrmi o əllər yenə,

ömrümü bəzərmi o əllər yenə?..

 

Bu da tale havası

 

Bu da tale havası...

Ömrümüzə anbaan

gün çıxır,

külək əsir,

yağış yağır,

qar yağır.

İçimizdə sevinc var,

tənhalıq,

darıxmaq var,

ayrılıq var,

ölüm var...

Əlimizə gələnlər

əllərdə durmur daha,

satılan ucuz olur

alınan min qat baha.

Dərd durub özü gəlir

üstümə aram-aram.

Deyir unutmam səni,

səninlə hər an varam.

Ömrümüzə anbaan

gün çıxır,

külək əsir,

yağış yağır,

qar yağır.

Bu da tale havası...

 

Ağrıların bir öpüşlə bitən vaxtıydı

 

Ağrıların bir öpüşlə bitən vaxtıydı...

qayğı bilirdik nədir,

itki.

Yaxşı vaxtlar idi.

Gecələrin sakit vaxtlarıydı.

Başımızı qoyan kimi yatardıq.

Biz gecələr gül yuxuya batardıq.

Dərdimiz uşaqlıq dərdi idi.

Ötəri bir dərd.

Qalan hər şey gözəl idi.

Sən vardın,

Mən ,

O da,

Onlar da.

İndi o onların çoxu yoxdu.

Elə o öpüşlər .

İndiki öpüşlər uzaqdan gəlir:

əl öpüşləri,

səs öpüşləri,

gül öpüşləri...

yalançı öpüşlər.

Zaman Bermud üçbucağıtək

xoş olan vardısa

hamısını uddu

qaranlığında.

Sevincin dili,

gülüşün səsi,

xoşbəxtliyin dadı getdi.

Adı itdi.

İndiki ağrıları öpüşlər götürə bilmir.

İndiki ağrıları öpüşlər itirə bilmir.

Yaxşı vaxtlar idi.

Hər şey tər-təmiz.

Hava da,

səma da,

münasibətlər ,

sevgi ...

 

Ağrıların bir öpüşlə bitən vaxtıydı.

Gümanların gül vuran vədəsiydi...

 

O yerlərdə bir kənd var

 

O yerlərdə bir kənd var,

bizi xatırladacaq kənd.                        

O yerlərdə bir ev var,

bizi xatırladacaq ev,

o yerlərdə bir açıq qapı var

bizi ötürən qapı,

bizi itirən qapı.

o yerlərdə bir pəncərə var

yolumuzu gözləyən pəncərə.

o yerlərdə

təpənin döşündən

bir yol gedir,

bizi aparan yol,

bizi bizdən qoparan yol.

o yerlərdə...

o yerlərdə...

o yerlər dağım-dağımdı,

o yerlər göz dağımdı.

yolları burma-burmadı,

minalardan sapıb gedən

yolları qırma-qırmadı.

düyünlənib düyün-düyün,

mənə deyir:

"Gəl, yolların düyünün,

düyündə boğulur yollar,

addım izləriylə

təzədən doğulur yollar.

izlərsiz yox olur,

üzülür yollar."

 

Ot basmış yolları

dərədən keçən,

qapısı çərçivəsiz,

pəncərəsi şüşəsiz

bir kənd vardı o yerlərdə.

Bizi vətəndaş edən kənd...

 

Harada qalmısan

 

Külək dağıdardı meşənin telin,

yarpaqlar gizlincə öpüşərdilər,

sən baxıb üzümə gülümsəyərdin,

bilərdim, bilərdim, istəyərdin.

 

Arabir görünən Aydan utanıb

qoluma girərdin, üzüaşağı

gedərdik hardasa bir gizlin yerdə

dünyanın qəmindən uzaqlaşardıq...

 

Külək tellərini daraqlayardı,

külək məni yaman qabaqlayardı.

Mən səni köksümə sıxardım ki, bəs,

külək tellərini daraqlamasın,

yanımda o səni qucaqlamasın.

İndisə küləkdən yan qaçıram ki,

ötən günlərimi varaqlamasın,

çatıb məndən səni soraqlamasın.

 

Meşə həmin meşə, çəmən o çəmən...

yenə yavaş-yavaş əsəcək külək,

atılan püşklərin o tərs üzütək,

indi zamanımı günahkar bilək?!

 

O Ay da gizlənib, yağacaq yağış,

ağac görən kimə çətirin salmış?

Hardan yağdırıldı üstünə qarğış,

sən harda qalmısan, a tənha qalmış?!

 

O axşam qaranlıq ayırdı bizi,

qaranlıq gecədə işığa düşmüş

gözlərtək görmədik bir-birimizi.

Sən ayrı, mən ayrı, bu tək dünyada,

harada qalmısan, indi harada?

 

Rəfail Tağızadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.- S.29.